Vergilər
Nazirliyində kollegiya iclası
Nazir: Bəzi vergi işçilərinin
hərəkətləri vergi
xidmətinin nüfuzuna
xələl gətirir
Vergilər
Nazirliyində prezident İlham
Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin
yekunlarına həsr olunmuş iclasında və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının yanvarın
27-də keçirilmiş iclasında
verilmiş tapşırıqların
müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən
"APA-Economics"ə verilən
məlumata görə, kollegiya iclasında çıxış edən
vergilər naziri, 2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Nazirlər
Kabinetinin 2010-cu
ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısı cari ildə ölkəmizin sosial-iqtisadi inkişafının əsas istiqamətlərini müəyyənləşdirib,
azad rəqabətin
təmin edilməsi, inhisarçılıq
meyllərinin qarşısının alınması, dövlət
orqanlarının fəaliyyətində şəffaflığın
artırılması ilə bağlı konkret tapşırıqlar verib.
Prezidentin Nazirlər
Kabinetinin geniş iclasındakı çıxışında
vergi xidmətinin fəaliyyəti üzərində
xüsusi olaraq dayandığını iclas
iştirakçılarının nəzərinə çatdıran
vergilər naziri qeyd edib ki,
cənab İlham Əliyev vergilərdən
yayınanların sayının
hələ də kifayət qədər olduğunu, bu kimi hallarla mübarizənin
daha ciddi və məqsədyönlü
aparılmasının, 2011-ci ildə vergi bazasının genişləndirilməsinin,
nağd ödəmələrin
minimuma endirilməsinin
vacibliyini vurğulayıb,
bu sahədə vəziyyətin inkişaf
etmiş ölkələrdəki
vəziyyətdən fərqlənməməsi
üçün 2011-ci ildə
köklü və əsaslı tədbirlər
görülməsini tapşırıb.
İqtisadiyyatdakı inhisarçılıq meyllərinin
qarşısının alınması, azad
rəqabət mühitinin
yaradılması, müvafiq icra hakimiyyəti
orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması,
rüşvətxorluğa və korrupsiyaya
qarşı daha ciddi və sistemli
mübarizə aparılması aidiyyəti dövlət
orqanlarının əsas vəzifəsi kimi
qarşıya qoyulub. Bu məsələlərin Prezident
Administrasiyasının rəhbəri Ramiz
Mehdiyevin sədrliyi ilə
Korrupsiyaya Qarşı
Mübarizə Komissiyasının
yanvarın 27-də keçirilmiş geniş iclasında da ətraflı müzakirə edildiyi barədə məlumat verən
nazir qeyd olunan məsələlərin həlli ilə
bağlı vergi orqanlarının üzərinə də
böyük məsuliyyət
düşdüyünü
vurğulayıb.
2011-ci ildə Vergilər
Nazirliyi qarşısında
qoyulmuş vəzifələrin həllini
təmin etmək istiqamətində aparılan işlər barədə
danışan cənab F.Məmmədov vergi
bazasının genişləndirilməsi
məqsədilə bütün təsərrüfat subyektlərinin
pasportlaşdırılacağını, vergilərin
vaxtında və tam həcmdə
ödənilməsinə nəzarətin
gücləndiriləcəyini, bu məqsədlə müasir
informasiya-kommunikasiya texnologiyalarından
daha geniş istifadə olunacağını, nağdsız
ödənişlərin stimullaşdırılması və nağd şəkildə ödəmələrin minimuma
endirilməsi ilə
bağlı vergi qanunvericiliyində
lazımi dəyişikliklər
aparılması məqsədilə müvafiq
təkliflərin hazırlanıb
yaxın vaxtlarda ölkə
başçısına təqdim
olunacağını bildirib. Vergi xidmətinin fəaliyyətində şəffaflığın
artırılması üçün son illər görülən
bəzi işlərə baxmayaraq, vergi əməkdaşları
tərəfindən yol verilən
kobud neqativ halların bütün vergi xidmətinin nüfuzuna xələl gətirdiyini bildirən
nazir, sistem daxili nəzarətin və şəxsi
heyətlə aparılan işlərin gücləndirilməsinin
vacibliyini qeyd edib.
F.Məmmədov bildirib ki, ayrı-ayrı vergi işçilərinin
qanunla müəyyən
edilmiş vəzifələrinə
uyğun olmayan hərəkətləri vergi
ödəyicilərinin haqlı
narazılığına və
vergi orqanlarına etimadsızlığına səbəb
olur. Bu, ilk növbədə səyyar vergi yoxlamaları və ya operativ nəzarət
tədbirləri aparılarkən Vergi Məcəlləsinin tələblərinin
pozulması və ayrı-ayrı hallarda korrupsiya və rüşvətxorluq
faktlarının olması ilə bağlıdır. Ötən
il vergi orqanlarının vəzifəli şəxslərinin
attestasiyasının keçirilməsinə, attestasiyanın
yekunlarına görə müasir tələblərə cavab
verməyən, habelə vətəndaş müraciətləri
və şikayətlər üzrə aparılmış
araşdırmalar nəticəsində neqativ
hallara yol vermiş vergi işçilərinin sistemdən kənarlaşdırılmasına
baxmayaraq, bu kimi hallara hələ
də rast gəlinməsi daha ciddi tədbirlər görülməsini tələb edir.
Vergi orqanlarında
vətəndaş müraciətlərinə
mahiyyəti üzrə
baxılması və
onların vaxtında və düzgün cavablandırılması məsələsi
üzərində dayanan
nazir vəziyyətin hərtərəfli araşdırılaraq
qısa müddət ərzində mövcud nöqsanların tamamilə
aradan qaldırılması
məqsədilə onun
əmri ilə xüsusi işçi qrupu yaradıldığını
və həmin qrupun verəcəyi təkliflər əsasında
vergi orqanlarında vətəndaşlardan daxil
olan ərizə və şikayətlərə
baxılması prosesinin
müasir texnologiyalardan
istifadə etməklə
daha da təkmilləşdiriləcəyini
bildirib.
Korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizədə qətiyyətlilik və ardıcıllıq
nümayiş etdirilməsinin vacibliyini struktur rəhbərlərinin nəzərinə çatdıran
F.Məmmədov Vergilər Nazirliyinin "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər
Planı"nın icrasının
bütün
parametrlər üzrə
təmin edilməsinin vergi orqanlarının rəhbərlərinin ən mühüm
vəzifələrindən
biri olduğunu vurğulayıb.
İclasın sonunda
F.Məmmədov 2011-ci ildə
büdcə daxilolmaları
üzrə proqnozların
icrasının təmin
olunması, korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi,
vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi
inzibatçılığının müasirləşdirilməsi, insan
resurslarının idarə
edilməsi sahəsində
şəffaflığın təmin olunması və vergi ödəyicilərinin
hüquqlarının qorunması
işlərinin daim nazirliyin bütün qurumlarının diqqət
mərkəzində saxlanılması
ilə bağlı müvafiq göstərişlər
verib.
Kollegiya iclasının yekununda
müzakirə edilən
məsələyə dair
müvafiq qərar qəbul edilib.
Ekspress.- 2011.- 5-7 fevral.-
S. 10.