Xanəndə aşıq...

 

Aşıq Vüqar Şirvan aşıq məktəbinin görkəmli nümayəndələrindən olan Aşıq Mahmudun övladı, onun sənətinin davamçısıdır.

   Vüqar Mahmudoğlu özü haqqında qısaca belə məlumat verir:

   1970-ci ildə Qobustan rayonunun Şıx Zəyirli kəndində anadan olub. Orta təhsilini Şamaxı şəhərində Soltan Məcid Qənizadə adına 1 saylı məktəbdə alıb. Həmçinin Şamaxı şəhərinin 1 saylı orta musiqi məktəbinin qarmon sinfini bitirəndən sonra sənədlərini Sumqayıt Musiqi Kollecinə verib, sonradan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali vokal təhsili alıb.

   - Vokal müəllimin rəhmətlik Yaşar Səfərov idi. 1983-cü ildən atam mərhum Aşıq Mahmudun ansamblında peşəkar qarmon ifaçısı kimi el şənliklərində fəaliyyət göstərirdim. 1992-ci ildən isə müxtəlif ansambllarda müğənnilik etmişəm.

   - Şirvanda belə bir adət var, aşıq olmaq istəyən mütləq xanəndəlik məktəbini keçməli, muğamı mükəmməl öyrənməlidir. Xanəndəlik məktəbini harda keçmisiniz?

   - Mən muğamı Asəf Zeynallı adına Musiqi Kollecində mərhum Vahid Abdullayevdən öyrənmişəm. Bu məktəbə rəsmən qəbul olunmasam da, çoxları kimi ustadların dərslərində iştirak etmişəm. Lakin ifaçılıq sənətini Aşıq Mahmuddan öyrənmişəm.

   - Biz sizin xanəndə olacağınızı gözlədiyimiz halda, birdən-birə eşitdik ki, Vüqar aşıqlığa başlayıb...

   - Bəli, əslində mən xanəndə olmalıydım. Lakin bununla belə, atamın yanında xanəndəlik etməmişəm. Onun xanəndələri, xalq artisti Zabit Nəbizadə, əmim oğlu Eminağa, bibim oğlu Camal Dadaşov olub. Bu həmin Camal Dadaşovdur ki, Abgül Mirzəliyevin Şamaxıda muğam müəllimi idi. Sadəcə, atamın vaxtsız vəfatı məni onun sazını götürməyə məcbur etdi. Və sözün düzü, özüm aşıq olmağa cürət etmirdim, həqiqətən də çətin sənətdir.

   - Hər bir sənətkarın arzusudur ki, övladlarından heç olmasa birisi onun sənətini davam etdirsin. Ortancıl qardaşınız Anar Niftəliyev filologiyanı seçib, kiçik qardaşınız kino işləri ilə məşğuldur. Qardaşların arasında yalnız sizin bəxtinizə ata sənətini davam etdirmək yazılıb. Bu atanızın seçimidir, yoxsa fərdi seçimdir?

   - Bilirsinizmi, musiqidə məcburi seçim heç vaxt effekt vermir. Doğrudur, sənət istedad nəticəsində yaranır, o cümlədən də ustad övladından şəyird olmaz. Rəhmətlik atam da baxıb görüb ki, qardaşların arasında musiqiyə daha çox maraq göstərən mənəm, ona görə də daha çox diqqətini mənə ayırıb. Misal üçün, Anarın gözəl gitara çalmağı var, amma o, musiqini yox, söz sənətkarı olmağı seçdi. Əslində atam əvvəlcədən ona demişdi ki, sən savadlısan, elmin dalınca getməyin məsləhətlidir. Biz qardaşlar öz sənətimizlə atamızı tamamlayırıq. Mənim atam ixtisasca riyaziyyat müəllimi olsa da, ədəbiyyatın, poeziyanın, folklor sənətinin gözəl bilicisi idi. O daha çox itib batmış, istifadə olunmayan qoşmaları, aşıq havalarını tapıb ortalığa çıxarırdı. Digər tərəfdən atam çox mühafizəkar aşıq idi. Özü yeni aşıq havaları bəstələsə də, qədim havalara heç vaxt əlavələr etməyib. Qardaşların arasında atam daha çox mənim sazı öyrənməyimə maraq göstərib. Atam özü sazda çalmağı mənə öyrədib. Elə qarmonda çalmağı da əvvəlcə atamdan öyrənmişəm, sonra Şamaxıda Mahir müəllimin sinfində davam etdirdim. Burda bir məqamı vurğulamaq istərdim ki, istər xanəndə, istərsə də aşıq olsun, ümumiyyətlə Şirvan sənətkarları musiqi alətlərində çalmağı bacarıblar. Alim Qasımovun özü əla tar çalır.

   - Və 2002-ci ildən aşıqlığa başladınız...

   - Bəli, mənim aşıq olmaq fikrim olmayıb. Lakin anam, əmilərim, atamın xalası oğlu böyük sənətkarımız Əvəzxan Xankişiyev təkidlə mənim aşıq olmağımı, atamın sənətini davam etdirməyimi istədilər. Səsimin atamın səsinə çox bənzədiyini deyirlər, xüsusən də anam məhz buna görə aşıq olmağımı istədi.

   - Qardaşların arasında atanıza daha çox bənzəyəni də sizsiniz...

   - Anar boy-buxunda atama çox çəkib, mənsə üzdən daha çox oxşayıram.

   - Siz sənətə elə dövrdə başladınız ki, o zamanlar aşıqlıq tənəzzüldə idi. Aşıqlar efirdən çayxanalara sıxışdırılmışdılar. Belə baxanda, o zamanlar müğənni olmaq daha sərfəli idi. Nə yaxşı bundan çəkinmədiniz? Bir məsələ də var ki, böyük şairimiz Zəlimxan Yaqub da aşıq sənətinin yaşamasında Şirvan aşıqlarının böyük rolu olduğunu deyir...

   - Hər bölgənin özünə məxsus adət-ənənəsi var. Lakin söz aşıq sənətindən düşürsə, onu bölgələr üzrə bölüşdürmək olmaz. Aşıq sənətinin bir zamanlar tənəzzülə uğramasının əsas səbəbi bildi-bilmədi, kimliyindən asılı olmayaraq çox adamın bura axışması oldu. İnsanlarlar iş tapmadığından hardansa bir saz tapıb aşıqlığa cummuşdular. Son dövrlər Şirvanda da "aşıq"lar meydana çıxmışdı. Lakin bu sənətə bizim tərəflərdə çox ciddi münasibət olduğundan "aşıqlar" çox duruş gətirə bilmədilər. Mən demək olar ki, simli alətlərin hamısında yaxşı çalmıram. Bunu bacarıram deyə, mən toylara gitaraçı və yaxud tarzən kimi getməliyəm? Vallah, buna mənim vicdanım yol verməz. Bəli, qarmon çalaram, çünki bu da mənim ixtisasımdır, özüm də vaxtilə Şirvanda 4-5 virtuoz qarmon ifıaçılarından biri olmuşam. Sözün düzü, atamın vəfatından sonra kiminsə yanında qarmon çalmağı və ya xanəndəlik etməyi özümə sığışdırmadım. Fikirləşdim ki, ya atamın adına layiq bir aşıq olacağam, ya da ali təhsilim var, dərs deyib pulumu qazanacağam. Əgər insanlar atamdan sonra mənim aşıq kimi qəbul etməsəydilər, həqiqətən sazdan əlimi çəkəcəkdim. Təbii ki, istər toy tutmaq, istərsə də efirə çıxmaq mənasında ilk günlər çox çətinliyim oldu. Mənim danışıqla, nitqlə bağlı problemlərim ortalığa çıxdı. Çünki heç vaxt səlist danışmağa, yəni aşıq kimi dastan söyləməyə, şer deməyə ehtiyacım olmadığından buna maraq göstərməmişdim. Çünki mən müşayiətçi idim, susub qulaq asırdım. Lakin bununla belə, atamın bildiyi dastanları, havaları mən də bilirdim. Hansı dastanda hansı havadan istifadə olunduğunu atamdan öyrənsəm də, praktiki olaraq istifadə etmədiyimdən çox çətinlik çəkirdim. Bayaq da dedim, atam da, məndə bilirdim ki, aşıq yox, xanəndə olacağam. Lap uşaq yaşlarımdan mənə hətta "Sarı bülbül" deyirdilər. Çünki "Sarı bülbül" mahnısını çox gözəl ifa edirdim. 1983-cü ildə Şamaxıda uşaqlar arasında keçirilən "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi oldum. Özü də məni qalib kimi xalq artisti Habil Əliyev və rəhmətlik İslam Rzayev seçib. Onlar səsimi çox bəyəndilər və məni Bülbül adına Musiqi Məktəbinə dəvət etdilər. Onda bölgələr üzrə qaliblərin arasında əməkdar artistlər Aybəniz Haşımova, Könül Xasıyeva, Könül Kərimova, Nuriyyə Əhmədova, Zakir Əliyev, rəhmətlik Elçin Cəlilov da vardı. Lakin atam məni Bakıya buraxmadı. Sözün düzü, ordakı mühitdən qorxdu, dedi ki, Bakıda uşaqlar tez korlanır... Sözün qısası, mənə uşaq yaşımda sərbəstlik vermək istəmədi.

   - Şuşanı Azərbaycanın, Şıx Zəyirli kəndini də bütün Şirvanın konservatoriyası hesab edirlər. Həqiqətən də Şirvan bölgəsinin adlı-sanlı sənətkarları bu kənddən çıxıblar. Bu adlı-sanlı "əmi"lərdən sizə dəstək çıxan kimlər oldu?

   - Mən sənətə başlayanda adlı-sanlı "əmi"ərdən heç bir dəstək görmədim. Bunların əksəriyyəti demək olar ki, mənimlə tay-tuş idi. Əslində zaman göstərdi ki, onların daha çox mənə ehtiyacı var, nəinki mənim onlara. Digər tərəfdən mən aşıqlığa başlayan ilk gündən insanlar məni Aşıq Vüqar kimi qəbul etdilər. Kimlərsə yaxşı musiqiçi olduğuma, kimlərsə yaxşı oxumağıma, kimlərsə də atama görə mənə hörmət elədi. Lakin mən ilk gündən özümü zəif olmayan aşıq kimi göstərdim. Elə oldu ki, az müddət sonra bəzi "əmi"lərin də iştirak etdiyi məclislərdə onlara 3 manat veriləndə, mənə ifama görə 5 manat verilib. Şirvanda aşıqların qiymətlərini qaldıran da mən olmuşam. Yəni siz dediyiniz "əmi"lərin köməyinə ehtiyacım olmayıb, bəlkə də kiməsə kömək üçün müraciət etsəydim, "yox" deməzdi. Amma bir məqamı vurğulamaq istəyirəm ki, ilk günümdən Əvəzxan Xankişiyev özü mənə dəstək olub. Atamla xalaoğluluqdan başqa, həm də möhkəm dost idilər. Amma başqalarından eşitmədim ki, "qardaşoğlu, nə problemin var, qulluğunda hazıram"... Bu bir yana dursun, aşıqlığa başlayanda zəng edib təbrik edən də olmadı.

   - Bir zamanlar aşıq sənəti yaddan çıxmış, diqqətdən kənarda qalmışdı. Vəziyyət o yerə çatmışdı ki, toylara meyxanaçı aparırdılar, aşıq qıraqda qalırdı. İndi vəziyyət necədir?

   - Sözün düzü, toylara bu gün də meyxanaçı gətirirlər. Hətta indi meyxanaçını Şirvan toylarına da dəvət edirlər. Nə təfavütü var, bu da bizim folklorumuzun bir qoludur. Burada pis şey yoxdur. Amma aşıq sənəti artıq öz əvvəlki nüfuzunu bərpa etməkdədir. Toylarda artıq insanlar bizdən dastan deməyimizi tələb edirlər. Aşığa həmişə hörmət olunub, sadəcə naşı adamların ucbatından bəzən ürəkaçmayan söz-söhbətlər meydana çıxır. Hər kəsə özünə görə hörmət edirlər. O qədər aşığımız var ki, məclisdə oxumasına imkan vermirlər. Sevindirici məqam oldur ki, aşıq sənətinə dövlət səviyyəsində qayğı göstərilir və biz bunu həqiqətən hiss edirik. Mən özüm dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə xaricdə konsertlərdə iştirak etmişəm. Artıq aşıqlara fəxri adlar verilir, onları dövlət tədbirlərinə dəvət edirlər, xaricdə təşkil olunan mədəniyyət günlərinə göndərirlər. Azərbaycan Dövlət Televiziyasında, İctimai Televiziyada aşıq verlişləri efirə çıxır. Mən aşıq sənətinin təbliğ olunmasında daha çox İctimai Televiziyanın rolunu xüsusi vurğulamaq istəyirəm. Sağ olsunlar Dədə Qorqudun bizə miras qoyduğu bu müqəddəs sənətə İctimai Televiziya yaradılandan hörməti, diqqəti və qayğını hiss etmişik.

   - Gənclərin bu sənətə marağı necədir, öyrənmək üçün müraciət edənlər varmı?

   - Bəli, mənim hazırda 3-4 şəyirdim var. Bundan başqa Qobustan Rayonu Rəşid Behbudov adına Musiqi Məktəbində də aşıq sənətini tədris edirəm. Diplomumda ixtisasım "menecer və musiqiçi" kimi yazıldığından Bakıdakı məktəblərdə dərs deyə bilmirəm. Deyirlər ki, gərək diplomda "saz" sözü olsun. Eləyə qalsa, dərs deyənlərin əksəriyyəti "mədəni-maarif" fakültəsinin məzunudurlar. Məsələ bundadır ki, "mədəni-maarif" fakültəsini bakalavr kimi bitirənlər, sonradan magistraturadan "aşıq" diplomu alıblar. Mənim vaxtımda tam ali təhsiliydi, magistr söhbəti yox idi. Sözün düzü, bu gün gənclərin aşıq sənətinə böyük maraq göstərməsi məni çox sevindirir. Çünki bu, gələcəkdə aşıq sənətinin var olmasının göstəricisidir.

   - Aşıq sənətində müxtəlif məktəblər var, şəyirdlərə bunların hamısını öyrədirsinizmi?

   - Xeyr, kim hansı məktəbi təmsil edirsə, o məktəbi də öyrədir. Bu həmişə belə olub, belə də davam edəcək. Konsertlərdə də biz ayrı-ayrı çıxış edirik. Mənim yanıma bu gün bir gədəbəyli tələbə gəlir, görürəm ki, bizim məktəbi öyrənməkdə çətinlik çəkir.

   - Bu gün bəziləri deyir ki, Şirvan aşıqları saz çalmağı bacarmırlar...

   - Bu sözdə müəyyən mənada həqiqət var. Müəyyən dövrdə aşıqlar daha çox özlərinin deyil, balabançının çalğısına üstünük veriblər, digər tərəfdən də Şirvan aşıqları həmişə ansamblla çıxış etdiklərindən özləri saz çalmağa həvəs göstərməyiblər. Amma indi bütün aşıqlar özləri saz çalmağa maraq göstərirlər.

   - Bu gün xanəndəniz kimdir?

   - Mən özümlə əsasən "it mahnısı" dediyimiz mahnıları oxumaq üçün müğənni aparıram. Çünki toyda görürsən ki, "Can-cana", "İtkin gəlin", "Sarı çiçəyim" kimi mahnıları da sifariş verirlər. Belə baxanda xanəndəyə elə bir ehtiyacım da yoxdur. Mənim əmim oğlu vardı, Xəyal, iki il yanımda xanəndəlik etdi, indi müstəqil aşıqlıq edir. Hətta televiziya müsabiqəsində qalib də gəldi.

   - Aşıq Mahmudun sənətini oğlu Vüqar davam elədi. Evdə davamçınız varmı?

   - Mənim oğlum iqtisadiyyatçı olmaq istəyir. Elə əvvəlcədən musiqiyə maraq göstərmədi, mən də çox məcbur etmədim. Marağı olmayandan sonra məcğburən öyrənməyin də xeyri yoxdur. Bizdə misal üçü, Anarın bu gün-sabah 40 yaşı olacaq, hələ də maşın sürməyi öyrənməyib. Gözünü açıb qapımızda maşın görüb, amma heç maşın sürməyə həvəs göstərmədi. Balaca qardaşım Elnurun oğlu yaman saza maraq göstərir. Yəqin ki, böyüyəndə sənətimi o davam etdirəcək.

  

İltifat HACIXANOĞLU

Ekspress.- 2011.- 31 dekabr-5 yanvar.-S.19.