Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   1938-ci ilin may ayında SSRİ Xalq Daxili İşlər Komissarlığının orderi əsasında Müzəffər Nərimanova da, həyat yoldaşı Marina Alekseyevna Nərimanovaya da divan tutulmuşdur. 1955-ci il sentyabr ayında M.A.Nərimanova SSRİ Ali Məhkəməsinin Kollegiya qərarı ilə bəraət almışdır.

   Qeyd etmək lazımdır ki 1956-cı ilin yanvarında Azərbaycan kommunistlərinin XXI qurultayında sadalanmış repressiya qurbanlarının adları M.C.Bağırovun istintaq materiallarında yer almışdır: "Əksinqilabi fəaliyyətdə günahlandırılanlar, sonra isə qətlə yetirilənlər arasında Azərbaycanın keçmiş MK katibləri Ruhulla Axundov, Əliheydər Qarayev, ZSFSR XKS-nin keçmiş sədri Qəzənfər Musabəyov, sədr müavini Mirzə Davud Hüseynov, Azərbaycanın əkinçilik üzrə keçmiş xalq komissarı Heydər Vəzirova, Azərbaycan Xalq Komissarları Sovetinin keçmiş sədri Dadaş Bünyadzadə, Azərbaycan MİK sədri Sultan Məcid Əfəndiyev, Azərbaycan XKS sədri Hüseyn Rəhmanov, Azərbaycan kommunal təsərrüfatı üzrə xalq komissarı Həmid Sultanov, Azərbaycan XKS sədr müavini Xəlilov, Azərbaycan Xalq Maarif komissarı Cuvarlinski, Azərneftin keçmiş rəisi, həbsə alınan zaman Baş Neft trestinin rəisi Barinov, Xəzər gəmiçiliyi idarəsi siyasi şöbəsinin sədri Həsən Rəhmanov, Azərbaycan Fövqəladə Komissarlığının keçmiş sədri Baba Əliyev və başqaları da var idi" (Bax: Mir Cəfər Bağırovun məhkəməsi, Bakı, "Yazıçı" nəşriyyatı, 1993, səh.10).

   Azərbaycan kommunistlərinin XXI qurultayından bir ay ötmüş, 1956-cı il fevralın 14-dən 25-dək Moskvada Sovet İttifaqı Kommunist Partiyasının XX qurultayı keçirilmişdir. Peşəkar tarixşünas, sabiq millət vəkili, professor və tədqiqatçı Cəmil Həsənli ilk dəfə Moskva arxivlərində saxlanılan tarixi sənədlərlə tanış olmuş, iyirminci qurultayın mətbuatda dərc olunmamış materialları barədə Azərbaycan mətbuatında geniş bir şəkildə yazmışdır. Müəllifin 2008-ci ildə "Adiloğlu" nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycanda milli məsələ: siyasi rəhbərlik və ziyalılar (1954-1959)" kitabında (səh. 74-75) oxuyuruq: "Sov. İKP-nin XX qurultayında Azərbaycan nümayəndələri adından İ.Mustafayev və Nazirlər Sovetinin sədri S.Rəhimov çıxış etdilər. İ.Mustafayevin çıxışı əsasən N.Xruşşovun hesabat məruzəsi üzərində, S.Rəhimovun çıxışı N.Bulqaninin altıncı beşilliyin direktivləri haqqında məruzəsi üzərində qurulmuşdu. Hər iki çıxış Moskvanın qarşısında hesabat xarakteri daşısa da, İ.Mustafayevin çıxışında respublikada gedən proseslərlə bağlı bəzi məqamlara toxunulmuşdu. N.Xruşşovun məruzəsinə istinadən İ.Mustafayev şəxsiyyətə pərəstiş haqqında danışarkən qeyd etmişdi ki, şəxsiyyətə pərəstiş etmək bu və ya digər xadimi möcüzə göstərən qəhrəmana çevirir və eyni zamanda partiyanın, xalq kütlələrinin rolunu kiçildir, onların təşəbbüskarlığının və yaradıcılıq fəallığının zəifləməsinə gətirib çıxarır. Azərbaycanda şəxsiyyətə pərəstişin təzahürü kimi, o, M.C.Bağırovun fəaliyyətini misal çəkdi. İ.Mustafayev dedi: "M.C.Bağırov uzun müddət ərzində hər vasitə ilə yalnız öz şəxsiyyətini şöhrətləndirərək yaltaq və riyakarlığı öz başına toplamış, qanunsuz işlər görmüş və özbaşınalıq etmişdir. O, xoşuna gəlməyən namuslu adamları, partiya və sovet dövlətinə sədaqətli adamları, köhnə bolşevikləri, inqilabi hərəkatın mübarizlərini, Azərbaycanda sovet hakimiyyəti qurulmasınının fəal iştirakçılarını təqib edir və onlara divan tuturdu. O, Nəriman Nərimanovla, Ağamalıoğlu ilə, Qarayevlə, Musabəyovla və başqaları ilə də belə rəftar etmişdir". Lakin qurultay nümayəndələri bilməsə də, qurultayın rəyasət heyətində təmsil olunan sovet rəhbərləri yaxşı bilirdilər ki, vaxtilə M.C.Bağırovun Azərbaycan KP MK katibi kimi yüksək vəzifəyə irəli çəkdiyi rəhbər kadrlardan biri də elə İ.Mustafayev özü idi".

   MÜƏLLİFDƏN. 1954-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş İ.D.Mustafayev bu vəzifəni 17 il qabaq, 1937-ci ildə daşısa idi, Azərbaycanda Sovet rejiminin dəhşətli qətliamını saxlaya bilərdimi? 2000-ci ildə Moskvanın "Veçe" nəşriyyatında K.A.Zelenskinin "Stalin imperiyası. Bioqrafik ensiklopediya lüğəti" kitabında Kreml divarları arasında hazırlanan və həyata keçirilən kütləvi qırğının təşkilatçılarından birisi haqqında (səh. 315) oxuyuruq: "Mikoyan Anastas İvanoviç. 13.11.1895, Tiflis quberniyasının Borçalı qəzasının Sanain kəndində anadan olmuş, 1978-ci il oktyabrın 21-də Moskvada vəfat etmişdir). Sovet dövlət və partiya xadimi, Sosialist Əməyi Qəhrəmanı (1943). Dülgər oğlu. Tiflisdə erməni ruhani seminariyasını bitirmiş (1916), Eçmiədzin ruhani akademiyasında oxumuşdur. 19156-ci ildə RSDFP-na daxil olmuşdur, bolşevikdir. 1917-ci ildə Tiflisdə və Bakıda fəaliyyət göstərmiş, "Sosial-demokrat" və "Bakı Soveti Xəbərləri" qəzetlərinin redaktoru olmuşdur. 1918-ci ilin martında Bakıda müsavat qiyamının yatırılmasında (azərbaycanlılara qarşı soyqırımında - T.Q.) iştirak etmişdir. 1918-ci ilin yazında briqada komissarı təyin edilmişdir. Bakının türklər tərəfindən işğal edilməsindən (1918-ci il sentyabrın 15-də Bakının azad edilməsindən sonra - T.Q.) gizli fəliyyət göstərən Bakı şəhər partiya komitəsinin katibi işləmişdir. Həbs olunsa da, "hansı möcüzə" iləsə 26 Bakı komissarları ilə birlikdə güllələnməmişdir. 1919-cu ilin fevralında (Azərbaycanda Xalq Cümhuriyyəti vaxtı - T.Q.) fəhlələrin tələbi ilə həbsdən azad edilmişdir. 1919-cu ilin mart ayından RK(b)P-nin Qafqaz Ölkə Komitəsi Bakı Bürosunun sədri seçilmişdir. 1919-cu ilin oktyabrında Moskvaya göndərilmiş, Siyasi Büronun iclaslarında Zaqafqaziyaya aid məsələlərin müzakirəsində iştirak etmişdir. 1920-ci ilin yanvarında partiyanın tapşırığı ilə Bakıya gəlmiş və fəhlə üsyanının təşkilinə başçılıq etmişdir. 1920-ci ilin aprelində Qızıl Ordu ilə birlikdə Bakıya daxil olmuşdur. 1920-ci ilin mayından oktyabr ayınadək Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri olmuşdur. 1920-ci il oktyabr ayından Nijni-Novqorodda RK(b)P Quberniya partiya komitəsinin katibi, 1922-24-cü illərdə Mərkəzi Komitənin Cənub-Şərq Bürosunun katibi vəzifələrində işləmişdir. 1923-cü ildən ÜİK(b)P MK-nın üzvüdür. 1924-26-cı il-lərdə Şimali Qafqaz Ölkə Partiya Komitəsinin katibi, 1926-cı il avqustun 14-dən SSRİ xarici və daxili ticarət xalq komissarı, 1935-ci ildən ÜİK(b)P Siyasi Bürosunun üzvü olmuşdur.

   ÜİK(b)P MK-nın 1928-ci il iyul plenumunda çıxışında ölkədə taxıl tədarükünün çətinliklərini qolçomaqların müqaviməti ilə əlaqələndirmişdir (həmin vaxtlarda N.İ.Buxarin və onun tərəfdarları kənddə daha praqmativ siyasət aparılmasını irəli sürürdülər). 1928-29-cu illərdə "sağ təmayül"ə qarşı mübarizədə İ.V.Stalin tərəfində mövqe tutmuşdur. 1930-cu il noyabrın 22-dən Mikoyanın başçılığı ilə SSRİ Xalq Təchizat komissarlığı yaradılmışdır. Ölkədə əhalinin ərzaqla təminatı acınacaqlı vəziyyətə düşmüşdür. Camaat arasında belə bir qurama dolaşmışdır: "Nə ət vardır, nə də süd, nə un vardır, nə də yağ, Mikoyan vardır ancaq". O, Ermitajda saxlanılan tarixi qiymətli kolleksiyaların bir hissəsinin, digər dəyərli bədii və zərgərlik şeylərinin, o cümlədən çar ailəsinə məxsus şeylərin, mebel və sair əşyaların xarici ölkələrə satılması kampaniyasına başçılıq etmişdir. Xaricə satılan incəsənət əsərləri ucuz qiymətə verilsə də, Mikoyan 100 milyon dollara yaxın qazanmışdır. 1934-cü il iyul ayının 29-dan Mikoyan SSRİ Yeyinti Sənaye Xalq komissarı təyin olunmuşdur. ÜİK(b)P-nin XÜII qurultayında Stalinin şərəfinə təriflər yağdıranlar arasında birinci olmuşdur - Stalinin adını 41 dəfə çəkmişdir. Mikoyan heç vaxt Stalinin əleyhinə danışmamışdır. Xalq daxili Komissarlığının fəaliyyətinə xüsusi diqqət yetirən və kütləvi repressiyalara haqq qazandıran Mikoyan Ümumittifaq Fövqəladə Komissiyanın yaradılmasının iyirmi illiyinə həsr olunmuş yığıncaqda partiya adından məruzə etmiş, "hər bir sovet vətəndaşı - NKVD əməkdaşına çevrilməlidir" ifadəsini işlətmişdir. 1937-ci il fevral-mart aylarında keçirilmiş MK Plenumunda Buxarin və Rıkovun işi üzrə Komissiyanın sədri kimi onların antipartiya fəaliyyətinə Stalin mövqeyindən yanaşmışdır. 1937-ci il iyul ayının 22-dən Mikoyan həm də SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləmişdir. 1937-ci ilin sonlarında Moskva partiya fəalları yığıncağında Yejovu "Sovet xalqının sevimlisi" adlandırmış, NKVD-nin fəaliyyətindən məmnun qaldığını iftixar hissi ilə bildirmişdir. ÜİK(b)P-nin digər rəhbərləri kimi dəfələrlə ölkənin müxtəlif bölgələrinə ezam olunmuş və "xalq düşmənləri"nə qarşı mübarizənin stimullaşdırılmasına nəzarət etmişdir. Stalinin tapşırığı ilə Mikoyan Ermənistan bolşeviklərinə "erməni xalqının düşmənlərinin ifşa edilməsində və kökünün kəsilməsində" çox nəhəng xidmət göstərmişdir. Nəticədə respublikada bütün partiya-təsərrüfat rəhbərləri həbs olunub güllələnmişdir".

 

 

Teyyub Qurban

 

Ekspress.- 2011.- 5-7 fevral.- S.15.