Antraktdan əvvəl və Antraktdan sonra...
Boz bir payız
günüydü. Eynəyimin
şüşələrində hər şeyin rəngi boz
idi. "Ekspress" qəzetinin
redaksiyasından çıxanda hara gedəcəyimi bilmirdim.
Bir ildən
artıqdır bu qəzetdə "Art-ekspress" səhifəsi
mənə məxsusdur. Hər şənbə
nömrəsində bir səhifə yazım çap olunur, həftədə
bir-iki dəfə redaksiyaya baş çəkirəm. Xəbər tutdum ki, "Sənət",
"Kaspi" və indi adlarını unutduğum bir neçə
başqa qəzet "Ekspress"də çap olunan esselərimi
öz səhifələrində sərgiləyirlər. Özü də müəllifdən icazə almadan,
para ödəmədən sərgiləyirlər. Mən o yazıları məhz "Ekspress"
üçün yazıram, heç olmasa bir telefon
açaydılar, bir xoş söz deyəydilər. Türk seriallarında deyildiyi kimi, "hər
şeyi tatlıya bağlayaydılar". Amma
heyhat... mən o qəzetlərin redaktorlarını
küçədə görsəm tanımaram.
Boz bir payız
günüdü, redaksiyada çıxdım, sağa getsəm
çayxanadı, sola getsəm yenə çayxana. Jurnalist Nəriman Həsənoğlu zəng vurub
harda olduğumu soruşur. Redaksiyadan təzəcə
çıxdığımı söyləyirəm.
""Star" türk kafesinin yanındayam. Olduğun yerdə
dur, məni gözlə, on dəqiqəyə oradayam", -
deyir Nəriman.
Deməli, "Star"ın
yanında Nərimanı gözləyirəm. Düz
yanımda bir maşın dayanır. Eynəyimin
şüşələrində hər şeyin rəngi bozdu.
Hər şeyin rəngi boz olduğundan yəqin
ki, maşının da rəngi boz olmalıdı. Elə bir ovqatdayam ki, qəfildən yanımda dayanan
avtomobili sanki görmürəm. Nədənsə
gözlərim alacalanır. Mən öz
diaqnozumu əzbərləmişəm, çantada ehtiyat dərman
gəzdirirəm.
ARİTMİYA...
Maşından düşüb mənə
sarı addımlayan adam kim olsa
yaxşıdır? Yox, Nəriman Həsənoğlu
deyil. "Ekspress" qəzetinin baş
redaktoru Qəzənfər Bayramov da deyil. Yazıçı
Ayvaz Əlləzoğlunun çalışdığı
"Tərcümə mərkəzi" bu həndəvərdədir.
Ayvaz da deyil.
Şərifdi, Şərif
Ağayar. Doğulduğu torpaq erməni tapdağında
inləyən laçınlı Şərif Ağayar. Şair Şərif Ağayar. Kürd
nənəsi taxta beşiyi başında türkcə laylay
deyən Şərif. Mən ömrümdə
bircə dəfə, ötən əsrin yetmişinci illərinin
ortalarında Laçında bir-iki gün qonaq olmuşam.
İndi birdən-birə Şərifi
qarşımda görəndə Laçın dağları xəyalımda
canlandı. Orda, bulaq başında kəsdiyimiz
duz-çörək yaldıma düşdü. Şərif mən Laçında qonaq olduğum ildə,
yəni 1976-cı ildə doğulub. Şərifi
görüncə qəhər məni boğdu. Amma özümü o yerə qoymadım,
gülümsədim. Şərif bir kiçik yazısında
o doğma yerləri belə xatırlayır: "Atam atın
tərkində məni xaraba kəndimizin üstündəki
yaşıl yaylağa qaldıranda gördüyüm ilk mənzərə
uşaq yaddaşıma ömürlük həkk olundu. Bu, bir çiçək dəryasıydı və
sərin mehlə sağa-sola dalğalanır, rəngdən-rəngə
düşürdü. Çiçəklər
gün işığında parıldayır, oynaşır,
gülüşür, qaqqıldaşır, uğunub gedirdilər".
O boz gündə birdən-birə
hər şeyin rəngi özünə döndü. Və mən özümü Şərifin təsvir
etdiyi mənzərənin içində buldum. O mənzərənin
içindən Şərifin səsini eşitdim.
Şərif
Ağayarın maşını olduğunu bilmirdim. Şərifə at yaraşar, nallardan
qığılcımlar qopan kəhər at. Şərif o kəhər atı sər tövlədə
bağlayar, Şərif o atı gümüşdən
nallayar. Nədənsə mənə elə
gəlir ki, Adil Şirin, Elbariz Məmmədli, Fəxri
Müslüm, Çingiz Əziz röyalarında yəhərsiz-yüyənsiz
özgür atlar görürlər.
Mən də
yuxularımda tez-tez ağ at görürəm
- at muraddı.
Şərif Ağayarın
maşını hardasa elə özünə oxşayır -
enlikürək, geniş sinəli, dözümlü və məğrur...
Şərifin
maşını, Çingiz Əzizin palitrası, Elçin
İskəndərin evi (sağlığına qismət),
Elbarizin içindəki ərköyün çocuq, Fəxrinin
könül verdiyi qara saz eynən onların özlərinə
oxşayır. Özünə,
sözünə oxşamayan, özgə, yad havasına öz
havası kimi qol açıb oynayan şeirbazlara heç vaxt
qanım qaynamadı.
Mənim içimdə xaraba bir
yurd yeri var. Orda gecəyarısı bədirlənmiş Aya
sevdalı bir boz qurd ulayır...
Xəqani küçəsində,
"Ekspress" qəzeti redaksiyasının on-on beş addımlığında "Star"
türk kafesinin qabağında Şərif Ağayar təzəcə
çapdan çıxmış mətbəə qoxulu kitabını
mənə ərməğan elədi. "Aftafalı
antrakt" Şərif Ağayarın üçüncü
övladıdır, bağışlayın,
üçüncü kitabıdır demək istədim...
Şərifin ilk
kitabı, "Səhra məsnəvisi" şeirlər
toplusu 2003-cü ildə "Vektor" Beynəlxalq Elm Mərkəzinin
nəşrlər evi tərəfindən, Mərkəzin
prezidenti şair və alim Elçin İskəndərin şəxsi
təşəbbüsü ilə yayınlanıb. İstedadlı gənc şairin ilk kitabı
yayınlanan dönəmdə bəndəniz Mərkəzin
baş məsləhətçisi vəzifəsində
çalışırdı.
Bu səbəbdən mən Şərif
Ağayarın, 27 yaşlı şairin o həyəcanlı və
nigaran günlərini yaxşı xatırlayıram -
şairin ilk kitabının sevincindən mənə də pay
düşmüşdü.
"Aftafalı
antrakt"da şairin müxtəlif illərdə qələmə
aldığı nəsr əsərləri toplanıb. Kitabda Ş.Ağayarın on altı hekayəsi, bir
povesti oxuculara təqdim olunur. Hə, bir də
tənqidçi Əsəd Cahangirin ön sözü
(kitabın redaktoru da Ə.Cahangirdir) və müəllifin gənc
yazar Ə.Qaraqaplanla müsahibəsi yer alıb. Müsahibə demişkən, yaxşı yadıma
düşdü - 2000-ci ilin aprel ayı. Mətbuat
prospektində, nəşriyyatın yeməkxanasındayıq.
Şərif "Yeni Azərbaycan" qəzeti
üçün məndən müsahibə alır, O zaman
"Yeni Azərbaycan" qəzeti, səhv etmirəmsə, nəşriyyatın
ikinci mərtəbəsində yerləşirdi. Baş redaktor Alqış Həsənoğlu məni
redaksiyaya dəvət eləmişdi deməyək,
çağırmışdı deyək. Baş redaktorun səliqə-səhmanlı kabinetində
bir fincan çay içdik, ordan-burdan danışdıq.
Alqış bəy orda məni cavan bir oğlanla - Şərif
Ağayarla
Əsəd Cahangirin kitaba
yazdığı ön söz (əslində müəllifə
ünvanladığı məktub) bu sözlərlə
başlayır: "Həyat nədir? sualına
ən fərqli cavablar vermək olar. Biri də budur - şeirdən
nəsrə doğru yol! Gənclik həyatın
poeziyası, qocalıq prozasıdır, orta yaş keçid
dövrü. Səni nəsrə gətirən
yolu bir az dumanlı da olsa, on il öncəki gənclik
şeirlərindən də görürdüm".
Şərif
Ağayarın qələmində nəsr potensialı görənlərdən
biri də bu yazının müəllifi olub desəm, yəqin
ki, mənim səmimiyyətimə şübhə etməyəcəksiniz.
Şərif Ağayar bir nasir kimi nə ənənəçidir,
nə də modernistdi. Şərif
Ağayar nə romantikdi, nə də sürrealistdi. O,
nasirdi. Onun qələm dostları,
yaşıdları və ədəbi tənqid onu orijinal bir
nasir kimi etiraf etsə də, etməsə də, Şərif
dar dairədə geniş tanınmış nasirlərdən
biridi. Şərif niyə nəsr yazdı
və yazır? - Çünki o, yazmaya bilmədi. Mənə elə gəlir ki, bir gün yaza bilməyəndə
(Allah qorusun) Şərif susacaq və bunu özü
üçün tragediyaya çevirməyəcək. İndi adını xatırlaya bilmədiyim hansı
yazıçısa deyib ki, yazıçılıq
insanın özü-özüylə ölüm-dirim
savaşıdır.
Yazıçı
qürbət acısına, tənhalıq səfalətinə,
taleyin üzü dönüklüyünə rəğmən,
illərlə yazıb-yarada bilər, amma yazıçı
VAKUUMda yaşaya bilməz. Şərif
Ağayarın yaradıcılığında, avtobioqrafik
motivlər önəmli yer tutur. Zira
bütün hekayələrində yazıçının
özü görünür. Kitabdakı
ilk hekayə - "İşğaldan bir gün əvvəl"
çağdaş nəsrimizə istedadlı bir nasirin gəlişindən
xəbər verir. Müəllifin üslubu
magik nəsr üslubuna çox yaxındır, burda
kinomotoqrafik nəsr elementləri ilə rastlaşanda heç
də təəccüblənmədim. Yazıçı
təsvir obyektini çeşidli rakurslardan görüntüləməyə
üstünlük verir. O, qələmə
aldığı hadisələrin passiv seyirçisi deyil. O,
öz əsərlərinin personajıdır. Qarşıda isə
uzun və əzablı bir yol var, sayın Əsəd Cahangirli
demişkən, Şərif Ağayar ömrünün
keçid dövrünü yaşayır...
O gün eynəyimin şüşəsində
dünya boz rəngdə idi. "Sahil"
bağında, Milli Kitabxananın qənşərində
müştəri gözləyən taksi sürücüləri
çöl göyərçinlərinə dən səpirdilər.
Ürkək çöl göyərçinləri
taksi sürücülərindən xeyli məmnun
görünürdülər, göyərçinlər onlara
inanırdılar, etibar eləyirdilər. Dayanıb
uzun-uzun məğrur görkəmli taksi sürücülərinə
baxdım, nazlı-qəmzəli çöl göyərçinlərinin
seyrinə daldım. O gün vaxtın rəngsizliyi
içindəydim. Rəsul Rzanın məşhur
"Rənglər" silsiləsindən yaddaşımda
qalan misralar məni məndən alıb uzaqlara, çox
uzaqlara, yetmişinci illərin ortalarında bir yol
gördüyüm, görüb könül verdiyim
Laçın dağlarına aparırdı. Soltan
meşəsi, Həkəri çayı, Minkənd... Və
minkəndli Musa müəllimin dünyasını vaxtsız dəyişmiş
oğlu Vahid...
...Cansız barmaqlar arasında
sönmüş
siqaretin uzun külü.
Sağam güllər
- selafona bükülü.
Boz günlər,
boş ürəklər,
həm elə,
həm belə adam.
Vərdişlə
könülsüz gülüş.
Soyuq tənhalıqdan
Saçlarda qalmış
gümüş...
Kimsə, bir
ağzıgöyçək deyə bilər ki,
"Sahil" bağındakı göyərçinlərin,
müştəri gözləyən taksi sürücülərinin,
Milli Kitabxananın, Rəsul Rza şeirinin, minkəndli Musa
müəllimin cavan ölmüş oğlu Vahidin Şərif
Ağayar yaradıcılığına nə dəxli var,
qardaşım?
Şərif
Ağayarın qələmə aldığı hekayələrin
poetikası vaxtın rəngsizliyinin görüntülü təsvirləridir.
Şərif mövzu qıtlığı
çəkmir. O, gerçəyəbənzər
xülyalar uydurmur - onun mövzuları həyatın
özü kimi sadə, mülayim və amansızdı. Zira həyat insanın yaşadığı ən əsrarəngiz
macəradı. "Aftafalı antrakt"
kitabında toplanmış hekayələrin bəzilərini
daha əvvəllər qəzet və jurnal səhifələrində
oxumuşdum. Və fürsət düşəndə
bəzi fikirlərimi müəlliflə
bölüşmüşdüm. Və həmişə
bu fikirdə olmuşam ki, sənətkar süjeti seçdiyi
kimi, süjet də öz sənətkarını seçir.
Bu mənada Şərif Ağayar bəxti gətirmiş
sənətkardı.
Şərif
Ağayar adlı gənc şairin lirik-romantik şeirlərlə
ədəbiyyatda ilk uğurlu addımlarını
xatırlayıram. Rəhmətlik Nüsrət
Kəsəmənlinin ona "uğurlu yol" diləməsi
də yadımdadı. Sonra Şərif
hekayələr yazdı, povest yazdı. Şərif
artıq formalaşmış bir nasirdi, inşallah, gənc
dostumun romanını da oxumaq mənə nəsib olar.
Bu yazı nə
resenziyadı, nə də yazıçının portret
cizgiləridi. Bu yazı sənətkar
taleyi haqqında pərakəndə düşüncələrdi.
Bu yazının sonunda gözəl günlər görəcək
Şərif, gözəl günlər görəcəyik
yazmaq istərdim...
Adil Mirseyid
Ekspress.- 2011.- 12-14
fevral.-S.14.