"Edə biləcəklərimin 10 faizini elədim..."

Müasir İncəsənət Mərkəzində Adil Mirseyidin ilk fərdi satış-sərgisi açıldı

 

Rəssamlar İttifaqı, millət vəkili Qənirə Paşayeva və "Kulis.az"ın təşkilatçılığı ilə dekabrın 21-də Müasir İncəsənət Mərkəzində Adil Mirseyidin sərgisi açılıb.

   Satış-sərgi rəssamın 60 yaşının tamam olması ilə eyni günə düşüb. Sərginin açılışına millət vəkilləri, iş adamları, yazarlar toplaşıb.

   Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağa Əli İbrahimov sərgini açaraq təşkilatçılara minnətdarlıq edib: "Adil Mirseyidin əsərləri ilə mən ilk dəfə geniş şəkildə burada tanış oldum. Təəccüblənirəm ki, belə gözəl əsərləri ola-ola niyə indiyə kimi Rəssamlar İttifaqına müraciət etməyib".

   Sərginin açılışında çıxış edən millət vəkili Qənirə Paşayeva sərgiyə dəstək üçün gələn insanlara təşəkkürünü bildirib: "Mən Adil müəllimə təşəkkür edirəm. Təşəkkür edirəm ki, o varbiz bu gün onun sənətinin işığına toplaşmışıq. Adil müəllimi mənlə tanış edən "Kulis.az" saytının rəhbərliyinə də minnətdarlığımı bildirirəm. Biz hamımız fəxr edəcəyik ki, sizin bu gözəl əsərləriniz bizim evimizdə də var. Bura gələn insanlar da onu sevdikləri üçün gəliblər. Biz sizin yaradıcılığınızı dəyərləndiririk. Ona görə burdayıq".

   "Mən istədim ki, bu rəsm sizin evinizdə qalsın. Baxmayaraq ki, bu əsəri evimizdən asmaq bizim hamımız üçün şərəf olardı. Ancaq istəmirəm ki, bizim tariximizdə rəssamımızın öz avtoportretini satması xəbəri keçsin", -bunları "APA-Group"un baş direktoru Vüsalə Mahirqızı rəssam, şair Adil Mirseyidin ilk fərdi satış-sərgisində deyib.

   V.Mahirqızı rəssamın "Avtoportret"ini alaraq özünə hədiyyə edib və ona uzun ömür arzulayıb.

   Sərginin açılışında çıxış edən millət vəkilləri Adil Əliyev, Etibar Hüseynov, Gülər Əhmədova, Ceyhun Osmanlı Adil Mirseyidin əsərlərini bəyəndiklərini və burada iştirakdan məmnun olduqlarını deyiblər.

   Ona olan dəstəkdən və qayğıdan kövrələn Adil Mirseyid isə hər kəsə təşəkkürünü bildirib.

   Çıxışlar bitdikdən sonra sərgiyə gələnlər rəssamın əsərlərini, eləcə də onun "Ay süvarisi" şeirlər kitabını alıblar.

   Bir neçə saat ərzində Adil Mirseyidin sərgiyə çıxarılmış bütün əsərləri satılıb qurtarıb.

   Qeyd edək ki, Adil Mirseyid uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkir. Elə bu sərgi də maddi vəziyyəti ağır olan rəssam üçün həm də bir yardım xarakteri daşıyıb.

   Sərgidə "Lent.az"ın əməkdaşı imkan tapıb Adil Mirseyidlə söhbət edib:

   - Bu, ilk sərginizdir?

   - Bəli. Bu ilk fərdi sərgimdi.

   - Özünüzü necə hiss edirsiniz?

   - Dostların yanında çox yaxşıyam. Bütün fiziki ağrılara baxmayaraq, mənəvi olaraq özümü çox yaxşı hiss edirəm. Bir qış günündə mənim üçün yaz havası var.

   - Sərginizin təşkil olunması sizi sevindirdimi?

   - Bəli. Biri var, əsər emalatxanada olur, birivar, ordan kənara çıxır. Sanki bəstəkar musiqini bəstələyir və bu, partiturada qalır. Birivar, onu ifa edirlər. Sərgi də ona oxşayan bir şeydir. Özün özünə kənardan baxa bilirsən.

   - Özünüzə kənardan baxanda, necə görürsünüz?

   - Mənim ilk kitabım "Güzgüdəki adam" adlanır. Mən özüm həmişə metafizik güzgülərdə yaşayan adam olmuşam. Bəzən bir güzgüdən çıxıb başqa güzgüyə girirəm. Bu mənada özümlə həmsöhbət ola bilirəm. Bəzən dostlarım mənə deyəndə "darıxıram," bu, mənə qəribə gəlir. Mən heç vaxt darıxmıram. Çünki özüm-özümə baxanda, həmişə maraqlı olmuşam. Bir az qeyri-təvazökar səslənsə də.

   - Bu sərgi sizdə yenidən emalatxananıza qayıtmaq, çəkmək həvəsi yaradırmı?

   - Fiziki imkanım olsa, mütləq qayıdacam. Məmnuniyyətlə keramika ilə məşğul olardım. 3-5 il ancaq keramik işlər görərdim. Həyat elə gətirdi ki, mən edə biləcəklərimin 10 faizini elədim.

   - Allah ömür versin.

   - Çox sağ olun.

P.S. Biz "Ekspress" qəzeti olaraq son dövrlər maraqlı yazıları ilə redaksiyamızla əməkdaşlıq edən Adil Mirseyidi 60 yaşı münasibətilə təbrik edir, can sağlığı arzulayır, həm nəsrdə, həm publisistikada, həm nəzmdə, həm təsviri sənətdə yeni-yeni yaradıcılıq uğurları diləyirik.

 

Ekspress.- 22 dekabr.- S. 23.