"Yeddi gözəl" Moskva səhnəsində
Bakıda
isə I Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçiriləcək
Dünən Moskvada
Rusiya Akademik Böyük Teatrının
əsas səhnəsində Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrının balet
truppası artistlərinin ifasında dahi bəstəkarımız Qara
Qarayevin "Yeddi gözəl" baleti nümayiş etdirilib.
Nümayişdən əvvəl mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin iştirakı
ilə mətbuat konfransı keçirilib. Tədbirdə
çıxış edən nazir bildirib ki, Qara Qarayevin
"Yeddi gözəl" baletinin
Böyük Teatrda nümayiş olunması Azərbaycan mədəniyyəti üçün mühüm
hadisədir.
Ə.Qarayev bu
təşəbbüsə görə, Rusiya Federasiyası Mədəniyyət
Nazirliyinə və Moskva Böyük Teatrının rəhbərliyinə
təşəkkürünü bildirib: "İndi biz ayrı-ayrı ölkələrik.
Balet tamaşalarının nümayiş
olunması o qədər
də asan məsələ deyil".
Nazir baletin quruluşçu baletmeysterinin
Vasili Medvedyev, musiqi rəhbəri və dirijorunun İstanbul Opera və Balet Teatrında çalışan Elşad
Bağırov, quruluşçu
rəssamının Dmitri
Çerbaci, geyim üzrə rəssamının
Tahir Tahirov olduğunu bildirib: "Tamaşada Bəhram şah rolunu Mixail Lobuxin oynayacaq. Gözəllər gözəli rolunda
isə Azərbaycanın
əməkdar artisti Kamilla Hüseynova çıxış edəcək".
Rusiya prezidentinin beynəlxalq
mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy çıxışında
Qara Qarayevin rus teatrları ilə əməkdaşlığından
danışıb. O, dahi bəstəkarın
rus teatrlarında bir neçə əsərinin səhnələşdirildiyini
söyləyib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə çıxışında
müəllimi olan Qara Qarayevin əsərinin Moskva Böyük Teatrında səhnəyə qoyulmasından
çox şad olduğunu bildirib: "Bu çox böyük bir işdir. 130 teatr
əməkdaşının buraya gətirilməsi böyük zəhmət tələb edir. Bu zəhmət
bu gün öz nəticəsini verir.
Artıq tamaşaya bilet yoxdur. Bütün
biletlər satılıb".
P.Bülbüloğlu Rusiyada fəaliyyət
göstərən 20 xarici ölkə səfirinin tamaşanı izləməyə gələcəyini söyləyib.
Yeri gəlmişkən, bu il Mədəniyyət
və Turizm Nazirliyi Azərbaycan rəssamı Tahir Salahovun Rusiyanın
bir çox şəhərlərində sərgilərinin keçirilməsini,
Azərbaycan teatrlarının
Rusiya şəhərlərinə qastrol səfərlərinin təşkilini planlaşdırır.
Ə.Qarayev Azərbaycanın
son zamanlar beynəlxalq
simpoziumların məkanına
çevrildiyini söyləyib:
"Bu il aprelin 7-9-da Bakıda I Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Bu forum
Avropa Şurası, UNESCO, İSESCO və bir sıra beynəlxalq
təşkilatların dəstəyi ilə keçiriləcək.
Azərbaycanla Rusiya mədəniyyət
sahəsində əməkdaşlığını
daim davam etdirir. Son 2-3 ildə Rusiya ilə birgə bir sıra mədəniyyət
layihələri həyata keçirmişik.
Bizim teatr
truppalarımız Rusiya teatrlarında
bir sıra tamaşalar
səhnələşdiriblər. Dahi rus dramaturqu Çexovun əsəri Azərbaycanda tamaşaya qoyulub. Kinematoqrafiya sahəsində də əməkdaşlığımız
var".
Mixail Şvıdkoy Azərbaycanın
Rusiya üçün
mədəniyyət və
humanitar sahədə mühüm strateji əməkdaş ölkə
olduğunu söyləyib. O, bu ilin payızında Bakıda Rusiya-Azərbaycan Humanitar Forumunun keçiriləcəyini
bildirib. Ə.Qarayev Azərbaycanın son zamanlar beynəlxalq simpoziumların məkanına
çevrildiyini söyləyib.
Ekspress.- 2011.-22
fevral.-S.23.