Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur
məhkəməsi olmuşdur.
Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında
araşdırıb.
Arxiv materiallarından üzə
çıxır ki, özünü
"daşnakların düşməni"
kimi qələmə verən Mirzabekyan
1936-cı il mart ayının 25-də Mərkəzi Komitənin
M.C.Bağırov tərəfindən imzalanmış qərarı
ilə vəzifəsindən kənar edilmişdir.
Bu məsələnin MK
Bürosunda müzakirəsi ərəfəsində
Mirzabekyanlar haqqında respublika rəhbərinə bir çox
məlumat və arayışlar təqdim olunmuşdur. Bunlardan
birini oxuculara çatdırıram. 1937-ci il mart ayının
3-dən 9-dək keçirilmiş Azərbaycan K(b)P-nın on
üçüncü qurultayında partiya sənədlərinin
dəyişdirilməsi zamanı buraxılmış ciddi
nöqsanlar barədə geniş söhbət getmişdir.
Arxivdə tanış olduğumuz
bir sənəddə deyilir: "Azərbaycan K(b)P Nərimanov
rayon partiya komitəsinin birinci katibi Tevodoros Konstantinoviç
Mirzabekyantsın partiya sənədlərinin
yoxlanılmasına dair aktdan çıxarış:
MİRZABEKYANTS TEVODOROS
KONSTANTİNOVİÇ. 1885-ci ildə doğulmuşdur,
1927-ci il martın 10-da Bakı Şəhər rayon partiya təşkilatı
tərəfindən ona 0892333 nömrəli bilet verilmişdir.
Partya biletində adı düzgün yazılmamış,
atasının adı isə tam göstərilməmişdir,
Tevodoros Konstantinoviç "Tevotros Konst." qeyd
edilmişdir. Biletin rus mətnində verildiyi tarix yoxdur,
türk mətnində "10 mart 1927-ci il"
yazılmışdır. Uçot vərəqəsində
familiyası düzgün olmayaraq "Mirzabekyan"
yazılmışdır, tam familiyası ermənicə
"Mirzabekyants"dır. Uçot vərəqəsinin əslində
1929-cu ildə ÜİK(b)P Mərkəzi Nəzarət
Komissiyası tərəfindən partiya sənədlərinin
yoxlanılması gedişində müvafiq sənədləri
cırıb atdığına görə şiddətli
töhmət almasına dair qeyd göstərilməmişdir".
Mirzabekyantsın "hansı
yuvanın quşu" olduğunu Mir Cəfər
Bağırov kimi mükəmməl məlumatı olan ikinci
bir şəxs yox idi. 1921-ci il fevralın 21-dən Azərbaycan
Fövqəladə Komissiyasının sədri, 1926-cı il
oktyabrın 9-dək Azərbaycan Xalq daxili İşlər
komissarı, 1924-cü ildə eyni zamanda Azərbaycan hökuməti
sədrinin müavini və b. k. məsul vəzifələrdə
çalışmış M.C.Bağırov yaxşı
bilirdi ki, 1923-1924-cü illərdə Mirzabekyan həmin vaxt Azərbaycan
K(b)P Bakı Komitəsinin katibi Levon Mirzoyanın sayəsində
Azərbaycan SSR Maliyyə komissarı olmuşdu. 1929-cu ildə
partiya sənədlərinin yoxlanılması zamanı
Mirzabekyanın cırıb-atdığı sənədlərin
məzmunu da M.C.Bağırova məlum idi. Burada onun
keçmişdə "Daşnaksütyun"
partiyasının tərkibində olduğu göstərilirdi.
"Qarabağda erməni quldur dəstəsini təqib edərkən"
İranın dövlət sərhəddini pozmuş,
M.C.Bağırovu Dövlət Siyasi İdarəsinin sədri
vəzifəsindən kənarlaşdırıb Tiflisə
sürgün edən Azərbaycan K(b)P MK-nın birinci katibi
Levon Mirzoyan "Daşnaksütyun" partiyasının sabiq
üzvünü qanadı altına almışdı. 1929-cu
ildə ÜİK(b)P-nin 0892233 nömrəli yeni biletini
almış daşnak Azərbaycan K(b)P MK-nın birinci katibi
Levon Mirzoyanın himayəsi ilə Ümumittifaq Yağ-Piy
Sindikatının Zaqafqaziya üzrə müvəkkili vəzifəsində
"yağ -piy içində" bəslənmişdir. 1930-cu
ildə Moskva havadarları onu Tiflisdən paytaxta aparmış
və Ümumittifaq Kolxoz Mərkəzinin tikinti üzrə rəisi
kreslosuna əyləşdirmişlər. 1930-cu ildə
L.Mirzoryan Uralda və Qazaxıstanda partiya vəzifələrində
olarkən, Azərbaycan K(b)P MK-nın birinci katibi N.F.Gikalonun
razılığı ilə Mirzabekyanın Moskvadan Bakıya
qayıtmasını və Azərbaycan Kolxozittifaqının
sədri işləməsini təmin etmişdir. Bir ildən sonra
o, Azərbaycan Maldarlıq İşçiləri
İttifaqının sədri vəzifəsini tutmuşdur
(1931-1932-ci illərdə M.C.Bağırov Moskvada
ÜİK(b)P MK yanında Ali Marksizm-Leninizm kurslarında) (əvvəllər
Qırmızı Professorlar İnstitutu adlanırdı - T.Q.))
oxuyurdu.
Mir Cəfər Bağırovun
Moskvada olduğu və ÜİK(b)P MK aparatında təlimatçı
işlədiyi vaxtda Mirzabekyan Azərbaycanda asudəliklə
atını dördnala çapmışdır. Azərbaycan
maldarlarının "komandanının" 1931-ci il aprelin
8-də yazdığı tərcümeyi-halı ilə Azərbaycan
Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində tanış oluruq:
MİRZABEKYAN TEVODOROS
KONSTANTİNOVİÇ - 1903-cü ildən inqilabi hərəkata
qoşulmuşam. 1903-1904-c illərdə Bakının, demək
olar ki, bütün neft rayonlarını əhatə edən tətillərdə
iştirak etmişəm. İştirakımla olan tətillər
nəticəsində neft sənayeçilərini məcbur
etdik ki, bütün rayonlarda neftçi fəhlələr
üçün məktəblər və bu məktəblərdə
yaşlı fəhlələr üçün axşam
kursları təşkil etsinlər. Mən Zabrat məktəbinin
axşam kursuna daxil oldum. Orada bizim müəllimimiz, tələbə-tibb
işçisi Drostamat Yakovleviç Ter-Mkrtıçyan gizli
dərnək təşkil etmişdi. Dərnəkdə 20 nəfər
üzv vardı. Onlar Mantaşev, Pitoyev, Born və digər
xırda zavodlardan gəlirdilər. Sosial-demokrat gizli dərnəyimiz
6 ay, 1904-cü ilin oktyabrından 1905-ci ilin mart ayınadək
vəaliyyət göstərdi və biz
Ter-Mkrtıçyanın rəhbərliyi ildə çox
şeyə nail olduq. Ter-Mkrtıçyan bizə marksizmi
öyrətdi, gizli şəkildə Bakıya gətirilmiş
kitabları evdə oxumağımıza icazə verdi. Bundan əlavə,
o, bizə Darvin təlimini də öyrətdi. Mənimlə
birlikdə dərnəyimizdə Armenak Məlik Şahnazarov,
Armenak Boryan, Lazar Musyan, Gerasim Musyan, Anton Qaber-Xori, Arsen Lalayan,
Aleksandra Xeçumova və başqaları vardı. 1905-ci ildə
Bakıda ermənilərə qarşı qırğın
başlayanda vətənimə - Dağlıq Qarabağa qayıtdım.
Qarabağda olarkən, bəylərə və daşnaklara
qarşı kəskin mübarizə aparmışam. Onlar
bandaları silahlandırır və Qarabağın türklər
yaşayan kəndlərini yandırırdılar. Türk kəndliləri
mənə və yoldaşlarıma çox yaxşı
yanaşırdılar. Türklərlə aramı vurmaq məqsədi
ilə daşnak bəylər hiyləyə əl atdılar və
belə bir şayiə yaydılar ki, guya nüfuzlu türk
Hümmət bəyi mən qətlə yetirmişəm, məni
çap polisinin əlinə vermək lazımdır. Kənd
camaatı yaxşı bilirdi ki, Hümmət bəyi
daşnaklar öldürmüşlər. Çar polisi bir ay
müddətində yüzlərlə kazakı kəndə
göndərdi, kəndimiz təcrid olundu. Kəndliləri incitdilər,
günahsız erməniləri türk bəylərinə təhvil
verdilər.
1906-cı ilin axırlarında mən
saxta pasport ilə gizli olaraq Bakıya gəldim və gələn
kimi həbs olundum. Ancaq yoldaşlarım köməyimə
çatdı. Onlar müstəntiqi ələ aldılar və
məni zəmanətə götürdülər. Nəhayət,
1908-ci ilddə Gəncə Dairə məhkəməsi tərəfindən
bəraət aldım. Belə ki, məhkəmə
iclasında şahid sifətilə dindirilən türk kəndlilərinin
özləri və öldürülmüş Hümmət bəyin
oğlanları xeyrimə ifadə verdilər.
1907-ci ilin əvvələrindən
RSDFP sıralarında olmuşam. Bolşevik fraksiyasının
üzvü kimi, partiya təşkilatının
tapşırığı ilə kütlələr
arasında təbliğat işi aparmış, "Qudok",
"Bakinski raboçi", "Armyanskiy Naykar" qəzetlərində
çalışmışam, millətçi
"Daşnaksütyun" partiyasına və erməni
sosial-demokratlarına, menşeviklərə və
sosial-inqilabçıları (Yakortsevə qarşı)
mübarizə aparmışam. Fəhlələr
üçün axşam kursları təşkil etmiş,
onların şovinizm, ruhaniliyə qarşı mübarizəyə
səsləmiş, nümayişlərə, tətillərə
ruhlandırmışam. Mən ayrı-ayrı rəhbərlərimizin
mühafizəsində də partiya
tapşırığını yerinə yetirmişəm, gecə
saatlarında onların Bakının bir rayonundan o biri rayonuna
təhlükəsiz getməsini təmin etmişəm. Onların
arasında Stepan Şaumyan və Alyoşa Caparidze, Arutyunov və
digər yoldaşlar olmuşdur.
Bolşevik təşkilatının
işində çalışdığım vaxtlarda
aşağıdakı yoldaşları yaxından
tanıyırdım: Avatis Gevorkyan, Məmməd Məmmədyarov,
Sak Ter-Qabrielyan, Askanaz Mravyan, Levon Arustamov, Melik Melikyan, Minas Sərkisov,
Vasya Frolov, Mixail Manuçarov, Petros Mnatskanyan, Baqrat Ovinyan,
David Zeylidzon, Tiqran və Gerasim Musyan qardaşları, Mirbəşir
Qasımov, Məşədi bəy Əzizbəyov, Sultanməcid
Əfəndiyev, Sedrak Bedjanov, Karaxan Sərkisov, Serqo Martikyan,
Kamari Akopyan (Bedjanyants), Beybut Mirzabekyants, Simon Sulyantants. Adlarını
çəkdiyim yoldaşlarla 1907-ci ildən başlayaraq
Bakı şəhəri neft mədənlərində birlikdə
gizli partiya işi aparmışam. Sonra Balaxanı rayonunda fəaliyyət
göstərmişəm. Burada 1912-ci-1917-ci illərdə bu
yoldaşlarla birlikdə partiya işi aparmışam: Qriqori
Popov, Pyotr Kaçayev, Mişa Pleşşakov, Fyodr Dedikov,
Zarya Kasparov, Dadaş Bünyadzadə, Bala Əfəndiyev,
Ağahüseyn Rəsulzadə, Georgi Zboyev, Yefim Zboyev, İvan
Roşin, İvan Dorofeyev, Semyon Xabiyev, Mariya Xabiya, Məşədi
Hüseyn (Tehrandandır), Mirəli Əliyev, Aleksandr
Qaloşin, Mirbaba Seyidov, Əyyub Pirverdiyev, Qazı Məmməd
Ağası oğlu, Əhməd Əmirov, Seyid Qubad oğlu, Ələsgər
Əliyev, kürd Həbibulla Abbas oğlu, Viktor Naneyşvili,
Vera Naneyşvili, Anastas Mikoyan, Sərkis Danielyan, Artak, Bilmut,
Baqrat Boryan, Dadaş Hüseynzadə, Həmid Sultanov,
Bünyad Sərdarov, Qazı Əhməd Lütvəli,
Müxtədir, İbrahim Əliyev, Aleksandr Varqaryan, Bəhram
Ağayev, Pavel Ter-Avanesov, Georgi Sturua, İvan Anaşkin və
başqaları.
Fevral inqilabından sonra yuxarıda
adlarını çəkdiyim yoldaşlarla birlikdə təbliğat-təşviqat
işi aparmış, 1917-18-ci illərdə Balaxanı rayon
partiya komitəsinin və Bakı komitəsinin üzvü
seçilmişəm. Sovet hakimiyyətinin müvəqqəti
süqutundan sonra mən məcburiyyət qarşısında
Bakını tərk edərək Qarabağa gəlmişəm.
Burada bolşevik özəyi təşkil etmiş və rəhbərliyi
altında bu özək daşnaklara qarşı
barışmaz və kəskin mübarizə
aparmışdır. Erməni milli qurultaylarında da
çıxış edərək daşnakları ifşa
etmişəm. Şuşa şəhərindən
Dovşanlı kəndinə gedərkən daşnaklar məni
həbs etmiş, ancaq bolşeviklərin köməyi ilə
azad olunmuşam.
1919-cu ildə Cəbrayıl Milli
Şurasının tərkibinə daxil edilmişəm. Burada
4 ay ərzində milli şuranın daşnaklardan təmizlənməsinə
nail olmuşam və onu xalis kəndli şurasına
çevirmişəm. Bunun nəticəsində
daşnakların və müsavatçıların
yaratdıqları antimillətlərarası cəbhə ləğv
olundu, mənim rəhbərliyimlə silahlı dəstəmiz
yaylaqlara qalxdı, Cəbrayılın ermənilər
yaşayan yerlərinə suyun kəsilməsinin
qarşısını aldıq. Türk
inqilabçıları Salman Əlibəyov və Qədirməmməd
Məmmədov ilə sıx əlaqə yaratdıq. 1919-cu
ilin iyun ayında Cəbrayılın erməni kəndində
birləşmiş müşavirə keçirdik, bu
müşvirədə daşnaklara və
müsavatçılara qarşı birgə mübarizə proqramı
qəbul olundu. Müşavirəmizdə Tiflisdən gəlmiş
Akopov (Bedjanyan) yoldaş da iştirak edirdi.
Daşnakların mürtecə
siyasəti bununla nəticələndi ki, Qarabağda 65 erməni
kəndi darmadağın edildi, Şuşa şəhəri
xarabazarlığa çevrildi. Əhali bütün əmlakından
mərhum olddu. Mənim şəxsi
başçılığım altında sübh
çağı, saat 4-də dəstəmiz Ağdərə
kəndinə üz tutdu. Ağdərə
qiyamçılarının köməyi ilə
daşnakların qərargahına həmlə edərək,
çoxlu patron və bir pulemyot ələ keçirdik. Qərargah
rəisi Martirosyan qaçmaq istəyəndə, onu nişan
alıb məhv etdik. Daşnakların qərargah yerində
İnqilab Komitəsi yaradıb irəli addımladıq, dərə
boyu daşnakların məntəqələrində kənd
inqilab nöqtələri təşkil etdik və bura
etibarlı bolşekivləri təyin etdik. Mayın 20-də
axşam saat 10 tamamda Dovşanlı kəndinə hücum
çəkdik, daşnakların banda
başçılarının müşavirəsi
keçirilən qərargahı mühasirəyə aldıq.
İki saata qədər davam edən əlbəyaxa
döyüş gecə saat 12-də qələbəmizlə
başa çatdı, daşnaklar təslim oldular. Bizim
bolşeviklər tərəfindən də itgimiz oldu. Bir nəfər
öldürüldü və bir nəfər də
yaralandı. Daşnaklardan ikisi
məhv edildi, üçü yaralandı.
May ayının 21-də bizim dəstəmiz
tərəfindən daşnakların Daşbulaqdakı qərargahı
da ələ keçirildi. Bu qərargahdan general Dronun hərəkət
marşrutu izlənirdi.
Gəncədə və Tərtərdə
müsavatçıların qiyamı xəbərini eşidən
kimi, dəstəmiz dərhal qırmızı ordu hissələrinə
kömək üçün oraya baş aldı. Azərbaycan
sovetləşəndən sonra 1920-ci il may ayının 20-də
Dağlıq Qarabağda Sovet hakimiyyəti quruldu və mən
Cavanşir qəzasının partiya təşkilatı komitəsinin
katibi vəzifəsində çalışmağa
başladım. 1928-ci ildə Qarabağda kommunist partiyası
sıralarına soxulmuş keçmiş milli demokratlar mənə
qarşı mübarizəyə qoşuldular və partiya
üzvlüyündən kənar etdilər. Mən Moskvaya
getdim, ÜİK(b)P Mərkəzi Nəzarət
Komissiyasının qərarı ilə partiyaya bərpa
olundum.
T.Mirzabekyan
Bakı şəhəri, 8 aprel
1931-ci il"
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2011.-26-28 fevral.- S. 15.