Münhendə Qarabağ müzakirələri...

 

Klinton Məmmədyarov və Sərkisyanla ayrı-ayrılıqda bir araya gəldi

 

Xarici işlər naziri Elmar Məmmədyarovla Münhendə keçirilən 47-ci Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ-ın dövlət katibi Hillari Klinton arasında görüş keçirilib. XİN mətbuat xidmətindən "Ekspress"ə daxil olan məlumata görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsini ətraflı müzakirə ediblər.

Məmmədyarov münaqişənin həllinə dair Azərbaycan tərəfinin mövqeyini amerikalı həmkarına çatdırıb. Öz növbəsində, xanım Klinton məsələnin həllində irəliləyiş əldə edilməsi vaxtının çatdığını deyib Əfqanıstandakı antiterror əməliyyatlarına verdiyi töhfəyə görə, Azərbaycana ABŞ-ın minnətdarlığını bir daha çatdırıb.

Görüşdə tərəflər həmçinin ikitərəfli, regional, enerji məsələləri, Yaxın Şərqdə gedən proseslər digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, xanım Klinton Münhen konfransı çərçivəsində Ermənistan prezidenti Serj Sərkisyanla da bir araya gəlib.

Tərəflər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Ermənistan prezidenti ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin regionda sülh təhlükəsizliyin saxlanılması işində fəal rolunu qeyd edib. Görüşdə həmçinin Ermənistan-Türkiyə münasibətlərinə toxunulub.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, hər il Münhendə keçirilən yüksəksəviyyəli təhlükəsizlik toplantısı bir çox səbəbdən diqqəti cəlb edir: "Münhenə prezidentlər xarici işlər nazirləri təşrif buyursalar da, toplantı qeyri-rəsmi xarakter daşıyır. Bu, dövlət rəsmilərinə imkan verir ki, düşündüklərini açıq dilə gətirsinlər. Yəni diplomatik tərzdə ifadə edilən fikirlər Münhendə anlaşılan dillə ifadə edilir. 47-ci Münhen konfransı Yaxın Şərqdə, Tunis Misirdə baş verən hadisələrə təsadüf etdi Qərb rəsmiləri bu mövzu barədə açıq danışmaq imkanına malik oldular. Münhendə İran mövzusu da diqqət mərkəzində idi. İrana növbəti dəfə mesaj göndərildi ki, nüvə çalışmalarından əl çəkməzsə, sanksiyalar sərtləşəcək".

Şahinoğlu deyir ki, təəssüf ki, Dağlıq Qarabağ Münhendə arxa planda qaldı: "Doğrudur, müəyyən görüşlərdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparıldı, ancaq yeni bir açıqlama eşitmədik. Bunu bir tərəfdən anlamaq da olar. Bütün sözlər deyilib tərəflərin mövqeyi dəyişməyib. Odur ki, yeni fikir deyilməyəcəksə, imitasiya naminə görüşməyə ehtiyac var?"

Klintonla Sərkisyanın Münhendəki görüşünü şərh edən politoloq Ərəstun Oruclu isə hesab edir ki, Birləşmiş Ştatlar regionda sabitliyi təmin etmək üçün Ermənistanın Madrid prinsipləri ilə razılaşmasına çalışır. Politoloq ANS-ə açıqlamasında bu görüşü müəyyən mənada Sərkisyana təzyiq kimi qiymətləndirib. Çünki Misir hadisələrindən sonra regionda Türkiyənin rolu artır. Elə buna görə Birləşmiş Ştatlar regionda sabitliyi təmin etmək üçün İrəvanın Madrid prinsipləri ilə razılaşmasına çalışır. "Bildiyiniz kimi, Ermənistan Madrid prinsiplərini birmənalı şəkildə sabotaj edir, qəbul etmir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Türkiyə-Ermənistan sərhədlərinin açılması kontekstində müzakirə olunduğunu nəzərə alsaq, belə başa düşmək olar ki, ABŞ siyasəti bölgədəki maraqları təmin etmək naminə bu gün rolu artan Türkiyənin həmin o məsələni, yəni, sərhədlərin açılmasını Dağlıq Qarabağ münaqişəsinin həlliylə əlaqələndirməsini de fakto qəbul etmiş olur. Bu halda ABŞ xarici siyasətinin Ermənistanı sadəcə olaraq münaqişənin həllinə dair Madrid prinsiplərini qəbul etməyə sövq etdirməsi qənaətinə gəlmək olar", - deyə ekspert bildirib.

Yeri gəlmişkən, dünən 47-ci Münhen konfransı işini başa çatdırıb.

  

 

Bəkir Nərimanoğlu

 

Ekspress.- 2011.-8 fevral.- S.9.