Azərbaycanda
İran Kino Həftəsi açıldı
İranın Azərbaycandakı səfirliyinin
Mədəniyyət Mərkəzinin kino zalında İran Kino
Həftəsinin açılış mərasimi
keçirilib. APA-nın məlumatına görə, tədbirdə
çıxış edən İranın Azərbaycandakı
səfirliyinin Mədəniyyət Mərkəzinin sədri
İbrahim Nuri İran kinosunun nailiyyətlərindən
danışıb. O bildirib ki, il ərzində İranda
yüzdən artıq tammetrajlı filmlər və teleseriallar
çəkilir.
İranın
Azərbaycandakı səfiri
Məhəmmədbağır
Bəhrami isə
deyib ki, Hollivudda
çəkilən filmlər
bəşəriyyətin
zərərinədir:
"Hollivud müstəmləkəçilərin
fikir və ideyalarını
yayır, qeyri-əxlaqi
filmlər vasitəsilə
zorakılığı və
zülmü cəmiyyətlərə
təlqin edir.
Film vasitəsilə çirkini təmiz, təmizi isə
çirkin göstərmək olar. Amma İran və Azərbaycan
kinematoqrafçıları hər şeyi olduğu kimi
göstərir. Azərbaycan və İran filmləri həqiqətən
də təqdirəlayiqdir. Mənim də iştirak etdiyim
İran və Azərbaycan prezidentlərinin
görüşündə cənab İlham Əliyev iki
ölkənin gəncləri üçün müştərək
tarixi bir filmin çəkilməsinin zəruri olduğunu
bildirdi".
Mərasimdə
kinorejissor Ayaz Salayev
və digər
rejissorlar çıxış edib.
Açılış mərasimində rejissor Məcid Məcidinin
"Sərçələrin nəğməsi" filmi
nümayiş olunub.
Ekspress.- 2011.- 8 fevral.-
S. 14.