"Mədəniyyətlərarası dialoq" mövzusunda "ən yaxşı fotoşəkil" müsabiqəsi

 

Azərbaycan hökumətinin təşəbbüsü ilə aprelin 7-dən 9-a qədər Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq" mövzusunda "Ən yaxşı fotoşəkil" müsabiqəsi elan olunub. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, miqyasının genişliyinə, iştirakçıların tərkibinə, tərəfdaş qismində cəlb olunan beynəlxalq qurumların sayına və formatına görə Bakı Forumunu dünya səviyyəli ilk belə tədbir hesab etmək olar.

Belə ki, forumun təşkilinə UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, AŞ Şimal-Cənub Mərkəzi, İSESKO "Euronews" kimi nüfuzlu beynəlxalq qurumlar tərəfdaş kimi cəlb edilib. Müsabiqənin keçirilməsində məqsəd dünya xalqları müxtəlif sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq etməkdir. Müsabiqənin şərtlərinə görə, təqdim ediləcək fotoşəkillər rəngli və ya ağ-qara ola bilər. Mədəniyyətlərarası dialoqa həsr olunmuş fotolar Azərbaycanda dünyada yaşayan müxtəlif xalqlar, mədəniyyətlər dinlər arasında birgə yaşama ənənələrinə, dialoq və əməkdaşlığın təbliğinə xidmət etməlidir. İşlər Mədəniyyət və Turizm Nazirliyinə martın 15-dək təqdim edilməlidir. Müsabiqəyə təqdim edilmiş fotoların əsasında forumun keçiriləcəyi məkanda -"Gülüstan" sarayının foyesində 30-50 əsərlik fotosərgi təşkil ediləcək. Müsabiqənin qalibləri forum iştirakçıları tərəfindən gizli səsvermə yolu ilə təyin olunacaq. Qaliblər üçün hər biri müvafiq olaraq 3000, 2000 və 1000 manat məbləğində 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlar təsis edilib. Təltifolunma mərasimi isə aprelin 8-də "Buta" sarayında keçiriləcək.

Məlumatda o da bildirilir ki, müsabiqə nəticəsində fotosərgi üçün seçilmiş işlər dövlət mülkiyyəti sayılmaqla, Mədəniyyət Turizm Nazirliyinin istifadəsinə veriləcək.

  

 

AYXAN

 

Ekspress.-2011.- 26-28 fevral.- S.31.