Dövrün lideri

 

2003-cü ildə ulu öndər - müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyev dünyasını dəyişəndə mürəkkəb, risklər və təhlükələrlə dolu coğrafi məkanda yerləşən müstəqil Azərbaycanın güclənməsi, ölkə daxilində sabitliyin qorunması, iqtisadi inkaşaf və beynəlxalq təhdidləri dəf etməsi üçün yeganə şansı vardı: Bu, Azərbaycanın Heydər Əliyev siyasi məktəbinin yetirməsi İlham Heydər oğlu Əliyev kimi liderə sahib olması idi.

   Və Azərbaycanın son 8 illik tarixi göstərdi ki, Azərbaycanın ötən əsrin 90-cı illərinin əvvəllərindəki xaosdan çıxarılması, dövlət müstəqilliyimizin bərqərar olması Heydər Əliyevin adı ilə bağlıdırsa, bu təməl üzərində ölkəmizin daha da güclənməsi, milli təhlükəsizliyimizin daha da möhkəmlənməsi, ölkəmizin iqtisadi sıçrayışı, beynəlxalq arenada söz sahibi olması və bu istiqamətdəki nəhəng layihələrin həyata keçirilməsi İlham Əliyevin adı ilə bağlıdır.

   Məhz cənab prezidentin siyasi iradəsi sayəsində bir vaxtlar baş tutacağı inandırıcı görünməyin təşəbbüslər artıq reallığa çevrilir. "Biz təşəbbüsləri gerçəkliyə çeviririk!" - bu, prezidentimizin sevimli sözüdür. Həmin təşəbbüslərin, ideyaların və siyasi iradənin nəticəsidir ki, Azərbaycan yeni-yeni uğurlara imza atır, beynəlxalq aləmdə layiq olduğu yeri tutur. Dövrün liderinin vətən və xalq naminə olan missiyası Azərbaycanın üfüqlərini daha da genişləndirir. "O, dünyanı Azərbaycan üçün kəşf edir, Dünya isə onun siyasəti sayəsində Azərbaycanı kəşf edir", - deyə xarici müəlliflərdən biri Azərbaycan lideri barəsində yazdığı kitabında bildirmişdi.

   Bu kəşflərə, gerçəkləşməsi inanılmaz görünən layihə və təşəbbüslərin baş tutmasına biz dəfələrlə şahid olmuşuq. Dünyada, eləcə də ölkəmizdə çoxmu adam inanırdı ki, Azərbaycan Avropa Birliyinin Macarıstan və Sloveniya kimi ölkələrini geridə qoyaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olacaq? Məhz İlham Əliyevin ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan diplomatiyası qlobal miqyasda həmləyə keçdimilli diplomatiyamızın tarixində ən böyük zəfərə imza atdı.

   İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə yalnız ölkənin problemlərini həll etməklə qalmır, hər dəfə yeni hədəflər müəyyən edərək ona nail olur. Yeni zirvələr fəth etmək - bu, Azərbaycan üçün yeni-yeni hədəflər müəyyənləşdirən dövlət başçısının fəaliyyət prinsipidir.

   "Mən Heydər Əliyevin uğurlu yolunu davam etdirməli və bu zaman yeni zirvələr fəth etməliyəm. Mən həm xalq qarşısında, həm də onun indiki şəraitdə sadəcə olaraq alternativi olmayan siyasi irsini qorumaq baxımından atamın qarşısında cavabdehəm", - deyə bir müsahibəsində cənab prezident bildirmişdi.

   Artıq Azərbaycanın hazırda gəlib çatdığı səviyyə, artan iqtisadi potensialı, düşməndən qat-qat üstün olan hərbi gücü göz önündədir. Zamanın saatı və bölgədə gedən siyasi proseslər Azərbaycanın xeyrinə işləyir. Uğurlu siyasi-iqtisadi kursun nəticəsidir ki, bu gün Azərbaycan müstəqil siyasət aparır. Prezidentin dediyi kimi, "biz heç kimdən asılı deyilik, öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının yaratdığı maddi imkanlar, dəyərlər hesabına yaşayırıq".

   Məhz onun rəhbərliyi altında Azərbaycan sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyub, Azərbaycanın iqtisadiyyatı analoqu olmayan tərzdə dəfələrlə böyüyüb, büdcəmiz 16 milyard dolları keçib, Azərbaycan son illər dünyada tüğyan edən iqtisadi böhrandan çox az itki ilə çıxa bilib.

   İlham Əliyevin həm bazar iqtisadiyyatı tələblərinə uyğun olan, həm də əhalinin rifahını, sosial müdafiəsini göz ardı etməyən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edir.

 

   Bu gün dövlət başçımızın yubileyidir, cənab prezidentin 50 yaşı tamam olur.

 

   İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. 1982-ci ildə MDBƏİ-ni bitirən İ.Əliyev həmin institutun aspiranturasına daxil olub, 1985-ci ildə tarix elmləri namizədi dərəcəsini alıb. 1985-1990-cı illərdə MDBƏİ-də müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

   1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

   Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.

 

   O, 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib.

 

   1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti olan İlham Əliyev Olimpiya hərəkatının inkişafındakı xidmətlərə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə YAP sədrinin müavini, 2005-ci ildəsə partiyanın sədri seçilib. 2001-2003-cü illlərdə AŞPA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri olan İ.Əliyev 2003-cü ilin yanvarında AŞPA sədrinin müavini seçilib. 2003-cü ilin avqustunda baş nazir olan İ.Əliyev həmin il oktyabrın 15-də keçirilən prezident seçkisində qalib gəlib. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs veribo, 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

   2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.

   2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73% səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib və 2008-ci il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

 

   Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir.

 

   Evlidir. Üç övladı, iki nəvəsi var.

 

   Çağdaş dünyada baş verən sarsıntıların, bir sıra ölkələrdəki çəkişmələrin bir səbəbi də dövrün tələblərinə cavab verə bilən liderlərin azlığı və ya olmamasındadır. Yeni əsr yeni çağırışlara, siyasi-sosial təlatümlərdən çıxış yolu tapa bilən, novasiyalara həssas olan, gərgin ziddiyyətləri həll edə bilən yeni liderlər tələb edir.

   Azərbaycan prezidentinin siyasi portretinin cizgiləri tam hallında özündə milli lider obrazını təcəssüm etdirir.

   Ulu öndərin xəttinin layiqli davamçısı kimi prezident İlham Əliyev dövrə öz möhürünü vurur, alternativi olmayan siyasi rəhbər kimi onun simasında Azərbaycan ən yeni tarixinin, yeni epoxanın liderini tapıb.

   Heç şübhəsiz ki, İlham Əliyev siyasətinin ana xəttini Azərbaycanın milli maraqlarının qorunması təşkil edir.

   Eyni zamanda, o, fəaliyyəti, şəxsi keyfiyyətləri, inam və təcrübəsi ilə yalnız milli birliyi təmin edən, dünya xəritəsində başçılıq etdiyi dövlətin yerini və mövqeyini qoruyan Azərbaycan lideri olmaqla məhdudlaşmır, qlobal anlamda dövrün liderindən biridir.

   Prezidentin indiyədək həyata keçirdiyi nəhəng layihələri, siyasi, iqtisadi, eləcə də cəmiyyət həyatındakı misilsiz uğurları, xarici siyasət kursu, milli təhlükəsizliklə, neft və təbii qazla bağlı strategiya, ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf, əhalinin sosial rifahının artması, yoxsulluğun azaldılması, sahibkarlığın inkişafı, milli-mənəvi dəyərlərimizə qayğı və s. sahələrdə atılan addımlar Azərbaycanı regionun liderinə çevirib.

   Bəlli olduğu kimi, Ermənistanın qeyri-konstruktiv, vasitəçi superdövlətlərin ikili oyunlarına baxmayaraq Azərbaycan Dağlıq Qarabağ danışıqlarında prinsipial mövqeyini davam etdirir. Prezidentin mövqeyi qətidir: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

   Regionda Azərbaycanın maraqları nəzərə alınmadan heç bir təşəbbüsün reallaşması mümkün deyil. İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli və cəsarətli siyasəti nəticəsində bu gün Ermənistan aciz bir duruma salınıb, bütün regional layihələrdən təcrid edilib.

   Bu faktdır ki, Cənubi Qafqazda heç bir regional layihə Azərbaycan liderinin fikri öyrənilmədən reallaşdırılmır. Cənab prezident, eyni zamanda, Azərbaycanın milli maraqlarına cavab verən layihələrin reallaşdırılması yolunda heç bir əngəl qarşısında geri çəkilmir. Bəlli olduğu kimi, Ermənistan Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə qarşıdır, erməni lobbisinin təsiri ilə ABŞ və Avropa Birliyindəki müəyyən qüvvələr bu layihənin reallaşmaması üçün əllərindən gələni edirdilər. Lakin İlham Əliyevin qətiyyəti nəticəsində bu əngəllər iflasa uğradı və Azərbaycan faktiki olaraq təkbaşına bu layihənin öhdəsindən gəlməkdədir.

   Və yaxud "Sürix protokolları" xatırlayaq: dünyanın bütün böyük güclərinin təzyiqi nəticəsində Türkiyə Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətləri bərpa etmək ərəfəsinə gəlib çıxmışdı. Azərbaycan prezidentin qətiyyətli mövqeyi nəticəsində bölgədəki vəziyyəti dəyişəcək, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mənfi təsir göstərəcək qlobal oyunun qarşısı alındı, Türkiyə hökuməti tərəddüdlər məngənəsindən çıxarıldı. Supergüclərin - ABŞ, Fransa və Rusiyanın xarici siyasət idarələrinin başçılarının iştirakı ilə Sürixdə imzalanmış türk-erməni protokolları tarixin arxivinə atıldı.

   Azərbaycan bütün təzyiqlərə baxmayaraq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət ayırır. Eyni zamanda, mürəkkəb bir regionda balanslaşdırılmış və uğurlu xarici siyasət yürüdür. Artıq bütün dünya, Qərb liderləri Azərbaycanın etibarlı tərəfdaş olduğunu etiraf edirlər.

   Qeyd etdik ki, yeni əsrin yeni çağırışları var və bu gün dünyada ciddi dəyişikliklər gedir, yeni prioritetlər müəyyənləşir. Məhz prezident İlham Əliyevin milli maraqlara söykənən daxili və xarici siyasət kursu nəticəsində Azərbaycan XXI əsrin çağırışlarına cavab verir və yeni-yeni hədəflərə doğru irəliləyir.

   "Ekspress" qəzetinin kollektivi dövlət başçısını ad günü münasibətilə təbrik edir, ona cansağlığı, ali dövləti fəaliyyətində və Azərbaycanı daha zəngin ölkəyə, qüdrətli dövlətə çevirmək yolundakı böyük missiyasında böyük uğurlar arzulayır.

 

Xaqani RÜSTƏM

Ekspress.- 2011.- 24-26 dekabr.- S. 3.