Kinorejissor Cəmil Quliyev

 

"Mədəniyyət TV"nin baş direktoru oldu

 

Tanınmış kinorejissor, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev "Mədəniyyət" kanalının baş direktoru təyin olunub. Azərbaycan TeleviziyaRadio Verilişləri (AzTV) QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımlı bildirib ki, "Mədəniyyət" kanalı fevralın 14-də II Beynəlxalq Muğam Müsabiqəsinin açılış mərasimi ilə efirə çıxacaq. Açılış mərasimi saat 20.30-a nəzərdə tutulub. Muğam müsabiqəsinin açılışı eyni zamanda AzTV-dən birbaşa yayımlanacaq.

Cəmil Quliyev 1963-cü ildə Bakı şəhərində anadan olub. Professor Elşad Quliyevin oğludur. Moskvada Ümumittifaq Kinematoqrafya İnstitutunu bitirib. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, "Mozalan" satirik jurnalının bədii süjetlərinin müəllifidir. Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir.

"Mədəniyyət" kanalı ilə bağlı tender 2010-cu il avqustun 4-dən başlayıb. Müsabiqənin yeganə iştirakçısı olan AzTV tenderin qalibi elan edilib.

Uzun müddət AzTV-də çalışan Fuad Vəlixanov televiziyaya proqram direktoru təyin olunub. AzTV-də maarifçilik redaksiyasına rəhbərlik edən İlham Rəhimli həmin istiqamət üzrə direktor müavini, AzTV-nin musiqi redaksiyasınını baş redaktoru Nadir Axundov da həmin istiqamət üzrə digər müavin təyin edilib.

"Mədəniyyət" kanalının yeni baş direktoru Cəmil Quliyev "Media forum" saytına açıqlamasında Azərbaycanda "Mədəniyyət" kanalının açılmasına dövlət dəstəyinin verilməsini təqdir etdiyini deyib: "İlk növbədə dövlət başçısı, möhtərəm prezident İlham Əliyevə öz minnətdarlığımı bildirirəm ki, Azərbaycanda "Mədəniyyət" kanalının yaradılmasına dəstək verib. Ümid edirəm ki, "Mədəniyyət" kanalı Azərbaycanın mədəniyyətini, incəsənətini geniş təbliğ edəcək. Azərbaycan mədəniyyətinin təbliğində, onun inkişafında bu televiziyanın böyük rolu olacaq".

Cəmil Quliyev Dövlət Film Fondunun direktoru vəzifəsində qalıb-qalmayacağı barədə suala cavab olaraq deyib ki, bunu zaman göstərər: "Bu haqda heç deyə bilmərəm. "Mədəniyyət" kanalının baş direktoru təyin olunmağımla bağlı xəbər mənə bir qədər əvvəl verilib. O səbəbdən Dövlət Film Fondundakı vəzifəmlə bağlı indi nəsə demək çox çətindir".

Baş direktor qeyd edib ki, "Mədəniyyət" kanalı Azərbaycan mədəniyyətinin bütün sahələrini əhatə etməlidir: "Geniş şəkildə, həm maraqlı, rəngarəng verilişlər olmalıdır. Biz burada incəsənətin bütün növlərinin təbliğatını həyata keçirməliyik. Mədəniyyətimizin yayımının əhatə dairəsinin genişlənməsində bu kanal xüsusi rol oynamalıdır. Təbii ki, "Mədəniyyət" kanalında dünya mədəniyyətinin təbliğinə yer verilməlidir".

"Mədəniyyət" kanalına hansı peşəkarların dəvət ediləcəyi barədə danışmağın hazırda tez olduğunu deyən Cəmil Quliyev hələ bir çox digər məsələnin dəqiqləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb: "Birinci növbədə "Mədəniyyət" kanalı yaradıcı insanların televiziyası olacaq. Bura görkəmli professional adamlar dəvət ediləcəklər. Təbii ki, çalışacağıq bizim kanal baxımlı olsun, maraqlı olsun tamaşaçıların rəğbətini qazansın".

 

 

Ekspress.- 2011.- 12-14 fevral.- S.18.