Şabran -"Azərbaycanın əfsanələr paytaxtı"

 

Lənkəran "folklor paytaxtı", İsmayıllı "sənətkarlıq paytaxtı" elan edildi

 

Bu il üçün Şabran "Azərbaycanın əfsanələr paytaxtı", Lənkəran şəhəri "Azərbaycanın folklor paytaxtı", İsmayıllı şəhəri "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, atılan addım Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin eyni zamanda, respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili xarici turizmin inkişafı məqsədi daşıyır.

Məsələ ilə əlaqədar Şabran, Lənkəran və İsmayıllı şəhərlərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının icrası ilə bağlı 2011-ci il üçün diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə "paytaxt" seçilmək üçün 20-dən artıq şəhər namizədliklərini irəli sürüb.

 

 

AYXAN

 

Ekspress.- 2011.- 2 fevral.- S. 14.