Korrupsiyaya qarşı mübarizə
nə vəd edir?
Ötən ayın
sonundan etibarən ölkədə korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə yeni vüsət alıb. Bir çoxları bu mübarizəni kampaniya
xarakterli və müvəqqəti
tədbir kimi qiymətləndirir.
Onların fikrincə, bu xəstəlik
cəmiyyətin bütün
sferaları üzrə
geniş yayılaraq elə dərinə işləyib ki, heç bir vasitəylə ondan qurtulmaq mümkün deyil. Yalnız kəskin inzibati metodlar müəyyən
işə yarıya bilər ki, bu da digər mənfi cəhətlər
törədəcək.
Ancaq təbii
ki, hər şeyin başlanğıcı
olduğu kimi, sonu da var.
Azərbaycanda sözügedən
bəlaya qarşı dövlət səviyyəsində
mübarizə əslində, 7 il öncə - 13 yanvar
2004-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun
qəbuluyla başlayıb. Düzdür, qanun
14-cü maddəsində də göstərildiyi kimi 2005-ci ilin yanvarın
1-dən qüvvəyə minib. Lakin Korrupsiyaya
qarşı mübarizə üzrə Komissiya
2004-cü ildə yaradılmış və
onun ilk iclası da məhz həmin ilin aprelin 21-ndə keçirilmişdi. Sözümüz
bunda deyil.
Ölkədə korrupsiya və rüşvətxorluğa qarşı
mübarizənin dövlət
səviyyəsində ilk dəfə
qeyd olunan vaxtda start götürməsi
dövlət büdcəsi
vəsaitlərinin xərclənməsinə
ciddi nəzarət tələb olunması zərurətindən irəli
gəlmişdi. Xatırladaq ki,
BVF və digər beynəlxalq qurumlar həmin dövrdə də Azərbaycanda
korrupsiyanın geniş yayıldığını
bildirir, öz hesabatlarında daha çox dövlət büdcəsi vəsaitlərinin təyinatına
uyğun xərclənməməsi, habelə
sözügedən sahədə şəffaflığın
olmamasını irad tuturdular.
Odur ki, korrupsiyaya qarşı
mübarizə də ilk dəfə
məhz bunu hədəf götürdü.
"Korrupsiyaya qarşı mübarizə haqqında"
qanundan əlavə, ölkədə ötən
müddət ərzində
müxtəlif xarakterli
digər sənədlər
də qəbul edilib. Bir sözlə,
Azərbaycanda korrupsiyaya
qarşı mübarizə
üçün demək
olar ki, hüquqi-normativ baza
mövcuddur.
2007-ci
ildən sonra Şəffaflığın artırılması
və Korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya adlı 4 illik Fəaliyyət Planı həyata keçirilməyə başlandı
ki, bu da,
müvafiq məqsədlə
2004-2006-cı illər üçün
nəzərdə tutulan
Dövlət Proqramının
davamı idi.
Bəs, necə
oldu ki, korrupsiya ilə mübarizə Komissiyasının
bu il yanvarın
27-də keçirilən sonuncu
iclasından sonra bu işlər sərt şəkildə gündəmə çıxarıldı?
Fikrimizcə, ölkədə
korrupsiya və rüşvətxorluğa qarşı
mübarizənin bu ildən gücləndiriləcəyi
gözlənilən idi.
Bunu, ötən ilin sosial-iqtisadi yekunlarına dair ölkə
prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 14-də
keçirilən iclasında söylənilən fikirlər də
təsdiq edirdi. Həmin iclasda məhz
dövlət başçısının konkret
olaraq, cari il ərzində makroiqtisadi sabitliyin
qorunmasına, iqtisadiyyatın çoxşaxəliliyinin təmininə
və vergi bazasının
genişləndirilməsinə dair söylədiyi fikirlər,
buna sübutdur.
Prezidentin xüsusən
də, Vergilər Nazirliyi ilə digər qurumlar tərəfindən büdcəyə
yığılan vəsaitlərin,
cari xərclərin bağlanması üçün
kifayət etməli və Dövlət Neft Fondundan (ARDNF) transfertlərin isə, yalnız investisiya layihələrinə xərclənməli
olduğu barədə
fikri ciddi siqnal kimi qəbul
edilməli idi.
Bütün bunlar
ona işarə idi ki, iqtisadiyyatın
idarəolunması mexanizmi
artıq dəyişməlidir.
Başqa sözlə desək, dünyada hər şeyin getdikcə bahalaşması,
ölkədə qeyri-neft
sektorunun inkişaf etdirilməsi zəruriliyinin
özünü daha qabarıq büruzə verməsi, həmçinin
dövlət büdcəsi
gəlirlərinin dayanıqlı
olması vacibliyi, o cümlədən digər
amillər ölkədə
iqtisadiyyata yeni yanaşma tələb edir.
Sual oluna bilər ki, bütün bunların korrupsiyaya nə dəxli var?
Məsələ bundadır ki, rüşvət bəlası
ilk növbədə məhz
iqtisadi amillər səbəbindən əmələ
gəlir. Belə ki,
korrupsiya və rüşvətxorluq cəmiyyətin
bütün
sferalarına yoluxmadan öncə, iqtisadiyyatda köklərini atır. Başqa sözlə, sağlam iqtisadi münasibətlər
olmayan yerdə rüşvətsiz keçinmək
əsla mümkün
deyil. O, iqtisadiyyatdan sonra cəmiyyətə yayılır. Bu
mənada, korrupsiyanın cəmiyyətdə "metastaz"
verməsi səviyyəsini iqtisadiyyatda gizli sektorun payı ilə ölçmək
tələb
olunur.
Azərbaycanda gizli iqtisadiyyatın olduğu rəsmi surətdə də etiraf olunur. Hələ 4 il öncə, Dövlət
Statistika Komitəsinin məlumatına əsasən, gizli iqtisadiyyatın ölkə
iqtisadiyyatında payı 18-20% təşkil edirdi. DSK 2009-cu
ildəsə ölkədə gizli iqtisadiyyatın səviyyəsinin
9%-ə düşdüyünü bildirmişdi.
Dünya Bankı və BVF,
həmçinin müstəqil ekspertlər
bu rəqəmin
daha yüksək
olduğunu deyirlər.
Kölgə iqtisadiyyatı gəlirlərin gizlədilməsindən
ibarətdir. Bunun bir neçə səbəbi
var: birincisi, vergi yükünün ağırlığı, ikincisi, hər
hansı bir sahibkarın
reputasiyasının və yaxud da fəaliyyət
sferasının
qanuna zidd olmasıdır, üçüncüsü isə, məmur himayəçiliyidir.
Kölgə iqtisadiyyatının
geniş vüsət almasına ən çox məhz sonuncu amil yol
açır, sözügedən
tendensiya 70-80% məhz
bu amil səbəbindən
formalaşır. Bu zaman "risk" dərəcəsi az olur,
çünki məmurun ranqı həmin fəaliyyətin üzərinə "kölgə" salır.
Bu
vəziyyət əksər
MDB ölkələrinə xasdır. Qazaxıstan prezidenti
Nursultan Nazarbayevin 3 il öncə, "dəbdəbəyə
görə" vergilərin tədbiqinə dair
təşəbbüslə çıxış etməsini xatırlayaq. Nazarbayev bunu ölkəsində ötən müddət ərzində
kifayət qədər var-dövlət toplamış bəzilərinin
bir çox şeyi xalqla da paylaşmaq lazım gəldiyi
ilə izah etmişdi.
Bu fikir bir vaxt bizdə maliyyə amnistisiyasına dair qanunun qəbul edilməsinin zəruriliyi ilə bağlı yaranan söhbəti xatırlatdı: ölkəmizdə də bəzilərinin həddindən
artıq varlanması onlara vəsaitlərindən sərbəst istifadə etmələri
üçün müvafiq şərait yaradılmasını tələb etdiyi deyilirdi.
Ancaq maliyyə
amnistisiyası haqda qanunun qəbulu sözsüz ki, ölkədə korrupsiyaya
qarşı mübarizə
üçün ciddi
əhəmiyyət kəsb
edə bilməzdi. Ona görə
ki, əslində, hər kəsin
qazancı üzdə olmalı və bundan
vergi ödəməlidir. Bu
isə gəlirlərin
fərdi uçot prinsipinə
əməl olunmasını və gəlirlərin
deklarasiyası sisteminə keçməyi tələb edir.
Təbii ki,
heç kim qazancını başqasıyla
paylaşmalı deyil,
sadəcə, ondan dövlətə vergi ödəməlidir. Bir çox məmurların təzyiqi ilə üzləşən sahibkarların
arzusu da budur.
Fikrimizcə, antikorrupsiya
tədbirləri o zaman
effekt verəcək ki, gizli iqtisadiyyat
tamamilə aradan götürülsün, onu
formalaşdıran məmur
himayəçiliyinə birdəfəlik
son qoyulsun. Yalnız bu yolla korrupsiyanın
kökünü kəsmək
olar.
Məqsəd eyni,
nəticə isə hələ qabaqdadır...
Pərviz Heydərov
Ekspress.-2011.-16 fevral.-S.7.