"Dedim ki, üzümə qrim vurmayacam..."

 

Onu gənc yaşlarından ustad sayır, "əmi" deyə çağırırlar. O, 60 ildən çoxdur yüzillərin o tayından üzü bəri süzülüb gələn milli musiqimizin təbliğində külüng çalır. Amma bu muğam fədaisi hələ də gənclik təravətini itirməyib.

   Biz də milli musiqimizin "əmi"si - müasir xanəndəlik sənətinin ustadı, xalq artisti Əlibaba Məmmədovla görüşüb ömür kitabının birlikdə vərəqləməyə çalışdıq.

   - Əlibaba müəllim, necəsiniz, özünüzü necə hiss edirsiniz?

   - 80-ni yaşayarsınız, ondan sonra bilərsiniz ki, adam bu yaşda özünü necə hiss edir.

   - Yaşadığınız ömürdən razısınızmı?

   - Qəzəlxan Əliağa Bakirin gözəl bir beyti var:

 

   Çərxdən yoxdu bu aləmdə  mənim bir gileyim,  Çünki çatmış başa hər istəyim,    arzum, diləyim.

 

   Mən həyatımdan çox razıyam. Allah-təala mənə hələlik 81 illik ömür, 62 illik sənət yolu verib. Mən bu yolu çox şərəflə keçmişəm. Həmişə çalışmışam ki, bir günümü belə yelə verməyim. Bu yolda çətinliklərim də çox olub, xoş keçən günlərim də.

 

   - Hansı çətinlikləriniz olub ki?

   - Həyatın qanunudur ki, adam bir şeyi böyük çətinliklə əldə edir.

   - Qarşınıza hansısa maneələr çıxıbmı?

   - Maneələr hər bir sənətkarın qarşısına çıxır. Hansı sənətkar həmin maneələri dəf edirsə, o əsl sənətkardı. Maneələr olmasa, həyatın mənası da olmaz...

   - Bu maneələr sənətinizlə bağlı olub, yoxsa şəxsi həyatınızla?

   - Ancaq sənətlə.

   - Əlibaba müəllim, bəziləri deyir ki, muğam digər bölgələrə Qarabağdan yayılıb. Və bu gün də muğamı bölgələrə bölürlər: Qarabağ muğam məktəbi, Şirvan muğam məktəbi, Bakı muğam məktəbi...

   - Mən bu söz-söhbətin qəti əleyhinəyəm. Şirvandan da gözəl xanəndələr çıxıb, Bakıdan da, Qarabağdan da. Şəkidən 19-cu əsrdə Ələsgər kimi gözəl xanəndə çıxıb. Mən muğamatı bölgələrə bölə bilmərəm. Çünki mənim ansamblımda Təhmiraz Şirinov kimi xanəndə var, Qəbələ rayonundandı. Fikrimcə, muğam bütöv Azərbaycan xalqınındı.

   - Nəslinizdə sizdən başqa oxuyan olubmu?

   - Bəli, əmim Güləhməd Məmmədov Cabbar Qaryağdıoğlunun müasiri olub. O, əmimgilə gəlib-gedərmiş və əmimin "Mahur-hindi"sinə qulaq asmağı xoşlayırmış. Lakin əmim xanəndəliklə çox məşğul olmadı. Mən xanəndəlik dərslərini ilk dəfə əmimdən almışam.

   - İstərdim, söhbətimizi "Humayun" ansamblının üzərinə gətirək. Bu ansamblı necə yaratdınız?

   - "Humayun" ansamblı 1968-ci ildə yaradılıb. O zamanlar mən çox dəbdə idim. 1949-cu ilin oktyabr ayının 5-də - 19 yaşımda filarmoniyanın solisti olmuşam. O gündən etibarən mənim çıxış etdiyim konsertlər həmişə anşlaqla keçib. Bütün uğurlarım da ora ilə bağlıdır. 1968-ci ildə filarmoniyanın direktoru, dahi sənətkar maestro Niyazi idi. Mən də həmin dövrlərdə çox populyar olduğum üçün bir gün Niyazi məni yanına çağırıb dedi ki, "ayda bir konsert verməlisən". Dedim, "maestro, konsert verərəm, ancaq stabil işləməyə ansambl yoxdu. Bir gün Əhmədxanın ansamblı ilə çıxış edirəm, bir gün Əliağa Quliyevin ansamblı ilə səhnəyə çıxıram, o biri gün Əhsən Dadaşovun. Bunlarla çatdıra bilmirəm. Öz ansamblım olsa, yeni-yeni repertuarlar işləyərəm". Qayıtdı ki, "Ansambl yaratmaq nə çətin işdi? Mən sənə bir həftə vaxt verirəm. Get, 10 nəfərdən ibarət ansambl yarat". Bir həftədən sonra Niyazinin yanına gedib dedim ki, ansambl hazırdır. O da zəng elədi mədəniyyət naziri Rauf Hacıyevə ki, ansamblı qəbul etməyə komissiya göndərsin. Nazirin müavini gəldi, yığışıb qulaq asdılar. Rəhmətlik Cahangir Aslanoğlu onda filarmoniyanın redaktoru idi. Həmin nazir müavini Cahangir müəllimə dedi ki, "get, bir afişa hazırlatdır". Sonra da tələsik qayıtdı ki, bəs adını nə qoyaq? Biri dedi "Araz", o biri dedi "Xəzər"... Tarzən vardı Hacı Məmmədov, dedi ki, "maestro, Seyid Şuşinskidən sonra "Humayun" muğamını Əlibaba kimi oxuyan yoxdu, gəlin, elə "Humayun" qoyaq. Maestro da razılaşdı, dedi ki, "get afişanı belə yaz: "Əlibaba Məmmədovun iştirakı və rəhbərliyi ilə çıxış edir "Humayun" Xalq Çalğı Alətləri Ansamblı". Beləcə də ansamblın adı oldu "Humayun".

   - Siz də Seyidin tələbəsi olmusunuz?

   - Bəli, 1953-cü ildə mən Asəf Zeynallı adına Musiqi Texnikumunda Seyid Şuşinskinin muğam sinfinə qəbul olunmuşam və 5 il orada oxumuşam. Ona qədər də mən muğamı bilirdim, ancaq bu sənətin bütün sirlərini ondan öyrənmişəm. Ölkəmizdə muğamın pedoqogikasını işləyən odur. Texnikumu bitirəndən sonra 1963-cü ildə Əhmədxan Bakıxanov mənə zəng etdi ki, "məktəbə gəl". Getdim, dedi ki, "Ağa qocalıb, dərs deyə bilmir, gəl dərs de. Ağa özü deyib ki, səndən yaxşı müəllim olar". Təsəvvür edin, 33 yaşım var, cavan oğlanam, toylarla konsertlərin də ki, sayı yoxdu. Dedim, Əhmədxan müəllim, vaxtım yoxdu, mənim müəllimlikdə nə işim var?! Nəsə, axırda onun sözündən çıxa bilmədim, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim kimi fəaliyyətə başladım. Mənə 8 tələbə verdilər. O məktəbin məzunlarından orada dərs deyən birinci müəllim mən olmuşam. Mənə qədər Seyid idi, ikinci mən oldum. Özü də Seyidin öz təşəbbüsü ilə.

   - İlk tələbələriniz kim olub?

   - İlk tələbəm Canəli Əkbərov olub. Canəli o vaxt da istedadı ilə seçilirdi. Ondan başqa Təvəkkül Musayev, Qaraxan Behbudov da mənim ilk tələbələrimdəndi. Mən onlara iki il dərs dedim. Sonra getdim, çatdıra bilmirdim, toylar, konsertlər imkan vermirdi. O dövrdə Bakı toyları mənsiz keçmirdi. Məndən sonra texnikuma Nəriman Əliyevlə Hacıbaba Hüseynov müəllim gəldi. Hər ikisinə Allah rəhmət eləsin. 1972-ci ildə bəstəkar Vasif Adıgözəlov "Asəf Zeynallı"ya direktor gələndən sonra mənə dedi ki, "əmi, gəl, birlikdə işləyək". Texnikuma ikinci dəfə gəlişimdə ilk tələbəm rəhmətlik Məmmədbağır Bağırzadə oldu. Amma Canəlidən fərqli olaraq ona axıra qədər dərs dedim. Maşallah, siftələrim yaxşı olub. Bundan başqa "Humayun" ansamblında da çoxlu xanəndələr yetişdirmişəm. Rəhmətlik Səxavət Məmmədov 14 il mənim ansamblımın solisti olub. Zümrüd Məmmədova isə indi xalq artistidir.

   - Məmmədovlar ailəsi yaratmışdınız...

   - Bəli, o vaxt bizim ansambla "Məmmədovlar" ansamblı deyirdilər.

   - Bəs, nə üçün Opera və Balet Teatrına getmədiniz?

   - O vaxt mədəniyyət naziri vardı - Qəzənfər Məmmədov, o məni Opera Teatrına dəvət etdi. Daha doğrusu, rəhmətlik Qulu Əsgərovu "Əsli və Kərəm"də Kərəm roluna, məni isə "Leyli və Məcnun"da Məcnun roluna dəvət etmişdi. Mənim qrimlənməkdən xoşum gəlmədiyi üçün imtina etdim. Q.Məmmədov məni yanına çağırdı, özü də əslən bakılı idi, dedi ki, "alə, yekə adamsan, sənin üçün bu cürə şans yaranıb. Sənə ev, maşın, fəxri ad verəcəklər. Camaat bura düşmək üçün min hoqqadan çıxır. Amma sən naşükürlük edirsən". Onda dedim ki, "Qəzənfər müəllim, mən üzümə qrim vurmayacam". Bu sözü deyəndə, o, ürəkdən qəşş eləyib güldü. Həm də o dövrdə bayaq dediyim kimi, cavan idim, başım toylara qarışmışdı. Gözümə heç nə görünmürdü.

   - Dediyiniz kimi, siz Seyid Şuşinskidən sonra "Asəf .Zeynallı"da müəllimlik edən ikinci xanəndəsiniz. Özünüz də çoxlu mahnılar bəstələmisiniz. Bu gün sizin mahnılarınızı çoxları ifa edir. Kimlərin ifasından razısınız?

   - Mən hamısından razıyam. Əlbəttə, hamısı eyni cür oxuya bilməz. Məsəlçün, Faiq Ağayev estrada müğənnisidir, "Dəşti" təsnifini oxuyub. Bu təsnifi rəşmətlik Sabir Mirzəyev də 30 ildən artıq oxuyub. Amma ən çox xoşuma gələn Kazım Cəbrayılov adlı bir tələbəmin ifasıdır. 14 yaşı olanda, o, "Dəşti" ilə musiqi müsabiqəsində iştirak elədi və birinci yerə çıxdı. Hətta ona 1000 dollar mükafat da verdilər. Elə Faiqin özü də o zaman münsiflər heyətinin üzvü idi. Kazım "Dəşti"ni elə gözəl oxudu ki, sonradan mən "Humayun" ansamblının müşayiəti ilə onun ifasında həmin təsnifi lentə aldırdım. Bu təsnifin musiqisi də, sözləri də mənimdi. Ancaq Faiq Ağayev klipində mahnının sözlərinin müəllifi kimi Əliağa Vahidin adını yazıb. Mən bundan incimirəm. Çünki şeirimin müəllifi kimi Əliağa Vahidin adının yazılması mənim üçün böyük xoşbəxtlikdir.

   - Siz həm də xarici görünüşcə çox gözəgəlimli olmusunuz. Düzdü, həmin gözəlliyi bu yaşda da saxlamısınız, hələ itirməmisiniz... Yəqin ki, sizə vurulan xanımlar az olmayıb. Həyat yoldaşınız sizi qısqanmırdı ki? Onunla necə tanış olmuşdunuz?

   - Rəhmətlik həyat yoldaşım içərişəhərli idi. Bir dəfə İçərişəhərə dostumgilə getmişdim, o da onların qonşuluğunda yaşayırdı. Orda gördüm, xoşuma gəldi. O da yetim uşaq idi, mən də. Evləndik, 4 övladımız oldu. İndi də 8 nəvəm var.

   - Bəs toyunuzda kim oxudu?

   - Hacıbaba Hüseynov. Özüm xahiş etdim, gəldi oxudu...

   - Övladlarınızdan sənətinizi davam elətdirəni oldumu?

   - Yox. Özləri istəmədilər. Anaları rəhmətlik bir dəfə mənə dedi ki, "əşi, bu uşaqlardan birini də öz yolunla apar". Dedim "ay arvad, bax, evdə tar, qaval, piano, neçə-neçə val, üstəgəl mən. Bundan başqa onlara nə lazımdı? Əgər həvəsləri olsaydı, yəqin ki, özləri bunlardan öyrənərdilər. Həvəssiz mən onlara necə öyrədim?!" Sonra bir dəfə də nəvəm gəldi ki, "baba, ver tarını aparım". Apardı, 6 aydan sonra qaytarıb gətirdi ki, "çala bilmirəm". Mən həmişə demişəm, həvəsi olmayan adamdan sənətkar olmaz. İstəmədilər, istəsəydilər, qulluqlarında hazır idim.

   - Bu yaşa qədər sənətkarın qazana biləcəyi bütün uğurlara, müvəffəqiyyətlərə və mükafatlara nail olmusunuz. Həyata keçirə bilmədiyiniz arzunuz qalıbmı?

   - Mən istəyirəm bu suala beş misralıq şerimlə cavab verim:

   Məni ilahi yaradıb,

    himayəsində olmuşam.

   Yerə Quran göndərib,

    mən ayəsində olmuşam.

   Nə olmalıydım, olmuşam,

    sayəsində olmuşam.

   Şükür olsun, şükür olsun,

    şükür, İlahi,

   Qoymamısan qəlbimdə qalsın

    bir ahım.

İltifat HACIXANOĞLU

Ekspress.- 2011.- 24-26 dekabr.- S. 14.