"Təklif gəlsə, Ziyalılar Forumu vasitəçilik edə bilər"

 

Eldar Namazov: "Dövlət rəsmiləri ilə görüşmək niyyətimiz var"

 

"Korrupsiya ilə sistemli mübarizə aparmaq lazımdır"

 

Daha çox müxalifətçi çevrəni ətrafında birləşdirməyə çalışan İctimai Palata indi Ziyalılar Forumu ilə əməkdaşlıq etmək istəyir. Müsavat Partiyasının başqanı İsa Qəmbər dünən mətbuata müsahibəsində Ziyalılar Forumunun fəaliyyətini yüksək qiymətləndirərək, bu qurumla İctimai Palata arasında məsləhətləşmələrə ehtiyac olduğunu bildirib. Bəs, qarşı tərəf necə, belə bir məsləhətləşməyə ehtiyac duyurmu? Ziyalılar Forumunda təmsil olunan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovdan bu suala cavab almazdan öncə, qurumun məqsədləri haqda bilgi istədik.

- Müəyyən vaxtlarda ziyalıların birlikləri yaranıb, fəaliyyət göstərib, amma bu davamlı olmayıb. Bu dəfə Ziyalılar Forumu məqsədlə yaradılıb?

- Haqlısınız ki, yaxın tariximizdə bir sıra ziyalı birlikləri olub. Onlar müəyyən dövrdə fəaliyyət göstəriblər. Ziyalılar Forumu dörd forum keçirib. deyə bilərik ki, Ziyalılar Forumu artıq ictimai hadisə kimi cəmiyyətdə öz rolunu yerinə yetirməyə başlayıb. Bu qurumu fərqləndirən əsas cəhətlərdən biri palitranın çox zəngin olmasıdır. Yəni, Ziyalılar Forumunda mədəniyyət incəsənət adamları, elm xadimləri ilə yanaşı, gənclər, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai-siyasi xadimlər toplanır. Biz xüsusi hədəflər güdmədən, ölkədə gedən prosesləri analiz edirik, milli birliyin formalaşması, davamlı inkişafın təmin olunması kimi məsələlərlə bağlı təkliflərimizi hazırlayırıq. İndi növbəti foruma hazırlaşırıq. Bundan başqa, Ziyalılar Forumunun saytı hazırlanır. Eyni zamanda, bir ədəbi, ictimai, siyasi almanax buraxmağı düşünürük. Bu almanaxda ziyalıların məqalələri, müsahibələri, bədii əsərlər yer alacaq.

- İctimai Palatanın Ziyalılar Forumu ilə müzakirələrə başlamasına, əməkdaşlıq etməsinə necə baxırsınız?

- Mən təbii ki, forum adından danışa bilmərəm. Bizdə yazılmamış qaydalar var ki, ona əməl etməliyik. Mən İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunan İsa Qəmbərin müsahibəsi ilə tanışam Ziyalılar Forumu ilə bağlı xoş sözlərinə görə təşəkkürümü bildirirəm. Biz forumun növbəti yığıncağında bütün təklifləri müzakirə edib uyğun qərarlar verəcəyik. Ancaq öz adımdan deyə bilərəm ki, Azərbaycan kiçik bir ölkədir. Burada hamı bir-birini tanıyır. Ona görə Azərbaycanda ictimai-siyasi arenada elə bir ciddi qüvvə yoxdur ki, biz onlarla oturub nəyisə müzakirə etməyək. Yəni, elə bir istisnamız yoxdur. Artıq gənclərlə görüşlərimiz keçirilib. Bundan sonra siyasi qüvvələrlə, adamları, Milli Məclis üzvləri, dövlət rəsmiləri ilə görüşüb ölkədə demokratiyanın irəliləməsi, milli birliyin təmin olunması yönündə müzakirələr aparmaq niyyətimiz var. Yəqin ki, İctimai Palata ilə belə müzakirələr mümkündür.

- Dediklərinizdən məlum oldu ki, Ziyalılar Forumu siyasi arenada hansısa cinahda təmsil olunmaq istəmir. Bu halda, Forum iqtidarla müxalifət arasında milli birlik ideyaları ilə bağlı vasitəçiliyi üzərinə götürə bilərmi?

- Biz ötən ilin dekabrında Ziyalılar Forumunun yığıncağında ölkədə gedən proseslərlə bağlı öz mövqeyimizi bildirmişik. problemlərin aradan qaldırılması yollarını da göstərmişik. Vasitəçiliyə gəlincə, heç bir təşkilat belə bir missiyanı özü öz üzərinə götürə bilməz. Bunun üçün tərəflərdən təklif gəlməlidir, foruma etimad göstərilməlidir. Ancaq ziyalılar Azərbaycanda hər zaman sözlərini deyiblər. Kritik məqamlarda müraciətlər qəbul olunub, görüşlər keçirilib. Ona görə təklif gələcəyi təqdirdə, Ziyalılar Forumu üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır.

- Yeri gəlmişkən, son günlər ölkədə vüsət alan korrupsiyaya qarşı mübarizə kampaniyasını necə qiymətləndirirsiniz, ziyalılar bu prosesdə hansı təşəbbüslərlə çıxış edə bilərlər?

- Ayrı-ayrı şəxsləri işdən çıxarmaqla, cəzalandırmaqla ciddi nəticələrə nail olmaq mümkün deyil. Korrupsiya ilə sistemli mübarizə aparmaq lazımdır. Bu da bir neçə istiqamətdə olmalıdır. Birincisi, mətbuat azad olmalıdır ki, korrupsiya rüşvət halları ilə bağlı yazdıqlarına görə məşhər ayağına çəkilməsin. Mətbuatın yazdıqları dövlət qurumları tərəfindən mütləq araşdırılmalıdır. İkincisi, məhkəmələr azad olmalıdır ki, sahibkarlar onlara edilən təzyiqlərlə bağlı, rastlaşdıqları qanunsuzluqlara görə məhkəmədə öz haqlarını müdafiə edə bilsinlər. Üçüncüsü, azad seçkilərdir ki, korrupsionerlər parlamentə ayaq açıb orada öz maraqlarına uyğun qərarlar qəbul etməsinlər. Ziyalıların da istədikləri bunlardır.

  

 

Aqil CAMAL

 

Ekspress.- 2011.- 15 fevral.- S.12.