Aytokya
Mircavad Mircavadov haqqında
(əvvəli
ötən şənbə saylarımızda)
Məqalə
Azərbaycanın görkəmli rəssamı Mircavad
Mircavadovun həyat yoldaşı tərəfindən lent
yazısına köçürülmüş xatirələri
əsasında hazırlanıb. Böyük rəssamın həyatı
və yaradıcılığı barədəki fikirləri
ilk dəfə mediada - "Ekspress"də çap olunur.
Mirhəşimin gələcəyimlə bağlı
qurduğu xəyalları, ümidləri puç olub
dağılandan sonra mənə "erkək eşşək"
deyirdi.
Xalam oğlu Rasimə, qardaşım Tofiqə, Toğrul
Nərimanbəyova və başqa rəssamlara dönə-dönə
tapşırmışdı ki, məndən uzaq gəzib-dolaşsınlar,
bu namərd sizi cəhənnəmə aparacaq, ona qulaq
assanız, nə pulunuz, nə də ad-sanınız olacaq.
Dostlarımın məni səbrlə, diqqətlə dinlədiyini
görəndə kinayə ilə "müştəhid"
ayaması taxdı...
Atam mənə müharibə elan etmişdi, dəriləri
qurutmaq bəhanəsiylə mənim otağıma
yığırdı, tərpənmək, xoşagəlməz
iydən nəfəs almaq olmurdu. O, məni
yaradıcılıqdan ayırmaq istəyirdi, amma mən nəzərdə
tutduğum natürmortu çəkib tamamlayırdım.
İşlədiyim zaman fırçalarımı onun dərilərinə
sürtüb təmizləyirdim, əlbəttə, o, bu
yağlı boya ləkələrini görürdü, nədənsə
susurdu, ləkələri silib təmizləyirdi. Sonra təzədən
mənə qarşı hücuma keçirdi və yenə
köhnə əhvalat təkrar olunurdu. "Oxdan p..., p...
ox" - onun doğma övladları haqqında fikri beləydi.
Bir dəfə bizə balaca bir çəpiş
bağışlamışdılar, mən onu öz əllərimlə
yemləyirdim, süd içirdirdim, çöldən təzə
ot yığıb gətirirdm, çəpiş mənə
isinişmişdi, gəlib yanımda yatırdı, mən evə
gələndə üstümə atılırdı, əlimi
yalayırdı. Valideyinlərimə
tapşırmışdım ki, çəpişi kəsmək
fikrinə düşməsinlər, bir dəfə evə gələndə
çəpiş məni adəti üzrə qapıda
qarşılamadı, qızardılmış çəpiş
mətbəxdə masanın üstündəydi. Mən
valideyinlərimi söyüb biabır elədim, qapını
arxamca çırpıb evdən çıxdım, uzun
müddət sərsəri kimi küçələrdə
dolaşdım, hirsimi cilovlaya bilmirdim, evdəkilərə nifrət
eləyirdim, ən çox da anama acığım tuturdu,
axı anam mənə söz vermişdi, mən də ona
inanmışdım... Vərəm xəstəliyinə
tutulub, qırx yaşında qarıya bənzəyən anama
həmişə yazığım gəlib, hər səhər
tezdən durub kerosinkada yemək bişirir, həyətdə
soyuq su altında qab-qacaq yuyurdu,. Bizim hər şeyimizi əlimizdən
almışdılar, biz "1 May" küçəsində
"Fantaziya" hamamının yaxınlığında
darısqal otaqlarda yaşayırdıq...
Petrarka Lauraya, Dante sevgilisi Beatrisaya sonetlər həsr
ediblər, Leyli Məcnun məhəbbəti... mən
doğulanda valideyinlərim xoşbəxt idilər. Onda anam
tamam başqa bir qadın olub - ucaboylu, gözəl
gümüşü atlas libaslı xanım - mən onu səssiz
filmlərdə gördüyüm qadınlara bənzədərdim...
Ona elə heyran idim ki, mənimlə danışan zaman
sözlərin mənasına varmırdım. Bir dəfə
anamı həmən parlaq libasda güzgü önündə
özünə baxdığı məqamda
yarıaçıq qapıdan seyr edirdim, balaca səfeh qız
kimiydi, amma nədənsə çox xoşbəxt
görünürdü, elə bil günəş rüzgarının
və ya maqnit burulğanının sirrini
tapmışdı...
Nadir hallarda teatr görərdik, qonaq gedərdik və ya
qonaq qəbul edərdik, mən dayəm Praskoviya ilə evin yan
tərəfində yaşayırdım. Dayəm
"ladanka", "prosvira", "kuliç",
"kaftan", "oknis", "skufeyka", "qovet"
kimi sözlər işlədərdi, çox sonralar mən bu
sözlərin mənasını anladım... Pravoslav
bayramlarında onunla pəhriz yeməkləri yeyərdik - mən
bu yeməkləri xoşlamasam da, dayəmlə həmrəy
olduğumu bildirirdim. Bir yaşımdan səkkiz yaşıma
qədər o, mənə ana kimiydi, biz bir çarpayıda
yatardıq, mən nədənsə qorxanda, ya da sevinəndən
dayəmin ağuşuna sığınardım...
Yenə rəng, kətan lazımdı mənə, yenə
anamdan pul istəyirəm, o, döşəməyə
üç manat tullayır, əlbəttə üç manat
çox azdı, amma mən əyilib üç manatı yerdən
götürürəm - "Sağ ol, Zeynəb". Mən
həmişə özümü onun qarşısında
günahkar hiss etmişəm, amma bütün məhrumiyyətlərə
dözərək yaradıcılığımdan
qalmamışam; çox şeydən könüllü olaraq
imtina etmək məcburiyyətində qalmışam.
Yalnız ev işlərində ona kömək etməyə
çalışmışam, dediyim kimi, atam eqoist idi,
qardaşımın isə əlindən bir iş gəlmirdi,
anam qıcıqlanırdı - "Harda qırılar,
qırılar" - elə bil özünə ölüm
arzulayırdı...
Xəstəlik onun ciyərlərini "yemişdi",
ağır həyat şəraiti öz işini
görmüşdü, xəstəxana çarpayısında
ağrıdan qıvrılırdı...
Onun yanında oturub başını dizimin üstünə
qoyurdum, elə bir mən yox, o, mənim
uşağımıydı...
Anam kakao istədi, fincanı onun dodaqlarına toxundurdum,
iki qurtum aldı, Zeynəb ah çəkdi və bir qədərdən
sonra mənim qollarım arasında sakitcə gözlərini
yumdu...
Cəmi iki həftə əvvəl əlində bir dəstə
gül tanımadığım bir adamla xəstəxananın
həyətində oturmuşdu. Bir-birinin üzünə baxan
iki insan profili, birdən külək anamın
şalının bir tərəfini havaya qaldırdı, həmən
adam ehtiyatla ona şala bürünməsinə yardım elədi.
Mən xəstəxananın həyətində durub uzaqdan
onlara baxırdım. Məni doğan qadın xəstəxana
həyətində şala bürünüb oturmuşdu, həmən
anda ona yaxınlaşmağa cəsarətim çatmadı...
Palatanın qapısında peyda olan həkim soruşdu:
"Onun qızıl dişləri var?" - "Bəli, on səkkiz
dənə" - qohumlarım cavab verdilər. Qızıl
dişlər haqqında düşünməyi belə onlara
qadağa elədim. "Puldu, axı, sənin cibində bir
manat da yoxdu" - məni dilə tutdular. - "Heç kim
onun qızıl dişlərinə toxunmayacaq" - dedim.
Şəfqət bacısı anamın çənəsini
bağladı, cənazəni mələfəyə
büküb evə gətirdik. Üç nəfər
qaldıq - molla, Lyuba və mən, hardasa saat on birə
yaxın molla acdığını bildirdi, yemək istədi,
evdə ancaq çay və qənd vardı, arvad qonşudan
çörək, yağ və bir yumurta aldı, molla o dəqiqəcə
yeməyə girişdi, yumurtanı yüngülcə kətilə
vurdu (hər halda evdə cəsəd vardı), yumurta
sınmadı, bir də, bir də... yenə yumurta
sınmadı, Lyuba yumurtanı sındırmaq istədi, tərslikdən
yenə yumurta sınmadı ki, sınmadı, bizi gülmək
tutdu. Mən mollaya çəkic verdim, molla yumurtaya bir çəkic
vurdu, yumurta əzilib yeyilməz hala düşdü...
Mən otağa çəkilib şinəbubun
çiynini qucaqlayıb hönkür-hönkür
ağladım, eyni zamanda gülməyim də gəlirdi...
İlan yuvasına (Rəssamlar İttifaqı) girmək
istədiyimi bildirəndə arvadım üzünü pəncərəyə
tutdu.
- Qorxma, mənim amazonkam, sənin Ziqfridin səni məyus
etməyəcək! Nə çəkəcəyəm? Öz
Fatmadiyyəmi yaradacağam, bu məhəbbətdi axı,
onlar məhəbbəti güllələmirlər.
- Əlbəttə, onlar belə gərəksiz şeyə
güllə-barıt sərf etməzlər, sadəcə
olaraq ona tüpürərlər...
İnadkar tərs oğlunun hoqqalarından bezmiş
hirsli vaxtında anamın üstümə atdığı
üç manatın həyatımda böyük rolu olub, Rəssamlar
İttifaqına daxil olmaq qərarına gəlməkdə o
üç manata borcluyam. Amma mən özümü yalan
korroziyasından, o dövrün yarımhəqiqətindən
qorudum. Bədəli ağır olsa da, bu, mənə müyəssər
oldu...
Biz təbiətdən ayrılmışıq, onun dilini
unutmuşuq, kor kimi vurnuxuruq... İoronim Bosx bunu gözəl təsvir
edib, Ekklezist də bunu söyləyir. Sibir şamanlarının
döşlükləri həyat və ölüm haqqında
bir-birinə bənzəyən realistik şəkillərdən
daha dolğun informasiya verir. Sənin beynin səslərlə
doludur - gülüş və ağlaşma səsləri sənin
beynini doldurub, beynini dolduran səslər sənə əzab
verir, ürək döyüntülərinin ritmi pozulur,
narahatlığın olmur, yuxun ərşə çəkilir,
təxəyyül koleydoskopundasan, duyğu və
düşüncələr foto kimi aşkarlanır - rəng,
həcm, forma, plastika və kompozisiya əsəri
ideyasını müəyyənləşdirir...
1945-ci ildə mən özüm üçün Freydi kəşf
elədim, Freydin kitabını cibimə qoyub dağların ən
uca zirvəsinə qalxdım, mən Freydlə zirvədəydim
- bunu ifadə etmək olmur, - ruhum qanadlanıb uçurdu... Elə
o zamanlar haqqımda şayiələr yayıldı, guya mən
dəli rəssamam, guya daşları rəngləyib Xəzər
dənizinə atıram. İlahi, bu şayiələri
yayanlar nə axmaq adamlardı, onların kinayələrində
necə bir mütləq azadlıq ideyası gizləndiyini belə
anlamırlar - orijinal və xoşdu...
Məni yaradıcılığa sövq edən qüvvə
nədir, bu mövzular hardan gəlir? Sən ilk təəssüratları
çox uzaqdan alırsan, sənin şüuraltının dərinliklərində
onların izi itir. Həyatın fasiləsiz axarına
düşürsən, yüz dəfə ölüb yenidən
dirilirsən. Rəssam divanə və aqildi. Dəlilik və
iradə bir-birinin içindədir - yalnız ilk
baxışda adama elə gəlir ki, bu, mümkün olan
şey deyil. Rəssam kahin və sehrbazdı. Rəssam gələcəyi
görən adamdı. O, yaradıcılığı həyatdan
üstün tutur. İncəsənət elmi qabaqlayır, yeni
üfiqlər açır, insan oğluna özünü və
ətraf mühiti dərk etməsində yardımçı
olur, adi insanın nəzərindən yayınanları ona
göstərir. Rəssam rəngkarlıq formaları vasitəsi
ilə həyatın mənasını arayır,
şüuraltının dərin, gizli qatlarına baş
vurur, hansısa bir möcüzə sayəsində sənin
özünün və sənin əcdadlarının həyat
təcrübəsi, hətta bu dünyadan ötəki
dünya və daha nələr, nələr... sənət əsərində
öz əksini tapır...
Rəssamlıq peşə deyil, Allah vergisidir. Allah rəssama
pəhləvan gücü, möhkəm
cansağlığı versin, ağır sənət
yollarında öz sözünü demək üçün
sənətkar uzun ömür yaşamalıdır...
Mən ömrü səxavətlə xərcləyənlər
fəsiləsindənəm, ömürdən illər udmaq
naminə heç vaxt gücümə qənaət etməmişəm.
Min illərdi insanlar gənclik eliksiri axtarırlar. Mən
kömək edə bilərəm - tapdığım eliksiri
sizinlə bölüşürəm, mənim tablolarıma
baxın, onları qurtum-qurtum için, onlarda mənim
qanım var, onlarda mənim nəbzim döyünür, mənim
gilqamış həyatsevərliyim hopub onlara, bu
ölümsüzlük eliksirini başınıza çəkib
doyunca için, bu bulaqdan içib yanğınızı
söndürün, hələ ki, insan bir parça ətə
çevrilməyib, axı mən Bethovendən, Heminqueydən,
Sezanndan dərs almışam.
Miflər, əfsanələr və folklor rəmzləri
- mən qeyri-şüuri olaraq onlara qovuşmuşam. Onlar mənim
təhtəlşüurumda mövcuddurlar.
Mənim sevimli bəstəkarım Vaqner qədim alman əfsanələrinə
çox gözəl bələd olsa da, öz
yaradıcılığında onlardan sərbəst şəkildə
istifadə edib. Markesdə bu bir qədər fərqlidir və
mənim yaradıcılığıma yaxındır,
şüuraltının diktəsi ilə işləyirsən,
sonra baxıb görürsən ki, hər şey öz yerindədir
- obrazla çox orijinal uzlaşan məntiq də, ideya da var.
Yadımdadı, hələ yeniyetməlik
çağlarımda məni nəsə narahat edirdi, həyatın
mənası haqqında düşünürdüm - niyə,
nədən ötrü biz bu dünyaya gəlmişik?..
On beş yaşımda şəhərdən
uzaqlaşıb tənha, boş yerlərə gedirəm, şəhər
kənarı - müqəddəs Bibi Heybətin dəfn
olunduğu Şıx kəndi.
İşığa, ilahi nura, dəniz qoxusuna, küləyə,
quru budaqların səsinə qovuşmaq üçün
gözlərim önündə məhz bu relyef, boz təpələr,
asketik mənzərələr olmalıydı. Uzun illərdən
sonra yaradıcılıq əzablarından
üzülmüş bir halda həmən yerlərdə
dolaşmağa getdim. Balaca bir hücrə gördüm,
içəri girdim, heç kim yox idi, döşəmə təmiz
idi, yorulmuşdum, uzandım, yerdən sərinlik gəlirdi, bəlkə
torpaqdan enerji axırdı mənim canıma, qəribə bir
yüngüllük, rahatlıq duyurdum, sonra yuxuya getdim... Yuxuda
bir adam gördüm, adam xoşbəxt
görünürdü, yanında qumlar üstündə bir
qadın uzanmışdı. Şikəst adam əlini arkalar
arasından baxan itə sarı uzadır, şikəst adam bir
canlıya rast gəldiyinə sevinir. Bir kənarda işıq
şəklində Ruh. Onlar Ruhu görmürlər. Amma Ruhun
burda peyda olması onlara ümid işığı bəxş
edir. Bu yuxunun təsiri ilə bir kompozisiya işlədim, əsərə
"Ümid işığı" adı verdim, əsəri
Salvador Dalinin ruhuna bağışladım...
(ardı var)
Adil Mirseyid
Ekspress.-
2011.- 2-4 iyul.- S. 14.