Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bəs həqiqət necədir? Xaçmaz ərazisindəki "anklav"ı Rusiya necə əmələ gətirmişdi?

 

   Azərbaycan Respublikası Dövlət Arxivində "FİNEKO/ABS.AZ."ın adını çəkdiyi qərarı arayıb taparaq oxuyuruq. Siz də tanış olun:

 

   "SSRİ Nazirlər Soveti

 

   Qərar

 

   28 may 1954-cü il, N 1023

 

   Moskva, Kreml

 

   Dövlət Fondunun "Qara torpaq" və Gizlər qışlaqlarının kolxozlara təhkim edilməsi haqqında

 

   Həştərxan vilayətindəki "Qara torpaq" və Stavropol diyarındakı Gizlər otlaqlarından daha səmərəli istifadə olunması məqsədilə SSRİ Nazirlər Soveti QƏRARA ALIR:

 

   1. SSRİ Kənd Təsərrüfatı Nazirliyinə, RSFSR və Gürcüstan SSR Nazirlər Sovetlərinə bir vəzifə olaraq tapşırılsın ki, "Qara torpaq" və Gizlər otlaqlarından zərifyunlu qoyunçuluğun inkişafı üçün istifadə olunmasını təmin etsinlər, bu məqsədlə yaxın 4-5 ildə Həştərxan və Qroznı vilayətlərindəki qışlaqlardan istifadə edən Gürcüstan SSR və Dağıstan MSSR-in kolxozları zərifyunlu qoyunçuluğa istiqamətləndirilsin.

   2. SSRİ Sovxozlar Nazirliyinə, RSFSR və Qazaxıstan SSR Nazirlər Sovetlərinə bir vəzifə olaraq tapşırılsın ki, 1956-cı il oktyabrın 1-dək Həştərxan vilayətindəki qaragül qoyunçuluq təsərrüfatlarını Qazaxıstan SSR-ə köçürülməsini təşkil etsinlər.

   SSRİ Sovxozlar Nazirliyinə və RSFSR Nazirlər Sovetinə tapşırılsın ki, Həştərxan vilayətinin zərifyunlu təsərrüfatlarından hər 100 hektar sahədən 2,5 sentnerdən az olmamaqla dövlətə yun təhvilini təmin etsinlər.

   3. 1954-cü ildən başlayaraq, Gürcüstan SSR sovxozlarının Həştərxan vilayətindəki "Qara torpaq" otlaqlarından, Stavropol diyarındakı 231 min hektar sahədən, habelə, SSRİ xalq Komissarları Sovetinin 1945-ci il 24 may tarixli 1162 nömrəli qərarı ilə Gürcüstan SSR sovxozlarına təhkim olunmuş Azərbaycan SSR-dəki qışlaqlardan istifadə edilməsi dayandırılsın.

   4. Dövlət Fondunun Gizlər otlaq sahəsi 20 il müddətinə Gürcüstan SSR kolxozlarının istifadəsinə verilsin.

   Gürcüstan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Qroznı vilayətindəki otlaq sahələrini başlıca təsərrüfat sahəsi qoyunçuluq olan dağ rayonlarının kolxozlarına təhkim etsin, otlaqlardan səmərəli istifadə olunmasını təmin etsin, qışlaqlarda istehsalat və yaşayış binalarının inşasını həyata keçirsin.

 

   5. RSFSR Nazirlər Sovetinin:

 

   a) Dövlət Fondunun Həştərxan vilayətində və Stavropol diyarında indiyədək Gürcüstan SSR kolxozlarının istifadə etdikləri 231 min hektar otlaq biçin sahələrinin RSFSR-ə verilməsinə;

   b) SSRİ Nazirlər Sovetinin 9 oktyabr 1951-ci il 3903 nömrəli qərarı ilə 1952-1955-ci il müddətinə Stavropol vilayəti kolxozlarına təhkim edilmiş 300 min hektar otlaq və biçənək sahəsinin həmişəlik olaraq onlara verilməsinə;

   v) SSRİ Nazirlər Sovetinin 1949-cu il 5 dekabr tarixli 5511 nömrəli qərarı ilə dövlət fondunun "Qara torpaq" qışlaqlarının dəvəçilik təsərrüfatları üçün ayrılmış 17 min 989 hektarı Həştərxan vilayəti kolxozlarına verilməsinə dair təklifləri qəbul edilsin.

 

   6. RSFSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın ki, 1955-ci il oktyabrın 1-dək dövlət fondunun "Qara torpaq" və Gizlər otlaqlarında Stavropol diyarının, Həştərxan, Rostov və Stalinqrad vilayətlərinin, Dağıstan MSSR və Cənubi Osetiya MSSR-in kolxozlarının istifadəsində olan yerlərdə lazım gəldikdə, otlaq sahələrinin kolxozlar arasında bölüşdürülməsinə yenidən baxsınlar, hər bir sahəni həmişəlik olaraq kolxozlara təhkim etsinlər.

   7. RSFSR və Gürcüstan Nazirlər Sovetinə icazə verilsin ki, 1954-cü ildə respublika kənd təsərrüfatı nazirlikləri tərəfindən qışlaqlarda kompleks ekspedisiya tədbirləri keçirsinlər və bu işi 1955-ci ilin oktyabr ayının 1-dək başa çatdırsınlar.

   8. SSRİ Nazirlər Sovetinin 1950-ci il 20 may tarixli 2117 nömrəli qərarında qismən dəyişiklik edilməklə, Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, 1954-cü il iyun ayının 5-dək respublika ərazisində 1950-ci ilədək uzun müddət Dağıstan MSSR kolxozları tərəfindən istifadə olunan 50 min hektar qışlaq sahəsi 20 il müddətinə Dağıstan MSSR kolxozlarının istifadəsinə verilsin.

   9. Dağıstan MSSR Nazirlər Sovetinə bir vəzifə olaraq tapşırılsın ki, dövlət fondunun Dağıstan MSSR ərazisində olan otlaqlarından 50 min hektar yaylaq sahəsini 20 il müddətinə Azərbaycan SSR kolxozlarının istifadəsinə ayırsın.

 

   SSRİ Nazirlər Sovetinin sədri G.Malenkov

 

   SSRİ Nazirlər Soveti İşlər İdarəsinin müdiri A.Korobov."

 

   SSRİ Nazirlər Sovetinin 1954-cü il 28 may tarixli qərarından açıq-aydın göründüyü kimi, söhbət yaylaq və qışlaqlardan gedir, burada nə "Xraxuba", nə də "Xraxoba" var. Qərarı imzalayan G.M.Malenkov yaxşı bilirdi ki, 5-ci bənddəki "Azərbaycan respublikası ərazisindəki 50 min hektar qışlaq sahəsi" Mir Cəfər Bağırov dövründə Azərbaycan və Dağıstan xalqları arasındakı əzəli qardaşlıq münasibətlərinin nümunəsi idi. Əslində mal-qarası Azərbaycan qışlaqlarına gətirilən Dağıstan kolxozlarının yerləşdiyi yerlər keçmişdə Azərbaycan ərazisinə daxil idi.

    Mir Cəfər Bağırovun 1945-ci il may ayının 10-da G.Malenkova göndərdiyi məktubunda deyilirdi: "Dağıstan MSSR-in keçmişdə Azərbaycanın bir hissəsi olan və Bakı quberniyası tərkibinə daxil olan, Azərbaycan SSR-ə bitişik Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR tərkibinə daxil edilməsi məsələsinə baxmağınızı xahiş edirik. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir, özü də maldarlıqla məşğul olan bu əhalinin yarıdan çoxu ilin 9 ayını Azərbaycan ərazisində keçirir".

   1953-cü ildə Bağırov Azərbaycandan uzaqlaşdırılandan, 1954-cü ildə Moskvada onu ev dustağı edib partiyadan çıxarandan və həbsə alandan sonra Malenkov da daşnak Mikoyanın tərəfinə keçərək Azərbaycanın ərazi bütövlüyünün qəsdinə durmuşdu.

   Yeri gəlmişkən qeyd etmək lazımdır ki, daşnakların və onların Kreml komandanı Anastas Mikoyanın diktəsi ilə G.Malenkovun imzaladığı qərarların arxiv surətləri ilə doxsanıncı illərdəki tədqiqatçılarımızdan çox-çox qabaq - altımışıncı illərdə Məmmədəmin Şəkinski rastlaşmışdı. O zaman Azərbaycanın baş arxivarusu dəqiq bilirdi ki, Mir Cəfər Bağırov Azərbaycan ərazisinin bir qarışının itirilməsinə yol verməmişdir. Bakı milisinin rəisinin və Yevlax rayonu icraiyyə komitəsi sədrinin şahidi olduğu hadisələr bu gün tarixçilərin təsdiq etdikləri faktlardır. Azərbaycan Cümhuriyyəti dövründə mövcud olmuş Azərbaycan ərazisi Azərbaycan sovetləşəndən sonra 1934-cü ilədək, yəni M.C.Bağırov rəhbərliyə gələnədək və 1954-cü ildən sonra, yəni M.C.Bağırov Azərbaycandan uzaqlaşdırılandan sonra itirilmişdir. Diqqət yetirin:

   Azərbaycan SSR Xalq Torpaq Komissarlığının 25 oktyabr 1922-ci il tarixli arayışı əsasında keçmiş Zəngəzur qəzasından 405.000 desyatin, Qazax qəzasından 379.984 desyatin ərazi Ermənistan SSR-ə verilmişdir. Kim idi Azərbaycanın o zaman Baş rəhbəri? S.M.Kirov! Baş naziri isə Q.M.Musabəyov!

   1929-cu ildə Naxçıvan MSSR-in Şərur, Naxçıvan, Ordubad qəzalarının bir hissəsi, Qazax qəzasının 45,72 kv. km. meşə yerləri Ermənistan SSR ərazisinə qatılmışdır. Kim idi Azərbaycanın o zaman Baş rəhbəri? L.İ.Mirzoyan! Baş naziri isə Q.M.Musabəyov!

   1930-cu ildə Naxçıvan MSSR-in Əldərə, Ləhvaz, Astazur, Nüvədi və b. yaşayış sahələri Ermənistana verilmiş və bu ərazidə Mehri rayonu yaradılmışdır. Kim idi o zaman Azərbaycanın Baş rəhbəri? N.F.Gikalo! Baş naziri isə D.X.Bünyadzadə!

   1984-cü ildə Qazax rayonunun Kəmərli kəndinin 2.500 hektar sahəsi ermənilərə "bəxşiş" edilmişdir. Kim idi o zaman Azərbaycanın Baş rəhbəri? K.M.Bağırov! Baş naziri isə H.N.Seyidov!

   1984-cü ildə partiya və hökumət başçılarımız G.Malenkovun 1954-cü ildə imzaladığı qərarın 30 illiyi şərəfinə "şanlı qərar"ın özündə olmayan bir maddə uydurmuş, indi internet səhifələrində yayıldığı kimi, guya "1984-cü ildə Azərbaycan SSR Nazirlər Soveti Xraxuba və Uryanoba kəndlərinin Rusiyaya verilməsi müddətinin daha 20 il uzadılması" barədə qərar vermişdir. Hardadır xalqımızdan gizlədilmiş qərar?

   Dövlət Arxivində Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il deyil, 1964-cü il tarixli qərarı saxlanılır.

 

   (əvvəli ötən şənbə saylarımızda)

  Teyyub Qurban

   Ekspress.- 2011.- 24-26 dekabr.- S. 15.