Formula
tapılsa, sovetdənqalma əmanətlər qaytarılacaq
Musa
Quliyev: Əmanətlərin qaytarılmasında maliyyə yox,
hüquqi və texniki problemlər var
MDB
ölkələrinin
əksəriyyətində
əhalinin keçmiş
sovet banklarında
qalan əmanətlərinin
qaytarılmasına
başlanılıb. Azərbaycandasa bu proses yubanır, sanki iş daşa dirənib.
2011-ci ilin dövlət büdcəsində də bununla
bağlı vəsait nəzərdə tutulmayıb.
Problem nədədir, sovetdənqalma
əmanətlər nə vaxt qaytarılacaq, bunun
üçün müvafiq qanun nə zaman qəbul ediləcək?
"Ekspress"in əməkdaşının
suallarını Milli Məclisin Sosial siyasət komitəsinin sədr
müavini Musa Quliyev cavablandırır.
- Sovetdənqalma əmanətlər
məsələsinin bu il Milli Məclisin müzakirəsinə
çıxarılacağı gözlənilirmi?
- Ümumiyyətlə, əmanətlərin
qaytarılması təkcə Milli Məclisin məsələsi
deyil, bu daha çox hökuməti narahat edən bir məsələdir.
Əmanətlərin qaytarılmasının ləngiməsinə
mane olan səbəblərdən ən birincisi qaçqın
problemidir. Rayonlar qəfil işğal olunduqdan sonra əmanət
kassalarının dağıdılması, oradakı sənədlərin
çoxunun itməsi, Ermənistandan didərgin düşən
250 min adamın sənədlərinin əslinin Ermənistanda
qalması bu məsələnin həllində çox ciddi
problemlər yaradır.
Onları həll
etmək üçün ümumi bir formula
tapılmalıdır. Zamana ehtiyac var. Burada bəziləri
maliyyə probleminin olduğunu söyləyirlər, lakin maliyyə
problemi yoxdur. Sadəcə hüquqi və texniki problemlər
mövcuddur ki, onlar bu məsələnin həllini ləngidirlər.
Düşünürəm ki, bu problem gec-tez öz həllini
tapmalıdır. Bu səbəbdən də Milli Məclisin
yaz sessiyasında mən millət vəkillərinə bununla
bağlı müraciət edəcəm.
- 2011-ci ilin dövlət büdcəsində
əmanətlərin qaytarılmasına dair maliyyə vəsaiti
ayrılmayıb. Bu prosesin ən azı bu il üçün
başlanmayacağını söyləmək olarmı?
- Düzdür, əmanətlərin
qaytarılması üçün 2011-ci ilin dövlət
büdcəsində maliyyə ayrılmayıb. Bununla belə,
məsələ prinsipcə həll oluna bilər. Məsələn,
neftin qiymətinin artması ilə bağlı büdcədə
əlavə gəlir ola bilər və ya Prezidentin Ehtiyat
Fondundan bu məsələ üçün maliyyə ayrıla
bilər. Amma hər halda ilk növbədə əmanətlərin
qaytarılmasına dair hüquqi sənəd
hazırlanmalıdır. Bu, qanun və ya Nazirlər Kabinetinin
qərarı ola bilər ki, məsələ tənzimlənsin.
Bir məsələ də var ki,
keçmiş MDB məkanında heç bir respublika bu məsələni
optimal şəkildə həll edə bilməyib. O qədər
ciddi problemlər ortaya çıxdı ki, hamısı onu
yarımçıq dayandırdı. Bəzən mediada deyirlər
ki, guya bütün respublikalar əmanət kassalarında olan
vəsaitləri qaytarıblar. Bunların heç birinin əsası
yoxdur, dezinformasiyadır.
- Azərbaycandan köçən
ermənilər banklarda qalan əmanətlərini tələb
etmək üçün beynəlxalq təşkilatlara
müraciət ünvanlayıblar. Necə
düşünürsüz, bu əmanətlərin
qaytarılması real ola bilərmi?
- Ümumiyyətlə, onu demək
lazımdır ki, həm Ermənistandan deportasiya olunub Azərbaycana
gələnlərin, həm ölkəmizdən Ermənistana
gedən ermənilərin, həm də Dağlıq
Qarabağ münaqişəsi zamanı işğal olunan ərazilərdən
məcburi köçkün vəziyyətinə düşən
750 mindən çox azərbaycanlının problemləri
kompleks şəklində həll olunmalıdır. Lakin bu
problemlər Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı olduğuna görə onların həlli
münaqişə həll olunandan sonra mümkün ola bilər.
Nə qədər ki,
münaqişə öz həllini tapmayıb, Ermənistan tərəfindən
işğal olunan torpaqlarımız geri qaytarılmayıb,
onların hərbi qüvvələri Azərbaycan ərazilərindədir,
köçkün düşən azərbaycanlılar
işğal olunan ərazilərə qayıtmayıb,
münaqişənin həlli ilə əlaqədar sülh
anlaşması imzalanmayıb, qalan xırda sosial, maliyyə, o
cümlədən mülkiyyət və maddi təminat məsələlərinin
həll olunması mümkün deyil.
Ona görə də əmanətlərin
qaytarılması ilə bağlı Azərbaycandan
köçən ermənilərin haraya müraciət etmələrinin
nə hüquqi, nə də praktiki önəmi ola bilər.
Qaçqınların statusu haqqında beynəlxalq Konvensiya
var. Bu gün beynəlxalq məsələlər, o cümlədən
də qaçqınların mülkiyyət məsələləri
bu konvensiya ilə tənzimlənir. Burada digər faktor ondan
ibarətdir ki, ermənilər Azərbaycandan 1989-1990-cı illərdə
köçüb gediblər. O zaman Azərbaycan müstəqil
dövlət deyildi. Onlar SSRİ vətəndaşı kimi Azərbaycan
SSR-nin ərazisini tərk ediblər, vəsaitlərini isə
sovet vətəndaşı kimi SSRİ əmanət
banklarına qoyublar. Onun da hüquqi bazası Azərbaycan
deyil, Rusiya olduğundan məqsədəuyğun olardı ki,
ermənilər öz iddialarını Azərbaycana deyil,
Rusiyaya yönəltsinlər. Azərbaycanda müstəqillik əldə
olunan zaman burada nə ermənilər, nə də onların vəsaitləri
vardı. Ona görə də bu məsələlərə
münaqişə həll olunduqdan sonra kompleks şəkildə
baxıla bilər.
- Sizcə, Ermənistandan deportasiya
olunan və ərazilərimizin işğalı nəticəsində
məcburi köçkün düşən azərbaycanlılar
bu məsələ ilə bağlı daha çox tələb
etmək hüququna malik deyillərmi?
- Mən düşünürəm
ki, bizim Ermənistandan deportasiya olunan azərbaycanlı
qaçqınlarımız da onların qarşısında
eyni məsələləri qaldırmalıdırlar. Hər
halda məsələ faktlaşdırılmalıdır və
beynəlxalq məhkəmələrə, təşkilatlara,
eyni zamanda qaçqınlarla bağlı məsələlərlə
məşğul olan beynəlxalq qurumlara bu haqda məlumat
çatdırılmalıdır.
Bildirilməlidir ki, bu, təkcə
Azərbaycandan gedən ermənilərin maliyyə problemi
deyil, həm də Ermənistandan deportasiya olunan azərbaycanlıların
maliyyə və mülk problemləri var. Bir fakt ondan ibarətdir
ki, Azərbaycandan ermənilər çox rahat şəkildə
gediblər. Onların bir çoxu öz mənzillərini
satdılar və ya dəyişdilər. Böyük əksəriyyəti
isə öz pullarını banklardan çıxartdılar.
Amma onlardan fərqli olaraq azərbaycanlılar
Ermənistandan məcburi sürətdə qovulduqlarına
görə, mülkiyyətlərini nə dəyişə, nə
sata, nə də ki, banklardakı pullarını
çıxara bilmədilər. Bu, çox çətin bir
durumdur. Şübhəsiz ki, qaçqınların işi ilə
məşğul olan həm dövlət qurumları, həm də
QHT-lər bu məsələni daim gündəlikdə
saxlamalıdırlar.
Prinsipcə, bizim daha çox tələb
etməyə haqqımız var, nəinki onların.
Düzdür, buradan gedən, lakin mülkiyyəti və ya
banklarda pulu qalanların nə vaxtsa, nəsə tələb
etməyə haqları var. Amma bu məsələ hazırda
real həllini tapa bilməz.
Etiraf etmək lazımdır ki,
münaqişədə ən çox əziyyət çəkən
azərbaycanlılardır. Çünki 1 milyona yaxın azərbaycanlı
məcburi köçkün durumdadır. Ermənilərin
sayı isə bu rəqəmdən 3-3.5 dəfə azdır.
Bundan əlavə, ölkəmizdə 40 minə yaxın erməninin
Bakı şəhərində qalıb yaşaması,
Dağlıq Qarabağda ermənilərin yaşaması, onu
göstərir ki, Azərbaycan bu məsələdə daha
tolerant mövqedədir, nəinki Ermənistan. Çünki
Ermənistanda bir nəfər də olsun azərbaycanlı
qalmayıb.
Lalə
Mehralı
Ekspress.-
2011.- 5-7 fevral.- S.12.