Firəngiz
Əlizadənin "Mugflamenko"su "Flamenco Biennale"sini heyrətə
saldı
Hollandiyanın paytaxtı Amsterdam şəhərində
"Flamenco Biennale"
III Beynəlxalq Flamenko
Musiqisi Festivalı keçirilib. Yanvarın
21-dən 30-dək davam edən
festival çərçivəsində Hollandiyanın
məşhur konsert salonlarında
dünyanın müxtəlif ölkələrindən
gələn tanınmış musiqiçilərin ifasında
qədim Əndəlüs musiqisi olan flamenkolar ifa olunub. Bu
festivalda Azərbaycan
bəstəkarı, Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə
də təmsil olunub. Onun
musiqi tarixində ilk dəfə flamenko ilə
muğamın sintezi olan
"Mugflamenko" əsərinin
premyerası yanvarın 30-da Amsterdamda yeni inşa olunmuş 1200 nəfərlik
"Muzikcentrum" Konsert
Salonunda baş tutub. Festivalın təşkilat
komitəsinin təklifi ilə bəstələnən əsərin
tanınmış xanəndə, əməkdar artist Zabit Nəbizadə,
tarzən Ələsgər Məmmədov, eləcə də
tanınmış dirijor Ed
Spanyardın idarə etdiyi
Hollandiyanın məşhur
"Nieuw Ensemble" kamera orkestri, həmçinin,
məşhur flamenko ifaçısı Karlos Moreno Deniya Arturo
Ramon tərəfindən
harmonik ifası
tamaşaçıların sürəkli alqışları
ilə müşayiət olunub. Dahi qəzəlxanımız
Əliağa Vahidin "Ey
gül, sənə qəlbimdə məhəbbət
yenə vardır" mətləli qəzəli həm azərbaycan,
həm də ispan dilində
oxunub. Qəzəl həmçinin tamaşaçılar üçün
holland dilinə də
tərcümə edilib.
Konsertdən
sonra festivalın bədii rəhbəri Ernestino Fon De Noort Firəngiz
xanımın yeni əsərini "Flamenco Biennale"nin bəzəyi
kimi qiymətləndirərək "Mugflamenko"nun Azərbaycan
və Avropa musiqisinin sintezi ənənəsinin ən gözəl
nümunəsi olduğunu qeyd edib: "Çox şadam ki,
bizim festivala əsər bəstələmək
üçün Firəngiz xanımı razı sala bildik. O,
bir daha adını mədəniyyətlər dialoqu və
müasir musiqi tarixinə qızıl hərflərlə
yazdırdı".
Ernestino
Fon De Noort, həmçinin, xanəndə Zabit Nəbizadənin,
tarzən Ələsgər Məmmədovun ifasına valeh olduğunu
qeyd edib.
"Nieuw
Ensemble" kamera orkestrinin bədii rəhbəri Coel Bons yerli
KİV-ə verdiyi açıqlamalarda bəstəkarın
yeni əsərinin premyerasını idarə etməsindən
məmnunluq duyduğunu vurğulayıb: "Biz artıq
neçə illərdir ki Firəngiz xanımla əməkdaşlıq
edirik. Onun məxsusi olaraq "Miraj" kamera orkestri
üçün bəstələdiyi əsərlə biz
dünyanın müxtəlif ölkələrində
çıxışlar etmişik. Bundan başqa Firəngiz
xanımın "Atlas" kamera okestri üçün bəstələdiyi
"Zikr" əsərinin adını da, qeyd etmək istəyirəm.
"Mugflamenko" əsərinin belə rezonans
doğuracağına əvvəlcədən əmin idim.
Düşünürəm ki, festivalda ifa olunan əsərlərin
arasında "Mugflamenko" dinləyicilərin daha çox
diqqətini cəlb etdi və zövqünü
oxşadı".
Qeyd
edək ki, yanvarın 21-dən 30-dək davam edən festival
çərçivəsində 27 konsert, onlarla seminar,
mühazirələr, master-klaslar keçirilib ki, bu tədbirlərdə
10 minlərlə tamaşaçı iştirak edib.
Məlumat
üçün qeyd edək ki, flamenko musiqi və rəqsin
bir hissəsi olub, İspaniyanın musiqi mədəniyyəti
nümunəsidir. Bu rəqs "flamenko" adlanan Əndəlüs
(Sevilya) qaraçılarının rəqsidir. Deyilənə
görə, ilk flamenko rəqqasları həvəskar insanlar
olublar. İlk dəfə 1774-cü ildə Xose Cadalsonun nəşr
etdirdiyi ədəbiyyatda flamenko rəqsinin texnikasından bəhs
olunur. İlk dövrlərdə flamenko sadə musiqi alətlərində
çalındığı halda, daha sonralar gitara ilə ifa
olunub. Flamenkonun qızıl dövrü 1869-1910-cu illər
hesab olunur.
İLTİFAT
Ekspress.- 2011.- 3 fevral.- S.23.