Vaşinqtonda "Bölünmüş rənglər"

 

ABŞ paytaxtında Təbrizli rəssamın sərgisi açılıb

 

Qarabağ Fondu "Pepco" şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu sərgi salonu olan "Edison" Qalereyasında ABŞ-ın tanınmış rəssamı, əslən Azərbaycanlı olan Abol Bahadorinin "Bölünmüş rənglər" adlı sərgisini təşkil edib.

Abol Bahadori Təbriz şəhərində doğulub evlərində olan xalçalardan ilham alıb. Onun atası Azərbaycanın Qarabağ bölgəsindən üçüncü nəsil köçkün olub və Azərbaycan Türkmənçay müqaviləsinin nəticəsində İran və Rusiya arasında iki yerə bölündükdən sonra öz ailəsi ilə İrana köçüb.

Abol Bahadori incəsənət üzrə öz doğma şəhəri Təbrizdə oxuyub daha sonra təhsilini İngiltərənin Mançester şəhərində davam etdirib. O, Filadelfiya İncəsənət Muzeyi, Del Rey Peşəkarları, İskəndər İncəsənət Liqası Payız Kilsə İncəsənəti muzeylərinin üzvüdür, Şimali Virciniyada öz qalereyalarını aktiv nümayiş etdirir.

Bu isə Vaşinqton şəhərində Abolun ilk fərdi sərgisidir.

Sərginin açılışında çıxış edən rəssam Abol Bahadori deyib: "Azərbaycanın bölünməsi həmişə mənim şüurumdadır bütün bunları parlaq rənglərlə ifadə etməyə çalışıram. Mən boyanı daha parlaq etməyi bacarsaydım, onu da edərdim".

Sərgidə Vaşinqton şəhərinin mədəniyyət təşkilatlarının, ABŞ-da yaşayan azərbaycan icmasının nümayəndələri iştirak edib, öz təəssüratlarını paylaşıblar. Daha sonra tədbir tanınmış rəssamın şərəfinə verilən ziyafətlə davam edib.

Qeyd edək ki, sərgidəki əsərlərin satışından əldə olunmuş gəlirin 40 faizi Qarabağ Fonduna bağışlanıb.

  

 

AYXAN

 

Ekspress.- 2011.- 2 fevral.- S. 23.