İtaliya səfiri "Azdrama"da

 

 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov İtaliyanın Azərbaycandakı səfiri Mario Baldinini qəbul edib. Görüşdə İtaliya-Azərbaycan mədəni münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri və İ.İsrafilovun İtaliya səfərinin proqramına toxunulub.

Səfir İtaliya və Azərbaycan mədəniyyətlərinin qədim və zəngin tarixindən, bu iki xalqın mədəniyyətində mövcud olan oxşar xüsusiyyətlərdən söz açıb.

Səfir, həmçinin, Akademik Milli Dram Teatrının Milanın "Pikkolo" Teatrı ilə əməkdaşlığının Azərbaycan və İtaliya teatrları arasında ilk işbirliyi olduğunu xüsusi vurğulayaraq, bu cəhdi yüksək qiymətləndirdiyini söyləyib.

İ.İsrafilov Azərbaycan Mədəniyyət Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb, dünya mədəni intibahının beşiyi hesab edilən İtaliyanın teatrları ilə uzunmüddətli yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib. O, Azərbaycan-İtaliya teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, tərəflərin müstəqil rejissor quruluşlarının əhəmiyyətini vurğulayıb. Görüşün sonunda səfir Mario Baldi Akademik Milli Dram Teatrının yeni texnika ilə təchiz olunmuş binası ilə tanış olub.

  

 

  AYXAN

 

   Ekspress.- 2011.- 19-21 fevral.-S.20