Bakıda xəttatlıq sərgisi

 

Bakıda Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda iranlı xəttatların əl işləri sərgilənib. Sərgidə 50-yə yaxın xəttatlıq nümunəsi, ümumilikdə 150-yə yaxın əl işi nümayiş etdirilib.

Sərgidə miniatür ağac üzərində oyma sənəti nümunələri təqdim edilib. Əl işlərində İranın tarixi müasir incəsənəti öz əksini tapıb.

Müqəddəs Qurani Kərimi nəqşə çəkən xəttatların miniüatür ağac üzərində oyma işləri sərgiyə gələnlərin marağına səbəb olub.

Ağac üzərində oyma ustası Pərviz Əbadi sərginin İranın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edildiyini bildirib: "Qurani-Kərimin 96-cı "əl-Ələq", yəni "laxtalanmış qan" surəsində deyilir: "Yaradan Rəbbinin adı ilə oxu! İnsanı bir qan laxtasından yaratdıq! Rəbbin sonsuz kərəm sahibidir. Qələmlə yazmağı öyrədəndir. İnsana bilmədiklərini öyrədəndir".

Müqəddəs kitabın qələm yazının əhəmiyyətini vurğulayan "Qələm" adlı bir surəsi var. Bu etibarla qələm və yazı tarix boyu müsəlman cəmiyyətlərdə müqəddəs sayılıb. İslam tarixində əhəmiyyətli yerə malik olan xəttatlıq sənəti bir çox yerli və əcnəbi rəssamın marağına səbəb olub. Xəttatlıq, İslam aləmi tərəfindən mənimsənib istifadə edilən, müsəlmanların əlində həqiqi bir sənət vəsfi qazanmış, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn yazı sənətidir. Xəttatlıq sənəti müsəlman ölkələri arasında daha çox İranda geniş yayılıb inkişaf edib".

Sərgi fevralın 10-dək davam edəcək.

  

 

AYXAN

 

Ekspress.- 2011.-10 fevral.- S.14.