Sənubər İsgəndərli:

 

"Görünüşü imkan verirsə, aktrisa gənc obraz yarada bilər"

 

Bu günlərdə Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov saytlardan birinə müsahibəsində teatrın yaşlı aktrisalarının ondan gənc rollar tələb etmələrindən şikayətlənib. Teatrın aparıcı aktrisalarından əməkdar artist Sənubər İsgəndərli direktorun bu gileyi ilə həm razıdır, həm də razı deyil...

- Sənubər xanım, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov şikayətlənir ki, yaşı 50-ni ötmüş aktrisalar 18 yaşlı qız obrazları istəyirlər. Siz də o aktrisaların içindəsinizmi?

- İsrafil müəllimin niyə belə dediyini mən bilirəm. Mənə elə gəlir ki, İsrafil müəllim də razı olar ki, əgər aktrisanın xarici görünüşü imkan verirsə, gənc rolları oynaya bilər. Amma bu o demək deyil ki, 50 yaşda "Cülyetta" oynamalısan. Digər tərəfdən, İsrafil müəllim o müsahibədə konkret olaraq 50 yaşında cavan qız rolunu oynamaq istəyən aktrisanın adını çəkib. Kinodan fərqli olaraq, teatrda bu mümkündür. Ona qalsa, mən "Hamlet"də "Gertruda"nı oynayırdım. 27 yaşında qoca nənəni oynamışam. Teatrda yaş şərti götürülür. "Brüsseldən məktublar"da Nurəddin Mehdixanlı ilə mən özümüzdən qat-qat gənc obrazları oynayırdıq...

- Bu günlərdə şiddətli töhmət almısınız...

- Xeyr, işə getmədiyimə görə, şiddətli töhmət yox, xəbərdarlıq almışam. Sizə bu xəbəri nə tez çatdırıblar. Teatra giriş kartladır, işə gəlib-getməyimiz o kartla tənzim olunur. Ondan bir gün qabaq həmin aparat işləmirdi, elə bildim ki, təmir olunmayıb, səhlənkarlıq edib getmədim. Lakin bugünkü reallıqda mən yaradıcı insanların kartla çərçivəyə salınmasına qarşıyam. Əgər doğrudan da İsrafil müəllimin dediyi islahatlar olacaqsa, belə çıxır ki, aktyor yüksək məbləğdə maaş alacaq. Belə olan təqdirdə, məncə, Akademik Milli Dram Teatrının aktyoru nə televiziya verilişlərinə, nə də dublyaja gedər. Pul dalınca qaçmayıb, oturub sırf teatrdakı işi ilə məşğul olacaq. Amma maaşlar hələ də çox aşağıdır. Sovet dövründə də aktyor teatrdakı işini bitirəndən sonra dublyaja da gedib, televiziya tamaşalarına da çəkilib, başqa işlərə də gedib. Burada, məncə, elə bir kriminal yoxdur. Son 10 ildə teatrda elə hərcmərclik vardı ki, indi nizam-intizam yaradılan kimi hamıya qəribə gəlir.

- Belə söhbətlər də dolaşır ki, İsrafil müəllimin sizə xəbərdarlıq etməsi gözdən pərdə asmaqdır. Deyilənə görə, İsrafil müəllim teatra direktor gələndən, aktrisaların arasından ən çox sizə xoş münasibət göstərir, hətta bir-iki dəfə sizi işdən evə də ötürüb. Bunlar nə dərəcə doğrudur?

- ... (gülür) Maşallah, bizim teatrın aktyorlarının fantaziyaları çox güclüdür. Həyatım boyu mən işə özüm gedib-gəlmişəm, ya da sürücüm aparıb-gətirib. İkincisi də, bu münasibətlər şişirdilib. İsrafil müəllimlə teatra direktor təyin olunandan bəri cəmi bircə dəfə görüşmüşəm, söhbətləşmişik. Ona qədər İsrafil müəllimi ümumiyyətlə tanımırdım da.

- Yeri gəlmişkən, siz bu teatrda neçə direktorla işləmisiniz?

- Məni teatra rəhmətlik Həsənağa Turabov qəbul edib. Ondan sonra rəhmətlik Əlabbas Qədirov, sonra Maqbet Bünyadov, indi də İsrafil müəllimlə işləyirəm...

- Hər direktor kollektivə müəyyən vədlər verir. İsrafil müəllimin verdiyi vədlər Azərbaycan reallığında həyata keçəcəkmi?

- Əvvəla, İsrafil müəllim bu vədləri özbaşına vermir. Teatrın 10 illik inkişaf Proqramı barədə prezidentin sərəncamı var. Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi bu islahatlara yaxından dəstək verir. İsrafil müəllim, sadəcə, bu islahatlar barədə məlumat verir. Son illərədək mən bu qədər həvəsli olmamışam. Ona görə də Allahdan özümə ömür arzulayıram ki, bu islahatları görmək mənə nəsib olsun, arzu etdiyim bir teatrda çalışım.

- Sənubər xanım, belə gənc və gözəl qalmağı necə bacarırsınız?

- Əgər belə düşünürsünüzsə, təşəkkür edirəm. Sadəcə olaraq hər qadın özünə baxmalıdır. Hətta evdə olanda belə, özümə sığal verməyi xoşlayıram. Bu mənim adi həyat normamdır. Bundan başqa, mütəmadi olaraq idmanla məşğul oluram.

- Nənəliyə adaptasiya olmusunuzmu?

- Yox, nənəliyə hələ öyrəşə bilmirəm...

 

 

AYXAN

 

Ekspress.-2011.-11 fevral.-S.23.