Parlamentdə korrupsiya söhbətləri
Məcburi audit qanunu Milli Məclisdə
keçdi
Dünən Milli Məclisin (MM) növbəti plenar iclası keçirildi. Əvvəlcə cari məsələləri
müzakirə edən
deputatlar ölkədə
son günlər hökumətin
korrupsiyaya qarşı
elan etdiyi mübarizəyə və
digər məsələlərə
münasibət bildirdilər.
Deputat Asim Mollazadə korrupsiyaya
qarşı mübarizədən danışaraq MM-in də
hökumətin bu təşəbbüsünə
qoşulmasını istədi. Onun sözlərinə görə,
bu, korrupsiya ilə mübarizədə sistemli islahatlar
keçirilməsinə öz töhfəsini verə bilər.
"İlk olaraq təhsil sistemindəki korrupsiya ilə
mübarizədə konkret işlər görmək olar",
- deyən Mollazadə qısa müddət ərzində orta təhsillə
bağlı müvafiq qanun qəbul olunmasını təklif
etdi. Deputat səhiyyə sistemində də ciddi islahatlara ehtiyac
olduğunu bildirdi: "İndi belə çıxır ki, həkimlərin
hamısı rüşvətxordur. Elə deyil axı".
İqbal Ağazadə isə
Korrupsiya ilə Mübarizə üzrə Dövlət
Komissiyasına ictimaiyyət nümayəndələrinin də
adlarının salınmasını təklif etdi. Deputat təəssüflə
dedi ki, komissiyanın tərkibində parlament
azlığında qalan müxalifətin, ictimai-siyasi təşkilatların
və siyasi partiyaların təmsilçiləri yoxdur: "Bu
məsələdə ictimai nəzarəti təmin etmək
üçün komissiyanın tərkibinin yenidən
formalaşdırılması daha effektiv olardı. Belə
olsa, cəmiyyət də bu mübarizənin kampaniya xarakterli
olmadığına inanar".
Fazil Mustafa da Korrupsiya ilə
Mübarizə üzrə Dövlət Komissiyasının tərkibində
MM-dəki müxalifət partiya nümayəndələrinin
yer almasını istədi. Deputata görə, belə
kampaniya o vaxt effektiv olur ki, bu, islahata çevrilsin. "İndi
hamı gözləyir ki, bu, islahata çevriləcək,
yoxsa 10-15 günlük olacaq", - deyən F.Mustafa
"İslahat" müxalifət deputat qrupu adından
korrupsiya ilə mübarizədə islahat təkliflər
paketini rəsmən MM-ə təqdim etdiklərini də
bildirdi.
Qüdrət Həsənquliyev isə
son vaxtlar ölkədə korrupsiya ilə mübarizənin
kampaniya xarakterli olacağına inanmaq istəmədiyini dedi. "Bu
cür addımlar əslində müdafiə və təqdir
olunmalıdır. Amma hakimiyyət bu cür
açıqlamalara fikir vermədən bu islahatları dərinləşdirməli
və mübarizəni gücləndirilməlidir", - deyən
Q.Həsənquliyev MM-də korrupsiya ilə bağlı
müzakirə açılmasını da təklif etdi.
Q.Həsənquliyev
tanınmış vəkil Osman Kazımovun Vəkillər
Kollegiyası üzvlüyündən
çıxarılmasına da etiraz etdi: "Bu cür
addımlarla əslində ölkənin imicinə ziyan
vurulur".
Spiker Oqtay Əsədov
deputatların korrupsiya ilə bağlı fikirlərinə
münasibət bildirərək, bunun müvəqqəti
xarakterli olması ilə bağlı fikirlərlə
razılaşmadığını söylədi: "Əsaslı
islahatlar olacaq və bu istiqamətdə işlər davam
etdiriləcək".
Qənirə Paşayeva isə
bildirdi ki, mənzil növbəsinə dayanan Qarabağ
müharibəsi əlillərinin hüquqlarının
müdafiəsi ilə bağlı qanunvericiliyə bir sıra
dəyişikliklər edilməlidir. Onun sözlərinə
görə, əvvəllər qanuna əsasən, müharibə
əlili vəfat edirsə, onda onun ailəsi mənzil növbəsindən
yararlana bilmirdi. "Artıq bu məsələ ilə
bağlı qanuna dəyişiklik nəzərdə tutulub və
bu günlərdə komitədə müzakirəyə
çıxarılacaq. Amma yaxşı olardı ki, paralel
olaraq mənzil növbəsində dayana bilməyən, buna
imkanı olmayan müharibə əlilinin də bu hüququ təmin
ediləydi".
Əli Məsimli isə Şəkidə
mülkü sökülən iş adamının
intiharından danışdı. Bu ailənin daha da
ağır vəziyyətə düşdüyünü deyən
deputat belə qanunsuzluqlara etiraz etdi. O, qanunvericiliyə əlavə
və dəyişiklik edilərək qanunsuz tikililərin
qeydiyyata alınmasını və söküləndə
bazar qiyməti ilə ödənilməsini təklif etdi.
Fərəc Quliyev isə yaxın
zamanlarda MM-də qapalı olaraq Qarabağla bağlı məsələnin
müzakirəyə çıxarılmasını istədi.
O, Azərbaycan televiziyalarında Anadolu türkcəsindən
filmlərin tərcüməsinin yolverilməz olduğunu da
dedi: "Türkiyədə İlham Əliyevin 45 dəqiqəlik
çıxışı tərcümə edilmədi. Eləcə
də Ərdoğan Milli Məclisdə çıxış
edəndə onun çıxışı tərcümə
olunmadı. Əgər biz xalqların
yaxınlaşmasını, xalq diplomatiyasını istəyiriksə,
bu cür hallar aradan qaldırılmalıdır".
Spiker O.Əsədovsa F.Quliyevin
sualından sonra deputatlara Litva seymində Qarabağla
bağlı qərar qəbul ediləcəyi barədə məlumat
verdi: "Orda bizim bütün məsələlərimizi
bilirlər və bununla məşğul olurlar. Arzu edərdim
ki, bütün imkanlardan istifadə edək ki, Azərbaycan həqiqətlərini
dünyaya çatdıra bilək".
Sabir Rüstəmxanlı isə
İrandan qaçıb gələn
soydaşlarımızın üçüncü ölkəyə
getməsi ilə bağlı BMT nümayəndəliyinin
süni maneələr yaratdığını diqqətə
çatdırdı. O, Azərbaycanın hərbi sənayesi tərəfindən
istehsal olunan silah-sursatlar barədə mətbuatda gedən
yazılara da etiraz etdi: "Bu məlumatlar nəyə görə
mətbuata sızdırılır? Bir də görürsən,
hansısa mətbuat orqanında yazılır ki, hansısa
zavodda patron istehsal olunur. Hərbi sənayeni inkişaf etdirək,
amma bu cür reklam etdirməyə ehtiyac yoxdur".
S.Rüstəmxanlı MM-də
deputatların üzləşdiyi maraqlı bir məqam barədə
də şikayətləndi: "Millət vəkilinin statusu
haqqında" qanuna görə millət vəkilləri
arasında ayrıseçkilik ola bilməz. Millət vəkili
öz seçicisini qəbul etmək üçün komitə
sədrinin yazılı razılığını
almalıdır? Deputatın bəyəm ixtiyarı yoxdur ki,
öz imzası ilə seçicisini qəbul etsin?"
Cari məsələlərim
müzakirəsindən sonra deputatlar 2010-cu ildə bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın illik məruzəsini dinlədilər.
Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirdi ki,
2009-cu il 29 may tarixli qanuna əsasən 1567 bələdiyyənin
birləşməsi nəticəsində 574 bələdiyyənin
yaradılması nəzərdə tutulub. Naxçıvanda isə
84 bələdiyyənin birləşməsi nəticəsində
40 yeni bələdiyyə yaradılıb: "Ötən il ərzində
birləşmə prosesi davam etdirilib. Qısa müddət ərzində
görülmüş tədbirlər nəticəsində
birləşmiş 1552 bələdiyyənin əmlakı,
maliyyə vəsaitləri və mal-material qalığı,
borları müəyəyn edilərək
aktlaşdırılıb. Zəruri sənədlər yenidən
yaradılmış 569 bələdiyyəyə təhvil
verilib. Birləşmə komissiyaları 11 bələdiyyənin
fəaliyyətini araşdırıb və ciddi qanun
pozuntuları müəyyən edilərək toplanmış
materiallar hüquqi qiymət verilməsi üçün
Baş Prokurorluğa göndərilib. 501 yeni bələdiyyənin
nizamnaməsi Ədliyyə Nazirliyində dövlət
qeydiyyatına alınıb, 1332 bələdiyyənin nizamnaməsi
ilə qüvvədən düşmüş hesab edilib".
Müzakirələr zamanı Vahid
Əhmədov bələdiyyələrin ərazilərinin
müəyyənləşdirilməsi işində Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin yerli bələdiyyələrə
kömək etməsini istədi: "Bələdiyyələr
ərazisində bina və tikililərin qiymətləndirilməsi
məsələsində də problemlər mövcuddur. Qiymətləndirmə
düzgün aparılmalıdır və buna əlavə vəsait
tələb olunur. Birləşmə haqqında qanunun qəbulundan
2 il vaxt keçsə də, bir çox yeni bələdiyyələr
hələ də öz torpaq sahələrinin yerini dəqiq
bilmirlər. Bu prosesi tezləşdirmək lazımdır. Bələdiyyələrin
səlahiyyətlərinin artırılması da vacibdir.
Çünki bələdiyyə yalnız torpaq
satışı ilə məsələləri həll edirlər.
Əhalinin problemini həll etmək üçün səlahiyyətləri
yoxdur. Yavaş-yavaş icra hakimiyyətlərinin səlahiyyətləri
verilməlidir".
Yevda Abramov isə hesab edir ki, bələdiyyələrin
maliyyə təsərrüfat sistemini yüksəltmək
lazımdır. Azərbaycan bələdiyyələrinin
Almaniya modeli üzərində qurulduğunu deyən Y.Abramov
bildirdi ki, bizdəki bələdiyyələri Türkiyə
modelinə çevirmək lazımdır. Deputat icra
başçılarının bələdiyyələrə
işləməyə mane olduqlarını da bəyan etdi:
"Yeni təyin olan başçı dərhal bələdiyyə
sədrini sıxışdırmağa başlayır. İcra
başçısı dərhal bələdiyyələrə
audit yoxlaması apartdırır. Yoxlamaya gələnin səs
tempi də, ayaqlarının addımının neçə
santimetr olması da məlumdur. Bu yoxlamalar bələdiyyəni
sıradan çıxarmaq üçün nəzərdə
tutulub. Bunları yığışdırmaq lazımdır,
bələdiyyələrə işləmək
üçün imkan yaradılmalıdır. Niyə bələdiyyələrə
hakimiyyət verməkdə çətinlik çəkirik?"
O.Əsədov isə bildirdi ki,
audit nəzarət təşkilatıdır: "Onu bələdiyyə
özü dəvət edə bilər. Amma söhbət
Hesablama Palatasından gedirsə, onu yoxlamağa ixtiyarı var.
Hər şey bələdiyyələrin öz
hüquqlarını bilməmədiyin-dən irəli gəlir".
Q.Həsənquliyev də hesab edir
ki, bələdiyyələrə münasibət dəyişməli,
onlara səlahiyyətlər verilməlidir. Deputat bələdiyyələrə
büdcədən ayrılan 3 milyon manatın çox az
olduğunu dedi. "Mən fikirləşirdim ki, niyə bu qədər
çox sayda bələdiyyələrə cəmi 3 milyon pul
ayrılır. Bu 3 milyon ona görə ayrılır ki, bələdiyyələrin
işini yoxlamağa, neqativ hallar müəyyən etmək və
cərimələmək imkanı yaransın", - deyən
Q.Həsənquliyev bildirdi ki, növbəti hesabat ili
üçün bələdiyyələrin ya səlahiyyətləri
genişləndirilməlidir, ya da bu, Ədliyyə Nazirliyinin
hesabatının əhəmiyyəti yoxdur: "Bu, millət vəkillərinin
vaxtını almaqdan başqa bir şey deyil".
Fəzail Ağamalı da bələdiyyələrin
icra hakimiyyətlərindən asılı olduğunu bildirdi:
"Hansısa bələdiyyə İcra Hakimiyyətinin
razılığı olmadan torpağı kimsəyə verə
bilər? Hələ də İcra Hakimiyyətinin qorxusu bələdiyyələr
üzərindən getməyib. Domokl qılıncı kimi
asılıb qalıb".
F.Ağamalı dedi ki, bəzi
hallarda bələdiyyələrin birləşdirilməsi
düzgün olmayan halda həyata keçirilib: "Bələdiyyələrin
birləşməsi ilə bağlı atılan addımlar
düzgün deyil və xüsusi yanaşma tələb edən
məsələdir. Mən də Qüdrət Həsənquliyevlə
razıyam ki, 3 milyon bələdiyyələrin işinə
müdaxiləyə imkan verir və hətta onu
çökdürməyə də kifayət edir. Ayrı-ayrı
rayon rəhbərləri ayrı-ayrı bələdiyyələrə
qarşı yoxlama rıçaqlarından istifadə edib
özünə tabe etdirməyi bacarır. Çünki 3
milyonun hardasa 10 mini gəlib ona çatır".
Azay Quliyev isə hesabatda bəzi məsələlərin
yer almamasından narazılığını bildirdi:
"Hesabatda göstərilməyib ki, bələdiyyə
institutlarının illik dövriyyəsi nə qədərdir,
ÜDM formalaşmasında payı nə qədərdir,
hansı həcmdə sosial layihələrin icra olunur və bu
kimi bir çox suallara hesabatda cavab tapmaq mümkün
olmur".
Gülər Əhmədova da bələdiyyələrə
daha çox vəsait ayrılması və səlahiyyətlərin
verilməsinin tərəfdarı kimi çıxış
etdi: "İl ərzində bələdiyyələr 3 milyon
manatın simvolik rəqəm olduğnu söyləyir. Bəlkə
də 5 illik fond yaradılmalıdır ki, büdcədən
ayrılan pullar ora yatırılsın. Bu vəsait banka
qoyulsun və onun faizləri bələdiyyələrə
ayrılsın".
Qeyd edək
ki, bütün narazılıqlara baxmayaraq deputatlar hesabata
müsbət səs verdilər.
Daha sonra "Auditor xidməti
haqqında" qanuna, eləcə də İnzibati Xətalar
Məcəlləsinə əlavə və dəyişikliklər
layihəsi təsdiqləndi. Yeniliyə əsasən, məcburi
auditdən yayınan vəzifəli şəxslər 300
manatdan 600 manatadək, hüquqi şəxslər isə 500
manatdan 2500 manatadək cərimə olunacaqlar.
Müzakirələr zamanı
deputat Vahid Əhmədov bildirdi ki, QHT-lərin məcburi auditə
cəlb olunmamalıdır: "QHT-lərin maliyyə
imkanları olmadığına görə məcburi audit
ciddi problemlər yaradacaq".
Deputat Azay Quliyev də QHT-lərin
məcburi auditdən keçirilməsinə qarşı
çıxdı: "QHT-lərin məcburi auditdən
keçirilməsi dövlətin hazırkı siyasətinə
qarşıdır. Mən təklif edirəm ki, qanun layihəsi
qəbul edilsin. Amma Nazirlər Kabinetinə müraciət
olunsun ki, QHT-lər məcburi auditə cəlb olunan təsərrüfat
subyektlərinin siyahısından çıxarılsın. QHT-lər
bu gün məcburi auditə hazır deyil"
("Mediaforum").
Deputat Qüdrət Həsənquliyev
məcburi auditin xaricdən maliyyələşən QHT-lərə
şamil olunmasını təklif etdi: "Xaricdən
böyük məbləğdə qrant alan təşkilatlar
var. Bu yaxınlarda oxuduq ki, ABŞ Azərbaycanda
demokratiyanın inkişafına 27 milyon dollar vəsait
ayırır. Araşdırılmalıdır ki, belə
böyük vəsaitlər hara və necə xərclənir".
Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev qeyd etdi ki, qanun layihəsində söhbət
təsərrüfat subyektlərindən gedir: "O təsərrüfat
subyektlərinin adları qeyd olunur. Nazirlər Kabinetinin qərarlarında
qeyd edilməlidir ki, hansı qeyri-hökumət təşkilatları
auditə cəlb oluna bilər. Hazırda müvafiq dövlət
qurumları ilə bu məsələ ətrafında
müzakirələr aparırıq".
Qanun
layihəsi 100 lehinə, 3 əleyhinə, 1 bitərəf
olmaqla keçdi.
Parlamentin dünənki iclasında
İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini
idarəetmə zamanı qanun pozuntularına yol verilməsi ilə
bağlı bəzi əlavə və dəyişikliklər
də təklif olundu. Layihəyə əsasən, nəqliyyat
vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən
nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən,
psixotprop maddələrdən və ya güclü təsir
göstərən digər maddələrdən istifadə
olunması nəticəsində sərxoş vəziyyətdə
idarə edənlər 5 balla cərimə olunacaq.
Sürücülər tərəfindən
nəqliyyat vasitələrinin istismarı qaydaları pozulduqda
4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması
üçün müayinədən boyun qaçıran
sürücülərin hərəkəti isə 5 balla qiymətləndiriləcək.
Digər dəyişiklik isə
dayanacaqlarda saxlama ilə bağlıdır. Belə ki, məcəlləyə
edilən dəyişikliklərə əsasən, nəqliyyat
vasitələri müvafiq icra hakimiyyəti orqanının
mühafizə olunan dayanacağında
saxlanılmalıdır. Dayanma və durma qaydalarını
pozduğu üçün avtomobili müvafiq icra hakimiyyəti
orqanının duracağına gətirilən
sürücü inzibati cəriməni, nəqliyyat vasitəsini
duracağa gətirilməsi və orada saxlanılması
üçün haqqı həmin yerdə ödəyə bilər.
Bu halda sürücüyə qəbz veriləcək və nəqliyyat
vasitəsi sürücüyə qaytarılacaq.
Nəqliyyat vasitəsini idarə
etmə hüququnun məhdudlaşdırılması müddəti
bitdikdə sürücülük vəsiqəsi iki halda
sürücüyə qaytarılır: nəqliyyat vasitəsini
idarə etmə hüququ bir ildən çox müddətə
məhdudlaşdırılmış şəxslərə təcrübi
imtahanı müvəffəqiyyətlə verdiyi gün; nəqliyyat
vasitəsini idarə etmə hüququ bir il və daha az
müddətə məhdudlaşdırılmış şəxslərə
imtahansız həmin müddət bitdiyi gün.
Aqil ASLAN
Ekspress.-
2011.- 12-14 fevral.- S.5;12.