Uşaqların internet təhlükəsizliyi

 

"İnternetdən düzgün istifadə etməmək uşaqların sağlamlığına da mənfi təsir edən amillərdəndir"

 

Dünən Təhlükəsiz İnternet günü idi. Bu gün 2004-cü ildən etibarən fevral ayının ilk çərşənbə axşamı qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd isə dünya üzrə uşaq və yeniyetmələr arasında onlayın-texnologiyalardan daha təhlükəsiz məsuliyyətlə istifadə etməsini təbliğ etməkdən ibarətdir. Maraqlıdır, Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Uşaqların internet təhlükəsizliyi təmin edilirmi?

 

   İnternetsiz   mümkün deyil...

 

   Rabitə Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişaf Şöbəsinin müdiri İsfəndiyar Əliyev deyir ki, internet bu gün həyatımızın bir parçası olduğundan, həyatımızı onsuz təsəvvür etmək olmur. Bununla belə, ounun sözlərinə görə, təhlükəsizlik məsələsinə, xüsusən uşaqların təhlükəsiz nöqteyi nəzərdən internet istifadəsinə diqqət ayrılmalıdır: "Uşağın internetin qarşısında uzun müddət qalması həm tibbi nöqteyi nəzərdən, həm də zərərli kontentlərin çox olması səbəbindən uşaqlara təsirsiz ötüşmür. Xüsusən də, sosial şəbəkələrin geniş yayılması, psixoloji təsir edən oyunların olması, müxtəlif cərəyanlara cəlb etmələr və digər zərərli kontentlərin olması səbəbindən uşaqların bu sahədə maarifləndirilməsinə çox böyük ehtiyac var. İnternetdə yerləşdirilən hər bir informasiyaya diqqətlə yanaşılmalıdır. Başa düşülməlidir ki, bu informasiyalardan uşaqlara qarşı istifadə oluna bilər".

   Müsahibim deyir ki, uşaqlar internetdə maraqlı informasiyalarla yanaşı zərərli məlumatların və saytların olduğunu da bilməlidirlər. İ.Əliyevin dediyinə görə, dövlət orqanlarında, təhsil müəssisələri, şirkətlər, xüsusi proqramların köməyi ilə zərərli kontentlərə çıxışının qarşısını alıblar.

   İnternet klublarda vəziyyətin o qədər də ürəkaçan olmadığını etiraf edən həmsöhbətim hesab edir ki, bu, müvəqqəti xarakter daşıyır və tədricən onun da qarşısı alına bilər: "Son 10 il ərzində dünya gəncləri arasında 2-3 saat az yatmaları müəyyən olunub. Bunun hamısının səbəbkarı isə internetdir. İnternetdən düzgün istifadə etməmək uşaqların sağlamlığına da mənfi təsir edən amillərdəndir".

 

   "Təhsil şəbəkəsinə   qoşulan məktəblərə   nəzarət edə bilirik..."

 

   Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi, Elektron və Veb Məzmunun İnkişafı Şöbəsinin müdiri Ayaz Abuşovun sözlərinə görəsə nazirliyin təhsil sisteminin informasiyalaşdırılması idarəsi 2008-ci ildən etibarən uşaqların internet təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra işlər görülüb. İdarənin nəzdində məlumat və resurs mərkəzinin yaradıldığını deyən müsahibim burada Azərbaycan Təhsil Şəbəkəsinə və İnternetə "giriş və çıxış nöqtəsi" olmaqla yanaşı, həmçinin təhsilə aid informasiya resurslarının da toplanıldığını bildirib: "Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat və rezervli çalışması üçün hər cür texniki imkan yaradılıb. Onu da deyim ki, bu avadanlıqlar vasitəsilə xüsusi filtrasiya sistemi məktəblərə verilən internetin zərərli informasiyalardan təmizlənməsi kimi mühüm vəzifəni həyata keçirir. Məlumat və Resurs Mərkəzində yerləşdirilən veb-filtrasiya sisteminin köməyi ilə zərərli veb məzmunlar süzgəclənir, SPAM-ın qarşısı alınır, təhsil sistemi çərçivəsində veb-saytlar 30-a yaxın "websense" kateqoriyası üzrə filtrasiyadan keçirilir. Təhsil şəbəkəsinin davamlı monitorinqi və təhlükələrdən qorunma sistemi yaradılıb".

   A.Abuşov nazirliyin tərkibində xüsusi şuranın da yaradıldığını deyərək, bildirib ki, bu qurum 30 zərərli məzmundan ibarətdir. Və həmin o zərərli məzmunlar internetə süzgəclənir, girişləri qadağan olunur: "Hələ ki, minə yaxın məktəb təhsil şəbəkəsinə qoşulub. Və bütün barəsində bəhs etdiklərimiz ancaq təhsil şəbəkəsinə qoşulan məktəblərə aiddir. Təhsil Nazirliyinin həyata keçirdiyi iş bir növ zərərli məzmunun süzgəcləməklə yanaşı, uşaqların dərs prosesinə cəlb edilməsi üçün elektron resursların yaradılması sahəsində də işlər görür".

   Məktəblilərin mobil telefonlardan da, internetdən də istifadə etməsinə gəlincə isə, şöbə müdiri deyir ki, bu məsələ məktəblərin öz daxili qaydaları ilə tənzimlənməlidir.

 

   "Uşaqlar sərxoş kimi olurlar..."

 

   Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəni də bu durum narahat edir. Onun sözlərinə görə, uşaqların internet təhlükəsizliyini təmin etmək üçün ilk növbədə monitorinqlər aparılmalıdır: "İlk növbədə internet klubların monitorinqi olmalıdır. Bu gün internet klublara üz tutanlar əsasən azyaşlılardır. Biz bu sahədə araşdırmalar aparmışıq. İnternet kluba daxil olanda orada pornosaytlara girişin qadağan olduğunu yazıb yapışdırıblar. Amma bu qadağalara əməl olunmur".

   Müsahibim deyir ki, uşaqların internet təhlükəsizliyini təmin etmək üçün valideyn öz hüququnu yaxşı bilməlidir: "Valideyn uşağına ən bahalı telefonu alıb verəndə, düşünməlidir ki, bu uşaq çox funksiyası olan telefona istədiyi materialı internetdən köçürə bilər. Bu gün 1-ci sinif şagirdindən tutmuş 11-ci sinif şagirdinə qədər hamıda blutuzlu telefonlardır".

   K.Ağazadənin sözlərinə görə, uşaqların pornosaytlara meylli olmalarına səbəb belə saytlara nəzarətin zəif olmamasından irəli gəlir. Onun fikrincə, belə saytlara qəti qadağan qoyulmalıdır: "Çünki o saytlarda pedafillərin də maraqları olur. Onlar öz maraqları üçün müraciətlər edirlər, azyaşlı istədiklərini bildirirlər. Uşaqlar bunun nə dərəcədə təhlükəli olduğunu bilmir və onda buna maraq oyanır. Onun üçün maraqlı olur ki, görəsən niyə bu yaşda uşaq axtarırlar. Belə maraq həmin adama cavab yazmaqla nəticələnir. Cavabın sonunda nələrin olduğunu isə biz bilmirik. Ona görə internet klublara, evdə və məktəbdə nəzarət olmalıdı".

   Müsahibim deyir ki, internet klublarla bağlı xoşagəlməz faktlar aşkarlayıb, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib: "Bunun da nəticəsi kimi, internet klublarda bu pornosaytlara qadağalar qoyuldu. Amma görünən odur ki, yenə belə saytlardan istifadə edilir".

   K.Ağazadənin sözlərinə görə, bu gün ölkədə uşaqlar üçün saytların demək olar ki, olmaması onları zərərli saytlara meylləndirir. "Azyaşlıların bu gün pornosaytlardan istifadə etməsi, çatlaşması, psixoloji təsir edən oyunlardan istifadəsi həmin uşaqda sərxoş adama xas olan xüsusiyyətlər müşahidə olunur. Uzun müddət internetdən zərərli saytlardan istifadə edən uşaq ayaq üstə güclə durur, sanki içkilidi".

 

   "Uşaqların psixoseksual inkişafı pozula bilər..."

 

   İnternet təhlükəsizliyi təmin edilməyən azyaşlıların psixoloji vəziyyəti barədə danışan psixoloq Lələ Həmidovanın sözlərinə görəsə, uşaq aqressiya dolu oyunlar oynadıqda onlarda aqressivlik artır və uşaqlarda bu vəziyyət uzun müddət davam edir: "Əgər uşaq uzun müddət aqressiya dolu oyunlar oynayar, filimlər izləyərsə bu, onun xarakterinə də təsir edir. Məsələn, elə oyunlar var ki, uşaqlar bu oyunlarda insanları öldürürlər. Hətta onlar bu halı normal bir vəziyyət kimi qəbul edirlər. Bu uşaqda zorakılığa meyllilik yaradır".

   Pornosaytlara gəlincəsə, psixoloqa görə, insan həyatı boyu bir neçə psixoseksual inkişaf mərhələsi keçir. Və pornofilimlərə və ya bu saytlarda yaşına uyğun olmayan şəkillərə baxmaq uşağın psixoseksual inkişafını poza bilər: "Uşaqlarda vaxtından tez fallik mərhələyə çatma özünü göstərə bilər. Bu mərhələ uşağın öz cinsini tanıması mərhələsidir. Bu mərhələdə əgər uşağa kənar mənfi təsirlər olarsa, uşaqda vaxtından tez cinsi tələbatının ödənilməsinə meyl yaranacaq. Başqa sözlə, psixoseksual inkişafın pozulması uşaqlarda uşaq nevrozunun yaranması ilə nəticələnə bilər".

   Psixoloq deyir ki, valideynlər uşaqlarına nəzarət etməli və gün ərzində 1 saatdan çox kompüter arxasında əyləşməyə icazə verməməlidirlər. Əks təqdirdə uşaqlarda internetdən asılılıq da formalaşa bilər: "Telefon vasitəsilə internetdən istifadə edən, telefon asılılığı olan uşaqlarda isə əsasən diqqətin zəifləməsi və yaddaşın zəifləməsinə gətirib çıxarır. İnternetdən asılılığı olan uşaqlar müəyyən vaxtdan sonra öz yaşıdları ilə ünsiyyətdən qaçırlar. Özlərinə qapanırlar. Buna də psixoloji autizm deyilir. Bu uşaqlarda real təmas, real münasibətlərdə uğursuzluq özünü göstərir".

  

 

Aytən NƏBİYEVA

 

Ekspress.-2011.-9 fevral.- S.13.