Dünya Xocalını anır
Bu gün Xocalı
soyqırımından 19 il ötür. Soyqırım qurbanları təkcə
Azərbaycanda deyil, dünyanın
ayrı-ayrı yerlərində də
anılır.
Rusiya paytaxtında Xocalı faciəsinin əsil mahiyyətini,
ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə daha obyektiv və dolğun çatdırmaq məqsədilə rusiyalı ziyalılar Təşəbbüs Qrupu təsis
ediblər. Qrupun
rəhbəri həmyerlimiz
Mir-əşrəf Fətiyevdir.
Təşəbbüs
Qrupu bugünlərdə Moskvanın
ROSBALT İnformasiya Agentliyinin Mətbuat Mərkəzində "Xocalı genosidi: Qarabağ münaqişəsinin faciələri barədə həqiqətlər"
mövzusunda tədbir keçirib. Tədbir
mərhum telejurnalist Çingiz Mustafayevin
Xocalı genosidi barədə
lentə aldığı süjetlərin
göstərilməsi ilə başlayıb. Sonra
tədbir iştirakçılarına
keçmiş DQMV-nin
sabiq komendantı olmuş
general-mayor Aleksandr Voloxovun video-müraciəti
təqdim olunub. Generalın sözlərinə
görə, dünya birliyi
Xocalı faciəsinə çox
biganə yanaşır: "Çingizin lentə aldığı kadrlar mənə 1940-cı illərdə faşistlərin
törətdikləri cinayətləri xatırlatdı. İnana bilmirəm ki, 90-cı illərdə belə hadisələr necə
baş verə bilər.
Bu, ermənilərin müstəqillik uğrunda
deyil, torpaq uğrunda apardıqları
müharibə idi".
Əslən Taqonroqdan olan şair-publist Aleksandr Fomenkovun çıxışı daha təsirli olub: "Mən
o şəhərdə yaşayıram
ki, hansı ki, onu azərbaycanlılar,
416-cı diviziya azad edib.
Həm də qəribədir ki, burada yaşayanların əksəriyyəti
ermənilərdir. Mənim azərbaycanlı döyüşçü
dostum var Yaşar Süleymanov, onunla səmimi dostluğumuz
var. Azərbaycanlıları yaxşı
tanıyıram, mənim tanıdığım azərbaycanlılar
terrorçu, qəddar
ola bilməzlər".
Mirəşrəf
Fətiyevin sözlərinə görə, Xocalıda 19 il əvvəl baş vermiş erməni vəhşilikləri insanlıq
əleyhinə yönəlmiş genosid idi: "Bu, ermənilərin törətdikləri ilk faciə deyil, onlar əsrlərdir etdiyimiz yaxşılıqların
əvəzinə başımıza Xocalı kimi faciələr gətirirlər. Azərbaycan xalqının
səbri artıq tükənib".
Təşəbbüs
Qrupunun üzvləri əldə etdikləri faktları bundan sonra da dünya ictimaiyyətinə çatdırılması istiqamətində iş aparacaqlar.
"Xocalıya ədalət"
kampaniyası çərçivəsində Böyük
Britaniyanın
Lordlar Palatasında da Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib. Tədbirin təşkilatçıları Azərbaycanın
Böyük
Britaniyadakı səfirliyi, "Xocalıya ədalət"
kampaniyası və Avropa Azərbaycanlılarının Cəmiyyətidir
(TEAS).
Azərbaycanın
Türkiyədəki səfirliyi tərəfindən Xocalı soyqırımının 19-cu
ildönümü münasibətilə təşkil olunmuş silsilə xatirə tədbirləri
çərçivəsində Türkiyənin tanınmış universitetlərindən biri olan Qazi Universitetində fevralın
24-də geniştərkibli anım
gecəsi həyata keçirilib. Tədbirdə
Xocalı faciəsinin
dəhşətindən və türkiyəli jurnalistlərin
Xocalı xatirələrindən bəhs edən sənədli
film nümayiş etdirilib.
Xanoğlan ƏHMƏDOV
Ekspress.-2011.-26-28
fevral.-S.5.