Loretti Sarayı təlatümə gətirdi

 

Məşhur italiyalı tamaşaçılara nostalji dolu romantik gecə yaşatdı

 

Fevralın 13-də Heydər Əliyev Sarayında məşhur italyan müğənni Robertino Loretti konsert verib. Ecazkar səsi ilə bütün dünyanı fəth etmiş müğənninin konsertinə toplaşanların əksəriyyəti əcnəbilər, xarici şirkətlərin, səfirliklərin əməkdaşları olub. Sarayın 2200 nəfərlik zalında boş yer qalmayıb. 20 dəqiqə gecikmə ilə başlayan konsertdə səhnəyə ilk olaraq Uşaq Filarmoniyasının yetirməsi Emin Eminzadə çıxıb Lorettinin məşhur "Jamayka" mahnısını ifa edib. İfa tamaşaçılar tərəfindən çox bəyənilib.

Daha sonra tamaşaçıların həyəcanla gözlədikləri Loretti başqa bir uşağın əlindən tutaraq səhnəyə daxil olub Emin Eminzadəni bağrına basıb. Tamaşaçılar Lorettinin repertuarından növbəti hit mahnını onun əlindən tutub səhnəyə gətirdiyi Vüqar Qasımovun ifasında dinləyiblər. Robertino Loretti isə kənarda dayanıb məftunluqla onun ifasını müşahidə edib, ifanın sonunda öz heyranlığını bildirərək onu bağrına basıb.

Nəhayət, növbə müğənninin özünə çatıb. Tamaşaçılara başdan-başa nostalji duyğularla dolu romantik bir gecə yaşadan Robertino Loretti bir-birinin ardınca illər boyu dillərdən düşməyən hit mahnılarını oxuyub. Mahnılar arasında isə tamaşaçılarla dil problemi olduğundan, çətin də olsa, ünsiyyət qurmağa çalışıb. Tamaşaçılar mahnıların əksəriyyətini onunla birlikdə oxuyublar. Məşhur "Santa Lusiya" mahnısını isə demək olar ki, bütün zal ifa edib. Bu zaman müğənni özü tamaşaçıları alqışlayıb.

Tamaşaçılar arasından balaca bir oğlan özünün əl işini müğənniyə hədiyyə edəndə, "bu hədiyyə mənim oğlumun çox xoşuna gələcək", -deyən Robertino uşağı qucaqlayaraq minnətdarlığını bildirib. Oğlan isə minnətdarlığının əvəzinə "Jamayka" mahnısını ifa etmək istədiyini deyib. Özünü Yasin kimi təqdim edən balaca oğlanın "Jamayka"sı digər ifaçıların "Jamayka"sını geridə qoyub...

Fasilə zamanı aparıcı Tural Həsənov R.Loretti ilə bağlı 3 sualı cavablandıran tamaşaçıları mükafatlandırıb. İki tamaşaçı "Nuray" ətriyyat firmasından hədiyyə, bir qadın isə əfsanəvi müğənni ilə şam yeməyi qazanıb.

Robertino Loretti 1947-ci ildə Romada anadan olub. Debüt albomu 1961-ci ildə işıq üzü görüb. Uşaqkən bir neçə filmdə epizodik rollara çəkilib. Artıq 8 yaşında ikən Roma Opera Teatrında oxuyub.

R.Lorettinin "O sole mio" adlı məşhur sinqli "Qızıl sinql" adını qazanıb. 1964-cü ildə 17 yaşında olarkən San-Remo Festivalında finala vəsiqə qazanıb.

Bir müddət özünü kino biznes sahəsində sınayan müğənni 1982-ci ildən yenidən qastrollara başlayıb.

  

 

AYXAN

 

Ekspress.-2011.- 15 fevral.- S.23.