Üzümçülüyə qayıdış

 

Azərbaycan hökuməti 2020-ci ilə qədər ölkədə üzümçülüyü sürətlə inkişaf etdirmək fikrindədir. Üzümçülük sahəsində çalışanlar uzunmüddətli kreditlərlə təmin olunacaq, daxili bazarın haqsız rəqabətdən qorunması üçün tədbirlər görüləcək.

   Prezident İlham Əliyevin dekabrın 15-də "2012-2020-ci illərdə üzümçülüyün inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq edib. Dövlət Proqramının məqsədi əhalinin təzə və keyfiyyətli süfrə üzümünə olan tələbatının daha dolğun ödənilməsi, şərabçılıq və üzüm emalı müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, şərab və üzüm məhsullarının ixracının artırılması üçün ölkədə üzümçülüyün inkişafını stimullaşdırmaqdan ibarətdir.

   Buna nail olmaq üçün proqramda üzüm əkin sahələrinin genişləndirilməsi, yeni üzümlüklərin salınması, tingçilik təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, üzümçülüyün infrastruktur təminatının yaxşılaşdırılması və üzüm istehsalı və emalı sahəsində innovativ texnologiyaların tətbiqinin dəstəklənməsi nəzərdə tutulur. Bundan başqa, sənəddə üzüm və şərabçılıq məhsulları emalı müəssisələrinin fəaliyyətinin bərpası və yeni belə müəssisələrin yaradılmasının stimullaşdırılması, üzüm məhsullarının "plantasiya-istehlakçı" sxemi ilə satışının stimullaşdırılması mövsümlərarası dövrlərdə əhalinin fasiləsiz olaraq süfrə üzümü ilə təmin edilməsi məqsədi ilə anbar şəbəkələrinin və saxlanma kameralarının tikintisinin dəstəklənməsi nəzərdə tutulur. Dövlət proqramında üzümçülüyün inkişafı üçün üzüm və şərabçılıq məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması, onların ixracının stimullaşdırılması, daxili bazarın haqsız rəqabətdən qorunması və idxalın əvəzlənməsi səviyyəsinin yüksəldilməsi əksini tapıb.

   Proqramda bildirilir ki, yeni üzüm plantasiyalarının salınması böyük həcmdə uzunmüddətli kapital qoyuluşu tələb etməklə bərabər, barvermə dövrünədək (təxminən 4-5 il ərzində) əkinə xidmət üçün əlavə maliyyə resurslarına ehtiyac yaradır. Bu məqsədlərə nail olmaq üçün üzümçülük və şərabçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi, institusional tədbirlərin həyata keçirilməsi, uzunmüddətli dövr üzrə üzümçülüyün inkişafını təmin edən maliyyələşdirmə mexanizmlərinin yaradılması və digər tədbirlər nəzərdə tutulur.

   Dövlət proqramına əsasən, bu sahədəki tədbirlər dövlət büdcəsi, büdcədənkənar fondlar, Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan İnvestisiya Şirkəti, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, yerli və xarici özəl birbaşa investisiyalar və digər mənbələr hesabına reallaşa bilər. Bu işlərin nəticəsi olaraq əhalinin süfrə və quru üzümə, şərabçılıq məhsullarına, üzüm emalı və şərabçılıq sənayesinin isə xammala olan tələbatının ödənilməsi, yeni yerlərinin yaradılması, kənd əhalisinin gəlirlərinin, eləcə də dövlət büdcəsinə və yerli büdcəyə daxilolmaların artımı, kənd yerlərində sosial şəraitin yaxşılaşdırılması gözlənilir.

   Azərbaycan hökumətinin üzümçülüyə xüsusi diqqət ayırması təsadüfi deyil. Azərbaycanda elə aqrar sahələr var ki, orada vaxtilə böyük nailiyyətlər əldə olunub, dövlət həmin sahələrdən böyük gəlir əldə edib, yüz minlərlə insanın məşğulluğu təmin edilib. Bu sahələrin başında üzümçülük gəlirdi. Statistik məlumatlara əsasən, 1985-ci ildə Azərbaycanda 1,789 milyon ton üzüm toplanıb. Həmin ildə 267,8 min hektar üzüm sahəsi olub. Onun 218,8 min hektarı bar verən sahələr idi.

   Bu dövrdə Azərbaycan üzümçülük sektorundan böyük mənfəət əldə edib. Hətta gəlirin ümumi həcminə görə üzümçülük sahəsi neftqaz sektorundan sonra respublika iqtisadiyyatında ikinci böyük paya sahib olub. Təəssüflər olsun ki, sonrakı illərdə, xüsusilə də müstəqillik dövründə bu sahədə ciddi geriləmələr baş verib. 1990-cı ildə cəmi 181 min hektar üzüm sahəsi olub, onun 156 min hektarı bar verən idi. Həmin ildə 1,2 milyon tona yaxın üzüm məhsulu toplanıb.

   Bu göstərici 1995-ci ildə 308 min tona (bar verən 94,7 min hektar sahə), 2000-ci ildə 77 min tona (bar verən 14 min hektar), 2004-cü ildə isə 55 min tona (7,3 min hektar bar verən sahə) düşüb. 2004-cü ildə üzüm yığımı sahəsində əldə edilən nəticə Azərbaycanda ən pis göstərici sayılır.

   2005-ci ildən ölkədə üzüm sahələrinin artımı dövrü başlayır. Belə ki, 2007-ci ildə 103,4 min ton, 2008-ci ildə 115,8 min ton, 2009-cu ildə 129,2 min ton, 2010-cu ildə 129,5 min ton üzüm yığılıb.

   2010-cu ilin statistik məlumatlarına əsasən, Azərbaycanda üzümün əkin sahəsi 15,4 min hektar olub. Təzə qurudulmuş üzüm idxalı 5,5 min ton, ixracı isə 24,1 ton olub. 2010-cu ildə üzüm şərabı istehsalı 1070,7 min dekalitr təşkil edib ki, onun da 21 faizi ya 224 min dekalitri ixrac edilib. Bununla yanaşı, həmin il təkrar emal üçün ölkəyə 187 min dekalitr şərab materialı idxal olunub.

 

   2011-ci ildə 135 min ton üzüm yığılıb ki, bu da 2010-cu ilə nisbətən 9,4 faiz çoxdur.

 

   Hazırda Azərbaycanda 16 min hektara yaxın üzüm sahəsi var, onların 12 min hektarı bar verən sahələrdir.

 

   Üzüm sahələri artmaqla bərabər sahələrdən məhsuldarlıq da yüksəlib. Əgər 1995-2005-cı illərdə hər hektardan orta hesabla 3-4 ton üzüm yığıldığı halda hazırda bu göstərici 7,5 tondur. Hazırda yığılan üzümün 120 min tona yaxını fərdi sahibkarlara məxsus sahələrdən, qalanı isə kənd təsərrüfatı müəssisələrinə aid olan sahələrdən toplanıb.

   Üzümçülük tədricən dirçəlsə , qeyd edək ki, hazırda Azərbaycanda üzüm sahələri sovet dönəmi ilə müqayisədə təxminən 20 dəfə, yığılan məhsul isə 15 dəfə azdır.

   İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sədr müavini Rövşən Ağayev bildirir ki, Azərbaycanın ətrafındakı 3 ölkədə - Moldova, Gürcüstan Özbəkistanın hər birində 120-150 min hektar aralığında üzüm sahələri mövcuddur: "Bu ölkələrdən ilk ikisi keyfiyyətli şərab brendlərlə Avropa bazarlarına rahatlıqla çıxsa da, Özbəkistan süfrə üzümü ilə əsasən Rusiya bazarına daxil olur. Hazırda Rusiyanın daxil istehsal hesabına özünün süfrə üzümünə olan tələbatını ən yaxşı halda 15%-ni ödədiyini nəzər alsaq, şimal qonşumuz bizim üçün geniş bazar ola bilər. Lakin buna nail olmaq üçün sahənin inhisarçılardan təmizlənməsinə, bu sektora xarici sərmayələrin gəlməsi üçün hökumətin səylərinə, daxili istehsalın subsidiyalaşdırılmasına ehtiyac var. İndi Gürcüstanda orta hesabla hər kiloqram üzüm zavodlar tərəfindən alış qiyməti 0,4 dollardır. Lakin bu məbləğin 0,25 dollarını müəssisə, yerdə qalan hissəsini dövlət ödəyir".

  

Vasif

Ekspress.- 2011.- 17-19 dekabr.- S. 11.