Ötən ili necə yola saldıq, gələn
il bizə nə vəd edir...
Bayramlarınız
mübarək!
Əvvəlcə
bayramlarınız mübarək, neçə-neçə
belə bayramlara, illərə
çatasanız!
2011-ci ili kimimiz itkilərlə,
kimimiz qazancla, ilboyu üzləşdiyimiz qayğı və
sevinclərlə, öhdəsindən gəldiyimiz və ya gələ
bilmədiyimiz problemlərlə tarixin "arxivi"nə
göndərdik və gözləntilərimizi,
arzularımızı keçirdik daha bir ÜMİD ilinə.
İnsan mahiyyətcə nikbin varlıqdır, ümidsiz
yaşaya bilməz.
İnsanlıq tarixi qazanc və
itkilərdən, uğur və məğlubiyyətlərdən
başqa bir şey deyil. Odur ki, hər nə olur-olsun, yeni gələn ili təmtəraqla,
ən azı nikbin qarşılamaq
lazımdır, yoxsa düşər-düşməzi
olar: "ili necə
qarşılayarsan, elə də yola salarsan",- deyirlər...
Başa çatan Dovşan ilində
Azərbaycan siyasət, iqtisadiyyat və mədəniyyət
sahələrində bir çox zəfərlərə imza
atdı. 2011-ci ildə Azərbaycan Respublikası
dövlət müstəqilliyinin bərpasının 20
yaşını qeyd etdi,
ölkədə ictimai-siyasi sabitlik davam etdi. İki böyük zəfər - BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməyimiz və "Eurovision" mahnı müsahibəqəsində
qalib gəlməyimiz ilə
damğasını vurdu.
2011-ci ildə prezident İlham
Əliyev 10 xarici ölkədə - Latviya, İsveçrə,
İtaliya, Serbiya, Sloveniya, Belçika, Polşa, Qazaxıstan,
Türkiyə və Rusiyada səfərdə oldu ( Dövlət
başçısı Rusiyaya üç dəfə (Kazan,
Soçi və Moskva), qalan ölkələrə isə bir dəfə
səfər edib).
Lakin köhnə problemlərimiz də
bizdən əl çəkmədi. Qarabağ cəbhəsində
şəhidlər verdik, atəşkəs
pozulmaqda davam etdi, donu açılmayan
münaqişə növbəti ilə ötürüldü.
İlboyu Azərbaycanın təhlükəsizlik
və müdafiə sektoru 97 itki verdi, 102 nəfər
yaralandı və ya xəsarət aldı. Döyüş
itkiləri 14 nəfər (13 nəfər erməni gülləsi,
1 nəfər mina partlayışı), qeyri-döyüş itkiləri isə 83 nəfər
təşkil
etdi. Dünyasını dəyişənlərin
87-si Müdafiə Nazirliyinin, 4-ü
Dövlət Sərhəd Xidmətinin, 5-i Daxili
Qoşunların, 1-i Xüsusi Dövlət
Mühafizəsi Dəstəsinin hərbi qulluqçusu
oldu.
İqtisadi sahəyə gəldikdəsə,
2011-ci ildə qlobal böhranın Azərbaycan
iqtisadiyyatına təsirləri minimum oldu. Ölkədə
makroiqtisadi sabitlik qorunub saxlanıdı, manatın məzənnəsi
digər valyutalara nisbətən mökəmləndi,
dünya bazarında qiymətlərin
artması fonunda Mərkəzi Bank inflyasiyanı optimal səviyyədə
saxlaya bildi, maliyyə
sektorunda sabitlik təmin
olundu.
Neft ümumi daxili məhsulu
(ÜDM) ilə müqayisədə qeyri-neft ÜDM-in yüksək
sürətlə artması ilin ən uğurlu iqtisadi hadisəsi
kimi diqqəti cəlb etdi. Qeyri-neft ÜDM-in artım sürəti 9,5% təşkil
etdi. İlin 11 ayı
ərzində ümumilikdə 45,5 milyard
manatlıq ÜDM istehsal olunub
ki, bunun da təqribən 21,5 milyard
manatı və ya 47%-i qeyri-neft
ÜDM-in payına düşdü.
İlin ortalarında hökumət
büdcəyə dəyişiklik etdi. Dəyişiklik
nəticəsində dövlət büdcəsinin gəlirləri
29% artırılaraq 15,55 milyard manata xərcləri isə 25%
artırılaraq 15,94 milyon manata çatdırıldı.
Dünya Bankının
Doing-Business-2012 hesabatına əsasən, Azərbaycan 3 pillə
irəliləyərək dünya üzrə 183 ölkə
arasında 66-cı yeri tutdu.
Yeni qaz yataqlarının kəşfi
ilə neft səltənəti olan Azərbaycan həm də
"mavi yanacaq" ölkəsi olduğunu bəyan etdi,
Avropanın enerji təhlükəsizliyinin təminatındakı
iştirakını bir daha vurğuladı. ARDNŞ xarici
ölkələrə investisiya yatırımlarını
genişləndirdi.
2011-ci ilin noyabrın 1-nə Azərbaycanın
strateji valyuta ehtiyatları 41,5 milyard dollara çatdı (Bunun
təqribən 7 milyard dolları (17%) Mərkəzi Bankın
valyuta ehtiyatları təşkil edir, qalanı Dövlət
Neft Fondunun aktivləridir).
Minimum əməkhaqqının həcmi
10% artırılaraq 93,5 manata çatdırıldı. Gələn il üçün
yaşayış minimumu ölkə
üzrə 13 manat və ya
13,6% artırılaraq 108 manat oldu.
Büdcə təşkilatlarında
çalışanların əməkhaqları 10%
artırıldı. 2006-cı ilə kimi
pensiyaya çıxmış 900 minə
yaxın pensiyaçının hüquqları bərpa olundu. Nəticədə pensiyalar
orta hesabla 40%-ə kimi artdı və ölkə üzrə vahid pensiya sistemi
yaradıldı.
2011-ci il həm də ÜDM-in
artım templərinin zəifləməsi ilə səciyyəvi
oldu. Rəsmi
məlumata əsasən, bu ilin 11 ayında cəmi 0,2%-lik ÜDM
artımı qeydə alınıb.
Azərbaycan iqtisadiyyatının
neft amilindən asılılığı bu ildə davam etdi.
İqtisadiyyatının
bütün sahələrində neft sektorunun payı minimum 60%, maksimum isə
90-95% arasında dəyişir. İxracın 95%-ni neft və neft məhsullarının
ixracı təşkil edir.
İnflyasiya 8%
təşkil etdi. Ərzaq məhsullarının
qiyməti ilin əvvəlindən indiyə
kimi 10,7%, xidmət tarifləri isə 4,7%
artdı. Metroda gediş
haqqı 20 qəpik oldu.
İl ərzində təbii fəlakətlər
insanın yaxasından əl çəkmədi. Qardaş Türkiyənin
Van bölgəsində baş
verən zəlzələ yüzlərlə insanın
ölümünə səbəb oldu.
Asiyanın bir çox
ölkəsində daşqınlar yüzlərlə
insanın həyatına son qoydu, təyyarələr yerə düşdü, gəmilər suda
batdı, qatarlar relsdən
çıxdı və s. və i.a.
Təkcə son bir neçə
gündə Tailandda baş verən daşqınlar nəticəsində
800-dək adam həlak oldu. Dünya
Bankının məlumatına görə, daşqınlar
ölkəyə 45 milyard dollar
məbləğində ziyan vurub. Təbii fəlayətlərin qlobal miqyasda vurduğu ziyansa bir neçə 100 milyard dollarla ölçülür
Qarşıdan gələn il isə Qara Əjdaha ilidir....
Ötən ildən yadda qalanlar
"Əjdaha" ilə
bağlı gözləntilərimizə keçməmişdən
əvvəl, Dövşan ilində nələri
yaşadığımızı, ilə nələrin
damğasını vurduğunu
xatırlayaq. İlin yaddaqalanlarını
müəyyənləşdirərkən yalnız Azərbaycanla
yetərlənmədik. Qlobal miqyasda baş verən bir çox hadisələrin
bu və ya digər dərəcədə
ölkəmizə də təsiri var. Zira müstəqil Azərbaycan dünyanın bir parçasıdır.
2011-ci ildə dünyanın
gündəmini çox olaylar məşğul etdi. Lakin onların bir çoxunu
siyahımıza salmadıq. Məsələn, götürək
Nyu-York otellərindən birində xidmətçini
zorlamağa cəhddə ittiham
olunaraq həbs edilən Dominik
Stross-Kanın may ayında Beynəlxalq Valyuta Fondunun (BVF)
icraçı direktoru vəzifəsindən
istefa verməsini. Seksual
zorakılıqda suçlanması və istefası Stross-Kan uzun müddət
medianın diqqətində saxlasa da, Fransanın keşmiş
maliyyə naziri Kristin
Laqard BVF-yə yeni rəhbər
təyin edildikdən sonra müsyö
Dominik unuduldu.
Və yaxud ilboyu İran
mollaları və generalları müstəqil Azərbaycanın
ünvanına müxtəlif təhdidlər və hədyanlar
səsləndirdilər, cürbəcür iddialarda bulundular. Hətta
"Hizbullah"ın İran qolu olan "Hizbullah Ənsarı"nın Təbriz
nümayəndəliyinin baş katibi Höccətülislam Ruhulla
Becani Təbrizdəki Azərbaycan konsulluğumuzun fəaliyyətini
dayandıracağı ilə hədələdi. Lakin bunları da boş laqqırtı sayaraq
siyahımıza salmadıq.
Beləliklə, "Ekspress"in
versiyasında 2011-cu ilin yadda qalan hadisələri (hadisələr
xronoloji sıralanıb):
1. "Ərəb
baharı". 2011-ci il ərəb ölkələrini
kütləvi etirazların bürüməsi ilə
başladı. Hər şey Tunisdən
başladı. 2010-cu il dekabrın 17-də
tunisli tərəvəz satan
hökumət ona küçədə
lisenziyasız ticarətə icazə vermədiyinə görə
özünü öldürdü. Sonradan Britaniyanın nüfuzlu
"Time" jurnalı tərəvəzsatan
Məhəmməd Buzizini 2011-ci ilin adamı elan etdi. Yanvarda işsizliyə
və korrupsiyaya etiraz
olaraq keçirilən mitinqlər bütün Tunisi bürüdü. Polislə toqquşmalarda
onlarla adam öldürüldü. 23 il
hakimiyyətdə prezident Zeyn
ul-Abidin ben Əli
yanvarın 14-də Tunisdən qaçdı.
Daha sonra inqilab Misirə
sıçradı və Hüsnü Mübarəkin 30 illik
prezidentliyinə son qoydu.
Misirdən sonra növbə Liviyaya
çatdı. Liviyadakı qanlı vətəndaş
müharibəsi Qərbin hərbi dəstək verdiyi müxalifət qüvvələrinin
Müəmmar Qəzzafinin 40 illik rejimini devirməsi və Liviya
Cəmahiriyyəsinin liderini öldürməsi
ilə bitdi. İlboyu
Yəməndə davam edən etirazlar ölkəyə 30 ildən artıq rəhbərlik edən prezident Salehi də vəzifəsindən
əl çəkməyə məcbur etdi.
Hazırda dünyanın diqqəti
Suriyaya yönəlib. Etirazları qan
içində boğan prezident
Bəşər Əsəd hələlik müqavimət
göstərə bilir. Hər halda, Əsəd 2011-ci ildə hakimiyyətinə
olan təhlükəni dəf edə bilib. 2012-ci ildə nələrin
olacağı isə qaranlıqdır.
2. Mayın 1-də ABŞ hərbçilərinin
Pakistanın Abbottabad şəhərində keçirilən
xüsusi əməliyyat zamanı "Əl-Qaidə"
terror şəbəkəsinin başçısı Üsamə
bin Laden öldürüldü.
3. Mayın 14-də Almaniyanın
Düsseldorf şəhərində keçirilən
"Eurovision-2011" mahnı
müsabiqəsində Azərbaycan təmsilçiləri
Eldar Qasımov və Nigar Camal ("Ell&Nikki" dueti)
"Running Scared" mahnısı ilə 211 xal toplayaraq
müsabiqənin qalibi oldular.
4. Mayın 26-da prezident İlham
Əliyev Respublika günü ərəfəsində məhkum
edilmiş bir sıra şəxslərin əfv olunması
haqqında sərəncam imzaladı. Dövlət
başçısının əfv sərəncamı ilə
azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 70 nəfər cəzanın çəkilməmiş hissəsindən
azad olundu, 2 məhbusun
isə cəzasının çəkilməmiş hissəsi
yarıyadək azaldıldı.
Bundan başqa, sərəncama əsasən,
azadlığın məhdudlaşdırılması cəzasına
məhkum edilmiş 10 nəfər və islah işləri cəzasına
məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş
hissəsindən azad ediliblər. Cərimə cəzasına
məhkum edilmiş 6 nəfər də cəzadan azad edildi.
5. İyunun 24-də Azərbaycan,
Rusiya və Ermənistan prezidentlərinin Kazanda növbəti
görüşü keçirildi. Görüşdə
Dağlıq Qarabağ münaqişəsinin
dinc yolla həllini nəzərdə
tutan baza (Madrid) prinsipləri müzakirə edildi və hər hansı sənəd
imzalanmayıb. Faktiki olaraq,
RF prezidenti Dmitri Medvedyevin vasitəçilik missiyası fiaskoya uğradı və münaqişənin
nizamlanmasında Moskva-Bakı-İrəvan formatı iflas etdi.
6. İyunun
26-da Silahlı Qüvvələr günü
münasibətilə Bakıda möhtəşəm hərbi
parad keçirildi.
Paytaxtın "Azadlıq" meydanında keçirilən
paradı Azərbaycan prezidenti, Silahlı
Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev qəbul etdi.
Paradda 6 min şəxsi heyət,
400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal
olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə,
çoxlu sayda helikopter, hərbi gəmilər iştirak etdi.
Paradda Azərbaycan Hava Hücumundan
Müdafiə Qoşunlarının (HHMQ) arsenalında olan
zenit-raket kompleksləri diqqəti cəlb etdi: S-125
"Peçora", S-200, S-300 PMU2 "Favorit" kompleksləri
və s.
Azərbaycan HHQ-nin MiQ-29, Su-25
markalı təyyarələri, Mi-8, modernləşdirilmiş
Mi-24, Mi-35 helikopterləri "Azadlıq" meydanının
üzərindən uçdular, mürəkkəb aviaşoular
nümayiş etdirdilər.
7. Sentyabrın 9-da Fransanın
"Total" neft şirkəti Xəzərin Azərbaycan
sektorundakı "Abşeron" blokunda iri qaz
yatağının kəşf edildiyini elan etdi.
8. Oktyabrın 7-də Cənubi
Qafqaza ziyarəti çərçivəsində Fransa
prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə
oldu.
9. Oktyabrın 18-də Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20 yaşı tamam oldu.
10. Oktyabrın 20-də Liviyanın
devrilmiş diktatoru Müəmmar Qəzzafi
öldürüldü. Diktatorun sonu acınacaqlı oldu: Qəzzafi
bir kanalizasiya borusundan tapılaraq çıxarıldı və
güllələndi.
11. Oktyabrın 21-də
Qazaxıstanın Almatı şəhərində Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının (TTƏŞ) 1-ci sammiti keçirildi.
12. Oktyabrın 23-də Türkiyənin
Van bölgəsində baş vermiş 7,2 bal gücündəki
dəhşətli zəlzələ yüzlərlə
insanın ölümünə səbəb oldu. Qardaş Türkiyədə
zəlzələ baş verəndən sonra fəlakət zonasına yardım
çatdıran ilk dövlət Azərbaycan
oldu.
13. Oktyabrın 24-də Azərbaycan
diplomatiyası böyük zəfərə imza atdı. Ölkəmiz
BMT Baş Məclisinin 66-cı
sessiyasının Nyu-Yorkda keçirilən
plenar iclasında 17 raund
səsvermədən sonra iki
illiyə (2012-2013-cü illər) Şərqi Avropa
bölgəsini BMT Təhlükəsizlik Şurasında
(TŞ) təmsil edəcək yeni qeyri-daimi üzv seçildi. Gərgin mübarizədə BMT-nin 193 üzvündən 155-nin səsini alan Azərbaycan Avropa Birliyinin Sloveniya və
Macarıstan kimi ölkələrini geridə
qoydu.
14. Oktyabrın 25-də İzmirdə
Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin
baş naziri Rəcəb Tayyib Ərdoğanın
iştirakı ilə Türkiyə ilə Azərbaycan
arasında qaz tranziti, qaz təchizatı və qaz
alqı-satqısına dair sazişlər imzalandı. Bundan
başqa, tərəflər Azərbaycan
qazını Türkiyə üzərindən Avropaya çatdıracaq yeni
kəmərin - "Trans-Anadolu qaz kəməri xətti"nin inşasına
qərar verdilər. Belə görünür
ki, "Trans-Anadolu"
əsrin qaz kəməri olacaq.
15. Noyabrın 12-də 2008-ci ildən
İtaliyanın baş naziri postunu tutan Silvio Berluskoni istefa
verməyə məcbur oldu. 75 yaşlı Berluskoni
İtaliya siyasətinin son
20 ildə aparıcı, eyni zamanda ən xarizmatik, ekssentrik və qalmaqqallı fiquru
idi. Keçmiş iş adamı olan Berluskoni II Dünya
müharibəsindən sonra İtaliyada ən uzun
müddətə baş nazir
vəzifəsini tuta bilmiş,
1994-cü ildən bəri üç dəfə
müxtəlif vaxtlarda hökumətə
başçılıq etmişdi. Beləliklə
də, avrozonadakı borc böhranı Berluskoni erasına son qoydu.
16. Noyabrın 19-da
yazıçı Rafiq Tağı naməlum şəxs tərəfindən
bıçaqlandı və 4 gün sonra isə xəstəxanada
vəfat etdi.
17. "Ərəb baharı"
Rusiyanı qışda haqladı. Dekabrın 4-də Dövlət
Dumasına keçirilmiş seçkinin nəticələrinin
saxtalaşdırılmasına etiraz edən
rusiyalı etirazçılar küçələrə
çıxdılar. Rusiya müxalifəti
dekabrın 10-da Moskvada Putin
dövrünün ən böyük
etiraz aksiyasını keçirdi.
Etiraz mitinqlərinə qatılanların
sırası artmaqdadır. İndi bütün dünyanın gözü
Rusiyaya zillənib: Baş
nazir Vladimir Putinin gələn ilin
martında Kremlə yenidən qayıdışı fonunda müxalifətin etirazlarının nə
ilə bitəcəyi diqqətlə izlənilir.
18. Dekabrın 14-də ustad xanəndə, xalq artisti Qədir Rüstəmov İstanbulun
"Acıbadem" xəstəxanasında 76 yaşında vəfat
etdi.
19. Dekabrın 17-də Şimali
Koreyanın - Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri
Kim Çen İr 69 yaşında ürək tutmasından
öldü.
20. Dekabrın 22-də Fransa Milli
Assambleyası (parlamentin aşağı palatası) qondarma erməni
soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə
cəlb olunmasını qanuniləşdirən bəndam qanunu
qəbul etdi.
21. Dekabrın 26-da prezident İlham
Əliyev 92 məhkumun əfv olunması haqqında sərəncam
imzaladı.
"Əjdaha"dan nə gözləyək...
Şərq təqviminə görə,
Əjdaha ili yanvarın 23-də saat 12.44-də başlayacaq
və 2013-cü il fevralın 9-da başa çatacaq. Astroloqlara görə, Əjdaha ili təkbaşınalığa
qarşıdır, vəhdət və birlik
ilidir.
Bəzi müasir münəccimlərə
görəsə, Əjdaha ili ağır ildir - yəni,
Dovşan ilində olduğu kimi, 2012-ci ildə də təbii
fəlakətlərin, iğtişaşların,
üsyanların, çevrilişlərin, məhəlli
münaqişələrin və böhranların şahidi
olacağıq.
2011-ci ildə Azərbaycanda siyasi
iqlimi qızdıracaq, politik ambisiyaları coşduracaq
heç bir hadisə gözlənilmir, yəni ictimai-siyasi
sabitlik öz axarı ilə gedəcək. Süst düşmüş müxalifət qüvvələri
siyasi səhnənin bir
küncündə idefikslərini vird etməkdə
davam edəcək. Üstəlik, il seçki ili deyil. Ola
bilsin ki, hansısa məmur
"vurulacaq", ancaq
bu barədə söhbət açmaq falçılıqdan başqa bir şey deyil.
İlə şübhəsiz ki,
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı
müsabiqəsi damğasını vuracaq.
Ərəb inqilabları çərçivəsində
beynəlxalq aləmin diqqəti Suriyaya
yönəlməkdə davam edəcək.
İlin önəmli hadisələri Rusiyada yazda, ABŞ-da isə payızda keçiriləcək
prezident seçkiləri olacaq.
Vladimir Putinin yenidən
Kremlə qayıtmaq şansı nə qədər yüksəkdirsə,
Barak Obamanın ikinci
dəfə Ağ Evə sahib
olmaq imkanı bir o qədər aşağı qiymətləndirilir.
Lakin bu faktı da qeyd edək ki, bin Ladeni
məhv edən Ağ Evin
qara dərili demokrat sahibinin respublikaçılar düşərgəsindən
hazırda ciddi rəqibi görünmür.
Qərb son 7-8 ildə olduğu kimi
yenə də İranın uranı məsələsini
"çeynəməkdə" davam edəcək. Bəzi iddialara görə, ABŞ tezliklə İrana hücum etmək
qərarı qəbul edəcək. Birləşmiş Ştatlar narahatdır ki, bir müddətdən sonra
İranın nüvə obyektlərinə raket
zərbələri vurmaq mümkün
olmaya bilər.
İran nə qədər nüvə
proqramının dinc xarakter daşıdığını
inandırmağa çalışsa da, ABŞ və müttəfiqləri
başqa fikirdədirlər. Amerika kəşfiyyatında
belə məlumat var ki,
İran ikidən dördədək
nüvə döyüş
başlığı hazırlamaq üçün
yetərli sayda zənginləşdirilmiş
urana sahibdir. Bundan başqa, İran uranı zənginləşdirən
sentrfuqaları Qum şəhəri yaxınlığındakı
hərbi bazanın yaraltı bunkerlərinə köçürür.
Qərb ekspertlərinə görə,
İran sentrfuqaları bunkerlərə
köçürüldükdən sonra onları raket zərbələri
ilə vurmaq mümkün olmayacaq.
"The Guardian"ın bir qədər
əvvəl yaydığı xəbərə görə,
Britaniyanın Müdafiə Nazirliyində xüsusi bir qrup
ABŞ-ın İranı vuracağı mümkün şəraitə
uyğun hərbi əməliyyat planı hazırlayır.
Britaniya hökumətindəki mənbələrə görə,
ABŞ prezidenti Barak Obama 2012-ci ilin
noyabrınadək - prezident seçkisi ərəfəsində
İrana qarşı əməliyyat keçirmək barədə
qərar qəbul etmək istəməzdi. Lakin yaranacaq situasiya
onun bu istəyinə qarşı ola bilər.
İranın
vurulub-vurulmamasından asılı olaraq, Qərbin Tehrana
qarşı sanksiyalarını sərtləşdirməkdə
davam edəcəyi gözlənilir. İran üçün ən ağrılısı onun neft ixracına embarqo qoyulması olacaq. Bu təhdidin qarşısını almaq üçün İran Hörmüz
boğazını bağlayacağı ilə hədələyir.
Lakin Qərbin, ilk
növbədə ABŞ-ın dünya neftinin 40%-nin daşındığı
boğazın bağlanmasına imkan verməyəcəyi
şübhəsizdir. Ekspertlərə görə, körfəz
bağlanarsa, dünya
bazarlarında şok effekti
verər və neftin qiyməti 2-3 dəfə
artar. Digər tərəfdən, İran boğazı bağlaması ilə özünün vurulmasını tezləşdirə
bilər.
Bir sözlə,
gələn il də İran
tematikası gündəmi məşğul edəcək.
Dünya
iqtisadiyyatı ilə bağlı proqnozlarsa
birmənalı deyil. Avrozonadakı borc problemlərinin bədbin etdiyi
analitiklərə görə, 2009-cu ildəki qlobal
böhranın yaralarını tam
sarıya bilməyən dünya 2012-ci ildə
böhranın ikinci dalğası ilə
qarşı-qarşıya qala bilər. Qlobal ÜDM-də Avropa Birliyi ölkələrinin payı azalmaqda, Asiya ölkələrinin
iqtisadi sıçrayışları isə
davam edəcək.
2012-ci ildə avrozona
iqtisadiyyatı əgər avro problemini həll edə bilsə,
0,6% kiçiləcək, edə bilməsə, azalma 2% olacaq. Bədbin proqnozlara görə, Avropa
borc bataqlığından çıxa
bilməyəcək və avrozonanın sonu
çatacaq. Bu, avronun da bir
valyuta kimi süqutu ola bilər...
Xaqani Rüstəm Elvin Mirzə
Ekspress.-
2011.- 31 dekabr-5 yanvar.- S.3;11.