Cəmil
Quliyev: "Bu təyinat mənim üçün də
gözlənilməz oldu"
"Məqsədəuyğun olsa,
Filmfondda da işimi davam etdirməyə hazıram"
Cəmil
Quliyev dünən "Mədəniyyət"
kanalının baş direktoru kimi işə başlayıb.
Müxbirimizlə söhbətində o bu təyinatın
özü üçün də gözlənilməz
olduğunu bildirib: "Sözün düzü, bu təyinat mənim
üçün də gözlənilməz oldu. Bu gün
işə başlamışam. Telekanalın
açılışına bir neçə saat
qaldığı üçün bütün kollektiv kimi mən
də həyəcanlıyam. Bəri başdan heç nə
deyə bilmərəm. Amma çalışacağıq ki,
"Mədəniyyət" kanalının verilişləri
rəngarəng, zəngin olsun. Milli mədəniyyətimizin təbliğində,
inkişafında mühüm rol oynasın. Bu gün Azərbaycanda
"Mədəniyyət" kanalının yaranması
prezidentimizin, dövlətimizin mədəniyyətə
göstərdiyi böyük qayğını sübut edir. Vaxtilə
ulu öndər Heydər Əliyev demişdi: "Hər bir
xalqın mədəniyyəti həmişə onu yüksəldir,
bütün dünyada tanıdır, mənəviyyatını
zənginləşdirir".
Mən
də mənə tapşırılan bu vəzifədə
çalışaraq mədəniyyətimizin təbliğində
öz zəhmətimi, əməyimi əsirgəməyəcəyəm.
"Mədəniyyət" kanalının kollektivini
çox ciddi və məsuliyyətli bir iş gözləyir.
Bizə göstərilən etimadı doğrultmaq
üçün əlimizdən gələni edəcəyik.
Çalışacağıq ki, kanalın verilişləri
milli mədəniyyətimizin təbliğində,
inkişafında mühüm rol oynasın".
Kanalın
proqramının artıq tərtib olunduğunu deyən Cəmil
Quliyev kadr və digər məsələlər barədə
danışmağın hələ tez olduğunu söyləyib.
Dövlət
Film Fondunun direktoru vəzifəsində də
qalıb-qalmayacağı məsələsinə gəlincə,
Cəmil Quliyev bunu zamanın göstərəcəyini vurğulayıb:
"Mən hazırda Filmfondun direktoruyam. Amma bu vəzifədən
gedib-getməyəcəyimi zaman göstərəcək. Məqsədəuyğun
olsa, bu işi davam etdirməyə hazıram. Bu vəzifənin
də icrası mənə tapşırılsa, canla-başla
yerinə yetirərəm. Çünki Filmfond mənim
üçün doğma və əziz təşkilatdır".
Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin
(AzTV) mətbuat xidmətinin rəhbəri Xatirə Qasım isə
APA-ya bildirib ki, dünən saat 20.30-da Beynəlxalq Muğam Mərkəzində
təntənəli açılışı keçirilən
"Mədəniyyət" kanalı bu gündən saat
12.00-dan 2.00-a qədər fəaliyyət göstərəcək.
Qeyd
edək ki, Milli Televiziya və Radio Şurasının
(MTRŞ) qərarı ilə Azərbaycanda
ixtisaslaşdırılmış televiziya kanalının
("Mədəniyyət" televiziya kanalının)
açılması üçün Bakı və Abşeron ərazisində
televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə
ötən il avqustun 4-dən sentyabrın 4-dək elan edilib.
Lakin müsabiqədə iddiaçıların sayı 3-dən
az olduğuna görə Şuranın qərarına əsasən
müsabiqə baş tutmamış hesab edilib. MTRŞ-nın
sentyabrın 6-da verdiyi qərara əsasən, "Televiziya və
radio yayımı haqqında" qanunun 15-ci maddəsinin tələblərinə
uyğun olaraq "Mədəniyyət" televiziya
kanalının açılması üçün
sentyabrın 7-dən oktyabrın 7-dək müsabiqə elan
edilib. Müsabiqədə yalnız bir iddiaçı - Azərbaycan
Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti
iştirak edib. Şura "Televiziya və radio yayımı
haqqında" qanunun 15.5-ci və "Teleradio yayımı
sahəsində xüsusi razılıq (lisenziya)
üçün keçirilən müsabiqənin
Qaydaları"nın 2.1.10-cu bəndinin tələblərini
rəhbər tutaraq AzTV-ni müsabiqənin qalibi elan edib.
AYXAN
Ekspress.-2011.- 15 fevral.- S. 23.