"Qədir
yaşamaq istəyirdi"
Ölməz
xanəndə torpağa
tapşırıldı
Dünən
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) akt
zalında mərhum xalq artisti,
görkəmli muğam
ifaçısı Qədir Rüstəmovla vida
mərasimi keçirilib.
Vida mərasimində baş nazirin
müavini, xalq yazıçısı Elçin, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, "Dağlıq
Qarabağın Azərbaycanlı İcması" İctimai
Birliyinin sədri Bayram Səfərov, BMA-nın rektoru Fərhad
Bədəlbəyli, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi,
tanınmış siyasi, mədəniyyət, elm xadimləri,
eləcə də Qədir Rüstəmov
yaradıcılığının pərəstişkarları
iştirak ediblər. Mərasimdə Qədir Rüstəmovun
ifasında xalq mahnılarının,
muğamların lent yazıları səsləndirilib.
Mərasimdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev ölkə
başçısı İlham Əliyevin və ölkənin
birinci xanımı Mehriban Əliyevanın baş
sağlığını, sənətkarın
ölümündən hədsiz kədərləndiklərini
ailə üzvlərinə çatdırıb.
Ə.Qarayev Qədir Rüstəmovun
həyat və yaradıcılığından söhbət
açıb, sənətkarın Azərbaycan mədəniyyətinin
inkişafında göstərdiyi xidmətlərin misilsiz
olduğunu vurğulayıb.
Nazir Q.Rüstəmovun Azərbaycan
mədəniyyəti üçün böyük itki
olduğunu və onun hər ifasının insanların
yaddaşında qalacağını deyib.
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar da Qədir
Rüstəmovla bağlı xatirələrini
bölüşüb: "Qədirə qədər "Sona
bülbüllər"i çoxları ifa etmişdi, amma Qədir
buna öz ruhunu qoydu və beynimizə həkk elədi. Mən onu "Uzun ömrün akkordları" filmində Cabbar Qaryağdıoğlu roluna
çəkmişəm. Bu rolda yalnız Qədiri görürdüm.
Hətta onu filmə dəvət edəndə,
mənə dedilər ki, "ona inanma, söz
verir, amma gəlmir".
Çəkiliş günü Qədir bir az gecikdi,
amma gəldi və ona
baxıb dedim ki,
"elə bildim gəlməyəcəksən".
Qədir isə bu sözümün
qarşısında "sənə də dəli olduğumu demişdilər? Burada
dəli olmasan, baş
çıxarmaq olmaz" söylədi. Qədir
gözəl insan, əvəzolunmaz sənətkar
idi. Səsi, nəfəsi daima
bizimlə olacaq".
Milli Konservatoriyanın rektoru
Siyavuş Kərimi Qədir Rüstəmovun çox az sayda
insana nəsib olan tale yaşadığını deyib:
"Hamımız bu dünyadan gedəcəyik, bu gün
hamı üçün var. Amma bu cür ad
qoyub getmək hamıya nəsib olmur. O, "Sona
bülbüllər"lə özünə heykəl qoydu. Bu gün
yenə bir vətəndaş yola salırıq, qəlbi Qarabağla
döyünən, ancaq Qarabağsız dünyadan gedən birini..."
Xalq artisti Arif Babayev Qədir
Rüstəmovun səhhəti ilə gündəlik
maraqlandığını deyib və onunla Türkiyədə
olarkən saatlarla danışdığını
xatırlayıb: "Mənimlə xeyli danışdı və
hətta məndən konturumun olub-olmadığını belə
soruşdu. Dedim "var, danış gəlsin". Son
sözü belə oldu:
"Sağ gələcəyəm və
birgə Qarabağa gedəcəyik". Mən
bunu gözləmirdim. Allah
rəhmət eləsin!".
Mərhumun ailə üzvləri
adından çıxış edən oğlu Rüstəm
Rüstəmov Qədir Rüstəmova həm xəstəxanada,
həm də dəfn mərasiminin təşkilində göstərilən
köməyə görə dövlət rəhbərliyinə
minnətdarlıq edib.
Muğam ifaçıları Mənsum
İbrahimov, Nəzakət Teymurova, gitara ifaçısı Rəmiş
Qədir Rüstəmovun əvəzsiz insan olduğunu diqqətə
çatdırıblar.
Rəmiş deyib ki, o, ürəyində
Ağdam nisgili ilə dünyasını dəyişdi: "Qədirdən
bir daha olmayacaq, o, bir gəldi və bir də getdi. Bu, bütün Azərbaycanın, mədəniyyətimizin,
muğamımızın itkisidir".
Qədir Rüstəmovun həyat
yoldaşı Fatma Rüstəmova isə bu gün ad
günü olduğunu və bu ad gününü heç
vaxt unutmayacağını deyib: "Bu gün mənim ad
günümdür, bu ad günümü ömrümün
sonuna kimi unutmayacağam. Bir ay bundan əvvəl həkimlər
dedilər ki, gəlin aparatdan ayıraq, artıq yaşamaq
ehtimalı yoxdur, amma mən qoymadım, dedim sağ gəlib,
sağ da gedəcək. Son ana kimi mübarizə apardı, Qədir
yaşamaq istəyirdi. Ölməmişdən 15 dəqiqə
əvvəl yanına girdim. Ona qan
köçürülürdü, amma həkimlərdən
xahiş edib içəri girdim. Əlini tutdum,
danışdım, dedim, "sağalacaqsan, artıq hər
şey yaxşılığa doğru gedir". Dedim ki,
"məni eşidirsənsə, gözlərini qırp, o da
qırpdı. Elə çölə çıxdım,
beş dəqiqə sonra baş həkim gəldi ki, "təəssüflər,
Qədir müəllimi itirdik..."
F.Rüstəmova deyib ki, Qədir
Rüstəmov Ağdama getmək arzusu ilə yaşayıb və
qayıdan kimi Ağdama gedəcəyini deyib.
Vida mərasimi başa
çatdıqdan sonra mərhum II Fəxri Xiyabanda torpağa
tapşırılıb.
Allah rəhmət eləsin!
Murad
Ekspress.- 2011.-16 dekabr.- S. 23.