"The News
İnternational": "Ermənistanın paytaxtı - tarixi
Azərbaycan şəhəri"
Pakistan mətbuatında Azərbaycan
həqiqətləri
Pakistanın
nüfuzlu ingilisdilli "The News İnternational" və
"Daily Times" qəzetlərinin 16 fevral tarixli sayında
ermənilərin tarixi Azərbaycan torpaqlarında yerləşdirilməsi
və burada yaşayan azərbaycanlıların deportasiyası
barədə məqalələr dərc edilib. Xəbər
APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən daxil
olub.
Məlumata
görə, "The News İnternational"da çap
edilmiş "Ermənistanın paytaxtı - tarixi Azərbaycan
şəhəri" sərlövhəli məqalədə
Yerevan şəhərinin tarixən Ermənistana məxsus
olması barədə iddiaların həqiqəti əks etdirmədiyi,
heç bir tarixi fakta əsaslanmadığı, qədim
Urartu dövlətinin indiki Ermənistanla əlaqəli
olmasına dair erməni iddialarının da boş və mənasız
olduğu qeyd edilərək əsl adı İrəvan olan
şəhərin Azərbaycan hökmdarı I Şah
İsmayılın əmri ilə sərkərdə Rəvanqulu
xan tərəfindən 1515-ci ildə tikildiyi vurğulanıb.
Yazıda XIX əsrin əvvəllərində Çar
Rusiyasının işğal etdiyi Azərbaycan torpaqlarında
özünə dayaq məntəqəsi yaratmaq məqsədilə
İran və Türkiyədə yaşayan erməniləri
İrəvan, Naxçıvan və Qarabağ
xanlıqlarının ərazilərinə
köçürdüyü, daha sonra isə bu ərazilərdə
ermənilərin say tərkibini artırmaq üçün
xüsusi tədbirlər həyata keçirdiyi oxucuların
diqqətinə çatdırılıb.
Sovet
imperiyası dövründə də azərbaycanlıların
qədim Azərbaycan torpaqlarından qovulması prosesinin davam
etməsi, imperiyanın süqutundan sonra isə indiki Ermənistan
ərazisində yaşayan azərbaycanlıların kütləvi
şəkildə deportasiya edilməsi və nəhayət, Ermənistanın
şovinist "azərbaycanlılarsız Ermənistan"
planının tamamlanması ətraflı təhlil olunub.
"Daily
Times" qəzetinin tanınmış yazarı, qəzetin
İslamabad ofisinin rəhbəri Səid Minhas isə öz
sütununda qələmə aldığı "Qafqazda nifrət
toxumları" sərlövhəli yazıda Çar
Rusiyasının Qafqazda apardığı imperialist siyasətin
tərkib hissəsi olaraq ermənilərin İran, Türkiyə
və dünyanın digər ölkələrindən qədim
Azərbaycan torpaqlarına köçürülməsinin və
beləliklə, müsəlman azərbaycanlıların
xristian ermənilər vasitəsilə öz dədə-baba
torpaqlarından qovulmasının mərhələli şəkildə
həyata keçirildiyini qeyd edib.
Müəllif
çarizmin "parçala, hökm sür" siyasətinin
Azərbaycan torpaqlarında tətbiq edilməsi nəticəsində
Qafqazda heç vaxt olmamış xəyali "böyük
Ermənistan" ideyasının ortaya
atıldığını, halbuki hazırkı ermənilərin
əksəriyyətinin başqa ölkələrdən regiona
köçürüldüyünü yazıb. S.Minhas ermənilərin
bu uydurma ideyalarına haqq qazandırmaq üçün indiki
Yerevan şəhərinin mənşəyini Nuh peyğəmbərə
bağlamaqla özlərini dünyanın ən qədim
xalqı kimi qələmə verməkdən çəkinmədiyini,
lakin bu əfsanələrin uğursuz olduğunu, 1950-ci ildən
sonra isə ermənilərin qədim Urartu dövlətinin ermənilər
tərəfindən qurulduğunu iddia etdiyini, bütün bu təşəbbüslərin
saxta üsullarla tarix yaratmaq cəhdindən başqa bir şey
olmadığını, tarixçilərin Urartu dövləti
ilə indiki Ermənistan arasında əlaqə görmədiklərini
xüsusi vurğulayıb.
Tanınmış
yazar Türkmənçay müqaviləsindən sonra ermənilərin
kütləvi şəkildə İrəvan və Qarabağ
xanlıqlarının ərazisinə köçürülməsinə
dair çarizmin planlarını səfir A.Qriboyedovun 1828-ci ildə
yazdığı rəsmi məktubdan sitat gətirməklə
göstərib: "Ermənilərin rus qoşunları tərəfindən
işğal edilmiş Təbriz, Xoy, Salmas və Marağadan
Naxçıvan, İrəvan və Qarabağa
köçürülməsi vacibdir".
S.Minhas
yazıçı N.Şavrovun 1911-ci il tarixli "İndi
Qafqazda yaşayan 1,3 milyon erməninin 1
milyonu yerli əhali deyil" qeydlərinə də yer verib. O,
ermənilərin Azərbaycan türklərini öz dədə-baba
torpaqlarından qovmaq planlarını Sovet İmperiyası
dövründə də həyata keçirdiklərini,
1948-53-cü illərdə sovet rəhbərliyinin dəstəyi
ilə azərbaycanlıların Ermənistandan kütləvi
deportasiyasına nail olduqlarını, bu prosesin mərhələ-mərhələ
aparıldığını, SSRİ-nin dağılması ərəfəsində
isə azərbaycanlıların Ermənistan ərazisindən
tamamilə qovulduğunu oxucuların nəzərinə çatdırıb.
Ekspress.- 2011.-17
fevral.-S. 4.