"Ürəyimiz Azərbaycanla döyünür"
Bu gün
dünyanın istənilən nöqtəsində azərbaycanlıya
rast gəlmək mümkündür. Bu isə dünyanın
hər yerində Azərbaycan diasporunun fəaliyyət göstərməsi
deməkdir. 35 milyon soydaşımızın
yaşadığı İranda Azərbaycan diasporunun vəziyyəti
necədir? Bu və başqa suallarımızı Güney Azərbaycan
Milli Oyanış Hərəkatının (GAMOH) sədr
müavini Cavad Abbasi cavablandırır. Qeyd edək ki, C.Abbasi
Güney Azərbaycanda azərbaycanların haqlarının
tapdanmasına qarşı etiraz aksiyalarının təşkilatçılarından
və iştirakçılarından olub. O, ədalət
uğrunda susmadığına görə, İran hakimiyyəti
tərəfindən dəfələrlə həbs olunub və
dözülməz işgəncələrə məruz
qalıb.
- Əvvəlcə istərdik özünüzü
oxucularımıza bir
qədər tanıdasınız?
- 1970-ci ildə Güney
Azərbaycanın Salmas şəhərində dünyaya
göz açmışam. 17 ilə yaxın Güney məktəblərində
müəllimlik etmişəm. 1993-cü ildə Güneydə
milli oyanış hərəkatına qatıldım. Milli
oyanış hərəkatına qatıldığım
üçün dəfərlərlə tutuldum. Haqq-ədalət
uğrunda mübarizəmə görə həbslərə və
işgəncələrə məruz qaldım. 2006-cı
ildə İranın rəsmi qəzetlərinin birində
türk xalqına xəyanət edən karikaturaya etiraz
aksiyalarını təşkil etdiyim üçün və
GAMOH təşkilatına üzv olmaq ittihamı ilə Urmu
ETTALAAT-ında 90 gün ağır fiziki və psixoloji işgəncələrin
qurbanı oldum.
- Bu işgəncələr
yəqin ki, səhhətinizdə izlər buraxıb? Ümumiyyətlə milli oyanış
hərəkatında iştirak
etməyiniz nə ilə nəticələndi?
-
İşgəncələr nəticəsində
boğazımda problemlər yarandı və səsim tutuldu.
90 gün ərzində çox zəiflədim. Xəstə
olduğuma görə müvəqqəti olaraq azadlığa
buraxıldım. Həmin gün Təbrizin Behbud xəstəxanasında
boğazımdan əməliyyat olundum. Güneydə
apardığımız mübarizələrə görə
bir il həbsdə olmuşam. Məni dəfələrlə
sorğu-suala tutublar. Təsəvvür edin ki, məni 137 gün
təkadamlıq kameralı hücrələrə atıblar.
Bu bəs deyilmiş kimi, qısa müddətə müəllimlikdən
uzaqlaşdırılmışam. Maaşım kəsilib,
idman salonum dövlət orqanları tərəfindən
bağlanıb. 2010-cu ildə isə müəllim kimi fəaliyyətimə
tamamilə son qoydular. Bütün bunlardan sonra, həmin ilin
may ayında yenidən həbs olunmaq qorxusundan və
canımın təhlükədə olmasına görə
Türkiyəyə getdim. Türkiyədə ailəmlə
birlikdə Birləşmiş Millətlər Təşkilatının
Qaçqınlar Komisarlığına sığınma tələbilə
müraciət etmişəm. Hal-hazırda 2 oğlum və həyat
yoldaşımla birlikdə Türkiyədə siyasi mühacir
kimi yaşayıram. Eləcə də GAMOH-un sədr müavini olaraq fəaliyyətimə
davam etməkdəyəm.
- İranda
soydaşlarımızın vəziyyətini, Azərbaycan
diasporunun durumunu necə gördünüz?
- İran
adlanan ölkədə soydaşlarımızın çox
olmasına baxmayaraq, bütün haqlardan məhrum olunmuşuq.
Fars şovinizminin assimilyasiya siyasəti iqtisadi, siyasi, ictimai, mədəni
sahələrdə rəsmi dövlət siyasəti olaraq
yürüdülməkdədir. İranda türk
soydaşlarımızın heç bir milli, insani haqları
tanınmır. Ən dəhşətlisi isə tarixi əsərlərimiz
məhv olunur, təbii sərvətlərimiz talan edilir, ana
dilimiz yox olmaq təhlükəsi altındadır. Milli mənafeyə
xidmət edən güney azərbaycanlılar təzyiqlər
və həbslərə məruz qalır. Mədəni
soyqırımla bərabər Urmu gölü qurudulmağa
başlanılıb. Əgər bu göl qurudularsa, 15 milyon
türk soydaşımız tamamilə köçməyə
məcbur olacaq. Bölgəni 13 milyard tonluq "duz
bombası" təhlükəsi gözləyir. Ekoloji dəngələr
pozulacaq və bütün canlılar öləcək. Bu
çirkin siyasət gerçəkləşərsə,
türk dünyasının qırıq köprüsü olan
Güney Azərbaycan həm millət olaraq, həm də
coğrafi nöqteyi nəzərdən məhv olacaq. Bu faciə
Quzey Azərbaycanımıza, Türkiyə və İraqa da
öz mənfi təsirini göstərəcək. Hazırda
Güney Azərbaycanda bu faşist siyasəti ilə ciddi
mübarizə aparılır. Onu da qeyd edim ki, Güney Azərbaycanda
fərqli təşkilatlar fəaliyyət göstərsələr
də hamısının hədəfi birdir. Son 20 ildə dəfələrlə
xalq üsyanı olub. Misal olaraq, 2006-cı ilin may hadisələrini
və 2010-cu il Urmu gölünün qurudulmasına
qarşı olan etirazları göstərmək olar. Bu
etirazların nəticəsi idi ki, yüzlərlə
soydaşımız şəhid olmuş, minlərlə
soydaşımız isə yaralanmış və həbsə
alınmışdılar. Amma nə yazıq ki,
xaricdə olan Azərbaycan diasporu güneyli soydaşlarımızın
dərdlərilə lazımı
qədər maraqlanmırlar.
- Bəs
erməni diasporunun İranda vəziyyəti necədir?
- Ermənilərin
İranda haqlarının qorunması Tehran rəsmiləri tərəfindən
dəfələrlə etiraf edilib. Elə ermənilər də
oradakı yaşayışlarının yaxşı
olduğunu bildiriblər. İranda yaşayan ermənilər
azaddır və bir çox haqları təmin olunub. Ölkənin
Konstitusiyasına əsasən, ermənilər İran
parlamentində yerlə təmin olunub ki, bu da onların
İranda rahat yaşadıqlarını təsdiqləyən
dəlillərdəndir. Bilirsiniz ki, İranda şəriət
qaydalarına uyğun olaraq spirtli içkilər emal etmək
və satmaq qadağandır. Amma bu qadağa ermənilərə
şamil olunmur. Onlar sərbəst şəkildə spirtli
içkilərin, xüsusilə şərabın istehalı
ilə məşğuldurlar. Ermənilərin İranda
böyük üstünlüklərə malik olmasının
göstəricilərindən biri də hər il keçirilən
yalançı erməni soyqırımını anma tədbirləridir.
Tehran hakimiyyəti Türkiyə-İran birliyini pozacaq qüvvənin
olmadığını bəyan etsə də, ermənilərə
münasibətdə əksi görünməkdədir. Hətta
belə tədbirlərdən birində Ermənistanın
Tehrandakı səfiri çıxış edərək
"erməni soyqırımı"nı tanıyan dövlətlərə
və parlamentlərə təşəkkür edib. Erməni səfir İran hakimiyyətinə minnətdarlıq
edərək bildirib ki, bu hadisə ilə bağlı mərasimlərin
lazımı səviyyədə keçirilməsinə Tehran həmişə
öz köməkliyini
göstərib.
- Bəs orda Azərbaycan diasporu hiss olunurmu?
- Əgər
söhbət Azərbaycan Respublikasının vətəndaşlarından
gedirsə, bildiyim qədər İranda çox azdırlar.
Daha çox təhsil almağa gələnlərdir.
Onların da əksəriyyəti təəssüf ki, dini dairələrin
təsiri altındadır. Azərbaycanla bağlı günlərin
qeyd olunmasına gəlincə, bunun üçün
böyük imkanlar yoxdur. Məsələn, bir neçə dəfə
Xocalı soyqırımının anım gününün məscidlərdə
qeyd olunmasına cəhd göstərilib, lakin hakimiyyət
qüvvələri bunun qarşısını sərt şəkildə
alıblar. Ona görə də belə tədbirlər daha
çox Azərbaycan Respublikasının İrandakı səfirliyinin
binasında keçirilir. Yuxarıda qeyd etdiyim kimi, bir müsəlman
ölkəsində "erməni soyqırımı"nın anım gününün keçirilməsinə
hər cür şərait yaradılır, amma Xocalıda şəhid olmuş müsəlmanların
anımına imkan verilir.
- Özünüz
diaspor fəaliyyəti
ilə məşğulsunuzmu?
- Biz GAMOH təşkilatı
çatısı altında Güney Azərbaycanda türk
xalqına uyğulanan assimilyasiya siyasətlərinə və
haqsızlığa, insan haqlarının tapdalanmasına
qarşı mübarizə aparırıq.
Çalışırıq ki, bir milləti ikiyə
parçalayan tarixi ədalətsizliyə son qoyaq. Əgər
diaspor işi milli işdirsə, bizim də fəaliyyətimizi
diaspor fəaliyyəti saymaq olar. Təbii ki, biz harada oluruqsa olaq, ürəyimiz Azərbaycanla döyünür.
- Sizcə, Azərbaycan
diasporunun daha da güclü qüvvəyə çevrilməsi
üçün nələri
etmək lazımdır?
- Birincisi, biz Azərbaycan
diasporuna böyük bir millətin diasporu kimi
baxmalıyıq. Tək Quzey Azərbaycanın diasporu kimi yox.
Sözsüz ki, indiki halı ilə biz Azərbaycan diasporunu
dünyanın güclü diasporlarından biri hesab edə
bilmərik. Diasporumuzla bağlı mən bir neçə təklifimi
bildirmək istərdim. Diasporun güclənməsi və
mütəşəkkil olması üçün bu işlər
çox yararlı ola bilər. Birincisi, başqa ölkələrdə
yaşayan soydaşlarımızı təşkilatlandırmaq,
ikincisi, dünya arenasında bir güc olaraq milli mənfəətlərimizə
və soydaşlarımıza dəstək vermək,
üçüncüsü, bugünkü informasiya
çağı olduğuna görə gerçək bilgi
axımı saxlamaq və milli mənfəətlərimiz
doğrultusunda hərəkət etmək, dördüncü,
örnək olaraq Güney Azərbaycanda, Kərkükdə,
Gürcüstanda, Bolqarıstanda, Suriyada və Rusiya tərkibində
olan türk topluluqlarının yaşadıqları və
Qarabağdakı cinayətlərin dünya xalqlarının
diqqətinə yetirməkdə böyük rol ala bilər. Beşinci, BMT başda olmaqla Avropa Parlamenti və
bütün ölkələrin parlamentləri,
çeşidli sivil toplum örgütləri, qurum
quruluşlarla daha yararlı və verimli şəkildə
əlaqə saxlayaraq problemləri gündəmdə
tuta bilərik.
- Bəs bizim diasporumuzun digər xalqlarla əlaqələrini
necə təsəvvür
edirsiz?
- Qeyd etdiyim kimi, bizim ilk
müttəfiqlərimiz türksoylu xalqlardır.
Türkçülük, milli məfkurənin gücləndirilməsi,
çağdaşlıq, demokratiya, qadın və kişi
hüquq bərabərliyi, dinin siyasətdən ayrı
tutulması kimi məsələlər diaspor fəaliyyətimizdə
də aparıcı rol oynamalıdır. Ən əsası Azərbaycan
diasporu türk dünyasında, eləcə də
dünyanın dörd bir yanına səpələnmiş
maddi güc, bilgi, siyasi nüfuza sahib olan təşkilatlar və
şəxslərlə əlaqə saxlamalıdır. Qeyd edim
ki, Azərbaycan diasporu bu gücə arxalanaraq dünyada öz
sözünü deyə bilər. Dünyanın ən
güclü və bacarıqlı, ideologiya baxımından
bizə qarşı olmayan diasporlarla işbirliyi
mümkündür. Amma əsas gücümüzü
xalqımızdan və dünyada yaşayan türk
soydaşlarımızdan almalıyıq. Çünki onlar
bizim Tanrıdan gəlmə təbii müttəfiqlərimizdir.
Yəni, onlarla bizi yalnız ötəri siyasi, iqtisadi maraqlar
birləşdirmir. Dilimiz, dinimiz, adət-ənənələrimiz
eyni olduğu kimi, bir çox hallara problemlərimiz də
eynidir. Ona görə də biz bir-birimizin dərdini daha
yaxşı anlayırıq.
Aynurə MƏMMƏDOVA
Ekspress.- 2011.-
22 dekabr.- S. 12.