Beynəlxalq Simpozium ərəfəsində yekun konfrans

 

ABİ-də "Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə" mövzusunda II elmi-nəzəri konfrans keçirilib

 

II Beynəlxalq Muğam Festivalının simpoziumu ərəfəsində fevralın 7-də Bəstəkarlar İttifaqında "Şərqin muğam-məqam sistemləri müqayisəli təhlildə" mövzusunda II elmi-nəzəri konfrans keçirilib.

Tədbiri açan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə simpozium barədə məlumat verib. Bildirib ki, UNESCO ICTM qurumunun növbəti iclasını Bakıda keçirməyi təklif edib: "Biz bu təklifi məmnuniyyətlə qəbul etdik. Qərara gəldik ki, iclası simpozium şəklində festival çərçivəsində keçirək. Simpozium tək Azərbaycan muğamına yox, muğam-məqam mədəniyyətinə həsr olunmuş dünya alimlərinin yığıncağı şəklində olacaq".

İttifaq sədri qeyd edib ki, dünənki konfrans simpozium ərəfəsində baş tutan son tədbir olacaq. Burada dinləniləcək çıxışlardan yalnız 5 və ya 6-sı simpozium üçün seçiləcək. Simpoziumda isə müxtəlif ölkələrdən cəmi 20 məruzə dinləniləcək.

II elmi-nəzəri konfransda Cəmilə Həsənova, Sürəyya Ağayeva və Şamil Hacıyev, Elmira Pənahova, Nərgiz Şəfiyeva, Şəhla Həsənova və başqaları daxil olmaqla 15 musiqiçi məruzə ilə çıxış edib.

  

 

AYXAN

 

Ekspress. -2011.- 8 fevral.- S. 14.