Vətəndaş cəmiyyəti quruculuğunda medianın rolu

 

O dövlət inkişafdan qalır ki, cəmiyyəti axsayır. Dövlətin əsas hərəkətverici qüvvəsi olan vətəndaş cəmiyyətinin inkişafı da hər bir ölkədə demokratiyanı təmin edir. Bu gün vətəndaş cəmiyyəti dedikdə öncə göz önünə qeyri-hökumət təşkilatı gəlir, hansı ki, əsas məqsədləri dövlətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynamaq, vətəndaş təşəbbüslərini ictimailəşdirməkdir.

   Vətəndaş cəmiyyəti mürəkkəb daxili struktura malikdir. Dövlətə xas şaquli iyerarxik əlaqələrin əvəzində vətəndaş cəmiyyətində üfüqi əlaqələr mütləq çoxluq təşkil edir. Bu əlaqələr isə cəmiyyətin mövcudluğunun təmin edilməsinə xidmət edən münasibətlərə söykənir. İlk olaraq bunlar iqtisadi münasibətlərdir. Bundan savayı, sosial, mədəni, mənəvi və əlbəttə ki, ictimai-siyasi münasibətləri də qeyd yerinə düşər.

   Bu gün Azərbaycanda qeyd edilən bütün bu münasibətlər sahəsində ictimai təşkilatlar fəaliyyət göstərirlər. Vətəndaşlarımız da bu kimi təşkilatlar yaradaraqya fəaliyyət göstərənlərə qoşularaq öz maraqları və azadlıqlarını təmin etməyə çalışırlar. Bu isə onun göstəricisidir ki, artıq Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb və onun inkişafı prosesi gedir. Təbii ki, bu inkişafda medianın da əvəzsiz rolu var.

   Bu gün ölkəmizdə demokratik cəmiyyət qurmaq istəyi və iradəsi mövcuddur. Hər bir ölkədə vətəndaş cəmiyyətinin formalaşması və inkişaf səviyyəsi həmin dövlətin demokratik dəyərlərə nə qədər sadiq olduğunu göstərir. Yarandığı ilk illərdə daha çox xarici donor təşkilatlara üz tutan yerli QHT-lərimiz indi dövlətin ayırdığı maliyyə vasaitlərindən də yararlanmaq imkanı qazanıblar. Dövlətin başlıca istəyi III sektorun xarici donor qurumları və fondlarından tam asılılığını aradan qaldırmaq, milli donorluq institutunun yaradılması idi. Əslində, dövlət yerli qeyri hökumət təşkilatlarına sahib çıxmaqla ölkədə vətəndaş cəmiyyətinin daha da inkişafında maraqlı olduğu göstərdi. Bu proqramın həyata keçirilməsinin nəticəsidir ki, ölkənin III sektorunun əhatə dairəsi, maddi-texniki bazası daha da genişlənməkdədir.

   Hər gün dünyada ümumi tirajı 515 min olan 8220 qəzet və jurnal çap olunur, 29700 radiostansiya dinləyicilərə xidmət göstərir, 41100 TV kanal tamaşaçıların evlərinə "daxil olur". Hər gecə evlərdə 570 milyon televizor gündəlik xəbərləri əhaliyə çatdırır.

   Mətbuatın insanlara təsiri çox böyükdür. Bu təsir insanları gündəlik məlumatlarla "qidalandırmaqdan" ictimai fikrin formalaşmasına qədər olan prosesləri özündə ehtiva edir. Mətbuat eyni zamanda demokratik dövlətin sütunlarından olan vətəndaş cəmiyyətinin inkişafında əvəzedilməz rol oynayır. Çünki vətəndaş cəmiyyətinin inkişafı hüquqidemokratik dövlətin qurulmasının vacib şərtidir. Məhz vətəndaş cəmiyyəti güclü olan ölkələrdə vətəndaşların hüquq və bərabərliyi təmin edilir, müstəqil mətbuat fəaliyyət göstərir, qarşılıqlı hesabatlılıq mövcud olur.

   Çağdaş dünyada dövlət və biznes strukturları ilə yanaşı vətəndaş cəmiyyətinin fəaliyyətində medianın iştirakı xüsusi ilə önəm daşıyır. Bir qayda olaraq vətəndaş cəmiyyəti təşkilatları ölkənin həyatında mövcud olan problemlər və çatışmazlıqların aradan qalxmasında iştirak edərək, ölkədə qərar qəbulu prosesinə təsir etməyə, vətəndaşların hüquqlarının müdafiəsi, habelə vətəndaşların məlumatlandırılması və maariflənməsinə töhfə verirlər. Heç şübhəsiz ki, bu cür çoxşaxəli və spesifik istiqamətlər üzrə vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini medianın iştirakı olmadan təsəvvür etmək olmaz.

   Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədovun sözlərinə görə, media vətəndaş cəmiyyətində bir növ indikator rolunu oynayır. "Sözün həqiqi mənasında mətbuatın vətəndaş cəmiyyətinin inkişafında rolu böyükdür", - deyən həmsöhbətimə görə, Azərbaycanda mass-media III sektorun fəaliyyətinə xüsusi diqqət yetirir.

   Təmsil olunduğu qurumun bir vaxtlar media ilə bağlı da layihələri maliyyələşdirdiyini xatırladan S.Məmmədovun dediyinə görə, son illər Azərbaycan Respublikası yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu formalaşandan sonra QHT Şurasında belə layihələrə ara verilib. Bununla belə, o, QHT-lərin mətbuatla əlaqələrini gücləndirmək üçün addımlar atmasını zəruri sayır. "Bizim keçirdiyimiz tədbirlərdən ictimaiyyət mətbuat vasitəsilə xəbərdar olur. Amma bəzən görürsən ki, hansısa QHT keçirdiyi tədbirə elə mövzu seçir ki, burda heç bir cəlbedicilik nəzərə çarpmır. Bununla belə, kütləvi informasiya vasitələrinin nümayəndələri yenə həmin tədbirə gəlirlər", - deyən Məmmədov hesab edir ki, əksər qeyri-hökumət təşkilatları PR siyasətini düzgün qura bilmirlər.

   İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, mətbuat vətəndaş cəmiyyəti ilə dövlət arasında körpü rolunu oynayır: "Vətəndaş cəmiyyətinin üzvü olan QHT-lər ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri üzrə araşdırmalar aparır, monitorinqlər keçirir. Sonda bu araşdırmaların nəticələri hesabat şəklində qərar qəbul edən şəxslərə, yəni müvafiq dövlət qurumlarına çatdırılır. Bu işdə mətbuat QHT-lərin yaxın köməkçisi olur. Çünki aparılan araşdırmaların nəticələri müxtəlif mətbuat orqanlarında işıqlandırılır. Xüsusilə də vətəndaş cəmiyyəti üzvlərinin təşkil etdikləri ictimai müzakirələrdə qaldırılan problemlər KİV tərəfindən gündəmə gətirilərək aktuallaşdırılır, QHT-lərin vacib mesajları hökumətin qərar qəbul edən şəxslərinə çatdırılır".

   Vətəndaş cəmiyyətini mediasız təsəvvür edə bilmədiyini deyən S.Əliyevin sözlərinə görə, vətəndaş cəmiyyəti ümumilikdə dövlətin gözüdürsə, mətbuat onun danışan dilidir. Dediyinə görə, ictimai təşkilatlar cəmiyyətdə rast gəldikləri, müşahidə etdikləri problemləri mətbuatın köməyi ilə aktuallaşdırır və ictimaiyyətə çatdırır. "Əgər mətbuat olmasa, cəmiyyət bizim tədqiqatlardan xəbər tutmaz. Belə çıxır ki, bu tədqiqatlardan bir yazan, yəni biz, biroxuyan, yəni dövlət xəbərdar olar", - deyə ekspert bildirib.

   "Mülki Cəmiyyətə Doğru" Mərkəzinin direktoru Abil Bayramov da hesab edir ki, müasir cəmiyyətin inkişafını mediasız təsəvvür etmək mümkün deyil. "Vətəndaş cəmiyyətinin inkişafında medianın rolu bir sıra sahələrdə daha qabarıq görünür. Birincisi, cəmiyyətin baş verən ictimai-siyasi proseslərlə bağlı məlumatlandırılmasında media mühüm rol oynayır. Çünki məhz obyektivoperativ informasiya almaq imkanı olan cəmiyyət prosesləri düzgün qiymətləndirmək imkanına malik olur. Bu, xüsusilə ictimai idarəetmə institutlarının fəaliyyəti ilə bağlı hallarda daha mümüm əhəmiyyət kəsb edir".

   Dediyinə görə, digər tərəfdən medianın rolu cəmiyyəti narahat edən problemlərin gündəmə gətirilməsi, onların həllinə münasibətdə müxtəlif qurumların, o cümlədən vətəndaş cəmiyyəti institutlarının mövqeyinin çatdırılması baxımından da əhəmiyyətlidir. Media cəmiyyətinin siyasi siteminin müxtəlif həlqələri arasında dialoqun qurulması, onlar arasında konsensusun əldə olunmasına da ciddi təsir göstərmək gücündədir. "Media dövlət hakimiyyət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın təmin olunması, vətəndaşların səsinin qərar qəbuledənlərə çatdırılmasında da əvəzsiz rol oynayan təsisatdır".

   Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin dediyinə görə, əslində medianın bu prosesdə iştirakı vətəndaş cəmiyyəti təşkilatlarının öz hədəf və məqsədləri naminə daha səmərəli fəaliyyəti, geniş auditoriyaya çıxış imkanları əldə etməsi üçün vacibdir. Bununla yanaşı müstəqil media üçün vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq alternativ məlumatlar və baxışlar əldə etmək və öz auditoriyası üçün daha məzmunlu material hazırlamaq üçün çox vacibdir. Mərkəz sədri bildirib ki, media orqanları ilə əməkdaşlıq vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində peşəkarlıq və şəffaflığın artırılmasına, bu cür qurumlara ictimai etimadın yaradılmasına və cəmiyyətdə mövqeyinin möhkəmlənməsinə kömək edir. "Qeyd edək ki, son 10 ildə sosial mediainternetin yaratdığı imkanlar vətəndaş cəmiyyətinin inkişafında yeni imkanlar yaradıb. Belə ki, bu cür qeyri-ənənəvi media vasitələrindən istifadə etməklə vətəndaşlarla birbaşa ünsiyyət, ictimai rəyin yaradılması və könüllülər şəbəkəsinin formalaşdırılması baxımından əlverişli imkanlar yaradır".

   Bəzi hallarda cəmiyyətin təmsilçiləri olan QHT-lər mətbuatın onlara az diqqət ayırmalarından şikayətlənirlər. "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camalsa hesab edir ki, QHT-lər şikayətlənməzdən əvvəl öz fəaliyyətlərinə göz gəzdirməlidirlər: "Maraqlı xəbər media üçün hər zaman cəlbedicidir. Mən dəfələrlə rast gəlmişəm ki, hansısa QHT-nin apardığı ciddi araşdırma və ya sorğunun nəticələri mətbuatda hadisəyə çevrilib. Yəni keyfiyyətli hər zaman diqqətə layiqdir. Əgər kimsə hesab edirsə ki, onun formal layihə hesabatlarına media yer ayırmırsa, bu medianın QHT-lərə diqqətsizliyidir, o yanılır".

   Beləliklə, yekunlaşdıraraq, medianın vətəndaş cəmiyyətinin fəaliyyətində və inkişafında rolunu aşağıdakı kimi təsnifatlandırmaq olar:

   - Vətəndaş cəmiyyəti təşkilatlarının ictimai məlumatlandırma yönündə çalışmalarının cəmiyyətə çatdırılmasına dəstək;

   - Ölkədə ictimai maarifləndirmə və fəal vətəndaşlıq yönündə təşəbbüslərə informasiya dəstəyinin yaradılması;

   - Dövlət-vətəndaş münasibətləri barədə informasiya bolluğunun yaradılamsı və dövlət rəsmilərinin cavabdehliyinin artırılması;

   - İctimai maraqlar və ehtiyaclarla bağlı təşəbbüslərin ictimai müzakirələrinin təşkilinə dəstək;

   - Cəmiyyətin müxtəlif sahələri üzrə alternativ rəy və baxışların öyrənilməsi və yayılmasına yardım.

 

Qalib İBRAHİMOĞLU

Ekspress.- 2011.- 20 dekabr.- S. 5.