Xınalı
dağlar, mor bənövşələr və ümid...
Haçansa
gəncliyimizin xoşbəxt
günlərində
ruhum bədəndə
oynayanda, ağaclara,
quşlara, buludlara,
sevdalı gözəllərə
qanım qaynadığı
bir anda quşlar
çiçək açmalıydı,
ağaclar qanadlanıb
uçmalıydı
demişdim.
O
misranı pıçıldadığım
gündən
uzun illər
ötüb keçib
ömrümdən. Ömrümdən
ötüb keçən çilə dolu ağır illər
alnıma mücərrəd qırışlar cızıb,
ürəyimdə dərin çatlar buraxıb. Amma hələ
də mənim röyalarımda ağaclar qanadlanıb
uçur, uçan quşlar çiçəkləyir...
Ucsuz-bucaqsız rus çöllərində tənha bir
ağcaqayın ağacıydı ryazanlı Yesenin.
"Yaşamaq bir ağac kimi tək və hürr və
bir orman kimi qardaşcasına" deyə insanlığa
hayqıran böyük türk şairi Nazim Hikmət bir ceviz
ağacıydı. İstanbulda, Gülhanə parkında. Bu
gün çağdaş poeziyamızda hardan baxsan, yeri
görünən Rəsul Rza bir çinar ağacıdı -
kökü Göyçay torpağında. Qərib Orxan Vəli
telli qovaqdı - İstanbulun orta yerində. Rəssam Toğrul
Nərimanbəy də çinardı, amma Toğrul
yüzillik çinar da olsa, budaqları nar gətirəcək.
Səttar Bəhlulzadə dəmir-ağacdı - yanıb
qaralmış dəmirağac.
Elbariz Məmmədli türk
yovşanıdı göydələnlərin boz kölgəsində
- biganəlik iqlimində. Hər dəfə Elbariz Məmmədli
ilə görüşəndə məni yovşan qoxusu vurur.
Bir Məmməd
Dəmirçioğlu
yaşayır
bu dünyada.
Şair və rəssam
Dəmirçioğlu. Dəmirçioğlu
tut ağacıdı İncə dərəsindən. Qara saz
kimi bir adamdı.
Şairlər uçan ağcalardı. Göy
üzündə çiçək açan quşlardı
şairlər.
Fəxri
Müslüm talada bir yemişan ağacı kimi
görünür gözlərimə.
...Mən yemişan ağacıyam, Tanrım,
Ayına, ulduzuna, buluduna dirənmiş.
Və yaşıl talada
köküylə qara torpağa, budaqlarıyla göylərə
kök atmış bu yemişan ağacı
hayqıra-hayqıra xınalı dağlara sarı
yüyürür.
Uzaqlardan xınalı dağlar
görünür. O görünən dağlar bizim
dağlardı...
Bizim gələnəyimizdə əski
şaman dədələrimizdən miras dağ kultu
yaşayır. Dağlar türk şeirinin bəzəyidi,
süsüdü. Biz Tanrı dağlarından varıb gəlmişik,
bir gün tənimiz qara torpağa qovuşanda ruhumuz yenə
Tanrı dağlarına dönəcək.
Düşünürəm ki, bəlkə
elə şaman ozanlarımız Ay işığında
dünyadan qoca dağlarımızın şəninə nəğmələr
qoşublar. Bəlkə ilk türk şairi ilk türk
şeirini xınalı dağlarımızın şəninə
söyləyib - dünyanın o gözəl, bakirə
vaxtlarında ozanlar şeir qoşardılar. Sonralar, çox
sonralar şairlər şeir yazmağa başladılar.
Əski zamanlardan üzübəri
dağlar, dağ motivləri bizim poeziyamızda önəmli
yer alır. Hər şairin mütləq və mütləq
dağlara aid şeirləri mövcuddur. Hər şair
heç olmasa bir şeir yazıb dağlar adına - "fərman
padşahındı, dağlar bizimdi".
Amma nə
mutluyuq ki, türk şeirində, türkcə şeirində
hər şairin öz bənzərsiz dağları
olduğunu görürük. Qədim çağlardan bu
günümüzə qədər şeirimizin əsrarəngiz
mənzərəsi belə olub, bu gün belədir. İnşallah,
yarın da belə olacaq.
Fəxri Müslüm dağlara
üz tutuban onlara könül nəğməsi oxuyub, onun
dağlara xitabən söylədiyi misralarda qədim
çağların ruhu dolaşır.
Örüşə bax -
buludları qapanmış,
Köç dağlarda,
yaylaqları sar almış.
Bu dünya, qulaqları kar
olmuş,
Dərd sinəmdə binə-binə
xal oldu.
Bu mənzərəni
harda gördüyünüzü xatırlayın, yada
salın. Siz bu həzin mənzərənin ovqatına köklənməkdə
olun, mən Fəxri Müslümün "Dağlar"
adlı şeirini "Dilqəmi" havası üstündə
çalıb oxuyum. Amma hanı, nə saz
çalmağım, nə də oxumağım var. Olsun,
qüsura baxmayın, könlüm havalanıb, bir bənd də
olsa oxumalıyam:
...Yaylaq canda xal-xal oldu,
Könül azdı, bihal oldu,
Taleyimiz yığval oldu -
Sırğalandı dənin,
dağlar.
Şairin əksər şeirləri
saz havası üstündə köklənmiş kimi
könlümüzü ovsunlayır. Saz və söz ovsunu
içində sanki dəli könül bihal olur. Həmişə
mənə elə gəlib ki, Fəxri Müslümün
şair ürəyi SAZ şəklində olmalıdır.
...Məşhur bir rəssam
görkəmli rus şairi Yevgeni Yevtuşenkonun portretini
işləyirmiş. Rəssam və şair ordan-burdan söhbət
edə-edə arada qırmızı şərabın
dadına baxmağı da unutmurdular. Seansın sonunda rəssam
portreti molbetdən çıxarıb özündən və
işindən razı bir halda şairə göstərir.
Şair uzun müddət susur. Rəssam şairin portret
haqqında fikrini soruşanda şair "nəsə
çatışmır" - deyir. Nə
çatışmır? - rəssam inad göstərir. Ürək
- şair cavab verir.
Rəssam cəld
fırçanı qırmızı rəngə
batırıb bir ürək şəkli çəkir.
Bu əhvalatı Yevgeni
Yevtuşenkonun xatirələrində oxumuşam. Yəqin ki,
şair bu əhvalatı özündən uydurmayıb,
çünki bu böyük şairin bayağı lətifələrlə
əylənməyə ehtiyacı yoxdu.
Bəs mən nə demək istəyirdim?
Belə bir əhvalat bizim başımıza gəlsəydi, mən
ürək şəkli deyil, saz şəkli çəkərdim
dostumun portretində.
Aşıq Əli, yaman yatdı
sinəmə,
Qayıt köklə, "Dilqəmi"ni
bir də çal.
Könül verdim bir nazənin sənəmə,
Yaddaşımı örkən elə,
hör də, çal.
Bu yaxınlarda Aşıq Əlini
gördüm. Faniliklərin fövqündə durub qəlyanını
tüstülədirdi...
Fəxri Müslümün Aəşıq
Əliyə ithafən yazdığı qoşmanı
xatırladım.
Həsrətə bax, mücrüsündə
yaz ağlar,
Yöndəmsizə, ya arsıza az
ağlar,
Nəm tutubdu, köynəyində
saz ağlar,
Belə simin güllərini dər
də, çal.
Fəxri Aşıq Şəmşirə,
Aşıq Xanlara, Aşıq Fəzailin, Miskinin "Baş
sarıtel"inə, "Divani"sinə, xüsusilə də
"Dilqəmi"sinə və xınalı dağlara, mor bənövşə
sevdasına şeirlər yazır. Fəxri Müslüm qara
sazdan halallıq diləyən bir ozandı və bu ozan bizim
qan qardaşımızdı.
Dərd boğaza gələndə
Fəxri Müslüm ürəyini ovcuna alıb
pıçıldayır:
Mən şeir yazmıram,
qardaşım -
mən dərd
köçürürəm ağ vərəqlərə,
mən könül açıram
qarlı dağlara.
Mən nağıl
danışıram
ürəklərində
ümid tumurcuqlayan uşaqlara.
Bir cüt bəyaz qanadım var,
dərdə bükülmüş
həyatım var...
Əlbəttə, bu, bir şair təvazökarlığıdır.
Əlbəttə, şair sadəcə olaraq qafiyəli
misraları ardıcıllıqla sıralamır, o, öz qan
yaddaşını qələmə alır. Yuxarıda,
yazının bir yerində şaman-ozan termini işlətmişdim.
Şamanizm bir türk ideologiyasıdı, bir yaşam fəlsəfəsidir.
Ruh və maddə, od və su, xeyir və şər,
işıq və zülmət, olum və ölüm sənətin,
poeziyanın əzəli-əbədi mövzularıdır.
Bizim sənət haqqında düşüncələrimiz, əlbəttə
ki, fərqlidir, amma genetik yaddaşımız eyni kökdəndir.
Bu mənada şeir Türkün genetik yaddaşıdır.
Beşiyin başında layla səslənib,
Bayatı səslənib, kövrək
bayatı,
Dədəmiz Qorqudun sazı
süslənib,
Dilə gətiribdi eli, elatı.
Nə az-nə çox, düz
qırx il öncə Sabir adına kitabxanada şair
Ağacavad Əlizadənin rəhbərlik etdiyi ədəbiyyat
dərnəyində Fəxri Müslümlə, Qasid
Nağıoğlu, Vaqif Cəbrayılzadə, Böyükxan
Bağır, Sutan Mərzili, Tahir Qurbanov, Sabir Adil və gəncəli
balası Şaiq Rəsul, Rauf Soltan, Mehdi Bəyazid ilə tale
bizi bir araya gətirdi. Rauf və Şaiq gənc
yaşlarında torpağa düşdülər, bizim durna səfimizdən
ayrıldılar. Deməli, Fəxri ilə qırx ildi duz-çörək,
düz çörək kəsirik. Fəxri müsahibələrinin
birində incə bir yumorla, həm də ərk ilə mənə
sataşıb. Gərək ki, Elnur Paşa Fəxrini
sorğu-suala tutmuşdu. Müsahibənin bir yerində Fəxri
deyir ki, 7-8 il əlimə qələm almadım. Adil o zaman
"Ulduz" jurnalında işləyirdi. Hər dəfə
görüşəndə məndən şeir istəyir,
tez-tez məni incidirdi. Adil Mirseyid qovdu, mən qaçdım.
Saz havaları üstündə bir silsilə şeirlər
yazdım. Sonra Adil "Ulduz" jurnalından getməli oldu.
"Palitra" qəzetində ədəbiyyat səhifəsi
aparanda o şeirləri kiçik bir ön söz yazaraq
çap etdi və beləliklə məni məhvərindən
çıxdığım içimə qaytardı.
Ay səni, arxadaş. Ay səni, Fəxri
Müslüm. Başqa bir müsahibədə Xanəmir Fəxri
Müslümə müraciətlə deyir:
"İmzanıza indi tez-tez rast gəlmək olur. Özü
də sizin maraqlı tərəfiniz odur ki,
yaşıdlarınızdan fərqli olaraq, ədəbiyyata
yeni gələn gəncliyə
qaynayıb-qarışırsınız. Vaxtı ilə
çox az çap olunmusunuz, ya da heç çap
olunmamısınız". Xalq şairi Nəriman Həsənzadə,
Söhrab Tahir, keçən il bir avtomobil qəzasında həyatını
itirmiş Eldar Nəsibli, Əli Rza Xələfli, Elbariz Məmmədli,
Vasif Süleyman və Vəli Səmədli ömrünün
müdriklik dövrünü yaşayan tanınmış
şair Fəxri Müslümün
yaradıcılığı haqqında yazdıqları məqalələrdə
onun poeziyasını, nəsrini və şəxsiyyətini
yüksək dəyərləndirirlər. Fəxri isə həmişə
olduğu kimi, istiqanlı, səmimi, həyalı və təvazökardı.
Türklük şüuru, insana və
təbiətə sevgi - Fəxri Müslüm
poeziyasının silqəti məhz budur.
Şairin dil, din və qan
qardaşı Azər Abdullaya xitabən yazdığı
misralar bu məqamda yadıma düşdü.
Dan üzündən gələn
adam -
İçin-için
ağlayıb,
için-için gülən
adam,
Sınmayan, sızlamayan,
ölməyən adam.
Dərdi dərdlə kəsən,
bölən adam...
Bu misraları eyni ilə şairin
özünə şamil etmək olar sanıram. O özü də
dan üzündən gəlmiş adamdı - təpədən-dırnağa
qədər işıq içindədi. Bəzən şəhərin
izdihamlı və laqeyd küçələri ilə onunla
birgə addımlayanda mənə elə gəlir ki, o, bu
şəhərdə, bu küçədə deyil, hardasa
göy üzündə bulud köçündədi. O bulud
köçü Şınıx dağlarından baş
alıb gəlir...
Bir də bilmirəm nədənsə
Aşıq Qurbaninin mor bənövşələri
gülümsəyir xəyalımda. O mor bənövşənin
bakirə təbəssümü Leonardo da Vinçinin Mona
Lizasının sirli təbəssümündən daha
ecazkardı mənim aləmimdə. Bu dünyada elə bir
güc-qüvvə yoxdur ki, şairi boyun əyməyə, diz
çökdürməyə məcbur etsin, onu atdan sala bilsin.
Şairin biləyini bükmək, kürəyini yerə vurmaq
hər igidin işi deyil - şairin üstünə Tanrı
kölgəsi düşər.
Fəxri Müslüm kimi bir
şairi bir bənövşə təbəssümü atdan
salar, diz çökdürər.
...Mən Türkəm,
bu qarğış bir güc eləməz,
Boğaza zor ilə ülgüc gələməz.
Qoruyan Tanrıdı, pis gün diləməz,
Apar qarğışını,
qarğış yiyəsi.
Mən şeiri hər zaman, həm
də bir rəsm olaraq görürəm, zira mənim təsviri
sənətlə çox sıx bağlılığım
var. Renesans poeziyası renesans rəssamlarının əsərlərinə,
modern poeziya isə avanqard rəssamlığa bənzəyir.
Pablo Pikassonun təbiri ilə desəm, rəsm hər şeydən
öncə bir oboljedir, yeni obyektdir. Modern rəssamlıqda rəsm
əsəri təsvir etdiyi nəsnəyə görə deyil,
ortaya qoyduğu rəsmsəl olaya görə dəyərləndirilir.
Bu gözlə baxsaq, şeir də belədir.
Fəxri Müslümün
"Şamaxı etüdləri" bu qəbildən olan
şeir nümunələridi.
Başının üstündə
üzü dünyaya baxan Ayı heyrətlə seyrə dalan
şair üçün poeziya aldığı, ciyərlərinə
çəkdiyi nəfəsdi. İçdiyi sudu, yediyi
çörəkdi.
Yaxşı ki, bir şəkil
çəkmişdi qızım,
Qalmışdı bu alma ağ
kağız üstə.
Fələyin hökmüylə
yıxılmış arzum,
Alma ağacı tək
çöküb diz üstə.
Ulduzlar perikib uçur gecənin
qaranlığında. Ulduzlar cənnət quşları kimi səs-səsə
verib oxumur daha torpaqları yağmalanmış məmləkətimdə.
Hər alma ağacı bir bəxt ağacıdı - alman
ağaclarımız quruduqca ölü ulduzlar
tökülür göy üzündən.
...Uzaqdan, dağ yolundan bir atlı
keçir. O atlı Fəxri Müslümdü - kəhər
atın yalmanına yatıb çapır gecəni
dördnala...
Alnımızın
ucalığında
bir "İrfani" havası
yaşar -
ağırlığı, ləngərliyi
paşalara verib gedən,
Boz çöllərdən
keçib gəldik,
köynəyimizin ipliyi
yovşan otundan,
varlığımız, qədimliyimiz
Orxon, Yeniseydəki çaylara
daşlar varıb gedən
atlarımızın
qantarğası
cilovlandı əllərimizdə -
yüyənləri dartmaq
üçün.
Cıdırları
ağır-ağır dövrələdik
tələsmədən,
çəkimizə dirəklənib,
dirsəklənib
büdrəmədən, əsmədən
-
Ulularımızın
böyüklüyünə,
ucalığına çatmaq
üçün.
Uralanıb gəldik, durulub gəldik,
Gedirik, gedirik, gəlirik hələ
-
Boz çöllərdən
keçib gəldik
Göydəmir atları minib gəldik...
Adil Mirseyid
Ekspress.-
2011.- 19-21 fevral.- S.18.