Bəsti
Cəfərova: "Hələ qüvvəm yerindədir"
Bir neçə
gün əvvəl Akademik Milli Dram Teatrının direktoru
İsrafil İsrafilov "Lent.az" saytına müsahibəsində
xalq artisti Bəsti Cəfərovanın ondan gənc qız
rolu istəməsindən şikayətlənib. Biz də Bəsti xanımın bu məsələyə
münasibətini öyrəndik. Üstəlik,
fürsət düşmüşkən, teatrla bağlı bəzi
məqamlara da aydınlıq gətirməyə
çalışdıq.
"Sənubər aktrisa deyil..."
- Bəsti xanım, Akademik Miilli
Dram Teatrında aparılan islahatlara münasibətiniz
maraqlıdı. Ümumiyyətlə, bu
teatrın hamının arzuladığı teatra çevriləcəyinə
inanırsınızmı?
- Əgər bir kəlmə
ilə cavab verməyimi istəyirsinizsə, deyərdim ki,
bilmirəm. Bəli, Akademik Milli Dram
Teatrında Avropa standartlarına uyğun əsaslı təmir
işləri aparıldı. Biz
hamımız bunu gözləyirdik. Sonra
teatrın kollektivi işdən çıxarıldı və
yeni kollektivin formalaşması üçün müsabiqə
elan edildi. Lakin teatrın rəhbərliyi
bu müsabiqəyə getmədi, bütün kollektiv yerində
qaldı. Sadəcə olaraq bundan sonra
rejissorları ştatdan kənarlaşdırdılar. Sözün düzü, bundan başqa hansı
islahat oldu, bunu mən görmədim. Əvvəl
dedilər ki, rolları olan aktyorlar qalacaq, artıq adamlar
teatrdan uzaqlaşdırılacaq. Nəyə
görəsə son məqamda belə qərara gəldilər
ki, teatrın aktyor truppası güclüdür. Mədəniyyət
və turizm nazirinin müavini, hörmətli Ədalət Vəliyev
də dedi ki, teatrı inkişafa doğru bu aktyorlarla da aparmaq
olar. Bizimlə birillik müqavilə
bağlanıldı, bu ayın əvvəlindən də
işə çıxmışıq.
- Teatrın
direktoru İsrafil İsrafilov müsahibələrindən
birində deyib ki, əgər
müsabiqə keçirilsəydi,
teatrın indiki
truppasından bircə
nəfər
də qalmayacaqdı. Sizcə, "Azdrama"nın indiki heyəti o teatra
layiq deyil?
- İsrafil müəllimin
şəxsi fikirlərinə hörmətlə
yanaşıram. Mən onu məcbur edə
bilmərəm ki, "belə fikirləşmə, biz
çox yaxşıyıq". Teatrın
indiki kollektivində mən də təmsil olunuram. Sizcə,
öz qatığına kim turş deyər?
Mən özüm 33 ildir bu teatrda
çalışıram. Bu illər ərzində
oynadığım tamaşalar barədə də cəmiyyətdə
kifayət qədər məlumat var. Tam əminliklə deyirəm
ki, o tamaşaları pis oynamamışam. Mən 28
yaşında əməkdar artist adına
layiq görülmüşəm. 38 yaşımda isə mərhum
ümummilli liderimiz Heydər Əliyev məni xalq artisti fəxri
adına layiq görüb. Hamı
da gözəl bilir ki, bunlara görə mənim
üçün kiməsə heç kəs zəng
vurmayıb. Bütün bunları mən
öz istedadımla, sənətimdəki ciddiyyətimlə əldə
etmişəm. Əgər İsrafil müəllimin
dediyi kimi, teatrda qalmağa layiq deyildimsə, bizə bu
mükafatları nə üçün veriblər? Mən 1978-ci ildə indiki Mədəniyyət və
İncəsənət Universitetinin aktyorluq fakültəsinin
3-cü kursunda oxuyanda, teatra qəbul olunmuşam. 80-ci illərin əvvəllərindən indiki Heydər
Əliyev Sarayında keçirilən yubiley tədbirlərinin
aparıcısı mən olmuşam. Bu, 5
dəqiqəlik şeir demək deyildi. O tədbirlərdə
o dövrdə ölkə rəhbərliyi də iştirak
edirdi. Əgər yaxşı olmasaydıq, bizi ora
çağırmazdılar ki! Bəlkə də fikirləşirlər
ki, yaşlanmışıq... Əvvəla, biz
o qədər də yaşlı deyilik. Şükürlər
olsun, hələ ki, formamızı saxlamışıq...
- Amma İsrafil müəllim deyir
ki, Bəsti Cəfərovanın 52 yaşı var, 18
yaşlı qız rolu istəyir...
- İsrafil müəllimin
bu sözləri həqiqətən məndə
çaşqınlıq yaratdı. Əvvəla, mən
yaşımı heç vaxt gizlətmirəm, ona görə
də İsrafil müəllimin nəzərinə
çatdırıram ki, 52 yaşıma hələ 6 ay var. İsrafil
müəllim teatra rəhbər gəlməmişdən əvvəl-
2003-cü ildə mən Hüseyn Cavidin "Afət"
tamaşasında "Afət"i oynamışam. "Afət" ortayaşlı qadındır.
2006-cı ildə Otar İoselianinin "Kaş
araba aşmayaydı" tamaşasında "Çexari"
rolunu oynamışam ki, böyük oğlumu Telman Əliyev
oynayırdı. Teatr təmirə bağlanmazdan əvvəl
mənim sonuncu oynadığım "Müsyö Jordan və
Dərviş Məstəli şah" tamaşasında
"Şəhrəbanu xanım" idi. Yəni,
son illər mənim oynadığım rollar ortayaşlı
qadın obrazları olub. Bundan başqa,
hörmətli İsrafil müəllim mənə Bertold Brextin
"Kuraj ana və onun övladları", Çingiz
Aytmatovun "Ana tarlası", Fridrix Düremartın
"Yaşlı xanımların ziyarəti" əsərlərini
oxumağa verib. Bu əsərlərdə mənə
təklif olunan obrazların heç biri 18 yaşında deyil.
- Həmkarınız Sənubər
İsgəndərli də deyir ki, aktrisa özünü elə
saxlamalıdır ki, 50 yaşda da 18 yaşlı qız
obrazını yaratsın...
- Sənubər xanımın nə
deməsi məni maraqlandırmır. Özümü
ifrat dərəcədə arıqlatmaq fikrində də deyiləm.
Çünki hər yaşın öz gözəlliyi,
öz bədən quruluşu var. Uzun illər öz görkəmimi
qorumuşam. Ola bilsin, son illər bir balaca
çəkim artıb, bu da onunla bağlıdır ki,
neçə ildir yeni tamaşa oynamırıq. 50
yaşında 18 yaşlı qız rolunu oynamaq məsələsinə
gəldikdə isə, istəyir bunu Sənubər yox,
başqası desin, çox gülməlidir. Əvvəla,
Sənubər aktrisa deyil, mədəni-maarif fakültəsini
qurtarıb. Nə yaxşı ki,
Hüseynağa Atakişiyev Gənclər Teatrını
yaradıb qeyri-peşəkarları ora yığdı, o da
indi özünü peşəkar aktrisa sayır. Onun sözü mənim üçün elə də
əhəmiyyətli deyil. Mən 18
yaşlı qızı ona görə istəmirəm ki, o
yaşın psixologiyasını çoxdan yaşayıb,
ondan doymuşam. 50 yaşda cavan rolu oynamaq
arzusunda olan aktrisanın ağlına şübhə edərəm.
İnsan yaşadığı psixologiyanı təzədən
oynayanda, gülünc görünür.
"Məgər 52 yaş dünyanın
axırıdır?!"
- Mirzə Fətəli Axundovun
"Lənkəran xanının vəziri"
tamaşasında sizə təklif olunan "Pəri
xanım" rolundan imtina etmisiniz?
- Roldan yaşa görə deyil, sadəcə,
məni qane etmədiyi üçün imtina etmişəm. Mən balaca rol oynamaq istəmirəm.
- Eşitdiyimə görə, o
rolu Əminə Babayevaya veriblər. Deyilənə
görə, Əminə Babayeva uzun illərdən sonra məhz
sizin yaxından köməyiniz nəticəsində Akademik
Milli Dram Teatrına götürülsə də, aranız
soyuqdur. Məhz buna görə sizin
acığınıza o rol Əminə Babayevaya verilib...
- Sözün düzü, Əminə
Babayeva heç yerdə demir ki, mən onu teatra gətirmişəm.
Özüm də bu barədə heç yerdə
deməmişəm. Heç fikirləşmirəm
də ki, məhz buna görə "Pəri xanım"
rolunu Əminə Babayevaya veriblər. Əminə
Babayevanı nə Həsənağa Turabov, nə də Əlabbas
Qədirov teatra yaxın buraxmırdı, mən olmasaydım,
onu götürməyəcəkdilər. Əslində,
o rolu gərək əvvəlcədən Əminə
Babayevaya verəydilər, çünki onun
üçündür. İnanmıram ki, İsrafil
müəllim o sözü mənə düşmənçilik
bəslədiyinə görə desin. İnsandır
da, hansısa emosional vəziyyətdə deyib, jurnalist də
götürüb yazıb. Məgər 52
yaş dünyanın axırıdır?! Mənim
hələ qüvvəm yerindədir, səhnə
görünüşüm də normaldır, formamı da
saxlayıram. Mən güman etmirəm ki,
mənim əleyhimə İsrafil müəllim kampaniya
aparır.
- Eşitdiyimə
görə, Mərahim
Fərzəlibəyov
İlyas Əfəndiyevin
"Hökmdar və
qızı" tamaşasını
yeni quruluşda
hazırlayır. Amma
sizi tamaşadan
çıxarıb...
- Mən
bu tamaşadan
uzaqlaşdırılmamışam. Bu
əsər 15 il əvvəl səhnəyə qoyulub. 14 il bu
tamaşada əsas rolu mən oynamışam. Artıq bu rolu gənclərin
ixtiyarına verirəm. Son tamaşalarda mən ətrafımda
kütləvi səhnəyə çıxan qızların
yanında yaşlı göründüyümü hiss edirdim.
Görürdüm ki, artıq roldan əl çəkməyin
vaxtıdır. "Hökmdar və qızı" gözəl
əsər olduğuna görə repertuarda saxlamaq istəyirlər.
- Sizin rolu Məsmə Ağaverdiyevaya veriblər. Necə düşünürsünüz, Məsmənin
səsi, görünüşü tarixi qəhrəmanı
oynamağa imkan verirmi?
- Bu sualı Mərahim Fərzəlibəyova
versəydiniz daha yaxşı olardı. Məsmə
istedadlı gənc aktrisadır. Onun barəsində nəsə
demək yaxşı alınmaz, axı, mənim rolumu ona veriblər...
- Sizə bu sualı 33 illik təcrübəyə
malik xalq artisti kimi, aktyor yetişdirən müəllim kimi
veririk...
- Bu barədə mühakimə
yürütməyə ixtiyarım var. Amma ixtiyarım yoxdur,
deyim ki, Məsmənin səsi buna çatmayacaq. Əgər səsi çatmırdısa, Mərahim
nə üçün bu rolu ona verirdi? Qoy
bunun dərdini Mərahim çəksin. Mən
o tamaşanın məşqinə baxmamışam. Onu bilirəm ki, istedadlı, hissiyyatlı
qızdır, amma səsi barədə bir söz deyə bilmərəm.
Siz doğru buyurdunuz ki, tələbələr
yetişdirirəm. Artıq bir neçə
kursu buraxmışam. İsrafil müəllimin
o sözü ona görə qəribə gəldi ki, mən
aktrisa yetişdirən müəlliməyəm. Mən elə müəlliməyəm ki, teatrdan
xahiş edib öz səhnə geyimlərimi tələbələrimə
verirəm. Mən onun marağındayam ki,
teatra gənclər cəlb olunsun.
- Müsabiqə elan olunanda, tələbələriniz
orada iştirak etmək üçün sizə
yaxınlaşıb məsləhətləşdilərmi?
- Mən sonuncu kurs tələbəmi
gətirmişdim, "Müsyö Jordan və Dərviş Məstəli
şah" tamaşasında kütləvi səhnəyə
çıxırdı. Sonra İsrafil müəllimi
kursun diplom tamaşasına dəvət etdim. Sözün düzü, böyük həvəslə
gəlib baxdı. Amma sonra mənə dedi ki, tələbələrimi
bəyənməyib. Bununla belə, onu deməliyəm
ki, tələbələrimin arasında səhnəyə
uyğun oğlanlar da, qızlar da vardı.
"Akademik
Milli Dram Teatrında lazım olmasam, heç vaxt ona-buna
yalvarıb orada qalmaram"
- Bəsti xanım, deyilənə
görə, "Azdrama"da rejissorlar aktyorlara rolları pulla
satırlarmış...
- Mən bu teatra Tofiq Kazımovun
vaxtında gəlmişəm. Kim mənə deyə
bilər ki, "Bəsti, bu rola görə filan qədər
pul ver". Bu gün "Azdrama"da
üzə çıxarılası 5-6 aktyor varsa, biri də mənəm.
Elə olmasaydı, ayrı-ayrı rejissorlar
baş rolları mənə verməzdilər. İndi
siz deyin, "Natəvan"ı oynayan bir aktrisaya balaca rol vermək
nə dərəcədə doğrudur? Axı,
mənə əməlli-başlı rol deyilmişdi. Əgər teatrda işləyəcəmsə, iddiam
böyük rollaradır. Mən
böyük rollara öyrəşmiş aktrisayam. Teatrın 134-cü mövsümündə Jan
Koqtonun ikihissəli "İnsan səsi" tamaşasında
oynamışam. O boyda monoloqlar deyən adam,
birdən-birə iki kəlmə üçün səhnəyə
çıxmalıyam? Siz mənə elə şeylər
dediniz ki, 33 il bu teatrda çalışan
aktrisa olaraq mən Bəsti Cəfərova onları bilmirəm.
Mən bilmirəm, bu teatrın axırı necə
olacaq. Mənim ağlıma indi gəlir, bəlkə
bu söz-söhbətlər ona görə yaranır ki, o
teatrdan gedim. Əgər Akademik Milli Dram
Teatrında lazım olmasam, heç vaxt ona-buna yalvarıb orada
qalmaram. Heç vaxt rola görə
rejissora yalvarmamışam, nə də direktora
dost-tanışa zəng etdirməmişəm. Mən
teatra daxil olanda, belə şeylər yox idi...
- Amma öz aramızdır, sonradan
yarandı...
- Mənim praktikamda belə şey
yoxdur. Baxmayaraq ki, məni sevməyən rejissorlar az deyildi, amma rola görə məndən
rüşvət istəyənini güllələyərəm...
- İnandırıcı deyil ki,
sizin kimi gözəl, mehriban, istedadlı aktrisanı sevməyən
olsun...
- Məni sevməyən çoxlu
rejissor vardı. Elə direktor vardı ki, onun
dövründə mənə rol vermək qadağan
olunmuşdu. Lakin sağ olsun, şəxsən Polad
Bülbüloğlu 2002-ci ildə mənə görə, mənim
adıma "Fedra" tamaşasını sifariş verdi. Eləcə də "Natəvan"
tamaşası mənə görə yenidən səhnəyə
qoyuldu. Ona görə də mən
işsiz qalacaq aktrisa deyiləm. Sadəcə, bu gün
başım bir az qızıma
qarışıb, ali məktəbə hazırlaşır. Məni İrəvan Teatrına rol oynamağa dəvət
etdilər, qızıma görə gedə bilmədim. Janr məhdudiyyəti olmayan bir aktrisa olaraq mənim
üçün bütün teatrlarda yer var.
- Söz düşmüşkən,
qızınızın teatra marağı varmı?
- Qızım elə tearda
böyüyüb də, necə marağı olmasın? Amma
sözün düzü, məhz belə şeylərə
görə mən onun aktrisa olmasını istəmirəm...
İltifat
HACIXANOĞLU
Ekspress.- 2011.- 12-14
fevral.- S.19