"70 yaş, sadəcə, doğum
günü deyil, yolayrıcıdır"
Eldar
Quliyev: "70-i tamamladığım günün səhəri
illərin ağırlığını hiss etdim"
Kinorejissor
Eldar Quliyev. Bu ad hamımıza yaxşı
tanışdır. Bu adın arxasında
azərbaycançılığı tərənnüm edən
neçə-neçə film durur. O, milli kinomuzun salnamə
tarixinə öz adını qızıl hərflərlə
yazdıran sənətkarlarımızdandır. Eldar Quliyev Tofiq Quliyev kimi görkəmli bəstəkarın
ailəsində dünyaya göz açıb. Tofiq Quliyevin mahnıları dünyanın hansı
bölgəsində səslənir-səslənsin, mütləq
oradan Azərbaycan ətri gəlir. Eldar müəllimin
filmlərində də bu doğma hisslər aşkar hiss
olunur...
İlləri yola
sala-sala 70 yaşını tamam elədi Eldar müəllim.
Biz də onunla bir az küskün
göründüyü bu yaşda görüşüb
söhbətləşmək istədik.
"Mən
özüm-özümə qiymət verməyi
bacarmıram..."
- Eldar müəllim, belə bir
deyim var, 70 yaş cavanlığın sonu, qocalığın
əvvəlidir. Bu deyimdə həqiqət
varmı?
- Bəli, 70 yaşımın tamam
olduğu günün səhərisi mən bu illərin
ağırlığını birdən-birə hiss etdim. 70 yaş, sadəcə, doğum günü deyil, elə
bil ki, yolayrıcıdır. Amma bu o demək
deyil ki, nəticə ilə bağlı yekun qərar verməyin
vaxtı çatıb. Xeyr. Ümumiyyətlə, 50, 60, 70 insanın daxili
hissiyatından asılıdır. Məncə,
40 və ya 50 yaşda da qocalmaq olur. 80
yaşda gənc görünməsə də,
özünü cavan sayanlar var. Böyük alman şairi
Höte məhəbbətlə bağlı ən gözəl
şeirlərini 80 yaşdan sonra yazıb. Bəlkə
də o, güclü məhəbbət duyğularını
bu yaşdan sonra hiss edib və ya sevgiyə ehtiyac duyub. Məncə, insan içindəki həyat eşqini itirənədək
gənc qalır. Qocalıq bir çox
şeyə insanın marağının azalmasıdır.
Sevgi deyəndə, insanlar çox vaxt qadınla kişi arasındakı münasibəti
xatırlayırlar. Bu da əslində, təbiidir.
- Deyirlər ki, insan
yaşlaşdıqca bir az mühafizəkar
olur...
- Bu isə belə deyil. İnsan ya mühafizəkar olur, ya olmur. Son illərədək deyirdilər ki,
uşağın xarakteri 5 yaşınadək inkişaf edir.
Sonra o böyüyərək ətraf aləmə
açılır. Təcrübəli baba
olaraq bu yaxınlarda 1 yaşı tamam olan sonuncu nəvəmə
diqqət edəndə, görürəm ki, artıq
uşağın xasiyyəti formalaşıb. Bu uşağı mən almaza bənzədirəm,
ona tərbiyə verməklə cilalayıb brilyanta çevirmək
olar. Bir çox valideynlərdə bu
alınır. Allah bizə bu canı sadəcə
olaraq yaşamaq üçün verməyib. Xeyr, hər insan müəyyən məqsədlə
doğulur. Bu insan həyatda nəsə etməlidir.
Bu hədəf ömrü boyu özünü
onun xarakterində göstərir.
- Deməli, qismətə
inanırsınız...
- Bəli, mən Allaha inanıram. Uşaqlığım Mirzə Fətəli Axundov
küçəsində keçib. Evimiz Təzə
Pir məscidinin yaxınlığında yerləşirdi, biz
məhəllə uşaqları ilə onun həyətində
futbol oynayırdıq. Məni böyüdən
nənəm dindar idi. Nənəm məni
də özü ilə məscidə namaz qılmağa
aparırdı. Yadıma gəlir,
Aşuralarda uşaqlarla sinə döyürdük. Heç nə başa düşmürdük, amma
böyüklər nə edirdi, təkrarlayırdıq. Deməli, bu təsadüf deyilmiş. Bu
günlərdə Dövlət Film Fondunun direktoru Cəmil
Quliyev mənə gözəl bir yubiley hədiyyəsi verdi. O, Ümumittifaq Kinematoqrafiya İnstitutunun
arxivindən mənim 1965-ci ildə çəkdiyim kurs
işimi əldə edib. 54 ildən sonra mən ona bir daha
baxdım... Tələbəlik illərindən mən daima
çalışmağa can atmışam, ssenarilər
yazırdım, çəkirdim. Mən ilk kurs işimi amerikan dramaturqu Henrinin
"Sonuncu yarpaq" əsəri əsasında çəkmişəm.
Diplom işi kimi məşhur fransız dramaturqu
Jan Anyunun "Torağay" əsərini aktyorluq fakültəsinin
tələbələri ilə səhnəyə qoydum, alman
yazıçısı, Nobel mükafatı laueratı Henrix
Bölün "Gözləmə vaxtı" əsərinin
radio-tamaşasını hazırladım. Yəni,
bütün işlərimi Qərbi Avropa
yazıçılarının əsərləri əsasında
hazırlayırdım. Diplom işimi çəkmək
üçün Bakıya gələndə,
düşünürdüm ki, artıq avropalaşmış adam necə Azərbaycan filmi çəkəcək?
İlk qısametrajlı diplom işimi Salam Qədirzadənin
"Payız yarpaqları" pyesi əsasında çəkdim.
Bu filmdə iki yaşlı adamın həyatından
bəhs olunur. Bundan sonra tammetrajlı diplom
işi üçün "Bir Cənub şəhərində"
əsərini götürdüm. Bu filmin
personajları əsl azərbaycanlılardır. O cür
avropalı yazıçıların əsərlərindən
sonra milli filmin çəkilməsi artıq genlərin işi
idi, bu, insanın qanında olmalıdır. Götürək
Tofiq Quliyevi, ömrünün yarısını Moskvada
yaşayıb. Moskva Konservatoriyasında oxudu,
sonra aspirantura illəri, oranı da bitirəndən sonra
qalıb orada işlədi. Bakıya
qayıdandan sonra yazdığı bütün əsərlərdən
azərbaycançılıq süzülür. Milli ruh heç vaxt itmir. Bu, qanda
ya var, ya yoxdur. Mən bu gün də tələbələrimə
deyirəm ki, "uşaqlar, ekranlara milli xarakteri
çıxarmaq lazımdır".
- Bir məsələ də var ki, əsl
azərbaycanlı xarakteri həm Sovet, həm də müasir
dövrümüzdə çəkilən filmlərdə tam
mənasında göstərilməyib. Razısınızmı?
- Mən bu fikirlə
razılaşmıram. Senzuranın pis
vaxtında da, indi də filmlər çəkirəm. Hər şey rejissordan asılıdır. Əsas məsələ azərbaycanlıların
başqa millətdən nə ilə fərqləndiyinin dərinliyinə
getməyi bacarmaqdadır. Bizi fərqləndirən
adət-ənənələrimizin, milli mədəniyyətimizin
artıq genimizə hopmasıdır. Sovet
dövründə SSRİ-nin hər yerində eyni formada
binalar tikilir, mənzillərə eyni fabrikin mebelləri
alınırdı, eyni zavodun pal-paltarını, avtomobillərini
alırdıq. Amma yenə də
başqalarından fərqlənirdik. Mən
şadam ki, bizim filmlərimizdən azərbaycançılıq
ruhu aydın hiss olunur. Biz dünya
ekranlarına çıxmaq üçün bu amildən həmişə
istifadə etməliyik. Şükürlər
olsun ki, bizi dünyada tanıdan muğamımızı qoruya
bilmişik. Muğamın əsasında
peşəkar Azərbaycan musiqisi meydana çıxdı.
Üzeyir bəy Şərqdə ilk operanı
muğamların əsasında bəstələdi. "Koroğlu" kimi opera milli musiqinin əsasında
yazılıb. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev,
Niyazi, Rauf Hacıyev- bütün bəstəkarlarımızın
xəmiri muğamla yoğrulub. Onlar muğamı müasir
musiqinin timsalında dünya səviyyəsinə
qaldırdılar...
- Bayaq ilk işinizdən bəhs
etdiniz. Həmin filmi seyr edərkən, o
dövrün tələbə Eldar Quliyevinin işini necə
qiymətləndirdiniz?
- Mən özüm-özümə
qiymət verməyi bacarmıram. Amma mənə
o dövrdə rejissor kimi özümü aparmağım,
fantaziyam çox maraqlı idi. O filmdə formalist
priyomlar, gedişlər var.
"Bu
gün mən daha çox Gəncə ləhcəsində danışıram"
- Eldar müəllim, bu yerdə bir
az gənclik xatirələrinizdən
danışaq...
- Mən özümü hələ
də gənc sayıram, qocalmamışam ki! Gənclik
barədə onu deyə bilərəm ki, Moskvadan gələndə,
kinostudiyada sevinib, məni elə də böyük həvəslə
qarşılamadılar. Bir neçə ay
işsiz qaldım, mənə film vermədilər. Elə məqamlar oldu ki, mən Bakıdan üz
döndərib getdim. Kiyevdəki
dostlarım məni ora dəvət etdilər, getdim.
Başa düşürdüm ki, Kiyevdə azərbaycanlı
olduğum uçun çətin olacaq, heç kəsə
lazım olmayacağam, amma onlar mənə iş vermək istəyirdilər.
Lakin valideynlərimin böyük təkidindən
sonra qayıtdım. Bakıya qayıdandan
sonra mən Kinematoqrafiya İttifaqının sifarişi ilə
diplom filmləri çəkməyə başladım. Diplomumu müdafiə edəndən sonra Moskvada
artıq məni tanıdılar və oranın təkidi ilə
kinossenari fakültəsinin tələbəsi Rüstəm
İbrahimbəyovun diplom işini -"Bir Cənub şəhərin"dənin
ssenarisini verdilər. Mən işlədiyim
dövrdə kinostudiyanın rəhbərliyi bir neçə
dəfə dəyişdi. Bu rəhbərlərin
arasında mənə xoş münasibət göstərənini,
dalbadal film sifariş verənini görmədim.
- Səbəb nə idi?
- Deyirdilər ki, Eldar Avropa
düşüncəlidir.
- Bəs, Tofiq müəllim kömək
etmirdi?
- Tofiq müəllim nə etməli
idi? Mən bu barədə ona, ümumiyyətlə,
danışmırdım. Mən musiqiçi olsaydım,
köməklik edərdi...
- Atanız sizin musiqiçi
olmağınızı istəyirdimi?
- Məncə, yox. Sadəcə
olaraq bu gün musiqi alətində çalmağı
bacaranlara həsəd aparıram. Bunu etməyi
çox arzulamışam. Təəssüf ki, bu məndə
alınmadı...
- Tofiq müəllimin hansı
mahnısına çox qulaq asırsınız?
-
"Üzüyümün qaşı", "Bəxtəvər
oldum" və Bakı haqqında yazdığı mahnılara
daha çox qulaq asıram. Baxmayaraq ki,
bütün filmlərə musiqini sifarişlə bəstələyib,
amma heç vaxt yazmaq xatirinə yazmayıb. O, əsərlərinə
şaxsiyyət kimi yanaşırdı. Bu səbəbdən
onun mahnıları ölməzlik qazanıb. Onun əsərlərində hamımızın
içində olan notlar olduğuna görə hər kəs
rahatlıqla onları dinləyir, həzm edir. Onun musiqisi, əsərləri humanist, mülayimdir.
- Geriyə baxanda, 70 ildə nələr
üçün darıxıb, nələrə görə təəssüflənirsiniz?
- Nədənsə, mənə 70
yaşım olduğunu tez-tez xatırladırsınız... Bu illərin hər anı, saniyəsi ilə
bağlı müxtəlif unudulmaz xatirələrim var, amma
memuar yazmaq fikrim yoxdur. Sizi əsas nə
maraqlandırır? Nə olubsa,
keçmişdə qalıb. "Bir Cənub şəhərində"
filmi ekranlara çıxandan sonra o dövrün üç məşhur
rejissoru Moskvaya yazdı ki, "bu antisovet filmini göstərmək
olmaz, yığışdırmaq lazımdır". Mən
onların adını heç vaxt deməmişəm, demərəm
də...
- Hər halda, söhbət
60-cı illərin ortalarından gedirsə, o dövrdə məşhur
rejissorlarımız elə 2-3 nəfər idi, onları təxmini
müəyyən etmək olar...
- Yox, lazım deyil. Onlarla sonradan
dostlaşdım...
- Soruşmadınızmı ki, nə
üçün bunu etmisiniz? Hər halda, zarafata da salıb
soruşmaq olardı...
- Yox, mən buna ehtiyac
duymadığıma görə heç nə
soruşmadım.
- Tofiq Quliyevin yaradıcılığında
Bakı mövzusu önəmli yer tutur. Və
sizin də ilk böyük işiniz Bakıya həsr olunub.
Burada nəsə bir bağlılıq var. 60-cı illərdə
insanlar artıq bu gün-sabah kommunizmin baş
tutacağını gözlədiyi bir vaxtda ekranlara köhnə
Bakı adət-ənənəsi çıxır...
-
Kimin nə gözlədiyini bilmirəm, mən heç vaxt
kommunizmin olacağına inanmamışam. Əslində,
bu ssenarinin istehsala buraxılması bir uğur idi. Və bu filmdə mən özümdən heç nə
uydurmamışam, nə var, onu da göstərmişəm.
Filmdəki personajların prototiplərini mən
həyatda tanıyırdım. Ümumiyətlə,
Bakı mənə həmişə doğmadır, əgər
filmdə imkan düşərsə, köhnə küçələrdən
kadrlar salıram. Bununla belə, mən
özümü bütöv azərbaycanlı sayıram.
Anam gəncəli idi, yayda ora gedirdim. Bu gün mən daha çox Gəncə ləhcəsində
danışıram. Ona görə
heç vaxt Azərbaycanı bölgələrə bölməmişəm.
"Qoy
torpaqlarımızı alaq, "rembo"lar çox çəkiləcək"
- Köhnə filmlərinndən
hansını bugünkü reallıqda çəkmək istərdiniz?
- Belə filmlər var. Ümumiyyətlə,
filmlərimin ən sərt tənqidçisi özüməm.
Film çəkmək çox çətin
prosesdir. Teatrda belədir ki,
tamaşadan-tamaşaya dəyişiklik etmək olur. Filmdə isə adamın beyninə min fikir gəlir,
lakin onlardan biri lentə köçürülüb qalır.
Filmi 4-5 aya çəkirsən və bütün bu müddət
ərzində müxtəlif vəziyyətlərdə olursan-
bir gün xəstələnirsən, başqa bir gün nəyə
görəsə bərk əsəbiləşirsən, və
yaxud beyninə gözəl ideya gəlib, amma hansısa
xırda texniki nöqsan üzündən onu ürəyin istədiyi
kimi lentə ala bilmirsən. Qismətə
inandığım üçün düşünürəm
ki, bu filmin taleyi belə yazılıbmış. Yazıçılar deyir ki, əsərlərim mənim
övladlarımdır. Filmlər də
uşaq kimidir, çəkirsən, ekranlarda
böyüyür. Uğurlu alınır,
çox yaşayır və yaxud əksinə, zəif
alınır, tez ölür, unudulur.
- "Girov" filminiz çox tənqid
olundu...
- Əvvəla, deyim
ki, mən elə bir yaradıcılıq nümunəsi
eşitməmişəm ki, birmənalı şəkildə
hamı tərəfindən bəyənilsin. Filmin ssenarisi real hadisədən
götürülüb. Belə bir hadisə
Qazaxda baş verib. Qadın erməni
girovunu həqiqətən buraxıb, mən o qadınla fəxr
elədim. Bu addımı yalnız
güclü insan ata bilər. Mən istəmirəm
ki, bu filmi televiziyada göstərsinlər. Çünki televiziyada bəzən bir - iki kadr kəsilir,
bu da filmin ideyasına böyük təsir edir. Filmdə girov erməni olsa da, mütləq
yaşamalıdır. Çünki bu
girovu verib ermənilərdə əsir olan ərini
buraxdıracaq. Qonşuları onu ermənini
qoruduğuna, onun qayğısına qaldığına
görə çox qınayırlar, incidirlər. Amma o, ərinə, uşaqlarının atasına
görə onu qorumağa, qayğısına qalmağa məcburdur.
- Qadının ermənini yataq
otağına buraxması daha çox tənqid atəşinə
tutuldu. Mentalitetə görə, yataq otağına yad kişi buraxılmamalıdır kimi ifadələr
işləndi...
- Erməni olanda nə olar,
qadının ona insan kimi yanaşmasına,
qayğısına qalmasına cavab verməlidir. Ona görə
də öz növbəsində qadına ev
işində kömək edir. Filmdə aydın
görünür ki, yataq otağına o təsadüfən
girir, ikinci dəfə qayıdanda, otağın qapısı
bağlı olur, yəni, olmaz. Mentalitetin nə
olduğunu gözəl bilirəm. Amma kino
incəsənətdir, güzgü yox,
böyüdülmüş şüşədir. Hollivudda bu gün kino çəkilir ki, gərək
amerikalılar o filmin quruluşçu rejissorunu vətən
xaini elan etsinlər. Və yaxud, bir də
görürsən ki, 10 nəfər düşdü birinin
üstünə, amma o, hamısının leşini saldı.
Davaların da çoxusu zavodlarda olur, amma bir nəfər
fəhlə yoxdur. Bəs burada həqiqət
harada qaldı?
- Yazılanlardan incimədiniz ki?
- Yox, sadəcə, insanların
filmin ideyasını başa düşməmələrinə
təəssüfləndim. Mən bütün
dünyaya Azərbaycan qadınının necə möhkəm
xarakterə malik olmasını göstərmək istəmişdim.
Bu film bir çox beynəlxalq festivallarda
nümayiş etdirildi. Karlovı-Varı, Kəlküt,
Qahirədə keçirilən festivallarda yaxşı
qarşılandı. Onu da deyim ki,
"Girov" pul verilib alınan azsaylı filmlərdəndir.
Filmi alıb Varşavada premyerasını etdilər.
Yeri gəlmişkən, bu günlərdə mənə
Çexiya mətbuatında filmlə bağlı dərc
olunan resenziyaları göndəriblər. Bu
reseziyalarda filmə 4 ulduz verilib. Avropa
standartlarına görə, bu, yaxşı film deməkdir.
Ən yaxşı filmlərə 5 ulduz verirlər.
Karlovı-Varıda festivalda olanda, məndən
soruşurdular ki, sizdə Ermənistanla aranızda olan səs-küy
hələ qurtarmayıb? İnsanlar
artıq Qarabağ məsələsini unudublar, adi səs-küy
kimi bilirlər. Mən faciəmizi onlara
öz dillərində başa salmağa
çalışmışam.
- 70-ci illərdə ABŞ-da
"Vyetnam sindromu" hökm sürdüyü bir vaxtda
ekranlara "Rembo" çıxdı. Bir
rejissor kimi, sizin düşüncəniz mənə
maraqlıdır, əgər biz sülh yolu ilə
Qarabağı qaytarsaq, "Rembo"nu necə çəkəcəyik?
- Bu gün hamımız
görürük ki, prezidentimiz gecə-gündüz bu məsələnin
həlli istiqamətində çalışır. Məncə, indiki dövrdə aqressiyadan uzaq
olmalıyıq. Hirsli başda ağıl
olmaz. Mən bir daha azərbaycanlıların
müharibə dəhşəti ilə üzləşməsini
istəmirəm. Düşünürəm
ki, azərbaycanlıların qanı indiyədək kifayət
qədər axıb. Bununla yanaşı,
prezidentimiz həmişə deyir ki, sülh yolu ilə
alınmasa, başqa yollarla torpaqlarımızı
qaytaracağıq.
- Sizcə, bizdə "Qarabağ
sindromu" yaranmaz ki?
- Qoy torpaqlarımızı alaq,
"rembo"lar çox çəkiləcək.
Əslində, mənim ermənilərə
yazığım gəlir, bu münaqişəylə özlərini
pis vəziyyətə qoydular. Onların
bugünkü vəziyyətlərini mən mazaxizm
adlandırıram. Onlar Sovet dövründə
də ağlayırdılar ki, biz bədbəxt xalqıq, indi
də ağlayırlar. Azərbaycan
xalqı bu qədər faciələrlə üzləşdi,
bir dəfə də olsun, ağlaşma qurmadı,
yazıqlıq göstərmədi. Sadəcə,
vəziyyət belə alınıb. Rusiya 300 il monqolların əsarətində oldu, indi
ruslar haradadır, monqollar harada? Mən əminəm
ki, o torpaqlara mütləq qayıdacağıq. Onlar
qorxurlar ki, sülh yaransa ermənilər hamısı Azərbaycana
qaçacaqlar, orada adam qalmayacaq. Bu, baş verəcək, mütləq, inanın.
- Avtomobillərə yaman həvəsli
olduğunuzu deyirlər. Ən çox hansı
markanı bəyənirsiniz?
- Mən çox avtomobil dəyişməmişəm.
1977-ci ildə İraq konsulluğu iki avtomobilini
satışa çıxardı. Biri yapon
avtomobili, digəri də "Mercedes" idi. Heydər Əliyev
birinci katib idi, dedi ki, "Mercedes"i kinostudiyaya verin, filmlərin
çəkilişində istifadə olunsun. Kinostudiyanın
direktoru Cəmil Əlibəyov Mərkəzi Komitəyə məktub
yazdı ki, "həmin avtomobildən ildə uzağı bir
dəfə filmdə istifadə etmək olar, bu qədər
pulu boş yerə nə üçün xərcləyək?
İcazə verin, bu maşını Eldar Quliyevə
verək, çəkiliş olanda da istifadə edək".
Heydər Əliyev də icazə verdi.
- Havayı verdilər?
- Yox, mən təzə
"Volqa" almağı planlaşdırırdım. "Volqa" onda hardasa 9 min rubl idi. O pulu "Mercedes"ə verdim. Onu 1989-cu
ilədək sürdüm, sonra bir "Jiquli" aldım.
Bir müddət "QAZ-31", son vaxtlar da
"
- "Cip"di?
- Yox, mən o boyda
maşını neynirəm, sedandı -"Camry". Bu maşın məndə artıq 4 ildir, cəmisi
17 min kilometr yol gedib. İşə, oradan
da evə sürürəm. Yayda bir-iki dəfə
rayonlara getmişəm.
- Yol polisləri incitmir ki?
- Tanıyanı da olur,
tanımayanı da. Saxlayıb, pul cəriməsi
yazanı da olur. Eləsi də var,
baxıb deyir ki, "üzün
İLTİFAT
Ekspress.-
2011.- 5-7 fevral.- 19-20.