500 yaşlı İrəvan qalası

 

   İrəvanın azərbaycanlılara aid olduğunu bildirən tarixi abidə artıq sökülüb

 

   "Azer Global" İctimai-Siyasi Araşdırmalar İnstitutunun QafqazKiçik Asiya Tarix Mərkəzinin təşəbbüsü ilə İrəvan qalasının 500 illiyinə həsr olunan tədbir keçirilib.

   Tədbirdə çıxış edən Qafqaz və Kiçik Asiya Tarix Mərkəzinin rəhbəri Şəlalə Həsənova deyib ki, İrəvan qalası Azərbaycanın tarixidir və bütün faktlar bu ərazilərin bizə məxsus olduğunu sübuta yetirir: "Prezident İlham Əliyev də İrəvanın və bütünlüklə Ermənistanın indiki ərazilərinin azərbaycanlılara məxsus olduğunu dəfələrlə bildirib"- deyən Ş.Həsənova qeyd edib ki, İrəvan haqda dolğun məlumatları özündə əks etdirən www.erivangala500.com adlı portal yaradılıb.

   Sonra İrəvanın tarixini və qalanın Azərbaycana məxsus olduğunu sübuta yetirən faktları özündə əks etdirən video-çarx nümayiş olunub. Video-çarxda İrəvan şəhərinin erməni vəhşiliyi nəticəsində tamamilə dağıldığı, türk-müsəlman abidələrinin davamlı olaraq sökülərək yerində müasir binaların inşa edildiyi göstərilib. Hətta video-çarxda Ermənistan prezidenti Serj Sarkisyanın, Rusiya prezidenti Dmitri Medvedevin İrəvana səfəri zamanı bu şəhərdə qədim qalanın olmasını sübuta yetirən çıxışı da yer alıb.

   Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov deyib ki, informasiya müharibəsində www.erivangala500.com portalı mühüm rol oynayacaq: "Artıq iki gündür internetdə bu portala olan diqqət hiss olunur. Burada yerləşdirilən video-çarxı minlərlə şəxs izləyib. Ermənilərin reaksiyasından da aydın olur ki, bu, onlara zərbədir".

   Daha sonra tarixçi-alim, professor Fəridə Məmmədova, Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxulia, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov, professor Rauf Hüseynov, fəlsəfə elmlər doktoru, albanist-alim Vəfa Quliyeva çıxış ediblər.

   Tədbirdə www.erivangala500.com portalının təqdimatı ilə yanaşı, 1919-cu ildə erməni tarixçisi İ.Orbelinin "Qandzasar əlyazmaları" kitabının elektron variantı da nümayiş olunub və bildirilib ki, kitab nəşr olunduqdan sonra qısa müddətdə bu əsər satışdan çıxarılıb. Buna səbəb isə kitabda Ermənistanın tarixinin əsassız olduğunun göstərilməsidir.

 

 

  Aqil Camal

 

  Ekspress.-2011.- 24-26 dekabr.-S.17.