Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   "...Beriya və onun yaxın əlaltılarının işinə dair istintaqın gedişində sübut olunmuşdur ki, öz müsavatçı keçmişinin aşkara çıxarılacağından təlaşa düşən Beriya o vaxtlar köməkçisi olan Merkulovu müsavat əks-kəşfiyyatında xidmətini təsdiq edən bütün arxiv sənədlərini yığmaq üçün Bakıya göndərmiş, Bağırov ona həmin sənədlərin axtarılıb arxivdən oğurlanmasında fəal yardım göstərmişdir.

   Merkulov bu barədə deyirdi: "Hələ Tbilisidə olarkən, Beriya məni yanına çağırdı və dedi ki, onun düşmənləri belə bir şayiə yayırlar ki, guya o, müsavat əks-kəşfiyyatında xidmət edib. Əslində isə bolşeviklərə yaxın olan "Hümmət" Bakı təşkilatının üzvü olub. Hafizəm məni aldatmırsa, müsavat əks-kəşfiyyatındakı xidmətini Beriya tamamilə danırdı. Beriya Bakıya uçmağı və partiya arxivində ona bəraətverici sənədləri axtarıb tapmağı xahiş etdi. Düşmənlərinin həmin sənədləri ələ keçirəcəyindən qorxurdu. Mən Bakıya uçdum. Bağırovun yanına gedib Beriyanın tapşırığını ona çatdırdım. Xatirimdədir ki, Bağırov partiya tarixi arxivinə zəng vurub mənə kömək göstərilməsini tapşırdı. Mən arxivdən iki sənədlər qovluğu tapdım. Bu sənədlərin məzmununu mən dumanlı şəkildə xatırlayıram. Sənədlərin mənə verilməsi barədə Beriyadan rəsmi məktub gətirməmişdim, sənədləri götürən zaman haradasa imza qoymağım da yadıma gəlmir.

   Tiflisə qayıdandan sonra mən Bakıdan gətirdiyim sənədləri Beriyaya verdim. O, sənədlərə baxıb razı qaldığını bildirdi və onları seyfində gizlətdi".

   Beriya həbs olunarkən evində axtarış zamanı onun müsavat əksinqilabında xidmətini təsdiq edən, Merkulov və Bağırov tərəfindən partiya tarixi arxivindən oğurlanmış sənədlər aşkara çıxarıldı. İstintaq Bağırovun Beriyanın xəyanətkar keçmişini ört-basdır etməkdə fəal iştirakçı olmasına dair digər faktları da aşkara çıxardı". (Bax: Mir Cəfər Bağırovun məhkəməsi. Bakı, "Yazıçı" nəşriyyatı, 1993, səh.21-24).

   Qeyd etmək lazımdır ki, 1953-56-cı illərdə Xruşşovun və Mikoyanın nəzarəti altında L.P.Beriyanın və M.C.Bağırovun məhkəməsi bitdikdən sonra da saxta şahid ifadələrinin toplanılması davam etmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Nazirliyinin arxivində saxlanılan belə materiallardan birini - 1955-ci ilin iyul ayının 16-da vətəndaş Mazmanova Lyusya Stepanovnadan alınmış yazılı ifadəni oxucuların nəzərinə çatdırıram. Tiflisdə yazılı ifadə vermiş Mazmanova kimdir? Respublika Milli Təhlükəsizlik Nazirliyinin arxivindəki məlumatdan aydın olur ki, o, 1908-ci ildə anadan olmuş, milliyyətcə ermənidir. Paliaşvili adına Opera Teatrında pianoçu-konsertmeyster işləyir, ali musiqi təhsillidir, Tiflis şəhəri Lermontov küçəsindəki 12 nömrəli evdə yaşayır, telefonu 3-60-65-dir. Onunla sorğu-sualı Zaqafqaziya Hərbi Dairəsi prokurorunun köməkçisi, ədliyyə mayoru Maslov aparmışdır. Dindirilmə zamanı Mazmanova aşağıdakıları bildirmişdir.

   MAZMANOVA LYUSYA STEPANOVNA - 1937-ci il iyul ayının 17-də mənim ərim Mirzabekyan Aram Mixayloviç Gürcüstan Xalq Daxili İşlər Komissarlığının orqanları tərəfindən həbs olunmuşdur. Məbəbi gizlədilsə də, mən bilirəm və bəyan edirəm ki, o, Lavrenti Beriya ilə qeyri-normal münasibətdə idi. Ərim Mirzabekyan 1915-ci ildən ÜİK(b)P-nin üzvü idi, inqilabi hərəkatda və vətəndaş müharbəsində iştirak etmişdi, məşhur inqilabçı Atarbekovla çiyin-çiyinə Müvəqqəti Fövqəladə Komissiyasında çalışmışdır. 1918-1921-ci illərdə Zaqafqaziya Cəbhəsi döyüşlərində Serqo Orconokidzenin şəxsi katibi olmuşdur. 1930-cu ildən 1933-cü ilədək Xancanyan yoldaşla yanaşı Ermənistan K(b)P MK-nın katibi vəzifəsində işləmişdir. 1934-1936-cı illərdə ZSFSR-in xarici ticarət xalq komissarı vəzifəsini tutmuşdur. Vəzifəsindən kənarlaşdırılandan sonra Tbilisi şəhərindəki mərkəzi univermağın direktoru işləmişdir. Elə həmin vaxt həbsə alınmışdır.

   Ərim mənimlə söhbətlərində izhar edirdi ki, Beriyadan çox narazıdır, Beriya ləkəli adamdır. Bakıda partiya işində çalışarkən, Sovet hakimiyyəti qurulanadək Beriya adında kommunist görməmişdir. Beriyaya qarşı ərimin nifrəti bir də onda idi ki, Beriya Zaqafqaziya Baş Siyasi İdarəsi sədrliyini riyakarlıqla ələ keçirmişdi. Bundan əlavə, 1929-cu ildə partiya qurultayında fasilələrdə Beriyanın qadınlara necə şorgözlüklə baxdığının şahidi olanda onu kommunistlər arasında açıq-aşkar məzəmmət etmişdi.

   1928-ci ildə ərimlə birlikdə qatarla Moskvaya gedirdik. Bir də gördük ki, qonşu kupedə Beriyadır. Moskvaya çatanda Beriya ərimə dedi ki, yaxşı olar onunla qonşuluqda mehmanxanada qalaq. Ərim razı olmadı və biz Anaşkin yoldaşın qonağı olduq. Tbilisiyə qayıdandan sonra Beriya mənzilimizə zəng vurmağa başladı və xahiş etdi ki, mən onunla görüşə gəlim. İkilikdə görüşlərimiz 7-8 il uzandı. 1933-cü ildə ərim Ermənistanda ezamiyyətdə idi. Bir gün Beriya mənə zəng vurdu ki, yanına gəlim. Tək olduğumdan mən özüm onu mənzilimizə dəvət etdim. Beriya evimizə gələndə ondan xahiş etdim ki, daha bəsdir, məndən əl çəksin, ailə həyatımı pozmasın. O, bu sözlərdən sonra stoldan qalxıb məni qucaqlamaq istədi, mən stolun ətrafında qaça-qaça ona bildirdim ki, indi həvəsim yoxdur. O da məndən ayrılıb getdi. 1936-cı ildə günlərin bir günü Beriya şəxsi sürücüsünü göndərib məni evinə dəvət etdi. Sonra mən də rəfiqəm Lyusya Poqosova ilə birlikdə onun maşınında gəzib-dolaşdıq. Bir müddət keçəndən sonra, 1936-cı ildə rəfiqəm Lyusya Poqosova mənə zəng vuraraq xahiş etdi ki, onlara baş çəkim. Dərhal getdim. Bu an qəribə hadisə baş verdi. Mən içəri girən kimi Lyusya otağı tərk edib qaçdı və otaqda Beriya peyda oldu. Üstümə cumdu, məni qucağına alıb taxta çarpayının üstünə uzandırdı, bərk-bərk öpüb-dişlədi... təslim oldum.

   Beriya ilə yaxın əlaqədə olduğumdan agah olanda ərimin onula münasibətləri daha da kəskinləşdi, təqiblərə məruz qaldı və nəhayət, Beriya onu məhv etdi".

   Arxiv materiallarından aydın olur ki, Aram Mixayloviç Mirzabekyan arvadının Beriyanın məşuqəsi olduğuna görə deyil, 1936-cı il və 1937-ci il repressiya qaydalarına görə keçmişdə daşnak partiyasının üzvlüyünü gizlətdiyinə görə həbsə alınmışdır. SSR İttifaqı Xalq Daxili İşlər Komissarlığının 30 iyul 1937-ci il 00447 nömrəli əmrinin "Repressiya olunmalı şəxslər" bəndinə istinadən A.M.Mirzabekyanın arvadı həbs olunub Gürcüstandan sürgün edilmiş, 1955-ci ildə, Beriyanın məhkəməsindən iki il keçmiş L.S.Mazmanovadan yazılı ifadə alınmışdır. Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasti Sənədlər Arxivində L.S.Mazmanovanın qaynı tərəfindən doğma qardaşı barəsində yazdığı məktub saxlanılır. Qardaş qardaşı haqqında görün nələr yazır:

   "Azərbaycan K(b)P MK katibi Bağırova

 

   Ərizə

 

   Sizə aşağıdakı məlumatı çatdırmağı özümə partiya borcu hesab edirəm:

   Bu il avqustun 11-də mənə xəbər gəldi ki, qardaşım Aram Mirzabekyan ifşa edilmiş xalq düşməni kimi həbsə alınmışdır. O, 1921-ci ildən həmişə Tiflis şəhərində yaşamışdır.

   Bolşevikcəsinə tam səmimiyyətlə bildirirəm ki, onunla heç bir siyasi bağlılığım olmamışdır və son ilyarım ərzində hətta məktublaşmamışam.

   Bəyan edirəm ki, partiyaya və xalqa xəyanət etmiş bu əclaf qardaşımdan üz döndərirəm və xalq düşməni kimi ona ən ağır cəza verilməsini tələb edirəm.

   L.Mirzabekyan

   3 avqust 1937-ci il, Bakı şəhəri."

 

   Arxivdə L.Mirzabekyanın 1937-ci il iyun ayının 7-də yazmış olduğu ərizəsi də saxlanılır. Tanış olun:

   "Azərbaycan K(b)P XII qurultayının rəyasət heyətinə

 

   Ərizə

 

   Bağırov yoldaş qurultayda öz məruzəsində Azərittifaqda işlədiyim vaxt buraxdığım səhvlərimi kəskin şəkildə tənqid etdi. Mənə qarşı bu haqlı sərt tənqidi tamamilə ədalətli, düzgün sayıram, mən buna layiqəm. Hər bir bolşevikin vəzifəsi bundan ibarətdir ki, qüsurlarını ört-basdır etməsin, əksinə, vicdancasına etiraf etsin və əməli işində aradan qaldırsın - Stalin yoldaş bizi məhz belə öyrədir.

   Mən 1936-cı il mart ayının 25-də Azərbaycan K(b)P MK-nın qərarı ilə qeyri-qənaətbəxş işimə, böyük israfçılığa və yeyintilərə yol verildiyinə, kadrların seçilməsinə düzgün münasibət göstərmədiyimə və b.k. qüsurlara görə Azərittifaqdan kənar edilmişəm. Bununla belə, baş verən son hadisələrin göstərdiyi kimi, mən qurultayda tamamilə aydın və vicdanla demək istəyirəm ki, mənim ən bağışlanılmaz kobud səhvim bundan ibarət olmuşdur ki, qurultayımızda Bağırov yoldaşın məruzəsində deyildiyi kimi, trotskiçilərin, müsavatçıların, daşnakların və digər yapon-alman faşistləri olan xalq düşmənlərinin əhalinin, fəhlələrin, kolxozçuların narazılığına yönəldilmiş çirkin fəaliyyətini gözdən qaçırmışam. Beləliklə, partiyamız qarşısında kobud səhvlərə yol vermişəm, israfçılığa qarşı siyasi sayıqlığımı itirmişəm, xalq düşmənlərini iç üzünü aça bilməmişəm. Bolşevik sayıqlığımın olmaması nəticəsidir ki, trotskiçi-müsavat bandasının mənfur nümayəndəsi Babayev kimi xalq düşməni 3 ilə yaxın Azərittifaqnda fəaliyyət göstərmiş və mən onu müdafiə etmişəm.

   Buraxdığım səhvlərdən indi özümə ibrət dərsi götürmüşəm, başlıca vəzifəmin partiyaya səmimi münasibətimi əməli işdə sübut etmək olduğunu yaxşı dərk edirəm. Vicdanıma and içirəm ki, partiyanın köməkliyi ilə qüsurlarımı aradan qaldıracağam.

   Qurultayın Rəyasət Heyətindən xahiş edirəm ki, ərizəm qurultay nümayəndələrinin nəzərinə çatdırılsın. Mən iyunun 4-də çıxışa yazılmışdım. Ancaq mənə söz verilmədi və ona görə bu ərizəmi yazmalı oldum.

   L.Mirzabekyan

   07 iyun 1937-ci il."

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.- 2011.- 19-21 fevral.- S.15.