İlhamə Quliyeva: "Eurovision"da ifa edəcəyimiz mahnı ana dilimizdə olmalıdır"

 

"Eurovision" Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək hər hansı bir iştirakçının əcnəbi dildə mahnı ifa etməsinin əleyhinəyəm", -bu sözləri dünən "ANS TV"-nin "Günəbaxan" proqramının qonağı olan xalq artisti İlhamə Quliyeva canlı efirdə səsləndirib.

""Eurovision"un səhnəsində, yəni, Avropada onlara tanış olan xarici dillərlə, əcnəbi mahnılarla tamaşaçıları təəccübləndirmək olmaz. Bir daha deyirəm, əgər Azərbaycanımızı təmsil ediriksə, ifa edəcəyimiz mahnı da ana dilimizdə olmalıdır, öz musiqimiz olmalıdır. Qoy, Avropa xalqları bizim dilimizi eşitsinlər, tanış olsunlar!", -deyə xalq artisti qeyd edib.

Müğənni "Eurovision"un milli seçimlərinin finalçıları arasında heç bir fərq qoymadığını da vurğulayıb: "Beşi də mənim üçün favoritdir. Hər birinin xeyir-duasının verirəm. Heç birini o birindən ayırmaq istəmirəm. Hər birinə uğurlar arzulayıram. İstədiyim bircə budur ki, Azərbaycanımızı layiqli iştirakçı təmsil etsin!"

 

 

AYXAN

 

Ekspress.- 2011.- 12-14 fevral.- S. 20.