İqtisadi İnkişaf Nazirliyi
Şahin Mustafayev: "Sahibkarların əsassız
yoxlanılmasının qarşısı
alınmalıdır"
Prezident İlham Əliyevin
tapşırığı əsasında Prezident
Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevin sədrliyi ilə yanvarın 27-də keçirilmiş Korrupsiyaya
qarşı Mübarizə üzrə
Komissiyanın geniş iclasında
verilmiş tapşırıqların
icrası ilə bağlı fevralın 1-də İqtisadi İnkişaf Nazirliyində (İİN) geniş
kollegiya iclası keçirilib.
İİN-in
struktur bölmələrinin, tabeliyindəki qurumların rəhbərlərinin
iştirakı ilə keçirilmiş kollegiya iclasında
çıxış edən iqtisadi inkişaf naziri Şahin
Mustafayev bildirib ki, Korrupsiyaya qarşı Mübarizə
üzrə Komissiyanın geniş iclasında Ramiz Mehdiyev qeyd
edib ki, qazanılmış iqtisadi uğurlarla yanaşı,
iqtisadiyyatdakı inhisarçılıq meyllərinin
qarşısının alınması, azad rəqabət
mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin
süni şəkildə şişirdilməsinə yol verilməməsi,
hakimiyyət orqanları tərəfindən aparılan əsassız
yoxlamalara son qoyulması, ölkə həyatının
bütün sahələrində rüşvətxorluğa və
korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin
aparılması aidiyyəti dövlət orqanlarının əsas
vəzifəsidir.
Kollegiya
iclasında vurğulanıb ki, korrupsiyaya qarşı
mübarizə Azərbaycan hökumətinin başlıca
strateji məqsədlərindən biridir. "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"nın həyata keçirilməsi
ilə bağlı Fəaliyyət Planının icrasına
dair nazirliyin 2011-ci il üzrə Tədbirlər
Planının icrası təmin edilməli, nazirliyin
sahibkarlarla bilavasitə işləyən qurumları öz vəzifə
öhdəliklərini icra edərkən şəffaflığın
tam təmin edilməsinə nail olmalı, onların üzləşdiyi
problemlərə həssaslıqla yanaşmalı,
sahibkarların maraqlarının təmin olunması istiqamətində
fəaliyyətlərini gücləndirməlidir.
Antiinhisar
Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
inhisarçılıq və süni qiymət
artırılması meyllərinin qarşısını qətiyyətlə
almalı, azad rəqabət mühitinin inkişaf etdirilməsi
tədbirlərini genişləndirməli,
istehlakçıların hüquqlarının tam
qorunmasını təmin etməli, neqativ halların baş
verməməsi üçün nəzarəti gücləndirməlidir.
Sahibkarlıq
subyeklərində digər dövlət qurumları tərəfindən
həyata keçirilən yoxlamalar zamanı İqtisadi
İnkişaf Nazirliyinin nümayəndəsinin iştirakı
formal xarakter daşımamalı, nazirlik əməkdaşları
sahibkarların hüquqlarının müdafiəsinə xidmət
etməlidir.
Xüsusi
razılıqların (lisenziya), mənşə
sertifikatlarının verilməsinin, idxal-ixrac əməliyyatları
üzrə müqavilələrin qeydiyyatının
qanunvericiliklə müəyyən olunmuş müddətdə
və qaydada həyata keçirilməsinə nəzarət
gücləndirilməlidir. Digər dövlət qurumları tərəfindən
verilən lisenziyalar barədə məlumatlar müntəzəm
olaraq təhlil edilməli və aşkar edilən
nöqsanların aradan qaldırılması ilə
bağlı təkliflər hazırlanmalıdır.
Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyətində şəffaflıq
daha da artırılmalı, sahibkarların maliyyə vəsaitlərinə
çıxış imkanlarının genişləndirilməsi
istiqamətində əlavə tədbirlər görülməli,
bu sahədə yeni təkliflər hazırlanmalıdır.
Nazirliyin
həyata keçirdiyi satınalmalar qanunvericiliyin tələblərinə
uyğun olaraq tam şəffaf şəkildə həyata
keçirilməli, digər qurumlar tərəfindən
keçirilən tenderlərdə nazirliyin əməkdaşlarının
iştirakı formal xarakter daşımamalıdır.
İctimai
nəzarətin gücləndirilməsi məqsədilə
sahibkarların, istehlakçıların maarifləndirilməsi,
hüquqi biliklərinin artırılması istiqamətində
müvafiq tədbirlər daha da genişləndirilməli,
özəl sektor üçün korrupsiya riskləri və
onların aradan qaldırılmasına dair maarifləndirmə
proqramları davamlı şəkildə həyata
keçirilməli, nazirliyin fəaliyyəti ilə
bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə
çatdırılmalıdır.
Vətəndaşlardan
daxil olan ərizə və şikayətlər operativ və hərtərəfli
araşdırılmalı, pozulmuş hüquqların tam bərpa
olunması istiqamətində nazirliyin səlahiyyətləri
çərçivəsində bütün zəruri tədbirlər
görülməli, nazirliyin internet saytı və 195-2 Telefon
Məlumat Mərkəzi vasitəsilə vətəndaşlardan
daxil olan sorğular dolğun cavablandırılmalıdır.
Nazirliyin
bütün struktur bölmələrində və tabeliyində
fəaliyyət göstərən qurumlarda analoji müzakirələrin
aparılması təşkil edilməlidir.
Kollegiya
iclasında biznes mühitinin daha da
yaxşılaşdırılması, sahibkarlığın
inkişafı, sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsi məqsədilə
aşağıdakı istiqamətlər üzrə təkliflərin
hazırlanması tapşırılıb:
-
sahibkarlıq fəaliyyətini tənzimləyən
qanunvericilik aktlarının təkmilləşdirilməsi;
-
dövlət nəzarəti tədbirləri, ilk növbədə
yoxlamalar zamanı sahibkarların hüquqlarının
müdafiəsinin gücləndirilməsi, əsassız
yoxlamaların qarşısının alınması;
-
xüsusi razılıqların (lisenziya) verilməsi prosedurunun
təkmilləşdirilməsi;
-
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
üçün tələb olunan icazəverici sənədlərin,
onların verilmə prosedurlarını tənzimləyən
qanunvericiliyin inventarlaşdırılması, bu sahədə
mövcud olan paralelliyin aradan qaldırılması, icazələrin
verilməsi reqlamentlərinin hazırlanması;
-
sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi
modellərinin, o cümlədən sənaye zonalarının
və biznes inkubatorların yaradılması;
-
kiçik və orta sahibkarlığın
inkişafını təmin etmək məqsədilə beynəlxalq
təcrübə nəzərə alınmaqla müvafiq
meyarların hazırlanması, kiçik və orta
sahibkarlıq subyektlərinə dövlət dəstəyi tədbirlərinin
gücləndirilməsi;
-
səhmdar cəmiyyətlərin, dövlət şirkətlərinin
fəaliyyətində şəffaflığın və səmərəliliyin
artırılması məqsədilə yeni korporativ
standartların tətbiq edilməsi;
-
gənclərin sahibkarlıq fəaliyyətinə cəlb
olunması, o cümlədən onların maarifləndirilməsi,
yenidənhazırlama, güzəştli maliyyə
resurslarına çıxış imkanlarının
genişləndirilməsi;
-
dövlət nəzarəti tədbirlərinin həyata
keçirilməsi, xüsusi razılıqların (lisenziya) və
icazələrin verilməsi zamanı, dövlət
qurumları ilə sahibkarlar arasında birbaşa təmasın
minimuma endirilməsi məqsədilə informasiya
texnologiyalarının geniş tətbiq olunması.
İqtisadi
inkişaf naziri kollegiya iclasında müəyyən
edilmiş tədbirlərin icrasının qısa müddətdə
və keyfiyyətlə təmin edilməsi, müzakirə
edilmiş məsələlərin ciddi nəzarətdə
saxlanılmasına dair konkret tapşırıqlar verib.
Ekspress.-2011.- 3 fevral.- S. 9.