Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə
saylarımızda)
Bağırov və Şəkinski
"Azərbaycan
SSR Nazirlər Soveti
Qərar N674
18 iyun 1954-cü il
Dövlət fonduna daxil olan yaylaq və
qışlaqların Azərbaycan SSR və Dağıstan MSSR
kolxozlarına təhkim edilməsi barədə
SSRİ Nazirlər Sovetinin 28 may
1954-cü il 1023 nömrəli qərarına
müvafiq olaraq, Azərbaycan SSR Nazirlər Soveti
Qərara alır:
1. Azərbaycan SSR Kənd Təsərrüfatı
Nazirliyinə (H.Ə.Seyidov və M.M.Poladov yoldaşlar) və
rayon zəhmətkeş deputatları icraiyyə komitələrinə
bir vəzifə olaraq tapşırılsın:
a) bu qərarın
I nömrəli Əlavəsi əsasında 20 il müddətinə
Dağıstan MSSR kolxozlarına təhkim olunan qışlaq
sahələrini ayırıb rəsmiləşdirsinlər;
b) Dövlət fondunun
Dağıstan MSSR ərazisindəki 50 min hektar yaylaq sahəsini
Azərbaycan SSR rayonları arasında
bölüşdürülməsi təkliflərini Azərbaycan
SSR Nazirlər Sovetinə təqdim etsinlər;
v) bu qərarın
2 nömrəli Əlavəsi əsasında Dağıstan
MSSR kolxozlarının mal-qarasının respublika ərazisində
yol marşrutunu müəyyənləşdirsinlər.
2. Nəzərdə tutulsun ki,
SSRİ Nazirlər Soveti özünün 28 may 1954-cü il tarixli 1023 nömrəli qərarı ilə:
a) 1954-cü ildən etibarən
Gürcüstan SSR kolxozlarından mal-qaranın Azərbaycan
qışlaqlarına gətirilməsini qadağan etmişdir
(SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 24 may tarixli 1162
nömrəli qərarına müvafiq olaraq 1945-ci il iyulun 23-də
Azərbaycan SSR Xalq Komissarları Soveti və Azərbaycan K(b)P
Mərkəzi Komitəsi qərar qəbul etmişdi);
b) Dağıstan MSSR Nazirlər
Sovetinə bir vəzifə olaraq
tapşırılmışdır ki, 1954-cü il iyunun 5-dək
dövlət fonduna daxil olan 50 min hektar yaylaq sahəsini 20 il
müddətinə Azərbaycan SSR kolxozları
üçün ayırsın.
Azərbaycan SSR Nazirlər
Sovetinin sədri S.Q.Rəhimov."
Azərbaycan Respublikası Dövlət
Arxivində Sadıq Rəhimovun imzaladığı qərarın
əlavələri ilə də tanış
oluruq. Əlavələri Azərbaycan SSR Nazirlər
Soveti İşlər İdarəsinin rəisi
A.Z.Tarıverdiyev imzalamışdır. I
nömrəli əlavədə Dağıstan MSSR
kolxozlarına təhkim olunmuş qışlaq yerləri
sadalanmışdır. Saatlı rayonunda 1954-cü ilədək
Gürcüstan SSR kolxozlarına verilmiş ümumi sahəsi
24174 hektar, Dağlıq Qarabağ Muxtar Vilayət
kolxozlarının istifadə etdikləri 11223 hektar, Puşkin
rayonunda Gürcüstan SSR kolxozlarının istifadə etdikləri
3270 hektar, Yardımlı rayonunun kolxozlarının istifadəsində
olan 5449 hektar, Lerik rayonu kolxozlarına ayrılmış 2518
hektar sahə 1954-cü ildən başlayaraq 20 il müddətinə
Dağıstan MSSR-na verilmişdir.
İkinci əlavədə
Saatlı və Puşkin (indiki Biləsuvar) rayonlarına
Dağıstandan mal-qara marşrutu müəyyən
edilmişdir. Yol xəritəsi belədir: Şahdağ
aşırımı-Quba-Dəvəçi (indiki
Şabran)-Qızılburun-Giləzi-Yaşma-Qobu-Güzdək-Qaradağ-Ələt-Xıdırlı-Xələc-Salyan.
Arxivdə
saxlanılan qərar və qərarın əlavələrindən
aydın göründüyü kimi, 1954-cü ildə Azərbaycan
hökumətinin başçısı Sadıq Rəhimov
Malenkovun imzaladığı qərarın arxasındakı
xalqımıza müqnasibəti yaxşı duymuşdur.
Axı hansı məntiqə görə 1945-ci
ildə Mir Cəfər Bağırovun və Teymur Quliyevin
imzaladıqları qərarla Gürcüstan SSR-ə
verilmiş qışlaqlar ləğv edilir? Anastas
Mikoyanla əl-ələ verərək əvvəlcə
Lavrenti Beriyanı, sonra da Mir Cəfər Bağırovu
meydandan uzaqlaşdıran ikiüzlü hökumət
başçısı elə təsəvvür edirdi ki,
1954-cü il fevralın 17-də birinci katib seçilmiş
İmam Mustafayev və onun razılığı ilə
respublikanın baş naziri olmuş Sadıq Rəhimov RSFSR-in
Dağıstan vilayəti kolxozlarına Qusar-Quba-Xaçmaz
zonasında yer ayıracaqlar. Üstəlik DQMV
kolxozlarının 11223 hektar qışlaq sahəsinin ləğv
edilməsi məsələsi nə deməkdir?
MÜƏLLİFDƏN: Azərbaycan
Respublikasının Milli Məclisi 1999-cu ilin iyununda "Milli
arxiv fondu haqqında" Qanun qəbul etmiş, 1999-cu il iyul
ayının 27-də isə Azərbaycan Respublikasının
Prezidenti tərəfindən "Milli arxiv fondu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə fərman imzalamışlar.
Bu fərmanda Qanundan irəli gələn
vəzifələrin yerinə yetirilməsi üçün
Respublika Nazirlər Kabineti və digər icra hakimiyyəti
orqanları qarşısında konkret vəzifələr
qoyulmuş, arxiv sənədləri daimi mühafizə məqsədi
ilə dövlət arxivlərinə verilənə qədər
dövlət idarə, təşkilat və müəssisələrində
yaradılan arxivlərdə müvəqqəti mühafizə
olunur. Qanuna görə, respublika dövlət hakimiyyət və
icra orqanlarının sənədlərinin idarə arxivlərində
saxlanılması üçün 15 il
müəyyən edilmişdir.
Maraqlıdır ki,
1981-ci ildən 2011-ci ilədək 30 illik müddətdə Azərbaycan
Nazirlər Soveti, sonra da Nazirlər Kabineti tərəfindən
Respublika Dövlət Arxivinə heç bir sənəd
göndərilməmişdir. 1967-ci ildən
2011-ci ilədək 44 illik müddətdə Azərbaycan SSR
Ali Sovetindən, sonra da Milli Məclisindən daimi saxlanlmaq
üçün heç bir material verilməmişdir. Nə üçün? Kimdir
müqəssir?
Niyə Milli Məclisin
iclas protokolları, Konstitusiya aktı Dövlət Arxivinə
təhvil verilmir?
Məsələn,
prezident Ayaz Mütəllibovun imzaladığı rəsmi sənədlərlə
arxivlərdə deyil, ayrı-ayrı müəlliflərin
kitablarında rastlaşırıq. AMEA-nın
Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar
İnstitutunun politologiya şöbəsinin aparıcı elmi
işçisi Yadigar Türkelin 2008-ci ildə "Təknur"
nəşriyyatı tərəfindən buraxılmış
"Politologiya" kitabında (səh.199-200) oxuyuruq: "Azərbaycan
Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini
ləğv etmək haqqında Azərbaycan
Respublikasının Qanunu. Qanunda deyilir:
Azərbaycan Respublikasının
Ali Soveti
Azərbaycan Respublikasının
öz milli dövlət quruluşu məsələlərini həll
etməyə suveren hüququnu əsas tutaraq;
1923-cü ildə Azərbaycan
xalqının milli mənafeyinə zid olan, Azərbaycan
xalqı ilə erməni xalqı arasında milli ədavətin
dərinləşməsinə şərait yaradan, Azərbaycanın
ən böyük təbii iqtisadi bölgüsü olan
infrastrukturunun dağılmasına və təsərrüfat əlaqələrinin
qırılmasına yönəldilən, Dağlıq
Qarabağın Azərbaycanın əzəli tərkib hissəsi
olduğuna dair bütün etnik, tarixi, siyasi, iqtisadi və mənəvi
əlamətləri bu ərazidə yox etmək
üçün erməni millətçilərinin istifadə
etdikləri amilin - Dağlıq Qarabağ Muxtar Vilayətinin
yaradılmasını qeyri-qanuni hesab edərək;
Vilayətin
yaradıldığı dövrdə Ermənistan SSR-də
yaşayan yarım milyonluq azərbaycanlı əhali
üçün heç milli-mədəni muxtariyyətin də
yaradılmadığını, sonrakı illərdə isə
azərbaycanlı əhalinin Ermənistandan zorla köçürüldüyünü,
hazırda orada əslən bir nəfər də azərbaycanlı
qalmadığını nəzərə alaraq;
Azərbaycanın əzəli
tarixi ərazisini qoparıb almaq üçün Ermənistan
rəhbərliyinin yeritdiyi siyasətin və bu siyasətdə
DQMV-in bir alətə çevrilməsinin Azərbaycan
Respublikasının suverenliyi və ərazi
bütövlüyü üçün real təhlükə
törətdiyini qeyd edərək;
Azərbaycan Respublikasında ermənilərin
kiçik bir qrupu üçün milli ərazi qurumunun bundan
sonra da saxlanılmasının azərbaycanlı əhaliyə
qarşı zorakılığın artmasına, geniş
miqyasda terrorçuluq əməlləri törətmək -
öz dövlətinin ərazisində yaşayan azərbaycanlıları
qırmaq, soyub-talamaq, onların evlərinə od vurmaq, əmlakını
məhv etmək üçün yerli ermənilərdən təşkil
edilən quldur dəstələrinin və Ermənistan ərazisindən
göndərilən yaraqlı ekstremistlərin cinayətkarlıq
hərəkətlərinin güclənməsinə səbəb
olduğunu dərk edərək;
Suveren Azərbaycan dövlətini
və onun bütövlüyünü qoruyub saxlamaq və
inkişaf etdirmək üçün Azərbaycan
xalqının indiki və gələcək nəsilləri
qarşısında tarixi məsuliyyətini başa
düşərək;
Qarabağın dağlıq hissəsində
Azərbaycan Respublikasının suveren hüquqlarını
tamamilə bərpa etmək, qanunsuz yaradılmış
silahlı dəstələri tərksilah etmək, Azərbaycan
Respublikası vətəndaşlarının
hüquqlarını, azadlığını və ləyaqətini
qorumaq, millətlərarası münasibətləri nizama salmaq zərurətini əsas götürərək;
Azərbaycan xalqının iradəsini
rəhbər tutaraq QƏRARA ALIR:
1. Azərbaycan Respublikası
Konstitusiyasının (Əsas Qanununun) 68-ci maddəsinin
üçüncü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi,
Azərbaycan Respublikası dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktının 4-cü maddəsi əsas
tutularaq Azərbaycan Respublikasının Dağlıq
Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv
edilsin.
Dağlıq Qarabağ Muxtar Vilayətinin
yaradılması haqqında Azərbaycan Mərkəzi
İcraiyyə Komitəsinin 1923-cü il 7
iyul tarixli Dekreti və Dağlıq Qarabağ Muxtar Vilayəti
haqqında Azərbaycan SSR-nin 1881-ci il 16 iyun tarixli Qanunu
qüvvədən düşmüş sayılsın. (Adı çəkilən Qanun Azərbaycan
Respublikası Dövlət Arxivinə göndərilməmişdir
- T.Q.)
2. Stepanakert, Mardakert, Martuni şəhərlərinin
tarixi adları qaytarılaraq, Stepanakert şəhəri Xankəndi
şəhəri, Mardakert şəhəri Ağdərə
şəhəri və Mardakert rayonu Ağdərə rayonu,
Martuni şəhəri Xocavənd şəhəri və
Martuni rayonu Xocavənd rayonu adlandırılsın.
3. Əskəran və Hadrut
rayonları ləğv edilsin.
4. Xocalı şəhəri mərkəz
olmaqla Xocalı rayonu yaradılsın. Ləğv
edilmiş Əskəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə,
Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə
verilsin.
5. Xankəndi və Şuşa
şəhərləri respublika tabeli şəhərlərin,
Ağdərə, Xocavənd, Xocalı və Şuşa
rayonları respublika tabeli rayonların sırasına daxil
edilsin.
Azərbaycan Respublikasının
Prezidenti A.Mütəllibov
Bakı şəhəri, 26 noyabr
1991-ci il."
Məmmədəmin
Şəkinski altımışıncı illərdə
yaxşı dərk edirdi ki, Azərbaycan arxivi tariximizin
güzgüsüdür. Arxiv əməkdaşları
isə sadəcə dəftərxana məmuru deyil, milli dəyərlərimizə
bələd olan, onları yaşadan kamil insanlar
olmalıdırlar. Respublikanın baş arxivariusu
arxiv işlərinə başdansovdu yanaşan yüksəkvəzifəli
rəhbər işçilərlə belə barışmaz
mövqedən geri çəkilmirdi.
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.- 31 dekabr-5 yanvar.- S.15.