İşıq saçan alim...

Dünən akademik Ziya Bünyadovun doğum günü idi

 

"Atam azərbaycanlı, anam rusdur: Əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki, mənim ata tərəfdən 15 sülaləm şeyxlər olublar və onların hər birinin adını təyin etmişəm: Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned..."

   Bu sözləri görkəmli şərqşünas alim, tarixçi, Sovet İttifaqı Qəhrəmanı akademik Ziya Bünyadov özü haqqında deyərdi. Böyük alim, böyük vətəndaş, böyük qəhrəman idi. Möhtəşəm insan idi, adına uyğun işıqlı şəxsiyyət idi, belələri 100 ildə bir doğulur. Dünən onun doğum günü idi...

   Ziya Musa oğlu Bünyadov 1923-cü il dekabr ayının 21-də Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirmişdi. Təhsilini bitirərək zabit kimi müharibəyə yollanmış, İkinci Dünya Müharibəsi zamanı vuruşa-vuruşa Berlinədək şərəfli döyüş yolu keçmişdi. Özü də vzvod, rota komandirliyindən tutmuş cərimə batalyonunun komandirliyinə kimi. Leytenant Ziya Bünyadov 1942-ci ildə Mozdok yaxınlığında ilk döyüş sınağından çıxmışdı. 1945-ci il yanvarın 14-də Ziya Bünyadov əsgərləriylə Polşanın Visla rayonunda Pilitsa çayı üzərində strateji əhəmiyyetli körpünü tutmuşdu. Həmin döyüşdə onun rotası 100 nəfər hitlerçini məhv etmiş, 45 almanı əsir götürmüş və düşmənin döyüş texnikasını ələ keçirmişdi. Bu qəhrəmanlığına görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 27 fevral tarixli fərmanı ilə bölmənin komandiri Ziya Musa oğlu Bünyadova ən yüksək fəxri ad - Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.

   Döyüş cəbhələrində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Qırmızı Bayraq, Qırmızı Ulduz, Aleksandr Nevski, II dərəcəli Vətən Müharibəsi Ordenləri, "Qafqazın Müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə", "Berlinin alınmasına görə" və "Almaniya üzərində qələbəyə görə" medallari ilə təltif edilmişdi. Müharibə qələbə ilə bitəndən sonra 1946-cı ilədək Ziya Bünyadov Berlinin Pankov rayonunda hərbi komendant yardımçısı kimi çalışmışdı. Sonradan ona həmin rayonun fəxri vətəndaşı adı verilmişdi.

   Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdi. Gənc alim 1954-cü ildə namizədlik dissertasiyasını müdafiə edib Azərbaycana qayıtmışdı.

   Sonradan o, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirmiş, Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin aparıcı tədqiqatçilarından biri olmuşdu. Z.Bünyadov alban tarixçisi M.Qoşun "Alban xronikası" əsərini 1960-cı ildə ingilis dilindən, Ə.Bakuvinin "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" 1971-ci ildə və Nəsəvinin "Sultan Cəlaləddin Mankburnin həyatının təsviri" əsərini 1973-cü ildə ərəb dilindən rus dilinə tərcümə etmişdi.

   1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsrlər tarixi" şöbəsinin rəhbəri olan Z. Bünyadov elə həmin ildə tarix elimləri doktoru elmi dərəcəsi, 1965-ci ildəsə professor adı almışdı. 1967-ci ildə Azərbaycan Elmlər Akademyasının müxbir üzvü, 1973-cü ildə akademiyanın həqiqi üzvü seçilmişdi.

   1981-ci ildə Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildəsə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdi. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı seçilən Z.Bünyadov fəal vətəndaş və ictimai xadim mövqeyi ilə seçilirdi.

   Həyatının son illərində Tacəddin Es-Salmaninin "Tarixnamə", V.V.Bartoldun "Xəzəryanı vilayətlərin müsəlman aləmində yeri" əsərlərini tərcümə etmişdi. "Dinlər, təriqətlər, məzhəblər" adlı qiymətli elmi və "Polis məmuru Dümbül bəyin macərası" (bənzətmə), "Naxçıvan sancağının müfəssəl dəftəri", "Tarixnamə" bədii əsərlərini yazmışdı.

   Alban tarixinin gözəl bilicisi olan Z.Bünyadov ilk elmi araşdırmalarından bu tarixi öz inhisarlarına almağa çalışan erməni tarixçilərinin müqaviməti ilə üzləşsə də, onları yerlərinə oturtmağı bacırırdı. O öz araşdırmaları və çıxışları ilə dəfələrlə həyasız saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa etmişdi.

   Z.Bünyadov arxivlərdə işləməyi sevirdi. Arxivlərdə üzərlərini toz basmış çox tarixi həqiqətləri, Şərqin çox gizlinləri gün işığına çıxarmışdı. Qərmətilərlə bağlı araşdırması arxivlə necə işləməyin etalonu idi.

   Ömrünün son illərində də "arxiv tozu"nu udurdu. İlk dəfə məhz o ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda və Qubada törətdikləri qətliamları geniş tədqiq etmişdi.

 

   Hərbçi, alim, siyasətçi, ictimai xadim, yazıçı, üstəlik zəlzələşünaslığı da vardı.

 

   Ziya Bünyadov əyilməz, özünəxas xarakteri olan ziyalı idi, "qulbeçə alim" deyildi. Əyilməzdi, sınmazdı, xalq onu sevirdi, bir qədər acıdil idi, amma sözün düzünü deyirdi, xeyirxah insan idi. Onun sözünə, münasibətinə cəmiyyətin ehtiyacı vardı.

   Əyə bilmədilər, sındıra bilmədilər, 1997-ci il fevral ayının 21-də vəhşicəsinə qətlə yetirdilər. Elə o vaxtdan da yeri göründü. İtirdik və əvəzini tapa bilmədik. Çünki alim-vətəndaş, özü də Ziya Bünyadov kimisi hər zaman hər millətə rast düşmür...

   Yeri gəlmişkən, unudulmaz alimin doğum günü münasibəti ilə dünən AMEA rəhbərliyi, Şərqşünaslıq İnstitutunun kollektivi, Ziya Bünyadovun həyat yoldaşı Tahirə Bünyadova və ailə üzvləri Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər.

   AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov, vitse-prezidenti Nailə Vəlixanlı, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva öz çıxışlarında Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun keçdiyi zəngin və mənalı həyat yolundan, qoyduğu böyük elmi irsdən, yaratdığı elmi məktəbdən danışıblar. Z. Bünyadovun öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanındığı vurğulanıb. Prezident İlham Əliyevin bu yaxınlarda akademik Ziya Bünyadovun 90 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığı qeyd edilərək bununla əlaqədar bir sıra tədbirlərin nəzərdə tutulduğu bildirilib.

 

X.Rüstəm

 

Ekspress.-2011.-22 dekabr.-S. 9.