Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə
saylarımızda)
Azərbaycan KP MK-nın şöbə
müdiri S.Qazıyev məktubla
tanış olduqdan sonra
1962-ci il fevralın 9-da Azərbaycan KP MK-ya aşağıdakı məktubu təqdim
etmişdir:
"Arxiv
materiallarının və Azərbaycan tarixinə aid məqalələrin geniş
oxucu kütləsinə
çatdırılması üçün
Azərbaycan SSR Nazirlər Soveti yanında
Arxiv İdarəsinə jurnal
şəklində xüsusi orqan yaradılmasına icazə verilməsini məqsədəuyğun
hesab edirəm.
Azərbaycan KP MK katibliyindən
xahiş edirəm ki, Azərbaycan SSR Nazirlər Soveti
yanında Arxiv İdarəsinə 1962-ci ildən başlayaraq
ildə iki dəfə 15 çap vərəqi həcmində
1.000 nüsxə olmaqla "Azərbaycan Arxivlərinin Xəbərləri"
jurnalının çap edilməsinə icazə versin.
M.Qazıyev
9.02.1962."
Ertəsi gün,
1962-ci il fevralın 10-da Azərbaycan KP MK Katibliyi aşağıdakı qərarı qəbul
etmişdir:
"Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv
İdarəsinin "Azərbaycan Arxivlərinin Xəbərləri"
jurnalının nəşri barədə"
Azərbaycan KP MK Katibliyi
Qərara alır:
1. Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv
İdarəsinə 1962-ci ildən başlayaraq
"Azərbaycan Arxivlərinin Xəbərləri"
jurnalını nəşr etməyə icazə verilsin.
Arxiv İdarəsinə bir vəzifə
olaraq tapşırılsın ki, dövlət və idarə
arxivlərində saxlanılan və indiyədək çap
olunmamış materialları, xüsusilə Azərbaycan
tarixinə aid elmi işçilərin məqalələrini və
arxiv əməkdaşlarının icmal yazılarını
"Xəbərlər"də verilməsini təmin etsin.
2. Azərbaycan KP MK-nın Birləşmiş
Nəşriyyatı öz iş planında 15 çap vərəqi
həcmində, ildə iki dəfə 1.000 nüsxə tirajla
"Azərbaycan Arxivlərinin Xəbərləri"
jurnalının çıxmasını nəzərdə
tutsun.
3. Azərbaycan SSR Mədəniyyət
Nazirliyinin Kitab Ticarəti İdarəsinə bir vəzifə
olaraq tapşırılsın ki, "Azərbaycan Arivlərinin
Xəbərləri" jurnalının kitab ticarəti şəbəkəsi
ilə yayılmasını təmin etsin.
Azərbaycan KP MK katibi V.Axundov."
Təəssüflər
olsun ki, sonralar bu jurnalın nəşri
dayandırılmış və beləliklə, Azərbaycan
tarixinə aid arxiv
materialları ictimaiyyətə çatdırıla bilməmişdir.
Ən dəhşətlisi budur ki, Azərbaycanın ərazi bütövlüyünün
pozulmasına aid sənədlər gizli saxlanılmışdır. Məsələn,
bir ara mətbuatda Xaçmaz rayonundakı Qıraqoba kəndindən
canfəşanlıqla danışılırdı.
"FİNEKO/ABS. Az."da deyilənlərdən
parçalara diqqət yetirin: "1954-cü ildə SSRİ
Nazirlər Soveti Xraxubu (FİNEKO Xaçmazın
Qıraqobasını Xraxobadan sonra anlaşılmaz
"Xraxub"a şəklinə salmışdır - T.Q.) Rusiyanın
Dağıstan respublikasına müvəqqəti olaraq vermişdir.
1984-cü ildə Azərbaycan SSR Nazirlər Soveti
Xaçmazın adıçəkilən kəndinin Rusiyaya verilməsi müddətini 2004-cü ilədək
uzatmışdır".
2008-ci ildə "Rossiyskaya
qazeta"da dərc olunmuş məqalədə deyilirdi ki,
"Rusiya Federasiyasının Dağıstan
Respublikasının Məhərrəmkənd rayonunun Xraxuba kəndi
hazırda 70 evdən, 100 təsərrüfatdan, 300-dək əhalidən,
dörd küçədən, məktəb, klub və
mağazadan ibarətdir. Burada yalnız Rusiya Federasiyası qanunları qüvvədədir.
Kəndin əhalisi aylıq maaşı, pensiyanı
Dağıstandan alır. Gənclər Rusiya
ordusunda xidmətə
çağırılırlar. Xraxubada ancaq rus məktəbi var."
Bəs həqiqət necədir? Xaçmaz ərazisindəki
"anklav"ı Rusiya necə əmələ
gətirmişdi?
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.- 17-19 dekabr.- S. 15.