"Azərbaycanın ənənəvi xalçaçılıq sənəti"

 

Azərbaycan xalçaları haqqında fayl, film sayt təqdim edildi

 

Fevralın 7-də Muzey Mərkəzində Azərbaycan xalça sənətinin "Azərbaycanın ənənəvi xalçaçılıq sənəti" adı ilə UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısına salınması ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan xalçası ilə bağlı hazırlanmış filmin nümayişi ilə başlayıb.

Sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ötən ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında müzakirə olunan çoxsaylı məsələlərlə yanaşı, Azərbaycanın təqdim etdiyi fayl da müzakirə edilib və Azərbaycan xalçasının müvafiq siyahıya daxil edilməsi ilə bağlı qərar qəbul edilib: "Bu qərar çoxdan arzulanan və geniş ictimaiyyət tərəfindən gözlənilən bir qərar idi. Düşünürəm ki, bu addım Azərbaycan xalçasının dünyəvi, bəşəri sənət olması haqqında bir bəyanatdır. Azərbaycan xalçasının təbliği və onun artıq UNESCO loqosu altında çıxış etməsi və təqdim olunması böyük imkanlar açır. Bütün ictimaiyyəti səsləyirəm ki, Azərbaycan xalçasını harada görsələr, o xalçanın hansı millətə məxsus olması ilə maraqlansınlar və dərhal bizi bundan xəbərdar etsinlər".

Çıxışlardan sonra Azərbaycan xalça sənətinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan xalçası ilə bağlı hazırlanmış namizədlik faylı, film və beş dildə olan sayt (www.carpet.intangble.az) təqdim edilib.

Tədbirdən sonra iştirakçıların Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunub.

  

 

AYXAN

 

Ekspress.-2011.- 8 fevral.- S.23.