Nurəddin Mehdixanlı: "Bu adamlar ömrümü əlimdən aldılar"
Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti
Nurəddin Mehdixanlı
Lent.az-a müsahibə
verib. Müsahibəni
cüzi ixtisarla dərc edirik.
-
Gözləmə otağında görüşməyimizdən
belə başa düşdüm ki, indi də aktyorların
jurnalistləri qrim otağına aparmağına icazə
verilmir. Necə ki, bir müddət əvvəl müsahibə
verməyə qoymurdular...
-
Əslində heç kimə qadağa qoyulmamışdı
və heç kimin də ağzını
bağlamamışdılar. Kim istəyirdi,
danışmağı bacarırdısa,
danışırdı. Amma kimlərinsə şəxsi
ağrıları, problemləri, narahatlıqları
vardısa və hər gün danışırdılarsa da,
içində bir şey yox idi.
-
Kimlərsə də qorxub danışmırdı...
-
Yox, əslində yox. Bilirsiniz necədir? Danışmaq xətrinə
danışmaq lazım deyil. Mən hesab etmirəm ki, bu, bizim
görəcəyimiz işlərə yardımçı
olacaq. İstənilən söhbət nəyəsə xidmət
etməlidir. Axır zamanlar görürəm ki, biz
hamımız danışırıq, amma ortalıqda iş
yoxdur. İş görmək lazımdır, çünki
iş görən adamın danışmağa vaxtı olmur.
Bir də elə adamlar var ki, gündəmdə qalmaq
üçün danışırlar, amma
danışdıqlarının arxasında da bir fəaliyyət
yoxdur. O ki qaldı jurnalistlərə qrim otağına getməyə
icazə verilməməyinə, bura da gözəldir, istidir,
rahat əyləşmək üçün şərait var,
rahat da söhbət edirik, kimsə bizə mane olmur. Amma qrim
otağının öz özəlliyi var. Ora bizim bir
dünyamızdır. Hər şeyi sizlərə göstərsək,
maraqsız olar. Teatrı sirli saxlamaq daha yaxşıdır.
-
Amma əvvəl belə bir problem yox idi axı. İndi nə
oldu?
-
Hə, düzdür. 1987-ci ildən Akademik Milli Dram
Teatrında bütün mənalarda açıq qapı siyasəti
başladı. Nəticədə teatr zaman keçdikcə
nüfuzdan düşdü. Aktyorlar adiləşdilər,
çoxu ciddiyyətini itirdi. Davranışı, ağlı,
intellekti ilə hətta teatrın qarderobunda belə işləməyə
layiq olmayan adamlar aktyor, aktrisa kimi Akademik Dram Teatrının səhnəsinə
yol açdılar. Nəticə etibarilə də teatrın
itirdikləri daha çox oldu, nəinki qazandıqları. Bu
teatrın bir xüsusiyyəti var - universitet auditoriyasından
çıxıb teatra gələnlər burada yetişə
bilirlər. Amma hətta başqa teatrlarda ən uğurlu
işlərin sahibi olan aktyorlar belə bu teatrda uğur qazana
bilmirlər, itib batırlar. Çünki hər yerin
özünün daxili qayda-qanunları, tələbləri,
ölçüləri var. Kənardan gələn və
teatrın daxili atmosferinə uymayan çox adamlar daxili
atmosferi dağıtdılar, müəyyən mənada daha
güclü çıxdılar. Və Akademik Dram Teatrı
uduzdu. Ona görə də bir az toparlanmağın
vaxtıdır. Qapıları bir az bağlamaq lazımdır
ki, sabah onları açanda göstərə biləcəyin
bir şey olsun.
-
İslahatlar çərçivəsində müsabiqə
dediyiniz açıq qapı siyasətinə son qoymaq və
bura layiq olmayanları kənarlaşdırmaq üçün
keçiriləcəkdi. Amma keçirilmədi və dediyiniz
o adamlar hələ də teatrda işləyirlər.
-
Təbii ki, islahatların başında Mədəniyyət və
Turizm Nazirliyi durur. Teatr rəhbərliyi də birbaşa bu
işlərin içində idi. Sonradan qərar verildi ki,
hamıya bir il imkan verilsin. O müddətdə hamını
işinə görə seçsinlər. Bu niyyətlə
müsabiqə ləğv olundu. Amma mənim şəxsi
fikrim ondan ibarətdir ki, bu işi dayandırmaq lazım deyildi.
Müsabiqə mütləq olmalıydı. Bu islahat sona qədər
aparılmalıydı. Bu teatrın tələblərinə
cavab verməyəcək şəxslər getməliydilər.
Bəlkə başqa teatrlarda daha yararlı olacaqdılar. Bu
teatr elə belə gəlib dramaturqun sözlərini əzbərləyib
ona hamballıq etmək demək deyil. Yazıçı
yazır, rəssam çəkir, amma aktyor insan yaradır. Deməli,
aktyor o qədər dolu olmalıdır ki, boynuna qoyulmuş bu
yükü daşıya bilsin. Amma aktyor var ki, son 10 ildə
bir kitab oxumayıb. Aktrisa var ki, 15 ildə bir qəzet
üzü açmayıb, nəinki dünyadan, Azərbaycanda
nələrin baş verdiyindən belə xəbəri yoxdur.
Bu islahatlar başlayanda çox adamlar narahat oldular. Özü
də narahat olanların əksəriyyəti o adamlar idi ki,
burda işləməyə layiq olmadıqlarını bilirdilər.
Yenə deyirəm, bu işi dayandırmaq lazım deyildi.
Çünki getməli olan adamlar artıq psixoloji cəhətdən
getməyə hazır idilər,
barışmışdılar. Heç kim barmaqla göstərməmişdi
ki, bu adam gedəcək, bu qalacaq. Amma hər kəs öz
taleyini bilirdi. Əgər insan özünə arxayın deyilsə,
bundan ötrü kimlərisə günahlandırmaq lazım
deyil. Çox qəribədir, bu işi bacarmırlar, amma
deyirlər burda qalmalıyam. Akademik Milli Dram Teatrında
akademik tələblərə cavab verə biləcək
insanlar çalışmalıdır.
-
Bu baxımdan müsabiqənin ləğvini geriyə
atılmış bir addım hesab etmək olar?
-
Yox, bunu həm də başa düşmək lazımdır.
Cəmiyyətdə müəyyən
anlaşılmazlıqlar var idi ki, uzun illər bu teatrda
çalışmış insanları niyə bu qədər
aşağılayırlar, müsabiqəyə salırlar.
Özü də bu məsələdə xüsusən
aktyorları aşağılayan yazılar yazıldı. Bizi
ağrıdan məsələlər də oldu. Getməyə
layiq olan da, olmayan da meydanda olacaqdı və
qarışıqlıq yaranacaqdı. Cəmiyyəti
inandırmaq olmur. Yenə deyirəm, mən müsabiqənin tərəfdarı
idim. Amma sənət dostlarımın
narahatçılığını bəzən
anlamırdım. İslahatlar tutaq ki, aparıldı. Məgər
bu teatrı Rafiq Əzimovsuz, Ramiz Novruzsuz, Bəsti Cəfərovasız,
Firəngiz Mütəllimovasız, Sənubər İsgəndərlisiz,
Rövşən Kərimduxtsuz təsəvvür edirsiniz?
Yaxud gənc uşaqlar var - Rəşad, Elnar, Anar, İlyas...
gənc və istedadlıdırlar. Mən onlarsız bu
teatrı təsəvvür etmirəm.
-
Bəs kimlərsiz təsəvvür edirsiniz?
-
Təbii ki, mən sayardım. Amma mən kimlərinsə
adını çəkməyi qəhrəmanlıq nümunəsi
hesab etmirəm və bu, böyük bir cəsarət də tələb
etmir. Amma bu adları aktyorların dilindən eşitməyə
çalışmayın. Çünki nəticə etibarilə
bu proseslərin başında biz dayanmırıq. Teatrda
uğursuz, layiq olmayan insanlar işləyirlərsə, bunun
günahkarı biz deyilik. Onları bura biz götürməmişik.
Əgər Akademik Dram Teatrının uğursuz
tamaşaları olubsa, bunun günahını aktyorlarda axtarmaq
lazım deyil. Teatra pyesi biz gətirmirik, rejissoru biz təyin
etmirik, rolları biz bölmürük.
-
Amma o cür tamaşalarda oynamağa razı olursunuz.
-
Necə razı olmayacaqsan, aktyorun roldan imtina etməyə
haqqı yoxdur.
-
İndiki müqavilədə də şərtlər belədir?
-
Bəli, indi də belədir. Bir dəfə ərizə
yazıb imtina edə bilərsən ki, bu rol mənim
yaradıcılıq imkanlarıma uyğun gəlmir. İkinci
dəfə imtina edə bilməzsən. Deyəcəklər
onda sən burda niyə işləyirsən. Dünən Hamlet
idin, bu gün qəbir qazanı oynayacaqsan. O roldan imtina et, bu
roldan imtina et, bunun axırı necə olacaq?! Sadəcə
aktyorlar ona görə qınaq obyektinə çevrilirlər
ki, son məhsulu onlar göstərirlər. Mən demirəm
bizim bütün işlərimiz uğurludur. Amma hədəfi
yayındırıb aktyorun üzərinə yönəldirlər.
Özü də çoxları bunu bilərəkdən edir. Əgər
bu gün müasir Azərbaycan dramaturgiyasında bir-iki nəfərdən
başqa kimsə yazmırsa və yazılanlar bu günün
tələblərinə cavab vermirsə, biz neyləməliyik?!
Əgər bu gün Azərbaycanda üç-dörd
rejissordan başqa rejissor sözünə layiq olan adam yoxdursa,
bunun günahkarı biz deyilik. Amma bu gün Azərbaycan
teatrının Vaqif İbrahimoğlu, Mehriban Ələkbərzadə,
Rövşən Almuradlı, Azər Paşa Nemətov, Bəhram
Osmanov kimi rejissorları var və bunları kimsə inkar edə
bilməz. Bəxtiyar Xanızadə özünün teatr məktəbini
yaradıb. Biz bu illər ərzində onların
imkanlarından düzgün və səmərəli istifadə
edə bilmişikmi?
-
Mərahim Fərzəlibəyovun adını çəkmədiniz.
-
Teatrda baş rejissor işləyən və bir zaman çox
uğurlu tamaşalar qoymuş bizim hörmətli Mərahim Fərzəlibəyovun
baş rejissorluğu dövründə "Azdrama"nın
3 tamaşası bağlanıb. Mənə belə gəlir
ki, özünə hörmət edən baş rejissor elə
o zaman papağını götürüb deməli idi ki,
"mən baş rejissorluğu idarə edə bilmirəm".
Amma dörd il oturdu o vəzifədə. Və o dörd il mənim
ömrümdən getdi. Eləcə də bir çox digər
aktyorların. Rejissorlardan, dramaturqlardan fərqli olaraq, aktyorun
sənət ömrü həm də yaşı ilə
bağlıdır. Mən 5 il bundan qabaq edə biləcəyimi
indi edə bilmərəm. Bu adamlar mənim bütün
ömrümü əlimdən aldılar. Sən adını
baş rejissor kimi yazdırdın, amma mənim 4 il
ömrüm xərcləndi. O 4 ildə mən heç bir
iş görmədim. O nə tamaşa idi - "Şeyda".
Hüseyn Cavid çox böyük dramaturqdur. Amma niyə
"Şeyx Sənan"ı, "Dəli Knyaz"ı,
"İblis"i qoymadın? Onları qoymaq üçün
rejissora ağıl və intellekt lazımdır. Bu gün
teatrın başında bu sahə üzrə elmlər doktoru,
professor olan bir insan gəlib. Mənə elə gəlir gec gəlib.
10-15 il bundan qabaq gəlməli idi. Mən son 10-15 il ərzində
bu teatrın divarları arasında peşəkar teatr tənqidi
eşitməmişəm. Çünki bir çox teatr tənqidçilərimiz
ancaq vəzifəli adamların əsərlərini gəlib tərifləyirlər,
yazılar yazırlar ki, işləri düşəndə
müəyyən problemlərini həll etsinlər.
Bugünkü Azərbaycan teatrında bir çox problemlərin
yaranmasında teatr tənqidimiz günahkardır. Azərbaycanda
ensiklopedik biliyə malik olan və Azərbaycan teatrını
vergülünə, nöqtəsinə kimi tanıyan İlham
Rəhimli niyə yazmır? Niyə Məryəm Əlizadə,
Aydın Talıbzadə ayrı-ayrı tamaşalar haqqında
yazırlar? Niyə yazmaq istəmirsiniz? Kimlərləsə
pis olmamaq üçün. İllər boyu layiq
olmadığımız tərifləri eşitmişik.
İndi bizə deyəndə ki, bunu düz etmədin,
üsyan edirik ki, mən dahiyəm. Xeyr. Özünə dahi
deyənin ağlına şübhə etmək
lazımdır. Bəzən görürsən ki, elədiyi
bir şey yoxdur, amma çıxıb deyir mən filan rolu
yaratdım. İnsan bu qədər özündən
müştəbeh, ağlını itirmiş olar ki, desin mən
yaratdım?! Bəzən İsrafil İsrafilovu elə təsəvvür
edirlər ki, elə bil əlində qılınc dayanıb.
Xeyr, elə şey yoxdur. İsrafil İsrafilov nə istəyir
ki? Deyir, vaxtında işə gəl. Deyirlər,
"nizam-intizam başqa şeydir..." Nədir nizam-intizam?
Vaxtında iş yerinə gəlməkdir, səhnəyə
hazır çıxmaqdır, məşqə, tamaşaya
gecikməməkdir. Əgər xoşun gəlmirsə,
başqa yerə get, o yerə ki, səndən belə şeyləri
tələb etmirlər. Məgər kiməsə deyirlər
ki, çəkilişə, dublyaja getmə? Get, amma əsas
iş yerin buradır. Qalan işlərini də bura görə
müəyyənləşdir.
-
Bəs deyirlər, teatrda bir sıxıntı, gərginlik
var...
-
Yalandır! Kökündən yanlışdır! Bunu tam məsuliyyətlə
deyirəm. Kiminsə özünün şəxsi
sıxıntıları, problemləri varsa və bunların
teatra aid olmayan səbəbləri varsa, bunu teatrın
yaratdığı sıxıntı kimi cəmiyyətə
sırımaq lazım deyil...Mənə elə gəlir ki, biz
işləməyi yadırğamışıq. Daha çox
boş buraxılmışıq. Mən başa
düşürəm, aşırı azadlıq verilmişdi.
Çünki teatr işləmirdi, təmirdəydi. İndi hər
şeyi qaydasına qoymaq lazımdır ki, iş getsin, onda da əks
reaksiya başlayır. Amma bir şeyi anlamaq lazımdır ki,
biz bu işi görməliyik. Mənim heç bir
sıxıntım, gərginliyim yoxdur. Heç kimdən də
qorxmuram. İstənilən müsabiqəyə, imtahana
hazıram. Mən bir şeyi bilirəm ki, dünənki ədalar
bu gün keçməyəcək. Çox zaman bəzi
narahatlıqlar da ordan gəlir. Dünənki meydan oxumalar
olmayacaq axı. Amma bu teatrı yaşatmaq istəyiriksə,
işimizə əxlaqla yanaşacağıq. Akademik Dram
Teatrında çalışan insanlar bir şeyi
anlamalıdırlar ki, onların səviyyələri akademik
olmalıdır. Hətta intriqa olursa, o da akademik səviyyədə
olmalıdır. Bazar, qaraçı səviyyəsində yox.
Yəni səhnədə yaradıcı mənada
yarışmaq lazımdır.
-
Sizi səhnədə yeni hansı rollarda görəcəyik?
-
Vaqif İbrahimoğlu "Lənkəran xanının vəziri"
tamaşasını hazırlayır. Məşqlər gedir. Mənə
xan rolu verilib. Balaca bir roldur, amma mənim üçün
maraqlıdır, işləyirəm. Hüqonun "Qadın məhəbbəti"
əsəri tamaşaya qoyulacaq. Vali olacağam.
"Xanuma"da bir zamanlar Əliağa Ağayevin
oynadığı rolda oynayacağam. Perspektivdə başqa
gözəl əsərlər də var. Demək olar ki,
teatrın bütün heyəti tamaşada məşğuldur.
-
Bir sözlə, Nurəddin Mehdixanlı teatrın gələcəyini
yaxşı görür.
-
Mən ömrümü verdiyim bir teatrın uğurunu istəyirəm.
Mən istəyirəm bizim övladlarımız peşəmizlə
fəxr etsinlər. Teatrımın adı gələndə
oğlum qürurlansın ki, atam orada işləyir. Belə
şeylər olmasa, insanda peşmançılıq yaranır
ki, nədən bu sənəti seçdim. Olub belə
anlarım. Getmək də istəmişəm. Çünki
illər boyu özünü hazırla, sonra da boş-boş
otur. Teatrda mənasız əsərlər qoyulsun, kimlərsə
tarixə baş rejissor kimi düşsün, mən
ömrümü boşuna xərcləyim,
tamaşaçı da gəlib tamaşanın
yarısından çıxıb getsin. Heç kimin bu
teatrın taleyilə oynamağa haqqı yoxdur. Bilmirəm
bundan sonra nə qədər ömrüm qalıb, hansı
işləri görə biləcəyəm. Amma mən bir
şeyi bilirəm ki, artıq teatrın başında bu sahənin
peşəkarı əyləşib. Halbuki elə rəhbərlər
olub ki, iclasda iki kəlmə sözü bir-birinin ardınca qoşub
danışa bilməyiblər. Mən iclasda da dedim, sabah bu
teatrda mənə yer olmayacaqsa, papağımı
götürüb rahatca gedəcəyəm. Niyə arzu
olunmayan yerdə olum, kiminsə minnətini götürüm?
Kimsə mənə desin ki, saxlayaq da səni, xalq artistisən.
Mən bunu qəbul etmərəm. Hesab edirəm ki, bu
teatrın aktyor sarıdan problemi yoxdur. Sadəcə olaraq,
teatrı artıq yüklərdən xilas etmək
lazımdır.
-
O da qaldı yenə bir ildən sonraya...
-
Bu, mütləq olmalıdır. Biz onu da bilirdik ki, 32 nəfər
bu teatrdan gedəcəkdi. Amma olmadı. İllərlə səhnəyə
çıxmayan aktyor, aktrisamız var. Buna görə mütləq
müsabiqə lazım idi. Ancaq gətirilənlər də
bura layiq olmalıdırlar. Əgər birini
çıxarıb yerinə onun kimisini gətirəcəksənsə,
heç nə dəyişməyəcək. Fəlakət
olacaq. Bu, bir şansdır. Ya Akademik Milli Dram Teatrı dəyişib
yaşayacaq, ya da bu teatra xilas yoxdur.
Xəyalə MURADLI
Ekspress.- 2011.- 26-28 fevral.-S. 19.