O - həyat rejissoru

 

  Əliqismət Lalayev - 55

 

  Yaddaşımın dörd olmuş gözündə yuxu da yalandı, foto-şəkil də yalan. Hər adamı olduğu kimi yada sala bilmirəm, xatirimə gətirə bilmirəm çoxlarının üz-gözünü, sifətinin cizgilərini, geyim-kecimi də gəlmir yadıma. Elələri də var ki, istədiyim vaxt beynimin kompüter düyməsinin basılmasına bənddi: o dəqiqə, o an canlanır gözlərimin önündə. Əliqismət o insanlardan biridi - özü də canlı, olduğu kimi, dəyişməyən, istiqanlı, səmimi söz adamı, təmənnasız, üzündən işığı əskik olmayan Allah bəndəsi...

   Onu uşaqlıqdan tanıyıram. Ayrı-ayrı məktəblərdə oxusaq da, Salyan Pionerlər Evində bir araya gəlirdik (qəribədir, hər ikimiz institut illərində də üç aya yaxın Şüvəlandakı "Dostluq" Pioner Düşərgəsində dəstə rəhbəri kimi bütün yayı bir yerdə olduq). Bir-birimizə isinişməkdə, doğma adamlara çevrilməkdə Əliqismətlə mənim üçün həmən o pioner düşərgəsinin də müəyyən rolu olmuşdu.

   Əliqismət adamlarla davranışında, münasibətində özünün daxili aləminin harmoniyasını onlara da yaxşı mənada ötürmək istəyir, içindəki sevgini paylaşdıqca yüngülləşir, dost uğuruna sevinir, yüngülsaqqal adamlardan bacardıqca uzaq olmağa çalışır. Heç kəsdən heç nə ummur. Əksinə, ondan bu sevgini umanlar çoxdu.

   ... Əliqismət Lalayev həqiqi mənada söz adamıdı - kimsə onu böyük yazıçı görmək istəyərdi. Yazıçı hissiyyatı, üstəgəl musiqi duyumu, üstəgəl rəssam görümü, üstəgəl adamlarla işləmək bacarığı -bütün bu keyfiyyətlər rejissor üçün başlıca məziyyətlərdi.

   İnstitut illərində (söhbət Azərbaycan Dövlət İncəsənət İnstitutundan gedir) onun quruluş verdiyi diplom işi və tamaşalar başqa tələbələrin rejissor işlərindən yerlə-göy qədər fərqli olardı.

   Naxçıvan Dövlət Teatrında işlədiyi dövrə də nəzər salsaq, görərik ki, Əliqismət Lalayev bir həyat rejissorudur.

   O, harda olur-olsun, hansı vəzifədə olur-olsun (söhbət incəsənətdən gedir), hansı məmur postunda oturur-otursun, o postu dirildəcək, o yeri ali mərtəbəyə mindirəcək. Çünki təpədən-dırnağa qədər səmimiyyətlə yoğrulmuş bu savadlı, samballı, istedadlı rejissor həm də bir həyat rejissoru kimi yetişdi. Onun oturuşu-duruşu, insanlarla işləmək bacarığı, hövsələsi (mədəniyyət adamlarıyla işləmək müşkül məsələdi), mədəniyyətimizi təmsil eləmək həvəsi hər yandan görünür.

   Əliqismət Lalayev harada işləsə, mədəniyyətimizi harada təmsil eləsə, hər yandan görünən adamdır.

   Mənim bu yazım bir yubiley yazısı deyil. İllərlə ürəyimdə gəzdirdiyim, ona bəslədiyim xoş hisslərin və hörmətin bir səhifəyə pərçimlənmiş xeyir-duasıdı.

   "Yaddaşımın söz ilğımı"nda onun öz yeri var. Əliqismət Lalayev təkcə öz məhəlləsinin, öz rayonunun oğlu deyil - o, Azərbaycan torpağının tək-tük istedadlı övladlarından biridi. Uşaqlıq-tələbəlik illərimin əvəzedilməz dostlarından biri olan Əliqismət Lalayev Azərbaycanı Türk dünyasında, postsovet məkanında, bir çox xarici dövlətlərdə ləyaqətlə təmsil edən bir övladımızdır.

   55 yaşın mübarək, Əliqismət!

 

 

  Əlisəmid Kür şair

 

  Ekspress.- 2011.- 2-4 iyul.- S. 31.