"Azdrama"da çox despot şərait yaradılıb"

 

İlyas Əhmədov: "Mən burada bu islahatdan razı qalan adam tanımıram"

 

Martın 10-da Akademik Milli Dram Teatrı əsaslı təmirdən sonra qapılarını tamaşaçıların üzünə açacaq. Həmin gün teatrın səhnəsində rejissor Mərahim Fərzəlibəyovun İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında yeni quruluşda hazırladığı eyniadlı tamaşanın premyerası olacaq. Teatrın direktoru İsrafil İsrafilov isə bu tarixi "Azdrama"nın fəaliyyətində yeni dövrə qədəm kimi qiymətləndirir. Belə ki, bundan sonra Akademik Milli Dram Teatrında dünya səviyyəsində fundamental tamaşalar səhnəyə qoyulacaq. Lakin bir məsələ var ki, uzun illər canını bu teatrın səhnəsində qoyan bir çox aktyorlar, rejissorlar direktorun nikbinliyini bölüşməyə o qədər də həvəsli görünmür. Teatrın aparıcı, adlı-sanlı, titullu aktyorları bu barədə mətbuat səhifələrində kifayət qədər çıxış ediblər. Artıq teatrın gənc əməkdaşları da onlara qarşı haqsızlıq olduğunu deyirlər. İlyas Əhmədov da onlardan biridir.

Əvvəlcə məlumat üçün bildirək ki, İlyas Əhmədov 1999-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olunandan az sonra Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. İki ildən sonra rejissor Ağakişi Kazımovun Bəxtiyar Vahadzadənin əsəri əsasında quruluş verdiyi "Rəqabət" tamaşasında Akademik Milli Teatrının səhnəsinə çıxıb. Artıq 10 ildir, bu teatrın səhnəsində müxtəlif tamaşalarda oynayır. Bunların arasında "Notrdam kilsəsinin qozbeli" tamaşasını xüsusi qeyd etmək lazımdır. Həmin tamaşada İlyasın yaratdığı "Kvazimodo" obrazı barədə mətbuat səhifələrində yaxşı sözlər deyilib. İndi isə İ.Əhmədov teatrdan getmək qərarına gəlib. Aktyor bu addımını teatrda özünə qarşı hörmətsizliklə qarşılaşması ilə izah edir: "Belə götürəndə, artıq 10 ildən çoxdur ki, peşəkar səhnədəyəm. Bu illər ərzində çox çətinliyim olub. Teatrdakı fəaliyyətimi davam etdirmək üçün gecə növbələrində çalışmışam. Çünki nənəm də aktrisa olub, Quba Teatrında çalışıb. Qardaşım da aktyorluğu oxudu, amma davam eləmədi. Rəhmətlik Əlabbas Qədirov teatra direktor gələndə dedi ki, "1 il tamaşalarda iştirak et, xoşuma gəlsə, səni teatra götürəcəyəm". "Ölüləri qəbiristanlıqda basdırın" tamaşasında kəndin lotusu "Nağı"nı oynayandan sonra məni teatra ştata qəbul etdi. Ştata götürüləndən sonra həvəsim birə-min artdı ki, nə olur-olsun bu sənəti davam etdirəcəyəm.

- "Nə olur-olsun" deyəndə nəyi nəzərdə tutursunuz?

- Teatrın pərdə arxasını... Tamaşaçı yalnız aktyorların səhnədə bir-birinin üzünə gülümsədiyini görür, amma pərdə arxasında nələrin baş verməsindən xəbərdar deyil. Bu da təbiidir, tamaşaçı hansı aktyorun hansı probleminin olduğunu bilməməlidir. Birtəhər 2011-ci ilə çatdım. Ona qədər "Sevimli xəstə", "İstanbul tətilləri", "Küləklər şəhəri", ANS-də yayımlanan "Qaydasız döyüş" serialında çəkilmişəm. Amma indi mən ailə saxlamalıyam. Evli deyiləm, ona görə ki, teatrda çalışan hər aktyor özünə evlənmək üçün şərait yarada bilmir.

- Bu gün artıq aktyorlar üçün çox iş yerləri açılıb. Televiziyalarda seriallar, dublyajlar olur, yeni çəkilən filmlərin sayı ildən-ilə artır. Teatrdan kənarda qazanmaq olmurmu?

- Mən son vaxtadək ABŞ səfirliyində sürücü və şəxsi mühafizəçi işləyirdim. İki ay sonra 3 illik müqaviləmin vaxtı bitirdi, amma mən teatra görə 700 manatlıq işimi atdım. Hətta dost-tanış o cür işdən çıxdığıma görə məni danladı. Mən ora teatr təmirə dayandığı vaxtda işə düzəlmişdim.

- Belə çıxır ki, ingilis dilini də bilirsiniz?

- Bəli, bilməsəm məni ora işə götürərlərmi?

- Əgər elədirsə, nə üçün xaricdə fəaliyyət göstərən aktyor agentliklərinə SV-nizi göndərmirsiniz? Türkiyədə dəfələrlə qastrolda olmusunuz, orada, məncə, sizin kimi aktyordan imtina etməzdilər. Karateçi, özü də ingilis və rus dillərində səlis danışır...

- Bu teatra görə. Akademik Milli Dram Teatrı mənə çox doğmadır.

- Bəs onda nə üçün ayrılırsınız teatrdan?

- İnanın, o qədər problem var ki, hansından başlamağı bilmirəm. Əsas problem odur ki, bu teatrda çox despot şərait yaradılıb. Mən bu teatrda az pulla çalışmağa razı olmuşam, 5 il gecə səhərəcən taksi sürmüşəm ki, oradan qazandığım pulla həm ailəmi dolandırım, həm də aktyorluq edə bilim. Tamaşadan çıxıb taksi sürürdüm səhərəcən şəhərdə. Bəzən müştəri qapını açıb, maşına minib məni görəndə tez düşür, elə bilir ki, əyləncəli veriliş çəkirik, gizli kamera var. Neyləməliyəm, yeni müqaviləyə görə ayda 200 manat almalıyam? Sizcə, mən, burada qalıb işləmək üçün gecə-gündüz taksiçilik edən bir adam kimi, indi nə üçün çıxmaq fikrinə düşmüşəm? Bu gün teatrda elə mühit yaradılıb ki, mənə sərf etmir. Kənardan çoxlu aktyor gətiriblər. "Yuğ" Teatrının bütün kollektivini köçürüblər "Azdrama"ya. Bütün əsas rolları da onlara veriblər. Mən səhər saat 9-dan axşam 9-a qədər burada məşq edirəm ki, nədi-nədi, çıxıb bir kəlmə söz deyəcəyəm... Əvvəllər imkan yaradılırdı ki, dublyaja gedək, filmlərə gedək. Görəndə ki, bütün baş rolları kənardan gətirilən aktyora verirlər, çox pisimə gəlir. Aktyor həssas olur, onu pulla sındırmaq olmaz, amma belə şeylər adamın sənətə marağını azaldır.

- Aktyor rejissordan asılıdır. Bəlkə, o aktyorları tamaşaların rejissorları tələb edib?

- Rejissordan soruşanda ki, "nə üçün kənardan aktyor gətirirsiniz", cavab verir ki, "rol bölgüsündən xəbərim yoxdur".

- Axı İsrafil müəllim dəfələrlə deyib ki, rolları tamaşanın quruluşçu rejissoru bölüşdürür...

- Mən soruşduğum rejissor da deyir ki, teatrın rəhbərliyi bölüşdürür. Gün ərzində cəmisi yarım saat fasilə verilir, yemək yeməyə də vaxt tapmırıq. Bir günə 3 məşq salınır. Mən 3 tamaşada iştirak edirəm. "Hökmdar və qızı"nda Hüseynqulu xan, "Lənkəran xanının vəziri"ndə ərizəçini oynayıram. Bu boyda əziyyətin qabağında aldığımız da qəpik-quruşdur. Mən özümdən başqa 4 adam saxlayıram. Nə kinoya çəkilməyə, nə də dublyaja getməyə imkan verirlər. Bu saat xəstəyəm, amma dərman almağa imkanım yoxdur. Normal rol versələr, dərd yarıdır. Səhnədə butafor əvəzi rol verirlər, buna görə də bütün günümüz sərf olunur. Bu hörmətizlikdir. Ona görə də, İsrafil müəllimə yaxınlaşıb dedim ki, mən belə şəraitdə işləyə bilmərəm. Dedi ki, bizdə iş şəraiti budur, istəyirsən qal, istəmirsən, premyeranı təhvil ver, get. Məni yandıran odur ki, ABŞ səfirliyindəki işimi itirdim. İt də getdi, ip də.

- Ümumiyyətlə, teatrda vəziyyət, İsrafil müəllimin islahatilarına münasibət necədir?

- Bu gün teatrda hamı gərgindir. Aktyorlar 2-3 nəfər bir kənara çəkilib xısınlaşırlar. Özümə qarşı hörmətsizliyi düşündükcə dözə bilmirəm. Aclığa da dözdüm, taksiçilik də etdim ki, sənətimi dava etdirim. Bəli, "moyka"da işlədim, maşın təkəri də qaraltmışam. Amma aktyoru bu vəziyyətə salmaq düzgün deyil. Dedilər ki, islahat olacaq, aktyor üçün sırf sənətlə məşğul olmaq üçün şərait yaradılacaq. Bu idi islahat? Mən burada bu islahatdan razı qalan adam tanımıram. Mən elə bilirəm ki, bu gərginlikdən cəmiyyətin də xəbəri var.

 

 

İLTİFAT

 

Ekspress.-2011.-26-28 fevral.-S.18.